Əmir Teymurun Azərbaycandakı

müttəfiqi kimlər idi? -      

 

Nəsil şəcərəsində Çingiz xanın, türk soylu Barlas xanın budaqları olan əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə  aprelin 9-da Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (artıq şəhər statusu alıb) dünyaya gəlib. 7 yaşından babası Hacı Alimin yanında 5 il ərzində mədrəsə təhsili alıb. Kiçik yaşlarından atası Taraqay Bahaduru da qəbilə, tayfa döyüşlərində at belində görmüşdü. 12 yaşında özündən yaşca böyükləri at yarışlarında arxada qoymuş, bəzisini də üzəngidən salmışdı. Türk-monqol ordusunun Keş vilayətinə olan yürüşləri buradakı gənclərin əksəriyyətində döyüş ruhunu yüksəltmişdi.

Onların hər biri bir elin, elatın cəngavəri, müdafiəçisi idi. Onu böyük türk tarixi salnamələrində sevənlər də var, sevməyənləri də az deyil. Tarıx təzadlarla doludur, həmin təzadlardan biri də budur ki, bəzən Əmir Teymuru şəxsiyyəti ətrafında mübahisələrdə, onu olduğu kimi qiymətləndirə bilmirlər. Fateh Teymuru qınayanlara, bəzən “qaniçən” adlandıranlara isə üzümü tutub demək istəyirəm ki, hökmdarın bir əli tutub, bir əli kəsməsə, o zaman HÖKMDAR öz dövlətini idarə edə bilməz. 35 illik hakimiyyəti dövründə, elmin texnikanın bugünkü inkişafının olmadığı bir vaxtda, uzaq yolları, ölkələri yaxın edib, dünyanın 27 ölkəsini bir bayraq altında birləşdirə bildi. Bu tarixi şəxsiyyət, zamanında 7 dünya hökmdarı adlandırılan Əmir Teymur idi. Əmir Teymurun nəsli 488 il hakimiyyətdə oldu. Onun nəslindən olan 70 kişiyə tanrı padşahlıq qismət etdi. Sonuncu nəvəsi Baburun sülaləsinin Hindistanda hakimiyyəti 1522-1858-ci illəri əhatə etdi. Nəsildən 370 kişi türk tarıxının müxtəlif salnamələrinə adını qızıl həriflərlə yazdı. Gözəl hərb və döyüş taktikasını öyrənən Əmir Teymur demək olar ki, sərkərdəliyi dövründə həmişə qələbələr qazandı. “Mən dünyanı fəth edən Teymuram” əsərində bu haqda yazanda qeyd edir ki, ona qələbələr qazanmağa Allah kömək olub. Çünki, o həm də insanların və insanlığın yaraşığı olan İslam dinini yaymaqla məşğul idi. Qurani Kərimin hər cümləsinin 7 mənasını tövsif edə bilirdi.

 

                              “Şərqin incisi - SƏMƏRQƏND”

 

