Peyğəmbərlərin həyatında və kəlamlarında ətraf mühitə münasibət

 

İbrahim Peyğəmbər — Qurani-Kərimdə və elmi-dini arşdırmalarda İbrahim Peyğəmbər əqidəsi uğrunda çətinliyə qatlaşan, yolundan dönməyən, mənəvi cəhətdən kamil bir mömin kimi təqdim olunur. “İbrahim təkbaşına bir hümmət idi. Allaha boyun əymişdi. Düppədüz idi. Müşriklərdən deyildi. Allahın verdiyi nemətlərə şükr edərdi. Allah da onu seçdi və ona doğru yol göstərdi” O, öz yoluna sadiq peyğəmbər kimi tarixdə qaldı. Quranda Həzrəti İbrahimə məxsus mala qəsb etmək fikrinə düşən Misir padşahı Sənan bin-Əlvanın əlinin quruduğu bildirilir. Nəmrud bütləri qırdığına görə, İbrahim Peyğəmbəri tonqal qalayıb içinə atsa da o, yanmır. Peyğəmbər Allahın göstərdiyi yoldan dönmür, hətta məqsədinə çatmaqdan ötrü öz nəslindən bir hissəni yaşayış şəraiti çətin olan ərazidə yerləşdirir. “Ey Rəbbimiz! Mən öz nəslimin bir qismini sənin müqəddəs məbədinin yanında bitkisiz və çılpaq bir vadiyə yerləşdirdim. Ey Rəbbimiz! Bunu onlar vaxtlı-vaxtında namaz qılsınlar deyə etdim. Elə et ki, insanların bəzilərinin könülləri onlara meyl etsin. Onlara cürbəcür məhsullarla ruzi ver. Bəlkə, şükr edələr.

Yusif Peyğəmbər — Peyğəmbərlər arasında daha çox kamil yuxuyazan kimi qəbul olunub. Onun yozduğu yuxulardan maraqlısı Misirdə baş verəcək quraqlıqla bağlıdır. Dini rəvayətə görə firon yuxusunda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər görür. Firon bu qəribə yuxunun yozulmasını tələb edir. Ölkənin yuxuyozanları aciz qalırlar. Yusif Peyğəmbərə müraciət etdikdə o deyir: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın.”

Sonra bunun ardınca, (toxumluq) saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək.” Bunun ardınca da, elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar (çoxlu meyvə şirəsi) sıxacaqlar”. Firon nə etmək lazım olduğunu soruşduqda, Yusif Peyğəmbər qıtlığa qədər ki, dövrdə çoxlu taxıl əkməyi, sonra onu qənaətlə işlətməyin vacibliyini söyləyib. Bu, ölkənin ağır vəziyyətdən çıxarır. Iqtisadiyyatın səmərəliliyin artırılmasında qənaət ən doğru variantdır. Həzrəti Yusifin həyata keçirdiyi islahatlar, əhalinin mənəvi cəhətdən formalaşmasında irətamiz kəlamları bütün dövrlər üçün örnək olub.

Eyyub Peyğəmbər — Həzrəti Eyyub peyğəmbərlərdən ən dərdlisi, ancaq eyni zamanda ən səbrlisi hesab olunur. Allah-Təala Əyyubun səbrin imtahana çəkmək üçün əvvəlcə mal-dövlətini əlindən aldı. Qara bulud o qədər yağış yağdırdı ki, sellər qoyun-keçini yuyub apardı. Acı küləklər əkini zay etdi, zələzələ evləri təməlindən oynatdı, uşaqlar uçmuş divarın altında qaldı. Sonra ağır bir bəla ilə üzləşdi. Qurani-Kərimdə onunla bağlı ayələrdə bu göstərilir: “Ayağını yerə vur”, – (dedik). Budur, sərin bir yuyunma və içmə suyu. Ona ailəsini və onlarla birlikdə bir o qədərini də vermişdik ki, bizim tərəfimizdən bir rəhmət və ağıl sahibləri üçün bir dərs olsun. Tədqiqatlarda qeyd edilir ki, Eyyub Peyğəmbər kasıblara və dara düşənlərə hamıdan əvvəl mərhəmət göstərən, yetim uşaqlara, dul qadınlara əl tutan, qonağı layiqincə qarşılıyıb yola salan, xeyirxah insan və lütfükar bir peyğəmbər idi. Eyyub Peyğəmbərin xasiyyəti və düşdüyü vəziyyət çətinlik və ehtiyac içində yaşayan insanlar üçün bir nümunə hesab etmək olar. Muasir insan ekologiyası baxımından da bunun əhəmiyyəti vardır.

