“Sevgisiz an varsa, mən orda yoxam”

 

“Heç Oljas Suleymenov kimi nəhəngi Qazaxstanda Azərbaycanda olduğu qədər sevmirlər”

 

Şair Elxan Zal Qaraxanlı Moderator.az - ın suallarını cavablandırıb. 

- Elxan müəllim, nəyə görə məhz Zal təxəllüsü? Bu, Rustəm Zaldanmı bəhrələnərək götürülüb, yoxsa başqa səbəbəi var?

- Bizim nəslimiz Zal oğulları adlanır. Bu yüz illərdir belədir. Tovuzun Qaraxanlı kəndində əmimin adına küçə var, Məhəmməd Zaloğlu küçəsi. Mən də o nəslin nümayəndəsiyəm.

- Çox gözəl. Demək ki, Elxan adı da əbəs yerə verilməyib. Nəsildən gələn alicənablığın nişanəsidir.

- Nə bilim. Adımı atam qoyub, bəlkə də anam...

- Necə düşünürsünüz, adınızın əzəmətini şəxsiyyətinizlə sübut etməyi bacarmısınızmı?

- Məncə hə. Müharibə dövründə Tovuzun rəhbərlərindən biri olmuşam, hərbi məsələlərə baxmışam. Biz torpaq itkisi vermədik. Ədəbiyyatda isə yerim bəllidir. Bu haqda o qədər yazıblar ki, danışmaq istəmirəm.

- Elxan müəllim nədən şair oldunuz? Sözmü sizi özünə maqnit kimi çəkdi, yoxsa siz sözdən dördəlli yapışdınız?

- Məncə şair olmurlar, şair doğulurlar. Bu, dünya yaranandan belə olub. İndi bizim Azərbaycanda təzə metod tapıblar, uşaqlara prezidentin adından zorla ayda 200 manat pul verirlər ki, şair ya yazıçı ol. Amma prezident, məmurlar nə qədər istəsələr belə kimsə Allah ola bilməz.

- Sizin təbirinizcə desəm, ədəbiyyatın ölümə məhkum olunduğu bir ölkədə şair doğulmaqdan, sözlə aşina olmaqdan peşiman deyilsiniz ki?

- Məncə ədəbiyyat heç vaxt məhkum olmayıb, ölkə məhkum ola bilər. Nəsiminin, Füzulinin ölkəsi yoxdur ki, amma biz onların uğrunda dava edirik. Bizdə bu gündə yaxşı ədəbiyyat nümunələri var, sadəcə ölkə dollar yaşılının, petrol iyinin xumarında idi. Kimin bir az pulu var əsərlər yazdırıb ədəbi şöhrətə də sabil olmaq istəyir. Onlar hesab edirlər ki, Allahı da, muzaları da, mükafat komissiyalarını da satın almaq olar. Mükafat komissiyasını satın almaq almaq olar, amma muzaları, ilham pərilərini bu günə kimi satın alan olmayıb. Muzalar kimi lazımdırsa özləri seçir, mən də onlardan biriyəm. Heç nəyə peşman deyiləm. Azərbaycanda da, xaricdə də kimə lazımdırsa məni oxuyur.

- Şeirlərinizdə çox fərqli bir yorum var. Nəzmə düzdükləriniz bəsitlikdən, qafiyə xatirinə sıralanmaqdan çox uzaqdır. Həmçinin, şeirlərinizdə fəlsəfə var, qorxmazlıq var, deyərdim ki, çətin janrda yazan şairsiniz. Bu çətinlik sizə manelər törətdimi, yoxsa elə sizi sevdirən məhz şeiriyyatınızdakı fəlsəfə oldu?

- Sözün düzü, şeir yazanda heç vaxt fəlsəfə barədə düşünməmişəm. Adətən düşündüklərimi yazmışam, dünyanı necə görmüşəmsə, dərk etmişəmsə elə yazmışam. Mənim poeziyam dünyanın Elxan Zal görümüdür. Salvador Dalinin, Qarsia Lorkanın öz dünyası olduğu kimi, Elxan Zalın da öz dünyası var. Əlbəttə, Azərbaycanda bu çətindir. Bizim ədəbiyyatda əksəriyyət dünyanı bir-biri kimi görür. Xalqımız dünyanı onlar kimi görməyə öyrəşib. Ona görə də düşünmürəm ki, məni xalq ozanları kimi kütləvi oxuyacaqlar. Amma tutaq ki, rəhmətlik Vaqif Səmədoğlu kimi oxucularım həmişə olacaq. On olacaq, yüz olacaq bilmirəm, amma olacaq. Çəkilmiz yol ilə hamı gedə bilir, cəngəllikdə yol açmaq isə həmişə çətin olur. Sən bəzən insanları zülmətdən qurtarmaq üçün Maksim Qorkinin Dankosu kimi xalqın yolunda ürəyini yandıra bilərsən, amma o xalq sənin ürəyini tapdalaya da bilər.

