Milli ruh əbədi olaraq bizimlə qalmalıdır

 

Nazarbayevdən Qazaxıstanın gələcəyi ilə bağlı yazı

 

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının prezidenti

 

Qazaxıstan yeni tarixi dövrə daxil olub. Mən bu il İsmarıcımda Qazaxıstanın Üçüncü modernləşməsinin başlandığını elan etmişəm. Biz iki ən önəmli yeniləşmə prosesinə – siyasi islahat və iqtisadiyyatın modernləşməsinə bu cür strat vermişik.

Hədəf məlumdur – dünyanın inkişaf etmiş dövlətlərinin otuzluğuna daxil olmaq.

Hər iki modernləşmə prosesinin aydın məqsədi və vəzifələri, prioritetləri və bunları əldə etmək üsulları var. Əminəm ki, hər şey vaxtında və maksimal şəkildə effektli ediləcək. Amma bu, yetərli deyil.

Mən əminəm: başladığımız irimiqyaslı dəyişimlər ictimai şüurun önləyici modernləşməsilə müşayiət olunmalıdır. O, sadəcə, siyasi və iqtisadi modernləşməni tamamlamayacaq – bunun özəyi kimi çıxış edəcək. 

Qeyd etmək lazımdır ki, müstəqillik illərində tərəfimizdən bir sıra böyük proqramlar qəbul edilib və gerçəkləşdirilib. 2004-cü ildən Qazaxıstan ərazisindəki tarixi-mədəni abidələr və obyektlərin  bərpası üçün “Ìәäåíè ìұðà” proqramı gerçəkləşdirilib.

2013-cü ildə dünyanın aparıcı arxivlərindən ölkəmizin tarixinə həsr edilmiş sənədləri toplamaq və öyrənməyə imkan verən “Õàëûқ òàðèõ òîëқûíûíäà” proqramını qəbul etmişik.

Bu gün isə daha irimiqyaslı və fundamental işə girişməliyik. Buna görə də gələcəyimizi qarşılamağa doğru birgə necə addımlamaq, güclü və məsuliyyətli insanların vahid Milləti olmaqdan ötrü ictimai şüuru dəyişmək haqda görüşlərimi bölüşməyi qət etdim.

 

I. XXI yüzillikdə milli şüur haqqında 

 

Dünya gözümüzün qabağında yeni, bir çox baxımdan qeyri-müəyyən tarixi silsiləyə başlayır. Şüur və düşüncənin əvvəlki modelini saxlamaqla öncül qrupda yer tutmaq mümkün deyil. Buna görə də biriklənmək, özünü dəyişmək və dəyişən şəraitə uyğunlaşmaq vasitəsilə yeni dövrün gətirdiyindən ən yaxşısını götürmək önəmlidir.

Mənim baxışımca, XX yüzillikdə modernləşmənin Qərb modelinin bizim gerçəkliyə tətbiqən əsas çatışmazlığı nədə idi? Bundaydı ki, onlar bütün xalqların və sivilizasiyaların özəlliklərini nəzərə almadan öz nadir təcrübələrini onlara şamil edirdilər.

Hətta önəmli dərəcədə modernləşdirilmiş cəmiyyətlər qaynağı keçmişə gedib çıxan mədəniyyət kodunu ehtiva edir. Yeni tipli modernləşmənin ilk şərti özəl mədəniyyətin, özəl milli kodun saxlanmasıdır. Modernləşmə bunsuz boş səsə çevrilir. 

Amma bu, milli şüurdakı hər şeyin və gələcəkdə bizə inam verən və bizi geri aparan şeylərin konservasiyasını bildirmir. Yeni modernləşmə tarixi təcrübə və ənənələrə əvvəlkitək təkəbbürlə baxmamalıdır. Əksinə, ən yaxşı ənənələri çıxış nöqtəsi, modernləşmə uğurunun mühüm şərti etməlidir. Modernləşmə milli mədəni köklərə dayanmasa, havadan asılacaq. Mənsə istəyirəm ki, o, torpaqda möhkəm dursun. Bu isə bildirir ki, tarix və milli ənənələr mütləq nəzərə alınmalıdır. Bu, xalqın keçmişi, indisi və gələcəyini birləşdirən platformadır. 

Əminəm: ruhsal modernləşmənin ən mühüm missiyası milli şüurun müxtəlif qütblərinin barışmasından da ibarətdir. Mən həm bütünlükdə cəmiyyətin, həm də hər bir qazaxıstanlının şüurunun modernləşməsində bir neçə yönü ayırardım.