Musa Peyğəmbər – İudazim dininin banisidir. Dini rəvayətlərə görə, Allah-Təala ilə birbaşa Tur dağında təmasda olub və canlı şəkildə vəhyi qəbul edib. Allahla əlaqə od vasitəsilə həyata keçirilib. “Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!” Qeyd edildiyinə görə Musa Tur dağındakı alovun yanına getdikdə Allah ona bir kolluqdan səslənmiş və vəhy etmişdir. “(Mu¬sa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Al-lah Mənəm!” (“Qəsəs” surəsi, 30).

“Odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! Mən, həqiqətən, sənin Rəbbi-nəm. Ayaqqabılarını çıxart, çünki sən müqəddəs vadidə – Tuvadasan! Mən səni seç-dim. Vəhy olunanı dinlə! Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yox-dur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”

Buradan görünür ki, Musa peyğəmbərin Allahın elçisi səviyyəsinə yüksəlməsi bilavasitə, canlı və cansız təbiətin komponentləri ilə bağlıdır. Onun od işıq saçan istiqamətə getməsi, Allahın səsini ağacların arasından eşitməsini, Rəbbin vəhyini dağda qəbul etməsi, zənnimizcə, təsadüfü deyil; təbiət-insan münasibətlərinin real göstəricisidir, əhalinin ətraf mühitə doğru münasibıətidir. Od-alov, həm də xilaskar mənasında, həyat anlamındadır. İşıq və istilik canlı orqanizmlərin həyatında əhəmiyyəti çoxdur. “Cırtdan” nağılında Cırtdanın yoldaşlarına it hürən tərəfə yox, məhz işıq gələn tərəfə getməyi məsləhət görməsi də elə bu səbəblə bağlıdır.

Qurani-Kərimdə Musa peyğəmbərin möcüzələrindən bəhs edən bir çox ayələr vardır ki, bu da təbii sərvətlərlə bağlıdır. Onlardan birində (Bəqərə surəsi, ayə 60) deyilir: “Və (yadımıza salın) o zaman (1) ki, Musa öz qövmü üçün su istəyəndə (Ona) “əsanı o daşa vur” dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan 12 qəbilə üçün) 12 çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): “Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin”. Daha bir misal (Əraf surəsi, ayə 117-120): “Və biz Musaya vəhy etdik ki, əsanı yerə at. Elə ki, əsanı yerə atdı (əjdaha oldu) və onların düzəltdiklərini uddu. Haqq öz yerinə düşdü və onların əməlləri batil oldu, məğlub olub kiçildilər. Sehrkarlar səcdəyə düşdülər.”

Davud Peyğəmbər — Daim ədalət axtarışında olan, qövmünü hüquqi qaydalar əsasında idarə etməyə çalışan Davud Peyğəmbər öz yaşayışı üçün xüsusi qayda qoymuş və günün 4 hissəyə bölmüşdü: şəxsi işləri, ibadət, şikayətə baxmaq və öz nəslindən olan cavanların tərbiyəsi. Dağlarda gəzdiyi zaman çayların Allahın təsbit etməsini eşitməsi, bu quşların səsindən nə dediklərini anlaması onu digərlərindən fərqləndirirdi.

