Milli Qəhrəman Riyad Əhmədovun sirri

əvvəli ötən sayımızda

Ermənilər Ağcakənd, Başkənddən çıxırlar. Riyad Milli Ordunun əsgərlərinə ehtiyatlı olmağı tapşırır:

-Ehtiyatlı olun, evlərin qapısına partlayıcı maddələr yerləşdirmiş ola bilərlər, hətta, şübhə etmirəm ki, yerləşdiriblər. Minaaxtaranlar olmadan heç bir evə girməyin.

O tapşırıqlarını verib həkim məntəqəsinə gəlir.

Həkim onun yaralarını sarıyıb, deyir:

-Səndə beyin silkələnməsi var. Bir neçə gün yatmalısan. Ayaqüstdə gəzmək olmaz.

Riyad:

-Həkim, torpaqları bu mənfurlardan təmizləməyincə, bizim gözümüzə yuxu yazılmayıb…

O xəstəxanadan çıxanda ordunun komandiri ilə rastlaşır. Görüşürlər.

Komandir şəhid olmuş əsgərlərimizi “təcili yardım”la Bakıya – Şəhidlər Xiyabanında dəfn olunmaq üçün yola salırdı.

Komandir Riyadı qəhrəmanlığına görə təbrik edir və deyir ki, yerli müdafiə dəstəsindən bir şəhidimizin Şəfəq kəndində dəfn mərasiminə tələsir, yoxsa, bir az dərləşərdilər.

O, maşınla Bakıya, Şəhidlər Xiyabanına aparılan şəhidlərimizə yaxınlaşır, onların üstünə örtülmüş ağı qaldırıb, sifətlərinə ayrı-ayırılqda baxır, baxır… sonra örtüyü salıb, yanındakılara dönür:

-Bilirsiz, mən əsgərlərimizin hamısını adla tanımasam da, çoxuyla döyüş yoldaşı olmuşam, çörək kəsmişəm. Ona görə üzlərinə diqqətlə baxdım, onların hamısını tanıdım. Yenə fürsət oldu, vidalaşdım. Sizdən nə gizlədim, onlara vəd də verdim. Dedim ki, sabah-biri gün, fərqi yoxdur, bir gün illa da, yanınıza gəlcəyəm! Sizinlə yenidən görüşəcəyəm!

Duyğulu anlar yaşanır. Sonra Riyad əsgərlərinə səslənir:

-Di yaxşı, tez olun, dəfndə iştirak etmək lazımdır.

 ***

Şəfəq qəbiristanlığı…

Şəhidimiz dəfn olunur, molla “Quran” oxuyur. Riyad kədərlidir… amma müşahidəsindən də qalmır. O qəbiristanlığın sol tərəfini göstərib, əsgərlərindən birinə deyir:

-Mən iki ayda bu qəbiristanlıqda düz on dəfə olmuşam. On nəfər şəhidimizin dəfn mərasimində iştirak eləmişəm. Hər gələndə diqqətimi bax, o qadın cəlb edir. Mən o qadını bu qəbiristanlıqda görmüşəm, yenə də burdadır. Görəsən, o kimdir? Hansı doğmasını itirib ki, ömrü burda keçir? Onu hər görəndə ürəyim ağrıryır, bir ilgilənəsən, görək, kimdi, nəçidi, başına gələn nə işdi, belə?!.

Əsgər:

-İndi öyrənərəm, komandir.

Onlar dəfndən sonra Zeyvə kəndinə gəlirlər. Həkimin təlimatı əsgərin yadından çıxmayıb, onlar  Riyadı qaldıqları evə gətirirlər ki, bir-iki saat yatıb dincəlsin.

Başından aldığı xəsarətə görə ona istirahət lazım idi. Həkim içib yatması üçün dərman vermişdi. Əsgər ağrıkısici istəyən Riyada həkimin verdiyi dərmanı içirir.

Riyad:

-Bu nədir, mənə ağrıkəsici yoxsa yuxu dərmanı vermisən?

Onun gözləri yumulur. Özünü toparlayıb, dəstəsindəki Akifə səslənir…:

***

Goranboy polisi Əliyev Zeyvə kəndinə Riyadın qaldığı evə gəlir. O Riyadın əsgərləri ilə görüşüb deyir:

-Eşitmişəm Riyad yaralanıb, necədir? Hardadır?

