Əmir Teymurun Azərbaycandakı

          müttəfiqi kimlər idi?  

   

Əgər hakimiyyətdən və qanunlardan qorxusu, çəkinəcəyi olmasa, cinayətkarlar, yaramazlar, quldurlar sadə xalqın həyatını alt-üst edər, var dövlətini talayarlar. Əslində dünyanın tapındığı Qurani-Kərimdə də yazılıb ki, insanları qorxu və mərhəmət içərisində saxlamaq lazımdır.

Yürüş etdiyi, zəbt etdiyi ölkələrdə çox vaxt yerli əhalinin arzu və istəklərini nəzərə aldığından, elin, obanın layiqli adamlarını hakimiyyət başına gətirər, onların məişət və adət ənənələrinə hörmətlə yanaşardı. Şəhərin qazisini və ya hakimini isə, mütləq həmin şəhərdə yaşayan, eli-obanı yaxşı tanıyan ,həmin mərtəbəyə layiq olan yerli şəxslərdən seçirdi ki, əhalinin adət-ənənəsinə, yaşayış tərzinə uyğun idarəçilik təmin olunsun. Bu mənada hətta başqa ölkələrdən Məvarənnəhr dövlətinə gətirdiyi insanların dini adət-ənənələrinin qorunması üçün onlara ibadət yerləri , kilsələr tikmələrinə də icazə verirdi. Bu da Əmir Teymurun tolerantlığından irəli gəlirdi. Fateh barmağında öz zəmanəsinin görkəmli şeyxi olan Zainuddin Abu Bəkr Tabaydasinin 21 yaşında olarkən ona hədiyyə etdiyi, üzərində “Rosti-rost” sözü yazılmış mərcan qaşlı üzük gəzdirirdi. “Rosti-rost”-“Ədalətli olsan , xeyrə çatarsan” - demək idi. Buna görə də, həmişə vicdanının səsini dinləyib,ədalətlə hərəkət edərək, təbəəsində olan qullarına mərhəmət göstərirdi. Günahı olub və olmayanların da haqqını ədalətlı şəkildə təmin edirdi. Bununla belə, dövlət işlərində verilən tapşırıqları layiqincə yerinə yetirənlərin də mükafatını verirdi. Fateh Teymurun dövlət idarəçiliyindəki uğurlarından biri də ondan ibarət idi ki, dövlət əhəmiyyətli hər hansı bir məsələnin həllində, qanun qəbul ediləndə, uzaq bir səfərə çıxanda üləmaları, müşavirlərini, vəzirlərini, alimləri, tarixçiləri başına toplayıb, onların rəyini fikrini öyrənər, xeyirli və xeyirsiz tərəflərini götür-qoy etdikdən sonra, hərtərəfli düşünüb qərar qəbul edərdi. O, uzunmüddətli uzaq səfərlərindən qayıtdıqdan sonra da, hakimləri, qaziləri, yerində qoyub getdiyi iş icraçılarını və rəiyyətin içərisində sözü keçən, ona dolğun həqiqətləri çatdıra bilən şəxsləri sarayına çağırıb, məşvərət edər, ölkəsində olmadığı müddətdə baş verən hadisələrdən xəbər tutar, rəiyyətin nahaqdan incidənləri isə ağır cəza ilə cəzalandırardı. Dövlətdə ali işlərdə çalışacaq şəxsləri seçəndə isə onların, nəsil-kökünə, insani keyfiyyətlərinə, xalq arasında hörmətinə fikir verirdi. Bir şəxsin nəslində və ya özündə satqınlıq, nadanlıq olurdusa, həmin şəxsləri dövləti-aliyə işə götürmürdülər. Əmir Teymur ətrafında ancaq etibarlı və sədaqətli insanları işlədirdi. Bu gün bir çox məqamlarda bəzi insanlar belə fikir yürüdürlər ki, köhnə qəbirlər silinib getməlidir. Bəlkə də bu dünyada adi insan kimi ömür sürüb gedən insanlara daha çox aiddir. Əmir Teymurun isə özünün bir həqiqəti var idi. O, yürüş etdiyi şəhərlərdə Məhəmməd peyğəmbərin(S.Ə.S.) nəslindən olan dünyadan köçən insanların qəbrini tapır, onları abad edirdi. Hətta dövlət xəzinəsindən belə məzarların və xanakələrin saxlanması üçün vəsait ayırırdı. İmam Hüseynin, Şeyx Əbdülqədirin, imam Məhəmməd Haqqinin, imam Əli İbn Musanın, imam Musa Kazımın da məzarlarına bu diqqəti göstərmişdi. Tus şəhərinə gələrkən, burada böyük fars şairi Firdovsinin baş daşının sındırıldığını görür, və əsgərlərinə tez bir zamanda Firdovsinin məzarını abadlaşdırmağı əmr edir. Təbrizdə hicri tarixinin 703-cü ilində dünyasını dəyişmiş, Çingiz xanın nəslindən olan Qazan xanın məzarını ziyarət edir. Əmir Teymurun ona savab qazandıran əməllərindən biri də o idi ki, mə- drəsəsi və məscidləri olmayan şəhərlərdə də məscid və mədrəsələr tikdirirdi. Həmin mədrəsə və məscidlərin rəhbərinə isə şəhərin valiləri tərəfindən yüksək aylıq verməyi bir qanun kimi yazmışdı. Deyirdi ki, dərs öyrədən müəllimin əməyi və yeri ucadır. Elə bunagörə də, yazdığı vəsiyyətnaməsində , məzarının müəllimi Mir Seyid Bərəkənin ayaqları altında basdırılmasını arzulamışdı.