 

Rəqabət qabiliyyəti

 

Bu gün təkcə ayrıca bir adam deyil, həm də bütün millət yalnız rəqabət bacarığını inşaf etdirməklə müvəffəqiyyət şansına malik olur. Bu, millətin, hər şeydən əvvəl, bölgəsəl və kürəsəl bazarlarda qiymət və keyfiyyətcə nəsə uduşlu bir şey təklif etmək qabiliyyətini bildirir. Həm də bu, təkcə maddi məhsul deyil, bilik, xidmət, intellektual məhsullar, nəhayət, əmək resursunun keyfiyyətidir. 

Sabahkı günün özəlliyi bundadır ki, mineral resursların varlığı deyil,  məhz insanın rəqabət bacarığı millətin uğur amili olur. Buna görə də istənilən qazaxıstanlının, həm də bütün millətin XXI yüzilliyə layiq keyfiyyətlər dəstinə yiyələnməyi lazımdır. Özü də kompüter savadı, xarici dilləri bilmək, mədəni açıqlıq bunun qeydsiz-şərtsiz çıxış nöqtələri içində yer alır. Buna görə də “Rəqəmsal Qazaxıstan” və üçdillik proqramı və mədəni və təriqət həmrəyliyi proqramı da millətin (bütün qazaxıstanlıların) XXI yüzillikdəki həyata hazırlığının bir hissəsidir. Bu, rəqabət bacarığımızın bir hissəsidir.

 

Praqmatizm

 

Modernləşmə bir sıra vərdiş və steroetiplərin dəyişimi olmadan mümkünsüzdür. Tariximizdə əsil praqmatizmin xeyli örnəkləri var. Əcdadlarımız məskunlaşma mühiti, torpaq ehtiyatlarını olduqca praqmatik şəkildə saxlayaraq resursları qənaətlə sərf etməklə yüzilliklər boyu nadir, düzgün ekoloji həyat tərzini qoruyublar. Və təkcə keçən əsrin ortalarında bir neçə il müddətində resurslardan səmərəsiz istifadə Aral dənizinin yox olmasına, min hektarlarla bərəkətli torpaqların ekoloji fəlakət zonasına çevrilməyinə şərait yaratdı. Və bu, ətraf mühitə ifrat dərəcədə qeyri-praqmatik münasibətin timsalıdır. Əvvəlki milli praqmatizm bu cür israfçılığa döndü.

Modernləşmə yolunda əcdadlarımızın bacarığını xatırlamağımıza dəyər. Praqmatizm özəl milli və şəxsi resurslaırn dəqiq bilgisi, onların qənaətcil sərfi, öz gələcəyini planlaşdırmaq məharətini bildirir. Praqmatizm israfçılığın, təkəbbürün, öygülü yaşayışın əksidir. Çağdaş cəmiyyətin mədəniyyəti təmtəraq deyil, mülayimlik, firavanlıq mədəniyyətidir, rasionallıq mədəniyyətidir. Gerçək məqsədlər, təhsil, sağlam həyat tərzi və peşəkar uğura vurğu ilə rasional yaşamaq bacarığı – davranışda praqmatizm elə budur.  

Həm də bu, çağdaş dünyada yeganə uğurlu modeldir. Millət və fərd konkret əməli uğurlara yönəlməyəndə fəlakətə aparan alayarımçıq, populist ideologiyalar meydana çıxır.

Təəssüf ki, tarix başagəlməz ideologiyaların apardığı bütöv millətlərin məğlubiyyətə uğradığı haqda bizə xeyli misallar verib. Biz keçən əsrin üç başlıca ideolgiyasının – kommunizm, faşizm və liberalizmin iflasını görmüşük. Radikal ideolgiyalar dörvü keçib. Aydın, anlaşıqlı və gələcəyə can atan istiqamətlər lazımdır. Bu cür istiqamət imkanlarımız hesablanmaqla konkret məqsəd və hüdudlara çatmağa yönəlmək ola bilər. Realizm və praqmatizm – ən yaxın onilliklərin şüarı, bax, budur.

 

Milli eyniyyətin saxlanması

 

Ruhsal modernləşmə anlayışının özü milli şüurda dəyişiklikləri nəzərdə tutur. Burada iki məqam var. Birincisi, bu, milli şüur çərçivəsində dəyişiklikdir. İkincisi, bu, bəzi cizgiləri dəyişilməklə milli “Mən”in nüvəsinin saxlanmasıdır. Bu gün hökm sürən modernləşmə modellərinin təhlükəsi nədədir? Bundadır ki, modernləşmə milli inkişaf modelindən hansısa vahid, uiniversal modelə keçid kimi nəzərdən keçirilir. Amma həyat hər dəfə sübut edir ki, bu, səhvdir! Müxtəlif bölgə və ölkələr praktikada öz modellərini hazırlayıb. 