Əmir Teymurun yaratdığı Məvarənnəhr dövlətinin mədəniyyəti və ticarəti, iqtisadi həyatının inkişafında böyük yüksəliş, intibah dövrü, həm də Mərkəzi Asiyanın dövlət kimi tanınmasında rol oynayıb. Teymur dövründə böyük imperiyanın ticarət əlaqələrinin genişləndirilməsi, insanlar və dövlətlər arasında ünsiyyətin yaranması üçün yol quruluşuna xüsusi fikir verirdi. “İpək yolu”, bizim zəmanəmizdə isə “Azad İqtisadi zona” adlanan bir sistemi işlətməklə, o paytaxt etdiyi Səmərqənd şəhərini dünyanın incisinə çevirdi. Özünün məşhur “Mən dünyanı fəth edən Teymuram” əsərində yazır: “... Tapşırdım ki, başlı-başına qalmış torpaqlarda kəhrizlər tiksinlər. Çayların və kanalların üzərində olan dağılmış körpüləri yenidən bərpa etsinlər. Yolçuların gecələməsi üçün qonaq evləri tiksinlər. Habelə yollarda gözətçi və nəzarətçi məntəqələri inşa etsinlər ki, nəzarətçi və mühafizəçilər vəziyyətə nəzarət edə bilsinlər. Və gəlib gedən yolçuların, qonaqların təhlükəsizliyi qorunsun”. Paytaxt Səmərqəndə Yaxın və Uzaq Şərqdən, Avropanın İspaniya , Fransa, İngiltərə kimi ölkələrindən də tacirlər, çaparlar gəlirdi. Bu tacırlərin gediş- gəlişini asanlaşdırmaq üçün yollar tikilir, yollarda çox şəffaf vergi və gömrük sistemi işləyirdi. Yollarda olan Karvansaralar, gözətçi məntəqələri, istirahət yerləri, hətta çapar atlarının istirahəti üçün olan dayanacaqlar barədə o zamanın səyyahları, tarixçiləri ağız dolusu və heyranlıqla yazırlar. Yollarda karvanların dinc və rahat irəlıləməsi uçun bütün təhlükəsizlik qaydalarına əməl olunmalıydı. Əgər kimsə öz işinin öhdəsindən gəlməsə, qanun yol vermədiyi halda yolçunu və ya qonağı incidərdisə, belə hallar dərhal yoxlanılır, günahkar cəzasını alırdı. Bu cəza tədbirlərinin içərisində diri-diri basdırılmaq, başı kəsilmək və asılmaq təhlükəsi də var idi. Apardığı bütün döyüşlərdən qalib çıxan Əmir Teymur ilk əvvəl Məvarənnəhr dövlətini yaradaraq Səmərqəndi onun paytaxtı elan etdi. Yenə Əmir Teymurun öz kitabından sitat: “...Səmərqəndi dünyanın ən gözəl və gülşən şəhərlərindən biri etdim. Dünyanın gözü sayılan Şirazda 7 məçid məsçid olduğu halda, mənim Səmərqəndimdə 200-dən artıq məscid var idi. Hər məscidin də iki, üç və ya 4 güldəstəsi ( müəllif: minarə nəzərdə tutulur) var idi. Hər məscidin başında isə qızıldan ay həkk olunmuşdu. Şəhərin girəcəyinə çatanda buradakı bağçalar və bağlardan gələn qızılgül