Dini rəvayətlərə və tədqiqatlara görə, İsrail oğullarına şənbə günü ov etmək qadağan idi. Davud Peyğəmbərin dövründə sahil şəhəri olan Eyləyə ilin bir ayında çoxlu balıqlar gəlirdi. Hətta o qədər balıq yığılırdı ki, su görünmürdü. Balıqlar burda yalnız şənbə günləri olurdu. Əhali o vaxt dəniz kənarında hovuz qazıb bura arx çəkirdilər ki, şənbə günləri hovuzlar balıqlarla dolsun. Sonra bazar günləri onları tutmağa başlayırdılar. Hesab edirdilər ki, bu cür etməklə “şənbə günü balıq tutmaq qadağa”sını pozmurlar. Buna baxmayaraq, cəza çəkəcəklərindən qorxurdular. Beləliklə, bu, ənənə halını aldı. Mal-mülk sahibi oldular. Şəhərdə “şənbə qadağasını” pozanlara yaxşı baxmayan bəzi şəxslər onları bu xoşagəlməz işdən uzaq durmağa çağırsalar da faydası yox idi. Onlar: “Biz nə vaxtdır ki, bu işlə məşğuluq. Bunun üçün indiyədək Allah tərəfindən heç bir cəza gəlmədi”, – deyirdilər. O zaman onlara xəbərdarlıq edildi: “Aldanmayın, bəlkə də, sizə elə bir əzab gələr ki, yox olarsınız”. Və bir səhər onlar həqir meymunlara çevrildilər. Üç gün belə yaşadılar. Sonra da həlak olub getdilər. Gördüyümüz kimi, balıqların tutulmasına qoyulmuş qadağanı pozanlar layiqli cəzalarını alırlar. İndi də ov qaydaları tətbiq olunur, bəzi heyvanların yalnız müəyyən mövsümdə ovlanmasına icazə verilir. Hələ Davud Peyğəmbərin dövründə ova qoyulmuş qadağalar indi bir başqa şəkildə davam etdirilir. “Şənbə günü qadağası”nın əhəmiyyəti isə onda idi ki, azı həftənin bir günü balıqlar sərbəst buraxılır və onlara toxunulmurdu.

Süleyman Peyğəmbər – Həzrəti Süleyman heyvanların dilini bilən və hökm etməyi bacaran Peyğəmbər kimi din tarixinə daxil olmuşdur. Onunla bağlı çoxlu rəvayətlər vardır. Tədqiqatlarda da qeyd olunur ki, Allah-təala onu başqalarından çox-çox üstün etmişdi. İnsanlar, quşlar, cinlər və küləklər ona tabe etdirilmişdi. Taxtına tərəf getdiyi yolda başının üzərində quşlar, məclisə girdikdə insanlar və cinlər ayağa qalxırdılar. Quran-Kərimdə də bu barədə məlumatlar var. Fikrimizcə, Süleyman Peyğəmbərin heyvanlara münasıbəti barədə qeyd olunanlar, uzun bir tarixdə əhalinin ətraf mühiti düzgün dərk etməsində, ona qayğı göstərməsində, insan-təbiət münasibətlərinin formalaşmasında böyük xidməti olub. Onunla bağlı rəvayətlərin birində deyilir: Atası Davud Peyğəmbər yuyulub qüsul edilərkən və kəfənləndikdn sonra Süleymanın əmri ilə quşlar qanadlarını açıb cənazənin üstünə kölgə saldı. Folklor nümunələrində heyvanların insana qayğısı əmr və göstərişlər əsasında deyil, təmənnasız və könüllülük prinsipi ilə həyata keçirilir. Ancaq burada Süleyman Peyğəmbər padşah (peyğəmbər) qismində çıxış etdiyinə görə, o, yalnız əmr verə, hökm edə bilər. Bütün hallarda təbiət-insan birliyi idealı burada da qorunub saxlanılır ki, bunun da ekoloji əhəmiyyəti olmuşdur.

