Osmanlı
Türkiyəsinin 1876-cı il Anayasası
- Əsas elementlər
Osmanlı Türkiyəsinin ilk
Kontitusiyası (Kanun-u əsası) 1876-cı il
dekabrın 23-də elan edilmişdir
Bu barədə türk
tarixçisi Orhan Aldıkaçtı özünün tarixi əsərində
(«Anayasa hukukumuzun gelişməsi və 1961-ci il Anayasası»,
İstanbul, 1966-cı il cild 2, səh.87-88) göstərir ki,
«… lakin buna baxmayaraq, Türkiyənin dövlət
quruculuğunda ilk dəfə olaraq tətbiq edilən həmin
tədbir öz-özlüyündə mütərəqqi bir
hadisə idi və feodal-monarxiya rejimi şəraitində
burjua azadlıqlarından şəxsiyyət və mətbuat
azadlığı, əmlak toxunulmazlığı və s.
Konstitusiyada təntənəli surətdə elan edilməsi
faktının özü irəliyə doğru ciddi addım
idi…».
Konstitusiya Osmanlı
imperiyasının dövlət idarəçiliyində dini əsasları
nəinki məhdudlaşdırmırdı, əksinə
dövlətin teokratik mahiyyətini qanunvericilik yolu ilə təsbit
edirdi. Dövlətin dini başçısı olan
Şeyxülislamın hüquq və səlahiyyətini Konstitusiya
baş nazirin hüquqi statusu ilə eyniləşdirirdi.
Baş nazir (baş bakan) və Şeyxülislam şəxsən
sultanın özü tərəfindən, nazirlər isə
onun xüsusi fərmanı ilə təyin edilirdi (mad. 27).
Göründüyü kimi,
Konstitusiya sultanın həm dövlət
başçısı və həm də dini
başçı olmasını əsaslandırırdı. Ancaq buna
baxmayaraq, o, dövlət işlərini baş nazirin, dini
işləri isə Şeyxülislamın vasitəsilə həyata
keçirirdi.
Məhkəmə
funksiyasını isə inzibati məhkəmələr və
şəriət məhkəmələri vasitəsilə həyata
keçirilməsini elan etməklə Konstitusiya dövlətin
teokratik mahiyyətdə olduğunu bir daha təsdiq edirdi.
Türkiyənin 1876-cı il Konstitusiyası icra orqanının məclis
qarşısında cavabdehliyini tanımırdı. Maraqlı
cəhət burasıdır ki, Konstitusiya Nazirlər Sovetinin
(baş bakanlığın) öz fəaliyyətinə
görə kollektiv məsuliyyət daşımasını
müəyyən etsə də (mad. 30), əslində
hər bir nazir ayrı-ayrılıqda sultanın
qarşısında məsul idi. Ona görə
ki, bu nazirlərin vəzifəyə baş nazir tərəfindən
deyil, bilapvasitə sultanın özü tərəfindən fərdi
qaydada təyin edilməsindən irəli gəlirdi.
Əsas qanun bir tərəfdən
ölkənin daxili və xarici siyasətinə dair
bütün işlərin Nazirlər Soveti (baş bakanlık)
tərəfindən yerinə yetirilməsi elan edilirdi, digər
tərəfdən isə baş bakanlığın qərarlarının
yalnız sultan tərəfindən təsdiq edildikdən sonra
qanuni qüvvəyə malik olmasını əsaslandıraraq
hökuməti monarxdan tam asılı vəziyyətə
salırdı. Konstitusiyada baş nazirin Nazirlər
Sovetinin (baş bakanlığın) sədri elan edilməsi əslində
formal xarakter daşıyırdı. Ona
görə ki, baş bakanın mövqeyi digər nazirlərin
mövqeyindən heç nə ilə fərqlənmirdi.
Onların arasında münaqişə baş verdikdə bu
münaqişəni sultan özü həll edirdi (mad. 29).
Osmanlı Türkiyəsi
tarixində belə münaqişələr əksər
hallarda baş bakanın istefa verməsi ilə nəticələnirdi.