Milli ənənə və adətlərimiz, dil və musiqimiz, ədəbiyyat və toy mərasimlərimiz, bir sözlə, milli ruh əbədi olaraq bizimlə qalmalıdır. Abay müdrikliyi, Auezov qələmi, Cambulun səmimi misraları, Kurmanqazının sehrli səsi, aruaxın (qazaxca: məhrum əcdadların ruhları-tərc.) əbədi çağırışı – bu, bizim ruhsal mədəniyyətimizin yalnız bir hissəsidir.

Ancaq modernləşmə həm də bundan ibarətdir ki, bir sıra arxaik və kürəsəl dünyaya sığmayan vərdiş və meylləri keçmişdə qoymaq lazımdır. Bu, şüurumuzun vahid millləti bölgələrə bölmək kimi özəlliklərinə də aiddir. Öz diyarının tarixini bilmək və bununla fəxr etmək gərəkli və faydalı məsələdir. Amma bax, daha böyük məsələni – vahid və böyük millətə mənsubluğu yaddan çıxarmaq olmaz.

Biz hər kəsin şəxsi töhfəsi və şəxsi peşəkar keyfiyyətlərinə görə qiymətləndirilməli olan meritokratik (latınca: layiqlilər cəmiyyəti-tərc.) cəmiyyət qururuq. Bu cür sistem qohumbazlığa dözmür. Bu, geridə qalmış cəmiyyətlərdə karyeranın inkişaf formasıdır.

Vəzifə toplanmış təcrübədəki müsbət və mənfi cəhətlərin sadalanması ilə məşğul olmaq deyil. Vəzifə iki sarsılmaz qaydanı anlamaqdadır:

Birincisi, milli mədəniyyət saxlanmadan heç bir modernləşmə yer ala bilməz. 

İkincisi, irəli getmək üçün millətin inkişaf etməyinə imkan verməyən keçmiş ünsürlərdən imtina etmək lazımdır.

 

Biliyə pərəstiş

 

Təhsilə can atmaq xalqımız üçün həmişə səciyyəvi olub. Müstəqillik illərində çox görülüb. Biz dünyanın ən yaxşı universitetlərində on minlərlə gənc mütəxəssis hazırlamışıq. Məlum olduğu kimi, başlanğıc hələ keçən əsrin 90-cı illərinin əvvəlində “Áîëàøàê” proqramı ilə qoyulub. Biz olduqca yüksək səviyyəli bir sıra universitetlər, intellektual məktəblər sistemi və başqa çox şeylər yaratmışıq.

Lakin təhsilə pərəstiş hamılıqla olmalıdır. Və bunun sərt və aydın səbəbi var. Texnoloji inqilab ona aparır ki, mövcud peşələrin yarısı ən yaxın onilliklərdə yox olacaq. Heç bir dövr iqtisadiyyatın peşəkar simasının bu cür dəyişiklik sürətini görməyib. Və biz bu dövrə daxil olmuşuq. Bu cür şəraitdə yalnız məhz təhsilin yüksək səviyyəsi sayəsində peşəsini asanlıqla dəyişə bilən alitəhsilli adam müvəffəqiyətlə yaşaya biər. Buna görə də Qazaxıstan bu gün təhsilə büdcə məsrəflərinin bölgüsü üzrə dünyanın ən öncül ölkələri sırasındadır. Hər bir qazaxıstanlı anlamalıdır ki, təhsil gələcəkdə müvəffəqiyyətin ən təməl amilidir. Gəncliyin prioritetlər sistemində təhsil birinci yerdə olmalıdır. Təhsil dəyərlər sistemində baş dəyər olarsa, onda milləti uğur gözləyir.

 

Qazaxıstanın inqilabi deyil,

təkamüllü inkişafı

 

1917-ci ilin oktyabrında Avrasiyanın çox böyük hissəsində baş vermiş radikal dəyişikliklərin 100 ili bu il tamam olur. Bütün XX yüzillik inqilabi sarsıntılar işarəsi altında keçdi. Hər bir xalq tarixdən öz dərslərini götürür. Bu, onun haqqıdır və öz baxış nöqtəni başqalarına sırıya bilməzsən. Lakin həm də heç kimin tarixə öz subyektiv baxışını bizə sırımaq haqqı yoxdur. 

XX əsrin xalqımz üçün dərsləri isə bir çox baxımdan faciəlidir.

Birincisi, milli inkişafın təbii yolu məhv edilib və ictimai quruluşun yad forması zorla qəbul etdirilib.

İkincisi, millətə dəhşətli demoqrafik zərbə vurulub. Bütün yüzillik boyu təsir edən zərbə. 

Üçüncüsü, qazax dili və mədəniyyəti az qala itirilib.

Dördüncüsü, Qazaxıstan ərazisi bir çox bölgələrdə ekoloji fəlakət ərazisinə çevrilmişdi.