Yunis Peyğəmbər – Həzrəti Yunis də seçilən Peyğəmbərlərdən olub. Rəvayətlərdə onun təhlükəli məqamda bir nəhəng balığın qarnında qorunub qaldığın söylənilir. Allah – Təala sularda üzən nəhəng bir nərə balığa Yunisi udmağı, amma yeməməyi vəhy etmişdi. “Ey balıq, Yunisi sənə ruzi vermədi. Sənin qarnını onun üçün bir xilas və səcdə yeri qərar verdik”. Buradan görünür ki, balıq onu lazım olan yerə sağ-salamat gətirib çıxarır. Yunis Peyğəmbər burada da etibarlı mühafizə olunur. Araşdırmalara görə, ağac taqətsiz halda sahilə atılmış Peyğəmbərin üzərinə enli yarpağı ilə kölgə salır və həmin yarpaqdan ağzına düşən şirə damcları isə qızarmış Günəş altında onu aclıqdan xilas edir. O, bir neçə gün bu şirə ilə qidalanır. Lakin ağacın yarpaqlarının qəfil quruması onu çaşqın vəziyyətə salır, özün saxlaya bilməyib ağlayır. Elə bu zaman göydən səda gəldi: “Sən bir ağacın qurumasına göz yaşı tökdün, amma yüz mindən çox Nineva camaatının müsibətinə belə ağlamamışdın.” O, özünü qınadı, səhvinə görə Rəbbindən üzr istədi. Bu hekayətdə də örnək kimi verilmiş təbiət – insan münasibətləri min illiklər uzunu əhalinin ətraf mühitə münasibətinin düzgün formalaşmasında faydalı olub. Balıq və ağacın timsalında təbiətin insana – Yunis Peyğəmbərə qayğısı, onda əhaliyə pozitiv münasibətin yaranmasına səbəb olub.

İsa Peyğəmbər – Xristian dininin yaradıcısıdır. Xristianlıqda Allahın bədəni mücəssiməsini daşıyır, həmçinin Məsih, İnsan Oğlu, Xilaskar və s. adlanır. Din tarixindən məlumdur ki, İsa Peyğəmbər saysız möcüzələr ilə Allaha və özünə sevgi, məhəbbət qazandırıb; Allahın adı ilə çətin sağalan xəstəliklərə nicat verməsi,batmadan dəryanın üzəri ilə hərəkəti, az miqdarda balıqla təkcə özünü və şagirdlərini deyil, minlərlə insanları doyurması İsa Peyğəmbərə və onun timsalında Allahın varlığına inam yaradıb. “İncil”də bu barədə deyilir:

“Və budur, bir cüzamlı gəlib: “Ya Rəbb, əgər istəsən məni saf edə bilərsən” – deyərək Ona səcdə qıldı. İsa də əlini uzatdı və: «İstəyirəm, saf ol, – deyərək ona toxundu; və o, dərhal cüzamdan təmizləndi. Başqa bir misal: “İsa Peterin evinə gəlib, onun qaynanasının qızdırma içində yatdığını gördü. İsa onun əlinə toxundu və qızdırma qadını tərk elədi. O, da qalxıb onlara xidmət etməyə başladı. Axşam olduqda isə cinə tutulmuş bir çox adamları İsanın yanına gətirdilər; Və o, söz ilə pis ruhları çıxartdı və xəstələrin hamısını sağaltdı.” İsa peyğəmbər hər cür xəstəlikləri sağaltmaqla adamları təəccübləndirir və bunun onların imanına görə olduğunu söyləyirdi…

İsa Peyğəmbərin atasız doğulması uzun illər həm müəmmalı, həm də mübahisəli məsələ olmuşdur. Bu barədə Qurani-Kərimdə də, İncildə də məlumatlar vardır. Ancaq bu cür hallara təbiətdə canlılar arasında rast gəlinir və buna elmdə partogenez deyilir. Patrogenez mayalanma olmadan yumurtanın inkişaf edib balaya çevrilməsidir.Partogenezin mexanizmi elmə hələlik məlum olmasa da, mayalanma olmadan yumurtanın inkişaf edib rüşeymə və balaya çevrilə bilməsi müasir elm tərəfindən sübut olunub. Deməli, Məryəmin kişi ilə yaxınlığı (mayalanma) olmadan hamilə qalmasının mümkünlüyü artıq heç kimdə şübhə doğurmamalıdır. VII əsrdə Quranda yazılmış bu faktın doğruluğu və elmliyi XX yüzillikdə müasir elm tərəfindən bir daha təsdiqini tapıb. Professor Xudaverdi Qənbərovun apardığı araşdırmalar bu cəhətdən maraqlıdır.

İsa Peyğəmbərin kəlamlarında deyilir: “Ağac meyvəsindən tanınar”, “Günah işlədən hər kəs günahının kölgəsidir”, “Bütün insanlara hətta məni incidənlərə də xeyirxah ol”, “Ağıza girən hər şey insanı murdar etməz, çünki ağıza girən hər şey qarına keçir və çölə atılır. Fəqət ağızdan çıxan (söz, fikir) inasanı murdar edər, çünki ağızdan çıxan ürəkdən çıxar”. Fikrimizcə, birinci kəlam bitkinin genetik xüsusiyyətini gösrərirsə, iknci, üçüncü və dördüncü kəlamlar insan ekolgiyasına misaldır.