 

                       Sərkərdə Teymurun hərbi taktikaları     

 

12 yaşından at belində olan, döyüş texnikasının bütün növlərinə bələd olan, hər iki əli ilə qılınc oynatmağı, qalxan tutmağı bacaran bu türk oğlu Fateh Teymur döyüşlərdə 72 dəfə yaralansa da, bir dəfə də olsun, aldığı yaralara görə səsini belə çıxarmayıb. Bu haqda özü yazır ki, “... dişlərimi bir-birinə qıcayıb səsimi çıxarmazdım, çünki, əsgərlərim səsimi eşitsə, ya məni gücsüz sanar, ya da ki, ruhdan düşərdilər”. Bəlkə elə bu dəmir idarəsinə görə də Teymur idi. Sahibqıran Teymurun döyüş qanunlarından biri də belə idi ki, ordusu gərgin döyüşlərə hazırlanarkən, əsgərlərini şəhərdən və elatdan uzaq olan bir yerdə qərarlaşdırar, çadır-duracaq yerlərini də uzaqda qurdurardı. Və əsgərlərinə belə bir tapşırıq vermişdi ki, döyüşdən əvvəl heç bir qadın və qıza baxmaq olmazdı. Sərkərdə yazırdı ki, orduda olan əsgərlər, yüzbaşı, minbaşılar adətən cavanlar olur. Cavanlıqda isə insan görüb bəyəndiyini sevə bilər. Döyüşlər vaxtı, əsgərin fikri gözəlin yanında qalsa, o döyüş qabiliyyətini itirəcək. Sərkərdə Teymur yazırdı ki, əgər ordu başçısı döyüşçülərinin gözündə güclü görünürsə, onda döyüşçülər də ona baxıb hər yerdə rəşadət göstərəcəklər. Buna görə də sərkərdə tez-tez döyüş təlimlərinə çıxır, ox atır, qalxanla, qılıncla məharətini nümayiş etdirirdi. Döyüşlərdə fərqlənən döyüşçüləri, bahadırları, əmirləri səxavətlə mükafatandırırdı. Ordunu hər zaman hazırlıq vəziyyətində saxlayırdı. Ruma və Azərbaycana 7 illik yürüş edərkən , döyüşlərin uzun və ağır keçəcəyini bildiyindən, sərkərdə əsgərlərə göstərdikləri xidmətin müqabilində 7 ilin əmək haqqını, döyüşə getməzdən əvvəl verir. Ailələrinin yüksək təminatına əmin olan döyüşçülər isə bütün varlıqları, canları ilə döyüşlərə qatılırdılar. Dünyanın 27 dövlətinə hökmranlıq edən Əmir Teymur xatirələrində qeyd edirdi ki, döyüşçülərinə verdiyi qiymət, dövlət tərəfindən orduya olan qayğı və nizam intizam əsgərləri sədaqətli və rəşadətli etmişdi. Onların gücünə görə də bu ölkələri fəth edə bilmişdi. Əmir Teymurun İldırım Bəyazidlə döyüşü, Türkiyəyə yürüşü tarixdə həmişə təzadlı mübahisələr yaradıb. Bəli, bu gün tarixi saf-çürük edəndə, görürsən ki, Fateh Teymurun bu hərəkətində xarici qüvvələrin, əsasən də xristian ölkələrinin böyük təsiri olub. Qarşısına dünyaya hökmdar olmağı məqsəd qoyan Fateh Teymur, təbii ki, Türkiyəni də özünə tabe etmək qərarından da vaz keçməyəcəkdi. Bu məqsədinin həyata keçirilməsinin sürətlənməsinə isə İldırım Bəyazidin ona yazdığı təhqir dolu məktubu olur. Teymur Bəyazidin 6 minlik ordusunu əsir götürür, Bəyazid döyüşü uduzduğunu görəndə, ailəsini başqa şəhərə göndərir, özü də gizlənmək məcburiyyətində qalır. Lakin az keçmir ki, Teymurun xəfiyyələri onu tapıb, qolları bağlı halda hüzuruna gətirirlər. Teymur İbrahim Bəyazidi saraya gətirən Mahmud ağanın üstünə çığırıb deyir ki, “Açın onun qollarını. Siz məgər bilmirsiniz ki, hüzuruma böyük bir imperiyanın hökmdarını gətirmisiniz?!”