Əlbəttə, tarixdə ancaq və qara rənglər olmur. XX yüzillik Qazaxıstana xeyli müsbət işlər də gətirib. Bu, sənayeləşmə, sosial və istehsal infrastrukturunun yaradılması, yeni ziyalılığın meydana çıxmasıdır. Müəyyən modernləşnmə baş verdi. Lakin bu, millətin deyil, ərazinin modernləşməsi idi.

Biz tarixin dərslərini aydın dərk etməliyik. İnqilablar dövrü keçməyib. O, forma və məzmunca güclü şəkildə dəyişilib. Lakin ən yaxın bütün tariximiz birbaşa və birmənalı xəbər verir: yalnız təkamüllü inkişaf millətə tərəqqi şansı verir. Əks halda yenidən tarixi tələyə düşəcəyik. Təkamüllü inkişaf ideologiyanın prinsipi kimi həm şəxsi, həm də fərdi səviyyədə hər bir qazaxıstanlı üçün istiqamətlərdən biri olmalıdır. Əlbəttə, cəmiyyətin təkamüllü inkişafı prinsip kimi əbədi konservasiyanı bildirmir, lakin təkcə tarixin dərslərini deyil, həm də müasirlik nümunələri və gələcəyin siqnallarını anlamaq da önəmlidir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev seçkilərdə təkrar qalib gəldikdən sonra

İnqilabın xarakteri dəyişilib. O, aydın şəkildə milli, dini, mədəni və yaxud separatçı boyaya çalır. Lakin hər şey əksər hallarda zorakılıq və iqtiadi iflasla bitir. Buna görə də dünya baş verənlərin ciddi mənalandırılması həm bütünlükdə cəmiyyətin, həm siyasi partiya və hərəkatların, həm də təhsil sisteminin aparmalı olduğu çox böyük dünyagörüşün, ideoloji işin bir hissəsidir.

 

Şüurun açıqlığı

 

Bir çox problemlər ona görə meydana çıxır ki, böyük, kürəsəl dünya sürətlə dəyişir, kütləvi şüur isə “ev çərçivəsi”ndə qalır. Sanki bütün dünya üzrə bir milyarddan çox adamın doğma dili ilə yanaşı peşəkar kommunikasiya dili kimi ingilis dilini kütləvi şəkildə və sürətlə öyrənilməsinin zərurətini sübut etmək lazımdır? Doğrudanmı, Avropa Birliyinin 400 milyondan çox vətəndaşı özünün doğma alman, fransız, ispan, italyan və yaxud başqa dilə sayğı göstərmir? Məgər yüz milyonlarla çinli, indoneziyalı və ya malayziyalı ingilis dilini elə-belə öyrənir?

Bu, kiminsə subyektiv arzusu deyil, kürəsəl dünyada iş üçün şərtdir. Amma məsələ təkcə bu təfərrüatda deyil. Şüurun açıqlığı şüurun, ən azı, üç özəlliyini bildirir.

Birincisi, böyük dünyada, ölkən ətrafında, planetin sən hissəsində nə baş verdiyinin dərki.

İkincisi, şüurun açıqlığı – yeni texnoloji qaydaların gətirdiyi dəyişiklilərə hazır olmaqdır. Bu, ən yaxın 10 ildə həyatımızın çox böyük bir layını – iş, məişət, istirahət, mənzil, insan ünsiyyəti üsullarını dəyişəcək. Buna hazır olmaq lazımdır. 

Üçüncüsü, özgə təcrübəni mənimsəmək, başqalarından öyrənmək.

Asiyanın iki böyük dövləti – Yaponiya və Çin bu bacarığın klassik təcəssümüdür. Bütün “qeyri-özgə”lərdən məlum uzaqlaşma deyil, ən yaxşı nailiyyətlərə açıqlıq və həssaslıq – uğurun təminatı və açıq şüurun göstəricilərindən biri budur. Gələcək dünyada açıq şüur niyə bu qədər önəmlidir? 

Qazaxıstanlılar dünya haqda öz evlərinin pəncərələrindən fikir yürüdəcəklərsə, onda dünyada, materikdə və yaxud qonşu ölklərdə hansı tufanların hərəkətləndiyini görməmək də olar. Ağacların dalındakı meşəni görməmək olar, hətta bəzən yanaşmaları ciddi şəkildə dəyişməyə vadar edən zahiri yayları da anlamamaq mümkündür.

 

II. Ən yaxın illər üçün gündəlik

 

 İctimai şüur təkcə modernləşmə prinsiplərinin hazırlanmasını deyil, həm də ənənənin böyük gücünü itirmədən zamanın çağırışını cavablandırmağa imkan verən konkret layihələr tələb edir.

Mən ən yaxın illərdə inkişaf etdirilməsi mümkün bir neçə konkret layihə görürəm.

Birincisi, qazax dilinin latın əlifbasına mərhələli keçidi üçün işə başlamaq lazımdır. Biz bu məsələyə çox ehtiyatla və taktiki yanaşmışıq. Burada sakit mərhələlik gərəkdir. Biz müstəqilliyin bütün illərində buna ehtiyatla hazırlaşmışıq. 