Qurani-Kərimin “İmran ailəsi” surəsində deyilir: “Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!”

“Leş haradasa, kərkəslər də orda toplaşır”, “Əncir ağacından ibrət alın: onun budağı yumşalıb, yarpaqları açılan zaman bilirsiniz ki, yay yaxındır”. “İncil”də əksini tapan bu ifadələr canlıların həyatında özünü göstərir: Yırtıcı heyvanlar ovlayıb yedikləri şikarın ətrafına yırtıcı quşlardan kərkəslər də toplaşıb leşlə qidalanırlar. Yaz fəslində bitkilərdə yeni zoğlar əmələ gəlir və bunlar xeyli dərəcədə yumşaq olur, sonra yarpaqlayır. “Sudan çıxar-çıxmaz göylərin yarıldığnı və Ruhun göyərçin kimi Onun üzərinə endiyini gördü”, “O, səhrada qırx gün vəhşi heyvanlarla qalıb, iblis tərəfindən imtahan olunurdu. Mələklər isə ona xidmət edirdilər.” Dördüncü fəsildə (Səpilən toxum məsələsi) toxumların səpininə və cücərməsinə müasir baxış vardır: “Dinləyin! Budur, bir əkinçi toxum səpməyə çıxdı. Səpərkən toxumlardan bəzisi yol kənarına düşüdü və quşlar gəlib onu dimdiklədilər. Bəzisi torpağı çox olmayan daşlığa düşüdü və tez bitdi, çünki torpağın dərinliyi yox idi; Günəş doğanda soldu və kökü olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşüdü. Tikanlar çıxıb onu boğdular və o səmərə vermədi. Başqaları da bərəkətli torpağa düşdü. Böyüyb çoxaldılar və səmərə verdilər. Bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verdi.”

“Sevimlilərim, sizdən xahiş edirəm ki, cana qarşı döyüşən cismani ehtiraslardan qəriblər və gəlmələr kimi uzaqlaşın”. İslam dinində də, real həyatda da, milli dəyərlərdə və adət-ənənələrdə də bu məsələ hər zaman əhalini düşündürüb. “Bədənin çırağı gözdür; gözün sağlam olsa, bütün bədənin də nurlu olacaqdır. Amma gözün şikəst olsa, bütün bədənin də qaranlıq olar”. Gözün funksiyası digər sensor orqanlardan fərqli olaraq, çoxşaxəlidir. Insan bir hadisəni gözləri ilə gördükdə yaddaşında həmişəlik qalır, onu ətraflı təsvir edə bilir. Ancaq başqa duyğu orqanları bu effekti vermir. “Artıq balta da ağacların kökü dibində yatır; yaxşı bar verməyən hər ağac kəsilir və oda atılır”. Bar verməyən ağacın kəsilməsi həqiqətə uyğundur. Məhsul verməyən və ya az bar gətirən meyvə ağaclarını kəsib, daha məhsuldar sortlar əkirilər.

“Əlin səni pis yola çəkərsə, onu kəs; sənin üçün həyata çolaq girmək, iki əlin olaraq cəhənnəmə, sönməz oda atılmaqdan yaxşıdır”, “Ayağın səni pis yola çəkərsə, onu kəs; sənin üçün həyata tək ayaqlı girmək, iki ayağın olaraq cəhənnəmə, sönməz oda atılmaqdan yaxşıdır”, “Gözün səni pis yola çəkərsə, onu çıxar; sənin üçün tək gözlə Allahın Səltənətinə girmək, iki gözün olaraq cəhənnəmə oduna atılmaqdan yaxşıdır”. Bu fikirlərdə insanın mənəvi ekolgoiyası əksini tapıb. Əgər insan mənəvi cəhətdən şikəstdirsə, onun ətraf mühitə münasibəti də düzgün olmayacaq.

