Cəfər Cabbarlı Gəncədə - Bir mühacirin xatirəsi
Mühacirət mətnlərində yazıçı, dramaturq Cəfər Cabbarlı ilə bağlı yayımlanmış bir xatirəni təqdim edir:
***
Cəfər Cabbarlıya
dair kiçik bir xatirə
Ölümünün 21-ci ildönümü
münasibətilə
Yazan: N.Kulugil
1931-ci ilin
yayı. Gəncədəyik. Teatr həvəskarı və aşiqi yüzlərlə şagird
arasında biz də varıq. O zamanlar Cəfər Cabbarlının
şöhrəti yurd
sərhədlərini aşıb
hər yana
yayılmışdı. Əsərləri səhnələrdə müntəzəm
olaraq oynanılır,
filmləri çəkilirdi.
Şeirləri əldən-ələ dolaşır, pyeslərindən
əzbərlənən hissələr
gənclər tərəfindən
sıx-sıx təkrarlanırdı.
Məmləkətdə onun adını
bilməyən yox idi. Hər kəs onu görüb
tanımaq üçün
can atırdı.
Həmin vaxtlar Gəncədə həm bəsit, həm də professional bir neçə teatr klubu olsa
da, hələ ki dövlət teatrı qurulmamışdı. (Bilindiyi
kimi, Cəfər Cabbarlı adına Gəncə Dövlət
Dram Teatrı Bakıdakı
Türk İşçi
Teatrının 1932-də Gəncəyə
köçürülməsi ilə açılmışdı)
Yay aylarında Bakının Opera, Dram, Türk
İşçi, Türk
İşçi Gənclər
(indiki Gənc Tamaşaçılar Teatrı),
Türk İşçi
Uşaqlar və Kukla teatrları ilə Tiflisin Türk Dram Teatrının
təşkil etdiyi səfərlər sayəsində
Gəncə şəhəri
böyük oyunları,
şöhrətləri Sovet
İttifaqı sərhədlərini
aşan nəhəng artistləri yaxından seyr edə bilirdi.
Bəhs etdiyimiz yay fəslində
Gəncəyə Bakı
Dram Teatrı gəlmişdi. Teatr oyunları
Sabir parkının qarşısındakı baxçada
qurulmuş Yay teatrında oynanılırdı.
Repertuarda Şekspir, Mirzə
Fətəli Axundzadə
kimi klassik yazıçıların dram və
komediyaları ilə birlikdə C.Cabbarlının
da əsərləri yer alırdı. Cəfərin həmin il oynanan
dramları arasında
“Almas” və “1905-ci ildə” vardı. Teatrın dramaturqu və eyni zamanda öz
əsərlərinin rejissoru
kimi Cabbarlı da səfərlərə gəlirdi. Oyunlarda rol alan böyük
sənətçilər arasında
Abbasmirzə Şərifzadə,
Ülvi Rəcəb, Mirzəağa Əliyev, İ.Hidayətzadə, İ.Əfqanlı,
İ.Osmanlı, Mustafa Mərdan,
R.Daraplı, M.Sənani,
Rza Təhmasib ilə Mərziyyə, Əzizə, Sona və Şəfiqə xanımlar və başqaları vardı.
İstər sənətçiləri, istərsə
də, rəhmətlik
Cəfəri görmək
üçün günün
hər saatında teatrın önündə
və yanındakı
baxçada gənclər
toplanaraq izdiham təşkil edirdilər. Hər gün
günortadan sonra yenə eyni yerdə sınaq oyunları keçirilirdi.
Həmin
sınaqların birində
içəriyə girə
bilən 3-5 kənar şəxsdən biri də biz idik. “Almas”ın sınağı
idi. Dramaturq, rejissor kimi
Cabbarlı diqqətlə
səhnəni seyr edirdi. Bir ara növbə
Mustafa Mərdana gəldi.
O, oturduğu hündür
yerdən yavaş-yavaş
aşağı enərkən
danışmağa başladı.
Roluna o qədər aludə idi ki, oynadığı
obrazın mükəmməlliyi
bəlli olurdu. Sınaqda olmalarını unudaraq, səhnədəki artistlər
də daxil olmaqla hər kəs M.Mərdanı alovlu şəkildə alqışlamağa başladı.
Cəfərə baxdım, ayağa
qalxmışdı, yuvasından
fırlarcasına gözləri
parıldayırdı, izahedilməz
bir sevinc və qürur içində idi. Böyük aktyora təqdir və təşəkkürlərini
söylədikdən sonra
sınağa davam edilməsi üçün
əli ilə işarə etdi.
Ertəsi gün gündüz sənətçilər teatrın baxçasındakı kölgəlikdə oturub söhbət edirdilər. C.Cabbarlı da aralarında idi. Qadın sənətçilər “1905-ci ildə”də oynadığı kiçik rola görə mərhumla zarafatlaşırdılar. O da “sizin kimi böyük artist olmasam da, pis oynamadığım zənnindəyəm” cavabını verirdi. Beləcə, zarafatlaşıb gülüşürdülər. Bizlər sənətçilər qrupunun yanına soxularaq onları seyr edib, dinləyirdik. O əsnada Cəfəri yaxından incələmək fürsətini tapdım. Orta boylu, əsmər bir adam idi, iri və qara gözləri alışıb yanır, ətrafına işıq saçırdı. Həddindən artıq enerjili və dinamik bir insan olması halından bəlli olurdu. Sehrlənmiş şəkildə hamımız heyranlıqla ona baxır, bambaşqa bir insanın, bir dahinin qarşısında olduğumuzu anlayırdıq.
30 dekabr 1934-dən, hələ 35 yaşında ikən millətinin qəlbinə və tarixin bağrına gömüldüyü gündən 21 il keçir. Bu ildönümdə xatirəmizdə canlananlar bunlar oldu. Ona “1905-ci ildə” dramında Sonanın dilindən söylədiyi öz türküsü ilə xitab etmək yerinə düşəcəkdir, sanıram:
Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm
Bu gənc
yaşımda.
Bir ovçu gördü,
Köksümdən vurdu.
Torpağa düşdüm
Bu gənc
yaşımda.
“Mücahit” dərgisi,
1956, yanvar sayı.
Türküstan.- 2017.- 4-10 aprel.- S.16.