- Elxan Zal şeiriyyatında zamanla məkan iç-içədir. Məsələn, Ergenekonu Tarqoviya gətirmək kimi. Birmənalı qarşılanmayacaq bu idyeanı gerçəkləşdirərkən düşünmədinizmi ki, həmin o xalq ürəyinizi tapdalaya bilər?

- Mənim bir misram var: “Qoy bizə heç kimin yazığı gəlməsin”. Bu, müharibə qəhrəmanları barədədir. Mən Qarabağ müharibəsində olmuşam, tanıdığım qəhrəmanların əksəriyyəti səfil günündə yaşayır. Xalq qəhrəmanları, istedadlıları deyil, daha çox məşhurları sevir. Amma nə qədər acınacaqlı olsa da, tarixi qəhrəmanlar yaradır. Mənim üç kitabım, "Qurdlar ulaşan gecə", "Savaş ayələri" və "Türk əsrinin türküləri" qəhrəmanlar barədədir. Mən sadəcə bizim unutduğumuz qəhrəmanlıq epoxasının havasını bu günə gətirmək istədim. Fatehlik arzusunu, cəng yanğısını Torqovı Bakısına gətirmək istədim. Torqovıda gəzişən və tanrı dollara sitayiş edən bu günkü insanlarımız Tanrı yolunda böyük zəfərlər qazanan əcdalarımızın genetik davamçılarıdır. Bu baxımdan Böyük Çölün fatehləri ilə Torqovı əhli arasında elə bir fərq yoxdur. Torqovının genetik yaddaşını oyandırsan o, da qəhrəmanlıq epoxasının bir guşəsi olar.

- Müharibədən danışmışkən, bir şair, ədəbiyyat adamı olaraq Qarabağ müharibəsinə həsr edilmiş əsərlər sizi qane edirmi? Sizcə həmin qanlı-qadalı günləri ədəbiyyat tariximizə yetərincə yansıda bilmişikmi?

- Məncə, müharibə dövrü ədəbiyyatımızda çoz zəif əks olunub. Həm nəzmdə, həm də nəsrdə. Daha çox pafoslu patriotik yazılar yazılıb. Amma həmin dövrü özündə əks etdirə biləcək bir əsərə hələ ki, rast gəlməmişəm.

- Bəs özünüz necə, həmin əsəri yaratmaq istəməmisinizmi və ya istəyirsinizmi?

- Yox, indi tarixi roman üzərində işləyirəm. Bəlkə bu da Qarabağdandır, amma 2000 əvvəl baş verən hadisələrdir.

- Müharibə zamanı Elxan Zal ön cəbhəyə atıldı, sübut etdi ki, o, Vətənin təəssübkeş, canından belə keçməyə hazır olan oğludur. Ancaq indi həmin vətən oğlu nədənsə ədəbiyyat cəbhəsində öndə deyil. Səsi Azərbaycandan çox Türk  dünyasının digər dövlətlərindən gəlir...

- Heç kim öz elində peyğəmbər olmur. Mən "Torqovı peyzajı” və "Türk əsrinin türküləri" kimi kitablar ortaya qoymuşam. Ön cəbhə nəyə deyirsiniz, kiməsə söyməyəmi? Elə indinin özündə burada və xaricdə bu iki kitab barədə onlarla məqalə yazılıb. O cümlədən, türk ölkələrində də şeirlərimi sevənlər az deyil. Deyim ki, heç Oljas Suleymenov kimi nəhəngi də Qazaxstanda Azərbaycanda olduğu qədər sevmirlər.

- Kaşğari ödülü təsis etmisiniz və bunu türk dünyasının Nobel mükafatına çevirməyə iddialısınız. Bunu bacaracağınıza inanırsınızmı, yoxsa bu, sadəcə bir istəkdir, arzudur?

- Hər şey Tanrının əlindədir. Bu mənim istəyimdir, Tanrıya xoş olsa mənim layihəmə prezidentlər də qoşular.

- Biz də arzunuz çin olmasını arzulayaq. Növbəti sualıma mənimlə həmyaşıd olan bir şeirinizdən iki misrayla başlamaq istərdim. “Ay ömür yoluma yazılmış çiçəyim, Tanrıdan tək səni görməyi dilərəm”. Şair Zal tanrıdan indi nə diləyir?

- Bu, tələbə vaxtı yazdığım şeirdi, sevgi şeiridir.  Məncə, sevgi olmayan yerdə insan cəmiyyəti də yoxdur. Mə savaş şeiri də yazmışam, seviş şeir də. Seviş də, savaş da həmişə qoşadır, sevişi olmayanın savaşı olmaz, savaşı olmayanın sevişi. Mən "Polonez" poemasında bunu belə ifadə eləmişəm: "Seviş də bir savaşdır bəlkə pani Anna, bir fateh doğulur içimdə səninlə olanda".

- Elxan Zal yaradırsa, yazırsa, demək indi də sevir?