Dilin bioloji funksiyası qidanı ağız boşluğunda hərəkət etdirməklə islanmasına və udlağa ötürülməsinə kömək etməkdir. Ancaq dil, həm də nitqin formalaşmasında iştirak edir. Ona görə də, “acı dil” və “şirin dil” ifadələri işlənir. “İncil”də bu barədə oxuyuruq:“Dil alovdur. O, haqsızlıq aləmidir. Dil üzvlərimizin arasında (elə) yerləşir ki, bütün bədənimizi çirkləndirir və özü cəhənnəm tərəfindən alovlandırıldığı kimi, bizim həyatımızın dövranını da alovlandırır. Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan soyu tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir. Dili isə heç bir insan əhliləşdirə bilmir. Dil qarşısı alınmaz bəladır və öldürücü zəhərlə doludur. Biz dil ilə Allahı və Atanı təqdis edirik. Və dil ilə də Allahın surətində yaradılmış adamlara lənət oxuyuruq. Təqdis və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır. Məgər bir bulağın iki gözündən şirin və acı su çıxarmı? Qardaşlarım, məgər əncir ağacı zeytun, üzüm meynəsi də əncir yetişdirə bilərmi? Beləcə, heç bir bulaq həm duzlu, həm şirin su hasil edə bilməz.” “Korun əllərindən tutub kənddən kənara çıxartdı. Gözlərinə tüpürüb, əllərini üzərinə qoyduğu zaman ondan: bir şey görürsəmi? – deyə soruşdu. O, yuxarı baxıb, dedi: Adamları yeriyən ağaclar kimi görürəm ”. Ağaclar yerimir, lakin kökləri və budaqları vasitəsi ilə müxtəlif istiqamətlərə şaxələnir. Bu, kor adamın, qəflətən görməyə başadıqda azacıq dumanlı görməsiə işarədir.

“Kitab-Dədə Qorqud”da müəyyən səbəbdən ağacları qınamaq var. Bar verməyən ağacların balta, yaxud kəsən iti alətlə qorxudulması Novruz adətlərində rast gəlirik. İsa Peyğəmbər də yeməyə meyvə tapmayanda aclıq onu ənciri qarğamağa vadar edir: “Və uzaqda yarpağa bürünmüş bir əncir ağacı gördü. Və ağacın başında bir şey tapmaq ümidi ilə ona yaxınlaşdı. Amma yanına gəldikdə üstündə yarpaqlardan başqa bir şey tapmadı, çünki əncir mövsümü deyildi. Isa ona dedi: Qoy bundan sonra heç kim səndən əsla meyvə yeməsin!”. O biri peyğəmbərlər kimi İsa Peyğəmbər də bağışlamağı savab hesab edib: “Dua edən zaman, kimsəyə qarşı bir kininiz varsa, onu bağışlayın ki, göylərdə olan Atanız da sizin təqsirlərinizi bağışlasın”.Peyğəmbər bədənin yox, ruhun qidalanmasına diqqət yetirməyi, insanlıq üçün geyimin əsas olmadığını söyləyir. Burada heyvanlar və bitkilərdən ibrət götürməyi təlqin edir. “Nə yeyəcəksiniz deyə canınızın, nə geyinəcəksiniz deyə bədəninizin qayğısına qalmayın. Can yeməkdən və bədən geyimdən daha vacibdir. Alaqarğalara baxın: onlar nə əkir, nə biçir; onların nə anbarı, nə də taxıl mənbəyi vardır və Allah onları yedizdirir. Siz quşlardan nə qədər çox dəyərlisiniz! Sizlərdən kimi qayğı çəkməklə boyunu bir arşın artıra bilər? Beləliklə, əgər ən kiçik bir şeyi edə bilmirsinizsə, nə üçün qalan şeylərin qayğısına qalırsınız? Zanbaqların necə böyüdüklərinə baxın: nə zəhmət çəkirlər, nə də iplik əyirirlər; amma sizə deyirəm ki, hətta Süleyman belə, bütün izzətində bunlardan biri kimi geyinməmişdi.”,“O isə dedi: Allahın Səltənəti nəyə bənzəyir və onu nəyə bənzədim? O, xardal toxumuna bənzəyir. Adam onu götürüb öz bağında əkdi. Toxum böyüdü, böyük ağac oldu və göyün quşları onun budaqlarında yuva tikdilər. Və yenə dedi: Allahın Səltənətini nəyə bənzədim? O, xəmir mayasına bənzər ki, qadın onu götürüb üç ölçü unun içində, bütün xəmir turşuyuncaya qədər saxlayır.” Xardal xaçiçəklilər fəsiləsinə aid ot bitkisidir, ağac deyildir. Şübhəsiz, Allahın Səltənətinin xardala bənədilməsi bu bitkiyə əhali arasında xoş münasibət yaradır. Burada xəmir mayası kimi təqdim edilən maya göbələyi haqqında da məlumat verilir.