Əsgərlər:

-Başından yaralanıb, beyin silkələnməsi də var. Həkimlər ona bir neçə gün yatmağı məsləhət görüb. O isə yatmır, biz onu aldadıb yuxu dərmanı vermişik.

Riyad otaqdan səslənir:

- Goranboy polisi Əliyev, sənsən? Səsindən tanıdım.

 Əliyev içəri girir. O:

-Yaralandığını eşidən kimi narahat oldum, dur gedək Naftalanda bizim yaxın həkimlərimiz var, səni özüm müalicə elətdirəcəyəm. Goranboyda sənin elədiklərini bilməyən yoxdur. Heç kim səni yadından çıxarmayıb.

Riyad çarpayısında uzanmışdı,dərmanın təsirindən gözləri yumulu da olsa, Əliyevi dinləyirdi və ona cavab verdi:

- Bizim şəxsən sizlərlə qohumluq əlaqələrimiz var.

Bunları dedikdən sonra, Əliyevin cavabını gözləmədən, yadına düşən, onu düşündürən sualı verdi:

- Əliyev, bunlar öz yerində. Səndən bir şey soruşacam. Bax, mən iki ayda on dəfə Şəfəq qəbiristanlığında oldum, hər ziyarətimdə də qara paltarlı bir qadın gördüm, onu hər görəndə ürəyim ağrıyırdı. O qadının dərdi nədir?

Əlbəttə, qəbristanlığa gələn, qıpqırmız geyinsəi deyil, sevinib-güləsi deyil… ancaq o qadın tamam başqa cür kədərli, başqa cür fikirlidir… Onun dərdi betər dərddir nəsə…

Əliyev:

-Dəqiq müşahidədir, Riyad. Onun on üç ildir uşağı olmurdu, sonra da bir oğlu oldu, erməni snayperləri iki məktəblini vurmuşdu…

O, hadisəni danışmağa başlayanda Riyadı yuxu aparmaq üzrəydi. O, on üç rəqəmini eşidən kimi var gücünü toplayıb ayağa qalxır:

-Nə? On üç il!? Mən düzmü eşitdim? Yuxu deyildi ki? – Onun yadına erməni əsirin dedikləri düşmüşdü və qəribə uyğunluqdan, fikri-zikri allaq-bullaq olmuşdu, elə bil...

Əliyev:

-Hə, düz eşitmisiniz, on üç ildən sonra dünyaya gəldi, on üç yaşında da ermənilər vurdu.

  Onlar tanınmış nəsildilər, oxumuş adamları çoxdur. O nəsildən Bakıda professor, alim olan da var. Demək olar, hamısı Bakıda yaşayır. Elə Akif özü də müharibəyə qədər bankda işləyirdi. Onu siz də tanıyırsınız, könüllülər batalyonundadır.

Riyad:

-Akif hardadır?

-O həmişə sərhəd bölgəsində olur. İndi də yeni postda olacaq, gecələr evinə gedir. Yoldaşı xəstə olduğuna görə hava qaralan kimi evinə gedir.

-Evlərini mənə göstər. Axşam düşüb, hər halda indilərdə evində olar.

-Evləri asan yerdədir, Zeyvədən Şəfəqə girib qəbiristanlığı keçən kimi birinci tindən sağa dönərsiniz, bir az gedəndə qarşınıza Bakı kubiki ilə tikilmiş, ikimərtəbəli ev çıxacaq, bax, o ev Akifin evidir.

**

Riyadın bir anda alnından, üzündən tər axır. Başındakı qanlı sarğı suya dönür.

O, Əliyevin “Niva”sına yönəlib, Şəfəqə getməyə hazırlaşır. Əsgərlərinə göstəriş verir ki, onlar geri qayıdana qədər erməni əsrini gətirsinlər.

Öz dəstəsindən olan Akif təlaşla:

-Komandir, nəsə olub?

-Hə, olub, tez ol, min maşına, gedirik!   