ətirləri cənnəti xatırladırdı”. Tarixi mənbələrdən məlumdur ki, ömrünün 35 ilini istilalara və müharibələrə həsr etmiş Əmir Teymur, Səmərqəndə qayı- darkən, özü ilə həmin yerlərdən ən dəyərli alimləri, şairləri, ustaları, xəttatları da yığıb gətirirdi. Hətta zəbt edəcəyi şəhərə girməmişdən əvvəl , əsgərlərini həmin şəhərə və ya elata göndərərək, sənətkarlara, alimlərə, bacarıqlı ustalara və onların ailələrinə ziyan dəyməsin deyə, qapılarına işarələr qoydururdu. Döyüşlər başa çatandan sonra isə, həmin adamlar qoşun- ləşkərlə birlikdə Səmərqəndə gətirilirdilər. Səmərqənddə bu gün də göz bəbəyi kimi qorunub saxlanan Əmir Teymur dövrünün tarixi abidələrini - məscidləri, mavzoleyləri, mədrəsə, karvan-sarayları işğal etdiyi ölkələrdən gətirdiyi ustalara inşa etdirib. Artıq hökmranlığı, siyasi əqidəsi və gücü ilə tanınan Əmir Teymurun İmperiyasından lərzəyə gələn bir çox Avropa ölkələrinin hökmdarları, gələcəkdə Teymurun qəzəbinə tuş gəlməsinlər deyə, özləri ona məktub göndərərək, ittifaqa girməyə üstünlük verirdilər. Dövlətinin əmin-amanlığını qorumaq üçün Kastiliya və Leoniyanın hökmdarı III Henrix de Trastamara elçisi Rui Qonsales de Klavixonu bu məqsədlə Səmərqəndə göndərmişdi. Elçi de Klavixo sonralar “Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı”ndə yazırdı: “... Böyük sərkərdənin xasiyyətinə bələd olmayan bəzi yabançı ölkələrin hökmdarları onun qəbuluna gələndə yerə əyilərək, Teymur bəyə baş əyirdilər. Teymur belə məqamlarda özünün etirazını bildirərək deyirdi ki, insanlar ancaq namaz vaxtı böyük Allahın qarşısında baş əyməlidirlər. Buna görə də, Teymurun iqamətgahına gələn elçi və qonaqlar, hər təbəqədən olan insanlar, ona yaxınlaşıb, diz üstə oturub, əlini öpərək ehtiramlarını bildirirdilər”. Fransız səyyahı dünyanın paytaxtı sayılan Səmərqənd haqqında isə yazırdı:“Bu şəhərin özü və torpaqları da bolluq içərisindədir. Çörək kimi, şərab və ət, müxtəlif quşlar çox ücüz qiymətədir və boldur, qoyunlar o qədər nəhəngdirlər ki, hər birinin quyruğu 20 funt çəkisindədir, hətta bir adam onu əlində tuta bilmir. Burada çörək çox ucuzdur, düyü isə həddindən artıq boldur. Buna görə də onu “Səmər”- yəni “şəkər”, və bolluq mənasında “kənd” – yəni “bolluq olan şəhər” adlandırırlar. Bu şəhərdə ipək, dəri mə- mulatları, eləcə də hər cürə daş-qaş, qızıl, gümüş və bunlardan hazırlanmış ən gözəl əşyalar da hazırlanır”.

