Milli Qəhrəman Riyad Əhmədovun sirri

əvvəli ötən sayımızda

Onlar Zeyvəyə gələndə Riyadın gözləri yumulurdu. Yuxu dərmanı ona təsir eləmişdi, maşından düşüb qaldığı evə üç pilləkən qalxır. Elə orda oturub döyüş yoldaşlarını başına yığır.

-Riyad, sən yatmalısan. Dərman da içmisən, yaralısan.

Riyad:

-Mən hərbi xidmətimi Əfqanıstanda keçirmişəm. Məni tanıyanlar deyirdilər ki, “sənin atan Nazirlər Kabinetində birinci müavindir, sənin orda nə işin var? Sənin yoldaşların Bakıda “Salyanski kazarma”da xidmət edir”. Mən də deyirdim, Əfqanıstanda xidmət etmək mənim istəyim olub. İndi mənə yenə deyirlər ki, “sən vəzifəli şəxsin oğlusan, nə işin var bu müharibə bölgəsində? Özün də Milli Təhlükəsizlik Nazirliyinin mayorusan, get, Bakıda kabinetdə otur”.

Daha başa düşmürlər ki, mən Vətənimə burda lazımam. İndi düzdür, dərman içmişəm, amma bir ata-ananın sevinci məni elə həyəcanlandırıb ki, daha gözümə yuxu getməz. Mən o ailəni övladına qovuşdurmuşam. Dediyim kimi, mən xalqıma burda lazımam.

O gözlərini balkondan asılan Azərbaycan bayrağına zilləmişdi. 

Murovdağa ay doğmuşdu.

Riyad:

-Baxın, bu gözəllik harda var? - deyib gözlərini yumdu. Əsgərlər onu çarpayısına uzatdılar.

Səhəri gün post komandiri Riyadın qaldığı Zeyvə kəndinə gəlir, Riyada yaxınlaşır gorüşur. Goranboy polisi Əliyev isə həkim gətirib, o, Riyadin başındakı sarğısını dəyişir.

Həkim işini bitirir, onun yaralarını sarıyır.  

Post komandiri Riyada deyir:

-Qarik adlı bir erməni bayaqdan radiostansiyada ağlayır. Oğlunun bizimkilər tərəfindən oğurlandığını bildirir. Özü də deyir ki, əvəzində istədiyimiz əsiri verdirməyə hazırdır. Onun uşağının cəmi on üç yaşı var.

Əliyev:

-Bizə niyə deyirsən?

Post komandiri:

-Dünən sərhəddi o tərəfə Riyad keçib.

Əliyev:

- Görmürsən Riyad yaralıdır, o, bu vəziyyətdə necə keçə bilər?

Post komandiri:

- Sözün düzü, mən Riyadın azyaşlı uşağı girov götürəcəyinə inanmıram. Amma gəldim ki, özündən soruşam.

Əliyev:

-Get, işinlə məşğul ol.

Riyad:

-Akif gəlməyib, onu görməmisiniz bu gün?

Post komandiri:

-Yox görməmişik, yəqin yoldaşı xəstədir, onda hərdən olur.

Riyad:

-Gözlə,- deyib öz hərbi çantasını çıxararaq, bir məktub yazıb post komandirinə verir:

-Bu məktubu o erməniyə çatdır.

Məktub...

“Sənin adın Qarikdir, yoldaşının da adı Veneradır. İki qızınız var. 1979-cu ildə oğlun olub, adını Samvel qoymusan. Amma bil ki, o sənin oğlun deyildi, doğum evinin tibb bacısı Haykanuş sənin arvadın Venera ilə bir palatada yatan türk qadının uşağını dəyişdirib. O sizin uşağı bir üzüyə satıb. Bu uşaq indi öz əsl ata-anasının yanındadır. Başa düşürəm, öz uşağını çox istəyirsən, amma onun valideynləri balalarını səndən də çox istəyir. Çünki öz balasıdır”.

  Məktub erməni Qarikə çatır. O dəli olur. Evinə gəlir, arvadından baş verənləri soruşur.