Qazax dili qrafikasının dərin kökəri var. VI-VII yüzilliklərdə, erkən orta əsrlərdə Avrasiya ərazisində elmə Orxon-Yenisey əlifbası kimi məlum olan qədim türk runi yazısı doğulub və fəaliyyətdə olub. VI-VII əsrlərdə qədim türk əlifbası – bəşəriyyətin ən qədim hərfli yazısı meydana çıxıb.  Türk dili V- XV yüzilliklərdə Avrasiyanın böyük hissəsində millətlərarası ünsiyyət dili olub. Məsələn, Qızıl Ordada rəsmi sənədlər və beynəlxalq yazışmalar əsasən türk dilində aparılıb.

X əsrdən XX əsrə qədər, demək olar, 900 il Qazaxıstan ərazisində ərəb əlifbası işlənib. Runi əlifbasından uzaqlaşmaq, ərəb dili və əlifbasının yayılması İslamın qəbulundan sonra başlanıb.

1929-cu il avqustun 7-də SSRİ MİK Rəyasət Heyəti və SSRİ XKS latınlaşdırılmış yeni “Vahid türk əlifbası”nın tətbiqi haqda qərar qəbul edib. Latınlaşdırılmış əlifba 1929-1940-cı illərdə rəsmən işlədilib, sonralar kirill əlifbası ilə əvəzlənib.

1940-cı il noyabrın 13-də “Qazax əlifbasının latınlaşdırılmışdan rus əlifbası əsasında yeni əlifbaya keçidi” Qanunu qəbul edildi. Bu qayda ilə qazax dili əlifbasının dəyişilmə tarixi əsasən konkret siyasi səbəblərlə müəyyən olunub. 

2012-ci ilin dekabrında Qazaxıstan xalqına illik “Qazaxıstan-2050” İsmarıcımda demişəm: “2025-ci ildən əlifbamızı latın əlifbasına keçirməyə başlamağımız lazımdır”.

Bu bildirir ki, bu vaxtdan bütün sahələrdə latın əlifbasına keçidi başlamalıyıq. Yəni 2025-ci ilə doğru kargüzarlığı, dövri nəşrləri, dərslikləri və qalan hər şeyi latın əlifbası ilə nəşr etməyə başlayacağıq. İndi isə latın əlifbasına keçidin başlanğıcına hazırlaşaq.

Latın əlifbasına keçdin həm də dərin tarixi məntiqi var. Bu, həm çağdaş texnoloji mühitin, həm çağdaş dünyada kommunuikasiyanın, həm də XXI əsrdə elmi təhsilin özəllikləridir. Buna görə də 2025-ci ilə az qalıb və qazax dilinin latın əlifbasına keçidi üçün hökumətin aydın qrafiki olmalıdır.

Uşaqların hamısı məktəblərimizdə ingilis dilini öyrənirlər. Bu, latın əlifbasıdır. Yəni gənclik üçün problem olmayacaq.

Hesab edirəm ki, 2017-ci ilin axırına qədər alimlərin və geniş ictimaiyyətin köməyi ilə yeni qrafikada qazax əlifbasının vahid, standart variantını qəbul etmək lazımdır. 2018-ci ildən yeni əlifbanın tədrisi və orta məktəblər üçün dərsliklər hazırlamaqdan yana kadrlar hazırlığına başlamaq gərəkdir. Ən yaxın 2 ildə zəruri təşkilati və metodik iş aparılmalıdır. 

Əlbəttə, uyğunlaşma dövründə kirill əlifbası da müəyyən müddətdə işlənəcək. 

İkincisi, bu, ictimai və humanitar elmlər üzrə “Yeni humanitar bilik. Qazax dilində 100 yeni dərslik” layihəsidir. Bunun məğzi sıradakından ibarətdir:

Biz tarix, politologiya, sosiologiya, fəlsəfə, psixologiya, mədəniyyətşünaslıq, filologiya üzrə tələbələrin tamdəyərli təhsili üçün şərait yaratmalıyıq. Humanitar ziyalılarımız ali məktəblərdə humanitar kafedraların bərpası yolu ilə dövlət tərəfindən dəstəklənməlidir. Bizə sadəcə mühəndis və tibb işçiləri deyil, müasirlik və gələcəyi yaxşı dərk edən adamlar da lazımdır. Ən yaxın illərdə müxtəlif dillərdən humanitar biliyin bütün istiqamətləri üzrə dünyanın 100 ən yaxşı dərsliyini qazax dilinə tərcümə etmək və gəncliyimizə ən yaxşı dünya nümunələri əsasında təhsil almaq imkanı verməyimiz lazımdır. Artıq 2018/2019-cu il tədris ilində tələbələrimizə bu dərsliklərlə təlim keçməliyik. Bu məqsədlə mövcud tərcümə strukturlarının bazasında hökumətin sifarişi üzrə bu işə artıq 2017-ci ilin yayında başlayacaq qeyri-dövlət Milli Tərcümə Bürosu yaratmaq lazımdır.