 

Əmirin ən etibarlı müttəfiqi - Şimali Azərbaycan,

Şirvanşahlar dövləti və “Dəmir qapı” Dərbənd

 

1399-1404-cü illərdə Əmir Teymurun 7 illik yürüşü məhz Qərbi İran, Azərbaycan, Kiçik Asiya və Suriyanı əhatə etdi. Rui Qonsales de Klavixo öz xatirələrində yazırdı ki, Qarabağda qış mülayım keçdiyindən Fateh Teymur adətən bütün qış aylarını yaz gələnə qədər qoşun-ləşkəri ilə burada keçirərdi. Tarixdən məlum olduğu kimi, gözəlliklər yaratmaqdan zövq alan Fateh Teymur, Qarabağı o qədər sevmişdi ki, burada iyirmi mindən artıq ev də tikdirmişdi. Bu evlərdə qoşun paytaxt Səmərqəndə qayıdanda yerli əhali sahib olurdu. Əlbəttə onların içərisində Əmir Teymurun qoşunu ilə gəlib, sonradan bu yerlərdən qayıtmayan elatlar da olurdu. Tez-tez Qarabağda qışlasa da , dövlətinin siyasi durumunu qorumaq, daim güclü nəzarətdə saxlamaq üçün Şimali Azərbaycana və Dərbəndə nəzarəti Şirvanşah Şeyx İbrahimxəlilə vermişdi. Əmir Teymurun gücünə və əzəmətinə bələd olan Şirvanşah Şeyx İbrahimxəlil özünün uzaqgörənliyi ilə, Fateh Teymura baş əyməyən şahlardan fərqli olaraq (çünki bir qayda olaraq Əmir Teymurun qabağına qoşunu ilə çıxan, şəhərin darvazalarıının açarını ona verməyən, və ya müqavimət göstərən padşahlar döyüşlərdə məğlub olurdular ) onunla ittifaq yaratmağa üstünlük verir. Teymurun hakimiyyəti dövründə onun sarayında işləmiş öz dövrünün tarixçi alimi Şərafəddin Əl Yəzdi "Zəfərnamə" əsərində yazır: "...Allahın köməkliyi ilə Teymur Sahibqiran Dərbənddən Bakıya gəldi (təqribən 1383-97-ci ili nəzərdə tutur -müəllif) və əmr etdi ki, buradakı qalanı möhkəmlətsinlər. İlk dəfə 1381-ci ildə Şirvana hücum edərkən Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Dünyanın alimləri, filosofları ilə məclis quran Teymur tez bu məqamı tutdu və Şeyx İbrahimdən soruşdu: "Qulun biri hanı?" Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: "Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir". Teymur Şamaxıda bir neçə gün qaldıqdan sonra Kürün sahillərinə endi. Şeyx İbrahimxəlil burada da Əmir Teymura layiq şadyanalıq və qonaqpərvərliklə qəbul etdi. Teymurun qulluğunda bir etibarlı dost kimi dayandı. Hökmdar Teymur da onun bu xidmətlərini cavabsız qoymayaraq, Şeyx İbrahimxəlilə özünün şəxsi əbasını və əbanın üstündə olan qiymətli daş-qaşlarla bəzənmiş kəmərini bağışladı. Bundan əlavə isə ilk Azərbaycan dövlətini yaradan Şirvanşah Şeyx İbrahimxəlili Şirvanda və Dərbənddə öz vassalı elan etdi və dedi ki, bundan sonra Şeyx İbrahimxəlil öz ordusu ilə Dərbəndin sərhədlərini də qorumalıdır". Bu yeni ittifaqla Şirvanşah İbrahimxəlil həm də Toxtamış xanın Şirvana etdiyi hücumdan sığortalanmış oldu. Həqiqətən də,Toxtamış xanın növbəti hücumu zamanı, Teymur özünün qələbə əzmli ordusu ilə Şirvanşahın köməyinə çataraq, onu Toxtamış xanın caynağından qurtara bildi. Teymurun Şirvanda olduğunu bilən Toxtamış xanın ordusu isə qaçaraq geri çəkildi. Elə bu məqamda Fateh Teymurun “Dəmir Darvazası”ndan danışmaq da yerinə düşər. Səmərqəndi yadellilərin hücümündan qoruyan amillərdən biri də, Əmir Teymurun Səmərqəndin yaxınlığında olan Dəmir darvazası idi. Bu darvaza həm də dövlətə böyük xeyir gətirirdi. Böyük İpək yolu ilə hərəkət edən-- Hindistandan, Kiçik Asiyadan gələn tacirlər, buradan keçəndə mütləq torpaq basdı (yəni gömrük haqqı) pulu verirdilər, bu da dövlətin xəzinəsinə böyük miqdarda gəlir gətirirdi. Çünki, yuxarıda qeyd etdiyim kimi, Səmərqənd artıq dünyanın Ticarət Mərkəzinə-- özüdə ki, Azad Ticarət Mərkəzinə çevrilmişdi. ƏmirTeymurun bu uğurundan xəbərdar olan Şirvanşah Şeyx İbrahimxəlil də Dərbəndin yaxınlığında belə darvazalar tikdirir. Elə “Dəmir qapı Dərbənd” sözü də bu günümüzə Şirvanşahdan gəlib çıxan bir deyimdir. Dərbənd qapısından isə taçirlər və səyahətçilər Bakıya və İrana səfər edirdilər. Bu qapı həm də Şirvanşahlar dövlətinin istehkamı idi.