Venera:

-Hə, düzdür, mənimlə bir azərbaycanlı qadın yatırdı. Onların on üç ildir ki, uşağı olmurdu, dörd dəfə uşaqları olmuşdu, ölmüşdü, amma beşinci dəfə ölmədi. İkimizin də uşağımız eyni gündə doğuldu. Mən adını Samvel qoydum, türkün uşağına da Haykanuş ad verdi. Deməli buna görə bizim uşağın başına dolanırmış. Elə hey baş çəkirdi, sağlığıyla maraqlanırdı.

Qarik:

-O bizim uşağımızı türkə bir üzüyə satıb. Dəyişib uşaqlarımızı.

Venera:

-Düz deyirsən, bir gün o yenə bizə gəlmişdi, uşağa baxıb dedi ki, “sən dünyaya gələndə mənim oğlumun toyu idi. Oğumun qızı olsa, sənə verəcəyəm”. Uşaq onda altı aylıq idi, Haykanuşun gəlini hamiləydi. Haykanuşun barmağında bahalı üzük vardı, uşaq üzüyü dartışdırırdı. Haykanuş dedi ki, “oğlumun qızı olsa, sənə verəcəyəm, bu üzük də onda sizin olacaq”. Mən də gülüb Haykanuşa dedim ki, “qızın olsa, verəcəksənmi oğluma?”, Haykanuş dedi, “sən hələ onun gözlərinə bax, türkün gözlərinə oxşayır. Mən onu nəvəmlə evləndirəcəyəm”. Mən də hirsləndim ki, bu nə deməkdir, sən nə danışırsan. Haykanuş o üzüyü hələ də barmağında gəzdirir.

Qarik:

-Düz on üç il öz balamız bildiyimiz türk uşağı özünə həmişə türklərdən dost tuturdu. Yadındadır, türk dilini də onlardan öyrənib. Mən Haykanuşun evini başına uçuracağam. Üzüyü də alacağam.

Qarik bunu deyib evdən çıxır. O, Haykanuşgilə gəlir. Qadın əvvəlki kimi deyildi, yaşlanmışdı, nəvələri ilə tək yaşayırdı. Qarik içəri girib Haykanuşu döyməyə başlayır. Özü də bağırır:

-Sən nə üçün mənim uşağımı dəyişmisən türkün uşağıyla?

Haykanuş yerə yıxılıb yalvarmağa başlayır:

-Mən sənin oğlunu xoşbəxt eləmişəm. Nədən narazısan?

Qarik:

-Mənim oğlum Samveli niyə dəyişdin? Səbəbi nəydi? Sən hansı xoşbəxtlikdən danışırsan?

Haykanuş əlini irəli uzadır:

-Bu üzüyə bax, bilirsən bunun qiyməti neçəyədir? Çox bahalı üzükdür, bunu mənə ad qoyduğuma görə bağışlayıblar. Sənin oğlun, o erməni dığası belə varlı-hallı bir türk ailəsində yaşayacaq, böyüyəcək. Onun gələcəyini düşünmüşəm, bir gün oğlun böyüyəcək. Tanınmış bir türk oğlu olanda sənə də, bizə də, erməni xalqına lazım olacaq. Çünki onun damarlarında erməni qanı axır. 

Qarik:

-O türklər gəlib oğlumu apardılar.

Haykanuş:

-Mən axı heç kimə deməmişəm.Bircə Ermənistan xüsusi  xidmət orqanlarına demişdim, uşaq onların nəzarətində idi. Türklər hardan bildilər?

Qarik dartıb Haykanuşun barmağından üzüyü çıxarır, cibinə qoyub gedir.

Evinə gələndə Venera ondan nə edəcəklərini soruşur:

-Biz uşağımızı necə alaq türklərdən?

Qarik əlindəki üzüyü göstərir:

-Bu üzüyə yaxşı bax. Bunun puluna bir “Mercedes” almaq olar. Biz türklərin bu əmanətini özlərinə qaytaracağıq ki, əvəzində oğlumuzu bizə versinlər.

O sərhədə gəlib azərbaycanlı komandiri çağırtdırır.

Komandir onunla əlaqə saxlayıb, sabah cavab verəcəyini deyir:

- Sabah bu vaxt əlaqə saxla.