 

Bu proqramla nəyə nail olacağıq?

 

Bu, hər şeydən əvvəl, yüz minlərlə tələbəmizin keyfiyyətcə başqa bir səviyyədə hazırlanmasıdır. 

Sonra, bu, bilik sahəsində kürəsəl rəqabətə uyğunlaşmış kadrlar hazırlığıdır.

Nəhayət, bunlar elə şüurun modernləşdirilməsinin – açıqlığın, praqmatizmin, rəqabət bacarığının bələdçisi olacaq adamlardır. Gələcək təhsil auditoriyalarında yaradılır. 

Bizim sosial və humanitar biliyimiz uzun illər boyu bir təlim və dünyaya bir baxışın çərçivəsində konservləşdirilib. Dünyanın 100 ən yaxşı dərsliyinin qazax dilində nəşri artıq 5-6 ildən sonra effekt verəcək. Ən müasir olanın hamısını götürmək və qazax dövlət dilinə tərcümələrə malik olmaq lazımdır. Və bu, dövlətin vəzifəsidir.

Hökumətin bu məsələni işləməyi və tərcümə kadrları, müəllif hüquqları, təhsil-metodika proqramları, professor-müəllim heyəti və s.-i nəzərə almaqla həll etməyi lazımdır.

Üçüncüsü, vətənsevərlik torpağa, aula, şəhərə, bölgəyə, kiçik vətənə sevgidən başlanır. Buna görə də asanlıqla daha geniş istiqamətə “Òóғàí åë”ə keçəsi “Òóғàí æåð” proqramını təklif edirəm. Òóғàí æåð³í ñүéå àëìàғàí ñүéå àëàð ìà òóғàí åë³í?” və yaxud “Vətən nədən başlanır? Bu sözlərdə böyük bir məna var. 

Niyə kiçik vətən? İnsan təkcə rasional deyil, həm də duyğusal varlıqdır. Kiçik vətən – doğulub böyüdüyün, bəzən isə bütün ömrünü yaşadığın  yerdir.

Dağlar, çaylar, bunların yaranması haqda nağıl və miflər, xalqın yaddaşında qalmış insan adları oradadır. Sadalamanı davam etdirmək olar. Bütün bunlar önəmlidir. Doğma torpağa, onun mədəniyyətinə, adət-ənənələrinə özəl münasibət vətənsevərliyin ən mühüm cizgiləridir. Bu, istənilən milləti fərdlər yığını deyil, millət edən mədəni-genetik kodun özülüdür. Əcdadlarımız bizim üçün milyon kvadrat kilometrlərlə bərəkətli torpaqları saxlamaqla yüzilliklər boyu konkret yerləri və bölgələri qoruyublar. Onlar gələcəyi qoruyublar. Òóғàí æåð” proqramının ifadə etdiyi kişik vətənə sevgi nəyi bildirir?

Birincisi: təhsil, ekologiya və abadlıq sahələrində ciddi diyarşünaslıq işi, bölgə tarixinin öyrənilməsi, mədəni-tarixi abidələrin və bölgə miqyaslı mədəni obyektlərin bərpasını təşkil etmək lazımdır. Məsələn, vətənsevərliyin ən yaxşı forması orta məktəblərdə doğma diyarın tarixini öyrənməkdir. 

İkincisi: bu, ölkənin başqa bölgələrinə köçmüş, kiçik vətəninə dəstək vermək istəyən biznesmen, məmur, ziyalı və gənclərə yardımdır. Bu, normal və vətənsevərlik arzusudur və bunu yasaqlamaq deyil, dəstəkləmək lazımdır. 

Üçüncüsü: yerli hökumətlərin “Òóғàí æåð” proqramına sistemli və mütəşəkkil yanaşması gərəkdir. Bu işi özbaşına buraxmaq olmaz, çünki ölçü-biçi və düzgün anlama tələb edir. Biz sponsor yardımı mexanizmi daxil olmaqla kiçik vətənə yardım olası dəstək və sosial sayğının müxtəlif formalarını tapmalıyıq. Burada iş üçün çox böyük meydan var. Biz şəhərlərimizi sürətlə yaşıllaşdıra, məktəblərin kompüterləşdirilməyinə xeyli yardım edə, bölgə ali məktəblərini, yerli muzey və qalereyaların bədii fondlarını və s.-i dəstəkləyə bilərik.