Onlar Akifgil səmtə yola çıxırlar. Əliyevin həmən dediyi ünvana gəlib qapını çalırlar. Akif onları qarşılayır.

Akif Riyadı da, tanıyırdı, onlarla səmimi görüşür.

Akif:

-Mən bu dar günümdə Vətənimin qəhrəman övladlarını öz evimdə görməyimə çox şadam. Ancaq sizdən bir xahişim var, yoldaşım xəstədir, gəlin gedək burda Aqilin yeməkxanası var, sizi orda qonaq eləyim.

Riyad:

-Yox, mən sizin evinizdə bir stəkan çay içməyə gəlmişəm.

Akif:

-Sizin Goranboydakı qəhrəmanlığınızı hamı bilir. Bu kənddə hansı qapını döysəniz sizi fəxrlə, əziz qonağı kimi ağırlayarlar. Amma mənim yoldaşım xəstədir, birdən xətrinizə dəyər, öz-özünə danışır. Oğlumun ölümündən sonra yanına aparmadığımız həkim qalmayıb. Bir çarəsini tapa bilmirik ki, bilmirik…

Riyad:

-Mən həkim aləsində böyümüşəm, demək olar, həkim-psixoloqam. Müalicəsini də bilirəm. İcazə ver, ona bir neçə sual verim.

Akif:

-Buyurun… amma yoldaşım sizə çay gətirməsə, inciməyin.

Onlar evə keçir. Akif yoldaşını səsləyir:

-Züleyxa, gör bizim qapımızı kim döyüb. Kəndlərimizi ermənilərdən təmizləyən qəhrəman, Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyatçısı Riyad gəlib. Hələ bir bilsən, bugün də Qaraçinarı təmzilədilər ermənilərdən. İndi növbə Gülüstanındır, inşallah! Bax, bu oğuldu ermənilərə vaxt kəsən. Bizə bir çay versənə, a Züleyxa.

Züleyxa gözlərini Riyadın başındakı sarğıya dikir. Astaca dillənir:

-Xoş gəlib.

O gedib çay gətirir.

Riyad:

-Əyləşin, mənim bir neçə sualım var.

Züleyxa keçib Riyadın qarşısında stul çəkib oturur.

Riyad:

-Mən iki ayda on dəfə bu qəbiristanlıqda, şəhidlərimizin dəfnində olmuşam. Hər dəfə də sizi orda bir məzarın başında ağlayan görmüşəm.

Akif:

-Hə, övladımızın ölümü yoldaşıma pis təsir edib. O hər gün qəbiristanlığa gedir.

Bizim on üç il uşağımız olmayıb. Tanrı bizə övlad verdi, onu da on üç yaşında düşmən gülləsi bizdən aldı.

Riyad:

-Sizin övladınız Ağdərədə doğum evində dünyaya gəlib. Adını da erməni adı qoymusunuz, eləmi?

Akifin yoldaşı:

-Bizim bir neçə dəfə uşağımız ölü doğuldu, yaşlılardan biri məsləhət gördü ki, kafir ermənilərin adını qoysaq, yaşayacaq. Bizdə adını Samvel qoyduq.

-Siz seçdiniz bu adı, ya erməni tibb bacısı?

Akif:

-O düz deyir, mən də eşitmişdim ki, düşmən adı qoyanda ölməyəcək. Mən də yoldaşımla qərara gəldim ki, düşmən bildiyimiz ermənilərin xəstəxanasında dünyaya gətirək. Adını da ki, əlbəttə biz qoymuşuq. Anası verib o adı.

Züleyxa:

 -Yox, mən qoymamışdım, tibb bacısı qoymuşdu.

Akif:

-Mən bilmirdim, deyib yoldaşının üzünə baxır.

Riyad:

-Uşağa ad qoyduğuna görə sən də ona bahalı bir üzük bağışlamısan, yanılmıramsa...

Akif yenə yoldaşının üzünə təəccüblə baxır:

-Nə üzük?

Züleyxa:

-Hə, mənim nənəm Seyidxanımdan qalma bir üzüyüm vardı, verdim ki, ad qoyanda ürəklə qoysun. Övladıma nəsə eləməsin. Biz onları düşmən bilib uşağımızı ora gətirmişdik, düşmən adı vermişdik ki, uşağımız sağ qalsın. Amma ehtiyat da edirdik, o üzdən istədim, uşağa qəsd etməsinlər, yaxşı davransınlar onunla.