Cərcis Peyğəmbər – Təkallahlığı təbliğinə görə 4 dəfə ölümcül işgəncəyə məruz qalan, lakin əqidəsindən dönməyən Həzrəti Cərcis bu yolda mübariz peyğəmbər kimi din tarixində yaşayır. Tədqiqatlardaquru ağac və bir neçə ölü çanağı görüncə Allah-Təaladan dua etdiyi qeyd olunur. Sonra ağacın yaşıllaşaraq çiçək və meyvə verdiyi bildirilir. “Ölülərdən 7 nəfər qəbirdən başını qaldırıb Cərcis Peyğəmbərin olduğuna şəhadət verir.” Burada da əqidə və inam insanın mənəvi xarakteri kimi təqdim olunur. Bizə görə, örnək olaraq, insanın mübarizliyində və mənəvi cəhətdən kamilləşməsində bunun əhəmiyyəti vardır.

Məhəmməd Peyğəmbər – İslam dininin banisidir. Onun həyat və fəaliyyətində əsas yer tutan hədis və kəlamları bu günümüzədək dəyərini itirməmiş, örnək kimi hər zaman diqqəti cəlb etmişdir. Peyğəmbərin (s) möcüzələrinin tədqiqatçılar 7 hissədən ibarət oduğunu qeyd edirlər: Göy cisimləri, cansız cisimlər və bitkilər, heyvanlar, ölüləri diriltmək və xəstələri sağaltmaq, şeytanlara və cinlərə qalib gəlmək, qeybdən xəbər vermək, düşmənlərinin vurmaq istədikləri şərin zərərsizləşdirilməsi (təsirsiz olması). Görünüdüyü kimi, Məhəmməd Peyğəmbərin möcüzələri arasında canlı və cansız təbiətə münasibət həmişə olub. Dini rəvayətlərdən birində deyilir: Bir gün səhra çöllüklərində yaşayan oturaq bir ərəb köynəyinin qol hissəsində bir kərtənkələ gizlədərək Peyğəmbərin (s) yanına gəlib uca səslə dedi: Sizə o zaman iman gətirəcəyəm ki, bu kərtənkələ iman gətirsin və həmin an kərtənkələni yerə atdı. Peyğəmbər(s) buyurdu: Ey kərtənkələ! Kərtənkələ hamının aydın və dərk ediləcəyi bir şəkildə və dildə dedi: ”Ləbeykkə və sədeyk” (itaət edirəm).” Peyğəmbər (s) buyurdu: Kimə pərəstiş edirsən? dedi: “O kəsə ki, onun ərşi səmada, rəhməti Behiştdə və əzabı cəhənnəmdədir.” Peyğəmbər (s) buyurdu: “Mən kiməm?” dedi: “Sən aləmlərin Rəbbinin elçisi və peyğəmbərlərin sonuncususan. Səni təsdiq edən kəs nicat tapar və səni təkzib edən kəs ziyankarlardan olar.” Biyabanda yaşayan kişi elə bir dərəcədə təsir altına düşdü ki, Peyğəmbərə üz tutaraq dedi: Şəhadət verirəm ki. Allah təkdir və şəriki yoxdur və sən onun elçisisən.” Əlbəttə, yaratdığı dinin əhali arasında geniş təbliği üçün heyvanlardan istifadə etməsi, eyni zamanda həmin heyvanlara qayğı məqsədi daşıyırdı. Fikrimizcə, bu onların qorunmasına kömək edib. Peyğəmbərin hədisləri ilə tanışlıq göstərir ki, o, heyvanara qayğı göstərməyi xoşlayıb. Lakin onları incidənləri və öldürənləri pisləyib. Heyvanları əzabla öldürməyi isə qadağan edib: “Heyvanlara etdiyiniz zülm bağışlansaydı, çoxunuz bağışlanardı”, yaxud “canlıları, istər heyvan olsun, istər insan, əziyyətlə öldürməyi qadağan edirəm.” İslam dininin yaradıcısı Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdə görürdü. O, mənəvi cəhətdən saflaşmanı hər şeydən üstün tuturdu: “İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”