Qısaca desək, “Òóғàí æåð” proqramı ümummilli vətənsevərliyimizin əsil təməllərindn biri olacaq. Böyük vətənə, doğma ölkəyə (Qazaxıstana) sevgi kiçik vətəndən başlanır. 

Dördüncüsü, yerli, lokal obyektlərə və məskənlərə yönəlmiş “Òóғàí æåð” layihəsi ilə yanaşı xalqın şüurunda başqa bir məsələni – ümummilli ziyarətgahları da möhkəmləndirməliyik. Bizə “Qazaxıstanın ruhsal ziyarətgahları” və yaxud alimlərin dediyi kimi, “Qazaxıstanın sakral coğrafiyası” layihəsi (sakral: müqəddəs-tərc.) lazımdır. Hər xalqın, hər sivilizasiyanın ümummilli səciyyə daşıyan, bu xalqın hər bir təmsilçisinə məlum olan müqəddəs məkanları var. Bu, ruhsal ənənənin təməllərindən biridir. Biz zəngin ruhsal tarixli, ərazicə çox böyük bir ölkəyik. Bizim ölçülərimiz bəzən tarixdə müxtəlif rollar oynayıb. Lakin xalqda bu coğrafi ruhsal qurşaqla əlaqə heç vaxt kəsilməyib. Amma bununla belə bütün tariximiz boyu vahid sahə, bu müəqddəs ocaqların mədəni və ruhsal miras baxımından vahid silsiləsini yaratmamışıq. Məsələ hətta abidələrin, binaların, tikililərin bərpasında da deyil. Məsələ Ulıtau ətrafndakı abidələr kompleksi və Xoca Əhməd Yasəvi, Tarazanın qədim abidələri və Beket-Ata məzarlığı, Şərqi Qazaxıstanın qədim kompleksləri və Yeddi çayarasının sakral məkanları və başqa xeyli yerləri milli şüurda vahid bağlantıya gətirməkdədir. Bunların hamısı milli eyniyyətimizin gövdəsini biçimləyir.

Bu gün yad ideoloji təsirlərdən danışarkən, unutmamalıyıq ki, onun arxasında müəyyən dəyərlər, digər xalqların müəyyən mədəni rəmzləri  durur. Buna qarşı isə ancaq özümüzün milli simvolikamız dura bilər. Qazaxıstan ziyarətgahlarının mədəni-coğrafi qurşağı məhz bu cür simvolik, bizi əsrlərdən sirli şəkildə keçirən müdafiədir. Bu, milli eyniyyət karkasının ünsürlərindən biridir, buna görə də minillik tariximizdə ilk dəfə bu cür layihəni hazırlayıb həyata keçirtməliyik.

Hökumət il ərzində ictimaiyyətlə dialoqda bu layihəni hazırlamalı və bunda üç elementi birləşdirməlidir:

1. Hər bir qazaxıstanlının bu “Mədəni-coğrafi qurşaq”da rolu və yeri üzrə təhsil hazırlığı lazımdır.

2. KİV-lərimiz bununla bağlı milli informasiya layihələri ilə ciddi və sistemli məşğul olmalıdır.

3. Daxili və xarici mədəni turizm xalqın rəmzi mirasına söykənməlidir. Türküstan və yaxud Altay öz mədəni önəminə görə sadəcə milli və yaxud qitə əhəmiyyətli deyil, bu, kürəsəl kəmiyyətdir.

Beşincisi, müasir dünyada və mədəniyyətlərin rəqabət bacarığı. ABŞ-ın “soyuq müharibə”dəki uğurunun böyük qismi Hollivudun uğurlarıdır. XXI əsrin kürəsəl xəritəsində təkrarsız yeri olan millət olmaq istəyiriksə, daha bir layihəni – “Müasir Qazaxıstan mədəniyyəti kürəsəl dünyada”   gerçəkləşdirməliyik. Söhbət ondan gedir ki, dünya bizi təkcə neft resursları və böyük xarici siyasət təşəbbüsləri ilə deyil, həm də mədəni nailiyyətlərimizlə tanısın.

 

Bu layihədə söhbət nədən getməlidir?

 

Birincisi – məqsədli yanaşma lazımdır ki, vətən mədəniyyəti BMT-nin altı dilində – ingilis, rus, Çin, ispan, ərəb, fransız dillərində səslənsin.

İkincisi – bu, məhz çağdaş, müasirlərimizin yaratdığı və yaratmaqda olduğu mədəniyyət olmalıdır.

Üçüncüsü – bu, materialın təqdimi metodikasının forması üzrə tamamilə müasir olmalıdır. Məsələn, bu, sadəcə, kitablar deyil, həm də multimedia müşayiətinin tam bir dəstidir. 

Dördüncüsü – ciddi dövlət dəstəyi olmalıdır. Xüsusən də Xarici işlər, Mədəniyyət və idman, İnformasiya və kommunikasiya nazirliklərinin sistemli işi. 