 

                          Fateh Teymurun dövlətçilik ənənəsi

 

 Məlum olduğu kimi 7 dünya hökmdarı Teymur həm də Cənubi Azərbaycanı öz nəzarəti altında saxlayırdı. Qara Yusifin və İran şahı Sultan Əhmədin zülmündən cana doymuş Cənubi azərbaycanlılar Teymurun qoşununu toy-bayramla qarşılayaraq, öz padşahlarına qarşı çıxmışdılar. Taleyinə ancaq uğurlar, qələbələr yazılmış böyük sərkərdənin yaşadığı dövrün tarixçiləri və şahidləri Şərafəddin əl Yəzdi və Nizaməddin Şamı “Zəfərnamə”lərində, İbn Ərəbşah “Teymurnəmə” əsərlərində Əmir Teymurun yaşadığı dövrü və şəxsiyyətini ustalıqla qələmə almışlar. Bu müəlliflərin əsərlərini nəzərdən keçirəndə Sahibqıran Teymurun dövlət idarəçiliyi və hərbi taktikasına da heyran qalırsan. Tarixi mənbələrdəki məlumatlara görə, fəth etdiyi 27 dövlətin hər birində baş verən hadisələrdən, həmin dövlətlərdəki padşahların, şahların idarəçiliyindən vaxtlı vaxtında xəbər tuturdu. Bu xəbərlər ona yerlərdə təyin etdiyi şəxslərdən, elçilərindən, gizli xə- fiyyələrindən, dünyanın hər yerinə göndərdiyi dərvişlərindən gəlirdi. Böyük bir imperiyanın saxlanmasında Əmir Teymurun qanunları saat mexanizmi kimi düz işləyirdi. Böyük sərkərdə “Tüzüklər”ində yazırdı: “ Vicdanımın və ədalətin səsinə qulaq asaraq mən qulların da şikayətini təmkinlə dinləyib, haqqı nahaqdan ayırmışam. Mərhəmətlı əməllərimlə insanların qəlbində qalmışam. Dövlətin qanunlarına söykənərək ordunu və rəiyyətimi ümid və qorxu içində saxlamışam. İmkansız və məzlumlara mərhəmət göstərib, əsgərlərimi mükafatlandırmışam. Mən deyirdim ki, hökmdar özü ədalətli və mənəviyyatca təmiz olmalıdır ki, onun ətrafında olanlar da, ona baxıb bu ədalət və mənəvi dəyərlərini qorusunlar. Əgər padşah özü zülmkardırsa, onda onun ətrafındakıların da əxlaqı pozulur və həmin adamlar hər vəchlə xalqı tapdamağa çalışırlar”. Həyatı təzadlarla dolu hökmdar, öz əsrində çox şəhərləri yerlə yeksan edib, insan başlarından qalalar, divarlar yapıb. Hətta kitablarında yazır ki, “... mən zəbt etdiyim şəhərlərdə tabe olmayan əhalini qanına qəltan edirdim, şəhərin küçələrində, bazarlarında, meydanlarında qan su yerinə axırdı. Lakin mənə qarşı çıxmayan, sakitcə İslamın bayrağını və mənim hökmranlığımı qəbul edənləri isə mərhəmət göstərib, incitmirdim”. Bu fikirlər də ona aiddir: “Düşmənimi öz əlimlə öldürəndə, onun qanının axmasını zövqlə seyr edirdim. Düşmənimin qanını tökmək mənə xoş idi. Elə bu üsulla da dövləti idarə edirdim, bununla ətrafdakılara bildirmək istəyirdim ki, mənə qarşı çıxanların hər birini belə aqibət gözləyir”. Əmir Teymura görə, hakimiyyətin öz qayda-qanunları var. O, belə hesab edirdi ki, xalqı həmişə qorxu içərisində saxlamaqlazımdır.

Əgər hakimiyyətdən və qanunlardan qorxusu, çəkinəcəyi olmasa, cinayətkarlar, yaramazlar, quldurlar sadə xalqın həyatını alt-üst edər, var dövlətini talayarlar. Əslində dünyanın tapındığı Qurani Kərimdə də yazılıb ki, insanları qorxu və mərhəmət içərisində saxlamaq lazımdır.

 

Ardı gələn sayımızda

 

Aida Eyvazlı,

Azərbaycan Jurnalistlər Birliyinin Həsən

Bəy Zərdabi adına mükafatının laureatı

 

Türküstan.- 2016.- 12-18 aprel.- S.16.