Riyad:

-O tibb bacısının da adı Haykanuş idi… həmin vaxt da oğlunun toyuydu…

Züleyxa:

-Hə, hə, Haykanuş. Yadımdadı, mənə dedi ki, birdən sancın tutsa, mən gələ bilməyəcəyəm, toyda olacağam. Gözü də əlimdəydi, mənə dedi ki, o üzüyünü ver, oğlumun toyunda taxım. Görsünlər ki, bahalı üzüyüm var. Mən də çıxarıb onun barmağına taxdım, o da əlini mənə göstərib, gör necə də yaraşır, dedi. Mən də dedim ki, əgər övladım - qız ya oğlan, fərqi yoxdur – sağ-salamat dünyaya gəlsə, bu üzük sənin olacaq. Bağışladım. Bir də uşağımın adını sən qoyacaqsan, dedim. O da razılaşdı, üzüyü barmağına taxanda sevincindən uçurdu, mənə söz verdi ki, arxayın ol. Özü də oğlunun toyunda iki saat oturandan sonra gəlib başımın üstünü kəsdirdi. Gecə də evinə getmədi. Mən övladımı dünyaya gətirəndən sonra da yanımda qaldı, uşağıma heç kimi yaxın buraxmırdı. O mənim övladımı sağ-salamat dünyaya gətirməyimdə böyük kömək elədi – gərək haqqınan danışasan.

Riyad ayağa qalxıb evin içində var-gəl etməyə, divardan asılan şəkillərə diqqətlə baxmağa başladı. Bir neçə dəqiqə sonra:

-Bax, mən sizə bir söz deyim, təəcüblənməyin….

Ev sahiblərinin diqqətlə, həsrət və məhəbbətlə ona baxdığını görüb, əlavə etdi: - yaxşı sözdür, şad xəbərdir, rahatsız olmayın! Ancaq özünüzü də ələ alın, ha! – deyib, təbəssüm etdi.

Züleyxa:

-Bu dediklərimdən, uşağın adını Haykanuşun qoymasından, üzükdən heç kimin xəbəri yoxdur. Heç Akif də bilmirdi… indicə öyrəndi. Nənəm Seyidxanım deyirdi ki, o üzüyün çox sirri var. Yüzillərdir bizim nəsildədir. O üzüyü mənim ulu nənəmə Sona ocağı bağışlayıb. Sona ocağının bağışladığı hədiyyə də insanlara nicat verir, əl tutur – belə bir el inancı var.

Onu nənəmə verəndə deyiblər ki, o üzük, itməz, oğurlanmaz. Kimə versən özü qayıdıb sənin əlinin içində olacaq. O üzük qiymətlidir, amma istəmərəm ki, sən üzüyə görə həyatını təhlükəyə atasan. Vaxt gələcək o üzük özü gəlib çıxacaq. Açığı, mən kimə buraxacağam bilmirəm, ona görə də o üzüyü düşünmürəm. Onsuz da barmağına taxacaq kimsəm yoxdur. O mənim əlimə gəlsə belə… kədərimi unutdurmayacaq.

Riyad:

-Safikürtdəki ocağın adını daşıyır. Siz həmin ocağı deyirsiniz?

Akif:

-Hə, hə. Sən hardan bilirsən?

Riyad:

- Bibim Fizzə xanım deyib, o üzük qiymətlidir… amma mənim sizə üzükdən də qiymətli bir xəbərim olacaq, deyib onlarla sağollaşır. Geridəkiləri marağa, həvəsə boğaraq… evdən çıxır. Çıxınca da, ümidinizi üzməyin – tanrıdan ümid üzülməz, deyir.

O, Əliyevin “Niva”sına minərək qaldığı evə gəlir. Əliyevlə sağollaşır.

Riyad erməni əsirindən aldığı bilgilərin düz çıxdığını anlamışdı.

(Ardı var)

Cəlaləddin Qasımov

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,

yazıçı-publisist

Türküstan.- 2015.- 12-18 aprel.- S.12.