- Sevgisiz an varsa, mən orda yoxam...

- Daha çox kimədir, nəyədir bu sevgi? Şərabamı,  sözəmi, qızıldan qiymətli dostlaramı, yoxsa elə həmin Lazılar çiçəyinəmi?

- Məncə ən əsası sevməyi bacarmaqdır. Sevgi yalnız intim əlaqə deyil, Tanrı odunun insanın içindəki bir zərrəsidir. Əgər sənin içində sevdalı duyğu varsa, onda Lazılar çiçəyini də sevəcəksən, şərabı da, kainatı da.

- Şair daha çox kimləri vəsf edib, sevdiklərinimi, onu sevənlərinimi? Yoxsa Nəsimitək "Vəsf zamanı deyil, Afət!” – deyibən ondan şeir istəyənləri ötüşdürüb? 

- Bütün yaradıcı adamlar sevdiyi şeyləri vəsf edir. Onları sevənlər də sevdikləri sırasındadır. Nəsimi də sevdiklərini yazıb. Sevgi vəsf deyil, daha çox ilahi bir haldır.

- Söz dünyasının dəyərli imzaları ilə dostluğunuz, yoldaşlığınız olub. İllər ötdükcə həmin dostlar sırasının seyrəldiyini görürük. Həm də daha çox vaxtsız əcəl qapılarını döyür... Bu, sizi narahat etməmiş olmaz yəqin ki...

- Əlbəttə, yaxınları itirmək hamı üçün ağırdır. Amma neyləyək, ölüm getdiyimiz yolun son mənzilidir. Gec-tez mən də öləcəm, hamı kimi. Ölümü son hesab etmirəm, mən ölümü belə görürəm:

 

Haqqın dərgahına bir ayrı yol var,

Inamsız olanlar keçməz qapıdan,

Məni Tanrıdağda məclis gözləyir,

Tanrıya tanıq dur ilahə anam.

Düşüncəm uçanda mən quş kimiyəm,

Bu bədən, bu yaşam yerə bağlanıb.

Cığırlar uzanıb göy dağ zirvəsinə,

Səma odaları qonaq gözləyir,

Ora tanrı yurdu, doğmaca bir kənd,

Yatanı uyqudan həzz oyandırır.

Atamı-anamı görürəm orda,

Qarşıma çıxanlar qardaşlarımdır.

Dünya cəng meydanı, mən savaş əri,

Əlimdə qılınc var, dilimdə dua.

Mən qonaq yaşadım Yer kürəsində,

Indi sakiniyəm əbədiyyətin.

 

- Elxan Zalın siyasətlə arası necədir, nə zamansa könlündən qələmi kənara atıb siyasətə qoşulmaq keçibmi? Necə ki, bir zaman qələmi silaha dəyişmişdi.

- Əlbəttə ki, yox. Siyasətdə heç olmamışam da. O zaman vətəni qorumaq lazım idi, onda mən orda vardım. İnsanlar siyasətlə varını qorumaq üçün məşğul olur. Mənimsə buna ehtiyacım yoxdur. Milləti qorumaq lazım gələrsə sözsüz ki, o sırada olacam.

- Siyasətdən uzaq olduğunuzu deyirsiniz, amma siyasət adamına, Heydər Əliyevə poema həsr etmisiniz. Bu elə məhz siyasət deyilmi?

- Heydər Əliyev olmasaydı belə biz onu uydurmağa məcbur idik. Xalqa, dövlətə hökmdar obrazı lazımdır. Rusun Pyotru, Fransızın Napolyonu, Osmanlının Fatehi var, bəs sənin kimin var? Sadəcə dövlətin başında oturanlar belə Heydərin missiyasını anlamırlar, daha çox onun kölgəsində gizlənirlər. Heydər Əliyev Azərbaycan türklərinin tarixdə yetirdiyi ən xarizmatik fiqurlardan biridir.

- Müharibələrdən, mübarizələrdən, üsyanlardan, mitinqlərdən, devalvasiyalardan, krizislərdən, böhranlardan qarmaqarışıq hala düşmüş dünyamızda Elxan Zal Azərbaycanı hansı rəngdə görür? 

- Bizi əsrlər boyu məhv edə bilməyiblərsə, indi də məhv edəsi deyillər. Azərbaycan xalqının ən çətin vəziyyətdən çıxmaq bacarığı var. Düşünürəm ki, bu gün xalqın qanını soran oliqarxiya bu xalqa layiq deyil, onlar getməlidir. Bilmirəm bunu prezidentmi edəcək, yoxsa üsyan, amma bu təfəkkürün sahibləri getməlidir. Xalqa elita lazımdır, amma belə mənəviyyatsız və təfəkkürsüz yox.

            -Çox sag olun, səmimi cavablara görə təşəkkür edirəm!

 

Rumiyyə Miraslan

 

Türküstan. - 2016.- 24 - 30 yanvar.- S.16.