Türk müəllifi
R.G.Okandan «Anne hükukumuzun anna hatları», İstanbul. 1957-ci il
əsərinin bir köşəsində haqlı olaraq
yazır ki, «Osmanlı imperiyasında baş nazirin və Nazirlər
Sovetinin əslində heç bir səlahiyyəti
olmamışdır. Dövlət İdarəçiliyini
az-çox Konstitusiyaya uyğun həyata keçirməyə
cəhd edən baş nazir dərhal vəzifəsindən kənar
edilmiş, Sultan Əbdülhəmidin hakimiyyətdə
olduğu 31 il ərzində 25 baş nazirdən 21 nəfəri
vaxtından əvvəl vəzifəsindən qovulmuşdur.
Başbakanlığın səlahiyyətinə aid olan məsələləri
sultan özü həll edərək, öz mütləq
hakimiyyətindən azacıq da olsa çəkinmirdi…».
Konstitusiya nazirlərə
qanunvericilik təşəbbüsü hüquqi verirdi. Nazirin təqdim
etdiyi qanun layihəsi deputatlar palatasında təsdiq edilmədikdə
məsələni sultan özü fərdi qaydada həll
edirdi.
Belə ki, o, qanun layihəsini
öz fərmanı ilə elan edirdisə, bu zaman mütləq
parlament buraxılırdı. Əks halda nazir
istefaya getməli idi. Göründüyü
kimi, bu qaydanı əsaslandıran Konstitusiyanın 35-ci maddəsi
deputatlar palatasını açıqdan-açığa
sultan-xəlifədən tam asılı bir vəziyyətə
salırdı. Deməli, deputatlar
palatası öz fəaliyyəti xatirinə istər-istəməz
sultanın iradəsini ifadə edən aktları qəbul etməyə
məhkum idi.
Şübhə yoxdur ki,
Konstitusiya yolu ilə monarxın mütləq hakimiyyətinə
tabe edilən bir məclis həmin Konstitusiyada dövlətin təəbələri
üçün nəzərdə tutulan hüquq və
azadlıqlar barədə əsl mənada heç bir təminat
yarada bilməzdi. O dövrün mütərəqqi fikirli simalarından
biri yazırdı: «Konstitusiya xalqımıza bir sıra hüquq
və azadlıqlar bəxş edir. Həmin
hüquqlar mövcud olan monarxiya üsul idarəsi tərəfindən
qəsb edilmişdir. Biz bu hüquqların
sözün həqiqi mənasında xalqa verilməsini tələb
edirik».
Konstitusiyanın 42-ci maddəsinə
əsasən, ölkənin qanunverici orqanı olan parlament (məclis
- utiti) senat (Heyati Avan) və deputatlar palatası (Heyati mebusan)
olmaqla iki palatadan ibarət tərkibdə təşkil edilirdi. Hər iki
palatanın sessiyası sultanın fərmanına əsasən
eyni vaxtda, yəni noyabrın 1-də bağlı elan edilirdi
(mad.43). Palataların birgə təntənəli
açılışında ölkənin daxili və xarici
siyasət məsələləri barədə ya sultanın
özü, ya da onun tapşırığına əsasənbaş
nazir məruzə edirdi.
Deputatlar palatasının üzvləri
kişilərdən ibarət Osmanlı əhalisi tərəfindən
hər əlli min nəfərdən bir deputat hesabı ilə
gizli səsvermə yolu ilə 4 il müddətinə
seçilirdi. Nazirlər müstəsna olmaqla, deputat
seçilənlər eyni zamanda dövlət qulluğunda ola bilməzdilər. Bununla bahəm
Konstitusiya əhalinin geniş təbəqəsini deputat
seçilmək hüququndan məhrum edilirdi. Belə ki,
Türkiyə təəbəliyini qəbul etməyənlər,
30 yaşı tamam olmayanlar, digər şəxsin xidmətində
olanlar, müflisləşənlər, istintaq altında
olanlar, hüquqdan məhrum olunanlar, vətəndaşlığı
olmayanlar deputat mandatı ala bilməzdilər.
Deputatlar palatasının sədri
və onun iki müavini deputatlar arasından onların səs
çoxluğu ilə müəyyən etdiyi doqquz nəfərin
içərisindən sultanın xüsusi fərmanı ilə
təyin edilirdi. Yeri gəlmişkən qeyd edək ki,
sultan Əbdülhəmid məclisin birinci
çağırış birinci sessiyasında
Konstitusiyanın müəyyən etdiyi bu qaydanı pozaraq
öz yaxın dostu və tərəfdarı Əhməd Vəfiq
paşanı birbaşa palatanın sədri təyin
etmişdi.