Komandir Riyadla görüşür. Qarikin üzüyü gətirdiyini, oğlunu geri istədiyini bildirir.

Riyad Akifi tapır:

-Akif, ölən oğlunun, o erməni snayperinin vurduğu uşağın qəbrinin şəklini çək, mənə ver.

Akif onun dediyini eləyir.

Riyad yenə də bir məktub yazıb əsgərimizlə Qarikə göndərir.

İçində şəkil olan məktub

“Mən səni tanımasam da, bir ata kimi həyəcanını başa düşürəm. Sizin əmanətinizə sahib çıxa bilmədik, bədnam, nankor, xain qonşularımızın namərd gülləsinə tuş gəldi. Biz Samveli itirdik, amma bir şad xəbərim var, sən oğlunun qatilini bizdən tez taparsan. Onun cəzasını sən verməlisən, atası sənsən, istəsən bağışlayarsan, istəsən də cəzalandırarsan. Amma o snayperçi azyaşlı uşağı qətlə yetirdiyinə görə mən onu əlimlə boğardım. O qəbir daşında Samvelin ölüm tarixi yazılıb, həmin gün Qaraçinar kəndinin Ağdağ yüksəkliyindən dərsdən evə gələn iki azyaşlı uşağı namərdcəsinə vurdular. Sən özün hərbçisən, bu qəbir daşındakı tarixə bax, həmin gün snayperi kim işlədibsə, onu tap. Özün hər kəsi tanıyırsan, bax o tarixdə snayper kimdə olubsa, sənin oğlunun qatili odur. Əgər sən, arvadın və iki qızın Samvelin qəbrini ziyarət eləmək istəsəniz, mən sizin təhlükəsizliyini təmin edərəm. Bunu sizə görə yox, bizim Samvelə görə edəcəm. O “anasını”, “bacılarını” çox istəyir”.

Məktub Qarikə çatanda o sərhəddəydi, açıb oxuyur. Əsl oğlunun qəbrinin şəklinə baxanda dəli olur. O tarixdə snayper ondaydı, atəş açan özü idi.

Qarik dəli olur, komandirin otağındakı erməni rəhbərlərin şəklini dartıb cırır, erməni bayrağını parçalayır. Otağın altını üstünə gətirir. Əsgərlər onu sakitləşdirmək istəyəndə, o, oğlunu öldürdüyü snayperi əlinə alıb komandirinə bağırır:

-Siz mənə öz oğlumu öldürtmüsünüz. Mən adi sürücüydüm, siz maşınımı əlimdən aldınız, məni döyüşməyə məcbur elədiniz. Öz əlimlə öz oğlumu öldürtdürdünüz. Siz də günahkarsınız, rəhbərləriniz də!

Qarik əlindəki snayperin taxta hissəsini divara çırpmağa başlayır.

- Mən bu silahla oğlumu öldürdüm. Siz elədiniz.

O özünü itirmişdi, nə elədiyini bilmirdi, silahını üçüncü dəfə divara çırpanda silah açılır, güllə onu düz ürəyindən vurur.

Qarik:

-Siz məni də öldürdünüz, Allah bilir mənim kimi neçə evin işığını söndürəcəksiniz, Ermənistanda... Ardınca da keçinir.

Qarikin dəfnindən sonra erməni komandirləri Riyadın yazdığı məktubu Veneraya çatdırırlar. O baş verənlərdən xəbər tutub, sərhəddə gəlir və məktubu yazanı axtarır.

Erməni postundan Azərbaycan tərəfi ilə əlaqə saxlayırlar. 

Riyad postdaydı və cavab verir.

Venera:

-Siz məktubda bizi əmin eləmisiniz ki, oğlumun qəbrini ziyarət üçün kömək edəcəksiniz.

Riyad:

-Hə, nə vaxt istəsəniz.

Venera:

-Elə indi. Mən qızlarımla oğlumun məzarını görmək istəyirəm.

Riyad:

-Keç, bizim sərhəddə qadına, uşağa güllə atmırlar.