. Daha sonra , Teymur ondan niyə üz-üzə gəlib vuruşmamağını soruşanda, Bəyazid ayaqlarında məfasil xətəliyinin olduğunu bəhanə gətirir, Fateh ona cavabında deyir ki, bu oynaq ağrısı sayılan xəstəlik zaman-zaman onu da narahat edir, lakin döyüşməyə mane olmur. Teymur Bəyazidi gözündən kənara qoymur, getdiyi bütün döyüşlərə onu da yanında aparır. Fikirləşir ki, Bəyazidi, iqamətgahda nəzarətsiz qoyarsa, bəzi zəif adamları özünə tərəf çəkib qiyam və ya xəyanət edə bilər. İldırım Bəyazidi tam zərərsizləşdirən Əmir Teymur bir gün, İbrahim Bəyaziddən yaxınlıqda yerləşən Bizansı niyə zəbt etmədiyini soruşur. Cavabında İldırım Bəyazid ona deyir ki, Bizansa girmək üçün güclü dəniz donanması lazımdır. Onun isə belə gəmiləri yoxdur. Bu məqsədə çatmaq üçün isə nə az-nə çox, 2000-ə qədər gəmi gərəkdir. Bundan əlavə isə, su yolu ilə bu şəhərə yadellilər gələndə, dənizdən alov qalxır. Əmir Teymur üçün həll olunmayan məsələ yox idi ki, Allah ona o qədər iti ağıl və uzaqgörənlik vermişdi ki, bütün çətin vəziyyətlərdən çıxmağın yolunu tez bir zamanda tapırdı. Belə olan təqdirdə Fateh Teymur Fransadakı səfirinə xəbər göndərir, tez bir zamanda Teymurun sifarişini yerinə yetirən elçi sərkərdəyə xəbər göndərir ki, Fransadan dəmirdən hazırlanmış gəmilər almaq olar. Gecələrin birində Rum ilə Bizans arasında olan dənizi seyr edərkən Teymur dənizin alovlandığını görür. Dənizin suyunun üstündəki odun haradan əmələ gəldiyini soruşduqda, İldırım Bəyazid deyir ki, elə bu odun-alovun qorxusundan, kimsə Bizansı zəbt edə bilmir. Dənizə girən gəmilər, yarı yola çatmamış od tutub yanırlar. Bu odun sirrini isə min illərdir ki, Bizans imperatoru saxlayır, ancaq taxta çıxan adam bilir. 1200 ildən çox yaşı olan bu sirri öyrənmək həvəsi Əmir Teymura güc gəlir. Dənizin ortasında yanan alovu görərkən, tabeliyində olan Badukubədə (Bakını nəzərdə tutur – müəllif.) dayanmadan yanan torpaqlar gördüyünü xatırlayır. Badukubədəki alovların isə tarixi çox qədimdir. Bu yanar alovları Adəmin nəslindən olan insanlardan bu yana su ilə deyil, torpaqla söndürürlər. Badukubənin yanar torpaqlarını xatırlayan, Teymur belə qərar gəlir ki, Bizansa da girmək üçün gəmiləri torpaqla doldurub, suyun üzərindəki odualovu ram edəcək. Bizansa