Beləliklə, Türkiyənin
1876-cı il Konstitusiyası qanunverici orqan
olan deputatlar palatasını əslində hökmdardan tam
asılı bir vəziyyətə salmışdı. Yuxarı palata olan senatın sədri və üzvləri
də sultan tərəfindən qırx yaşına
çatmış və dövlət qarşısında
xüsusi xidməti olan yüksək rütbəli şəxslərdən
ömürlük təyin edilirdilər. Onların
sayı deputatlar palatası üzvlərinin ümumi
miqdarının üçdə birindən çox ola bilməzdi. Senatın hüquq
və vəzifələri Konstitusiyanın 64-cü maddəsində
öz əksini tapmışdı. Həmin
maddəyə əsasən, senatın veto hüququ göstərilirdi.
Belə ki, aşağı palata olan deputatlar
palatasının qəbul etdiyi qanun layihələrini senat ya qəbul
edib təsdiq edilməsi üçün sultana təqdim edirdi
və yaxud da öz qeydləri ilə yenidən müzakirəyə
qoyulmaq üçün aşağı palataya geri
qaytarırdı.
Həmin maddədə rəsmən
elan edilirdi ki, Konstitusiyaya zidd olan və sultanın
hüquqlarını məhdudlaşdıran və təsadüfən
ona yönələn qanun layihəsi senat tərəfindən
ləğv edilməlidir.
Beləliklə, senat əslində
deputatlar palatasının funksiyası üzərində nəzarət
vəzifəsini ifa edirdi. Deməli, o heç də bəzi
türk müəlliflərinin iddia etdikləri kimi «qanunların
Konstitusiyaya uyğunluğunu siyasi yolla həll edən» orqan
olmayıb, əslində sultanın hüquqlarını
müdafiə edə yüksək nəzarət aləti idi.
1876-cı il
Konstitusiyası qanunvericilik təşəbbüsünün
hüququnu əslində Nazirlər Sovetinə verirdi. Buna görə də deputatlar palatası bu
hüquqdan bilavasitə yalnız dolayısı ilə istifadə
edə bilərdi. Belə ki, deputatlar
palatası özünün qanunvericilik barədəki təklifini
gərək baş nazir vasitəsilə sultana təqdim edəydi.
Həmin təklif sultan tərəfindən bəyənildikdən
sonra dövlət şurasına göndərilirdi. Öz növbəsində dövlət şurası
qanun layihəsi hazırlayıb deputatlar palatasına
qaytarılırdı. Burada müzakirədən
sonra layihə senata verilir və o da bəyəndikdən sonra
isə təqdim və elan olunmaq üçün təzədən
sultana təqdim edilirdi. Palataların biri tərəfindən
rədd edilən qanun layihəsi həmin il
ikinci dəfə müzakirə obyekti ola bilməzdi (mad. 54).
Sultanın mütləq veto hüququna malik olması və
qanunvericilik təşəbbüsünün ancaq onun icazəsi
ilə mümkün olması faktı əslində Osmanlı
məclisinin formal xarakter daşımaqla Türkiyədə
sultanın mütləq hökmranlığını pərdələmək
üçün bir vasitə olduğunu aydın surətdə
təsdiq edir.
«Osmanlı dövlətində
qanunvericilik hakimiyyətinin əslində sultan-monarxa məxsus
olmasını» dəfələrlə önə çəkən
istedadlı türk alimi R.G.Okandan bu başlıca cəhətləri
yazdığı əsərində çox düzgün qiymətləndirmişdir.
Bütün bu dediklərimizlə
yanaşı, Osmanlı Türkiyəsinin ilk məclisinin
yaradılması faktının özü hər halda müsbət
hadisə idi.
O, fəaliyyət göstərdiyi 3-4 ay ərzində ölkənin
zəruri ehtiyaclarını az-çox təmin edən müəyyən
qanunlar qəbul etmişdir. Buna misal olaraq vilayətlərin
təşkili haqqında, mətbuat, bələdiyyə,
deputat seçkiləri, maliyyə, vergi və s. Barədə
olan qanunları göstərmək mümkündür.