O postdakı əsgərlərə bir qadın və iki qız uşağının keçəcəyi barədə məlumat verir. Akifi çağırıb deyir:

-Akif, səndən bir xahişim var, oğlun Samveli böyüdən Venera qızları ilə bura gəlir, onların təhükəsizliyinə mən boyun olmuşam. Onlar Samvelin qəbrini ziyarət eləmək istəyirlər. Onları sənə tapşırıram. Get qarşıla, indi sərhəddi keçirlər. Mənim maşınımla gedəcəksən.

Akif:

-Mənim öz oğlum Samvel də o qızları çox istəyir. Adları dilindən düşmür. Hər gün onlardan bəhs edir, yoldaşım hirslənsə də, mənə xoşdur, onun xətrinə hər şeyə razıyam. Onları tanımaq istəyirəm, oğluma on üç il baxan ananı mən də görmək istəyirəm.

Akiuf Veneranın keçdiyi yerə yaxınlaşır, onları gözləyir.

Venera maşına minir. Akif erməni qizlarını özü UAZ-a mindirib qapsını örtür. Onlar Şəfəq qəbiristanlığına yaxınlaşırlar. Akif uzaqdan qəbri göstərmək üçün əlini uzadanda əli göydə qalır. Oğlu ilə arvadı məzarın başındaydılar.

Onların arxası Akifgilə tərəf olduğundan maşının gəldiyini görmürdülər. Venera Akifin rənginin dəyişdiyini görür, o, Akifin əlinin istiqamətinə baxanda ordakıları görür.

Onlar maşından düşüb məzara yaxınlaşırlar. Başını döndərən Samvel “anam, bacılarım!” deyib onların üstünə qaçır. “Bacıları” da Samvelə tərəf qaçmağa başlayırlar.

Samvel onlarla qucaqlaşır. Venera onların yanından düz keçib doğma oğlu Samvelin məzarına gedib diz çökür, ağlamağa başlayır. Samvel “bacıları” ilə görüşəndən sonra Veneraya tərəf qaçıb qucaqlayır. Akifin arvadı Veneranı tanıyır.

Doğum gününü, palata yoldaşını yadına salır. O əri Akifə tərəf gəlir. Akif Riyada:

-Özüm başa salacağam,- deyib Züleyxaya yaxınlaşır.

Züleyxa Akifin üstünə hirslə gəlirdi, amma Riyadı görəndə yavaşıdı.

Başını aşağı salıb alçaq səslə:

-Bu erməni arvadını niyə gətirmisən, Akif? Uşağın yenicə yadından çıxmışdı, onları bura niyə gətirdin axı? Görmürsən, o, erməni arvadı necə qucaqlayıb oğlumuzu? Elə bil özü doğub.

Akif:

- Sənin burda nə işin var, bu erməni doğan uşağın başının üstünü hər gün niyə kəsdirirsən, niyəsini gəl mən deyim, çünki on üç il zəhmətin keçib, oğlun bilmisən. Bax o qadın da on üç il sənin oğluna baxıb, o qızlarla bir yerdə böyüdüb, sənin oğlun onları öz bacısı bilir. Əsl həqiqətləri bilsə də, mənə ata demir amma sənə ana deyir. Biz oğlumuzun ürəyinə girməliyik, ona görə də qarışma. Bu görüşdən sonra o, bizə bir az da yaxın olacaq. Özü hər şeyi başa düşür.

-Birdən o arvad oğlumuzu da özüylə aparmaq istədi. Görmürsən necə qucaqlaşıblar, heç məni elə bağrına basmır. 

Akif:

-Oğlum mənim gözümdə bir az da böyüdü. O əsl türk oğludu. Bacısı bildiyi erməni qızlarına gör necə sahib çıxır.

Venera qızları ilə Samveli qəbristanlıqdakı stolda oturdub danışdırırdı. O bir məktub yazdı, maşına tərəf gəlib dedi:

-Bizi sərhəddə aparın.

Samvel də maşına mindi:

-Mən “anamı”, “bacılarımı” maşına kimi yola salmalıyam.

Akif Riyadın üzünə baxdı.

Riyad

-Əsl türk belə olmalıdır.

 

Cəlaləddin Qasımov

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,

yazıçı-publisist

 (Ardı var)

Türküstan.- 2015.- 26 aprel-2 may.-S.11.