Beşincisi – yaradıcı ziyalılarımızın hamısının, o cümlədən Yazıçılar İttifaqı və Elmlər Akademiyasının, universitetlər və ictimai təşkilatların rolu çox böyükdür.

Dünyada müasir mədəniyyətimizdən nələr hərəkətə keşməlidir?

Bu olduqca ciddi və çox zəhmət tələb edən, təkcə milli mədəniyyətin ən yaxşı əsərlərini deyil, həm də onların xaricdə təqdimatını ehtiva edən işdir.

Astananın mərkəzi meydanında Prezident sarayı və parlament binası

Bu, həm çox böyük tərcümə işi və mədəni nailiyyətlərimizin – kitab, pyes, heykəl, şəkil, musiqi əsəri, elmi kəşf və s.-nin özəl irəliləyiş üsullarıdır.

Bütün bunlar konstruktiv və xeyirxah işdir. Hesab edirəm ki, 2017-ci il həlledici olmaldır. Mədəniyyət sahəsində dünyaya nəyi göstərmək istədiyimizi dəqiq müəyyən etməliyik. Bu nadir proqramı isə 5-7 ilə gerçəkləşdirmək mümkündür.

Mədəniyyətimiz minillik tariximizdə ilk dəfə olaraq bütün qitələrdə və dünyann bütün əsas dillərində səslənəcək.

Altıncısı, cəmiyyətimizin diqqətini müasirliyə, müasirlərimizin tarixinə yönəltməyi təklif edirəm. Bunu “Qazaxıstanın 100 yeni şəxsiyyəti” layihəsində gerçəkləşdirmək olar.

Müstəqillik tarixi əsrin cəmi dördə biridir. Lakin necə! Həyata keçənlərin tarixi miqyası şübhə doğurmur. Lakin tez-tez rəqəm və faktlar sırasının arxasında canlı insanın taleyi görünmür. Cürbəcür, parlaq, dramatik və xoşbəxt.

“Qazaxıstanın 100 yeni şəxsiyyəti” layihəsi müxtəlif bölgələrdən, müxtəlif yaşlı, müxtəlif millətərdən 100 konkret adamın tarixçəsidir. Bu, konkret adamların konkret tarixçəsi olmalıdır, bu, müasir Qazaxıstanın simasıdır. Bizimlə yanaşı müstəqillik dövrünün yaratdığı o qədər görkəmli müasirlərimiz var. Onların həyat haqda hekayəti istənilən statistikadan inandırıcıdır. Onları sənədli televiziya filmlərimizin qəhrəmanları etməliyik. Onları həyata ayıq və obyektiv baxış üçün təqlid nümunəsi etməliyik. 

Müasir media mədəniyyəti “danışan başlar” üzərində deyil, əsil həyat tarixçələri yaratmaqla qurulur. Bax, bu cür əsil tarixin yaradılması KİV-lərimizin peşəkar işinin predmeti olmalıdır.

Bu layihəni üç vəzifənin həllinə yönəltmək lazımdır:

– Müasir Qazaxıstanı öz əlləri, ağıl və istedadı ilə yaradanları cəmiyyətə göstərmək.

– İnformasiya dəstəyinin yeni multimedia meydançasını yaratmaq və görkəmli müasirlərimizi populyarlaşdırmaq.

– “100 yeni şəxsiyyət” layihəsinin təkcə ümummilli deyil, həm də bölgəsəl layihələrini təşkil etmək. Biz millətin qızıl fondunu təşkil edənləri tanımalıyıq.

 

Yekun

 

Dövlət və millət donuq konstruksiya deyil, inkişaf edən canlı orqanizmdir. Yaşamaq üçün mənalı uyğunlaşma bacarığına malik olmaq lazımdır.

Yeni kürəsəl gerçəklik qapını döymədən və icazəsiz hamının yanına gəlib – məhz buna görə modernləşmənin vəzifələri bu gün, demək olar, bütün ölkələr qarşısında durur.

Zaman durmur, deməli, modernləşmə də tarixin özü kimi sürəkli prosesdir. Dövrlərin yeni kəsimində Qazaxıstanın yenilənmə və yeni ideyalar vasitəsilə özünün ən yaxşı gələcəyini qurmaqda nadir tarixi şansı var.

Mən əminəm: qazaxıstanlılar, xüsusən gənc nəsil modernləşmək təklifinin mühümlüyünü başa düşür. Yeni gerçəklikdə yeniləşməyə cəhd inkişafımızın açar prinsipidir. Sağ qalmaq üçün dəyişilmək lazımdır. Bunu etməyənləri tarixin ağır dalğası göməcək.

 

Qaynaq:  Qazaxıstan prezidentinin rəsmi saytı

 

Türküstan.- 2017.- 18-24 aprel.- S.8-9.