girməyə hazırlaşarkən isə İldırım Bəyazidin qohumu Meqnisiyanın hökmdarı Tuqul şahın Ruma hücumu barədə xəbər alır. Az keçmir ki, Teymur böyük ordusu ilə Tuqulun qarşısına çıxır, Tuqul Əmir Teymurun ordusu qarşısında tab gətirə bilməyəcəyini görüb , ordusunun üzünü İran Azərbaycanına döndərir. Teymur bilir ki, Azərbaycanda o, İran, Tehran və digər qonşu dövlətlərin hakimləri ilə birləşsə, səltənətinə qarşı çıxa bilər. Buna görə də Tuqulu Azərbaycana qədər qovub, orada haqlayır. Tuqulun ordusunu darmadağın edir. Bu döyüşdə yaralanaraq hüzuruna gətirilən Tuqulu da bağışlayır. Lakin bir neçə gün sonra Tuqul öz əcəli ilə ölür. Aradan bir neçə müddət keçəndən sonra , İldırım Bəyazid də vəfat edir. Vəfat etməzdən öncə Teymurdan oğlanlarına hər hansı bir ölkənin hakimliyini verməyi xahiş edir. Teymur onun iki oğlunu əyalətlərə başçı təyin edir. Azərbaycandakı sonuncu döyüşündə də İldırım Bəyazidin oğlunun ordusunun gücündən istifadə edir. O taylı-bu taylı Azərbaycanı özünə tabe etdikdən sonra, anadan olduğu Keş vilayətinə qayıdaraq, Keş şəhərinin yenidən tikilib abadlaşdırılması barədə əmr verir. Şəhər hazır olandan sonra isə, dünyanın hər yerində olan vassallarını və başqa ölkələrin hökmdarlarını Keşə qonaq çağırır. Dəvətlilərin hamısı dəvəti qəbul etsə də, Çin imperatoru Əmir Terymurun dəvət məktubuna təhqir dolu bir cavab yazır: “Özünü böyük hökmdar kimi elan etmək istəyən Teymur bəy, Sizə ərz etmək istəyirəm ki, mənim Ca Belkadan Ca Belasa qədər olan ərazimdə sənin səhralarındakı qumlarından çox və dənizlərdəki balıqlardan çox sayı olan ordum var. Sən özünə necə rəva görüb, mənim boyda bir padşahı beş-altı dənə kərpicdən tikdirdiyin yerə dəvət edirsən. Məni təzim etməyə gələnlər, əvvəlcə on dəfə torpağımı öpür, sonra bu şərəfə nail olurlar. Əcəba, birdən Çinə yolun düşsə, əcdadlarımın tikdirdiyi Böyük divarı görüb təəccüblənərsən. Mənim adi bir əyaləti idarə edən canişinim səndən hünərlidir. Əgər onların biri ilə var-dövlətin və ya gücün ölçüyə gələrsə, onda mənimlə görüşmək xoşbəxtliyi də sənə nəsib olar”. Bu məktubu alandan sonra, qarşıdakı iki il ərzində Əmir Teymur öz ordusunu Çinə yürüşə hazırlayır. 1404-cü ildə Teymur 200 minlik Ordusu ilə Çinə yürüşə çıxır. Lakin 1405-ci il fevralın 18- də Otrar aşırımında keçirdiyi növbəti iflic nəticəsində dünyasını dəyişir. Onu Səmərqənddə, əvvəlcədən inşa etdirdiyi Mavzoleyində, müəllimi Mir Seyid Bərəkənin ayaqları altında, ailə məzarlığında dəfn edirlər.

 

Aida Eyvazlı,

Azərbaycan Jurnalistlər Birliyinin Həsən

Bəy Zərdabi adına mükafatının laureatı

 

Türküstan.- 2016.- 19-25  aprel.- S.16.