Həmin qanunlar məclisin türk
xalqına «bəxş etdiyi» ilk hədiyyə idi. Sovet türkşünas
alimi Y.A.Petrov tərəfindən qələmə
alınmış («Novıye Osmanı» v borbe za Konstituçii
1876 q. v Turçii, M. 1958 q. səh.150) əsərinin həmin
səhifəsində yazır: «Türkiyə parlamenti dövlət
işlərinin açıq müzakirə edilməsində,
sultan hökumətini tənqid etməkdə, Osmanlı
tarixində ilk forum olmaqla, vətəndaşlıq hüququ
uğrunda leqal mübarizə məktəbi idi…».
Konstitusiyaya əsasən Osmanlı
imperiyasının məhkəmə işləri şəriət
və inzibati məhkəmələr tərəfindən həyata
keçirilirdi (mad. 87).
Bir qayda olaraq müsəlman
xalqlarının ailə, kəbin, vərəsəlik və
digər mülki işlərinə şəriət məhkəmələrində
baxılırdı. Cinayət işləri isə inzibati məhkəmələrdə
həll edilirdi. Konstitusiyada hakimlərin dəyişən
olmadığını, onların yalnız öz xahişləri
ilə və yaxud cinayət törətdikdə işdən
götürüldükləri göstərilirdi (mad. 81). Məhkəmələrin
təşkili qaydası, onların fəaliyyətinin forma və
metodları Konstitusiya ilə deyil, xüsusi Nizamnamə ilə
müəyyən edilirdi (mad.81-88). Konstitusiya bir tərəfdən
hər hansı bir orqanın məhkəmə işlərinə
qarışmasını qadağa edirdi (mad.
86), digər tərəfdən isə dövlətin
marağına zidd olan işlərin yalnız hökumətin
təyin etdiyi şəxsin iştirakı ilə
baxılması qaydasını əsaslandırırdı
(mad. 91). Beləliklə, Konstitusiya məhkəmələrin
heç kəsdən asılı olmadığını
formal elan edərək, yeri gələndə onu icra
orqanına tabe edirdi. Konstitusiya Osmanlı Türkiyəsində
daimi ali məhkəmə orqanı nəzərdə
tutmurdu. O, yüksək vəzifəli şəxslərin cinayət
işlərinə baxmaq zəruri olduqda sultanın fərmanı
ilə 10 nəfər senatordan, 10 nəfər appelyasiya məhkəməsinin
üzvündən və 10 nəfər hökumətin təyin
etdiyi şəxslərlə birlikdə 30 nəfərdən
ibarət tərkibdə təşkil edilirdi (mad. 92). Göstərilən
onluqların hər birindən üç nəfər olmaq
şərtilə 9 nəfər ibtidai təhqiqat
aparırdı və üçdə iki səs
çoxluğu ilə işi məhkəməyə
keçirirdi (mad. 93, 94). Hər
bir onluqdan 7 nəfər olmaq şərtilə qalan 21 nəfər
isə məhkəmə rolunu ifa edirdi. Hökm
üçdə iki səs çoxluğu ilə
çıxarılmaqla qəti idi, ondan şikayət vermək
olmazdı (mad. 95).
Nəticə etibarilə Türkiyənin
1876-cı il Konstitusiyası formal xarakter
daşısa da, o ölkədə parlamentarizmin
inkişafı istiqamətində ilk zəmin oldu. Anayasanın qəbulu ilə zəhmətkeşləri
adi insan hüquqlarından məhrum edən mütləq
monarxiya öz yerini formal da olsa, əhali üçün
müəyyən hüquq və azadlıqlar elan edən
Konstitusiyalı monarxiyaya verməli oldu. Parlament,
ümumi seçki hüququ - bütün bunlar cəmiyyətin
inkişafı nöqteyi-nəzərindən o dövr
üçün böyük bir tərəqqi hesab
olunmalıdır.
Deməli, Türkiyənin 1876-cı il Konstitusiyası ölkədə bir sıra
ictimai-mədəni tədbirlərin həyata keçirilməsinə
zəmin hazırlamaqla, həm də zəhmətkeşlərin
siyasi sinif kimi yaranmasına və gələcək
inkişafına əlverişli şərait yaratmış
oldu.
Mürsəl İrəvanlı,
Yazıçı- publisist
Türküstan. - 2017.- 11-17 aprel.- S.11.