Məhəmməd Peyğəmbər daim ətraf mühitin qorunması qayğısına qalmış, özündən əvvəlki peyğəmbərlərlə müqayisədə canlı təbiətə daha diqqətlə yanaşmışdır. Onun kəlamlarında əsas yerlərdən birini bitki və heyvanlara münasibət tutur. O, əkib-becərməyi vacib məllərdən sayır, heyvanlara qarşı diqqətli olmağa çağırır, onlara qayğı göstərməyi savab iş hesab edirdi. Hər kəsin əməlindəki günahın əvəzini susuzlamış canlıya su verməkdə görürdü: «Günahların çoxalanda, dalbadal təşnələrə su ver». Bunun isə şübhəsiz, bioekoloji əhəmiyyəti vardır. İslam Peyğəmbəri əhalini hər zaman ağac əkməyə təşviq etmiş və onlarda ağaca-bitkiyə, təbiətə sevgi aşılamışdır. O, deyirdi: “Bir müsəlman bir ağac əkər, onun məhsullarından bir insan, ya da bir heyvan yeyərsə, o yeyilən şey ağacı əkən şəxs üçün bir sədəqə olar.” Beləliklə, İslamın təbiət varlıqları ilə münasibətlərində insandan istəyi Uca Allahın insanlığa bəxş etdiyi təbiəti, onun gözəlliklərini qorumaqdır. Müqəddəs Kitabımız Qurani-Kərimdə belə buyurulur: “Çardaqlı və çardaqsız bağları, dadları müxtəlif olan xurma və bitkiləri, zeytunları, narları, bir-birinə bənzəyən və bənzəməyən halda yaradan Odur. Onların hər birinin meyvəsindən yeyin və yığım zamanı haqqını verin, ancaq israf etməyin. Çünki Allah israf edənləri sevmir (Ənam surəsi, 141). Hər bir sahədə olduğu kimi, ətraf mühit mövzusunda da israf etməməyi öyrəndiyi zaman insanlıq daha da xoşbəxt olacaqdır.

Bitkilər haqqında daha sonra deyirdi: “Hər müsəlman bir ağac, ya bir əkin əksə və bir insan, quş, ya da heyvan onun məhsulundan yesə, həmin şəxs üçün sədəqə savabı sayılar”, “Əgər Qiyamət günü gəlib çatsa və sizlərdən birinizin əlində bir şitil olsa, qalxıb onu əkməyi bacararsa bu işi yerinə yetirsin”, “Bir müsəlman toxum səpsə, ya bir şitil basdırsa, o toxumun və şitilin məhsulundan bir quş, insan, yaxud otlayan heyvan yeyərsə, həmin müsəlmana sədəqənin savabı yazılar», “Meyvə ağacı əkən elə bir kəs olmayıb ki, Allah-taala o ağacın verdiyi meyvələr qədər ona savab yazmasın”, “Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbrli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onunçün bir sədəqə yazılar”; Heyvanlara haqqında deyirdi:“Allah-taala mehribanlıq göstərməyi sevir və onu yerinə yetirməyə kömək edər. Belə isə, arıq heyvanları mindiyiniz zaman onları öz mənzillərinə gətirin. Quru və otsuz torpaqdan tez keçib-gedin və yaşıllıq, otluq olarsa heyvanları buraxın ki, orada istirahət etsinlər”, “Sağlam heyvanlara minin və onları sağlam saxlayın. Küçələrdə, bazarlarda onlardan öz xütbələriniz və söhbətləriniz üçün kürsü kimi istifadə etməyin. Nə çoxdur, öz suvarisindən daha xeyirli olan və Allah-taalanı daha çox yad edən miniklər”, “Heyvanın öz sahibi üzərində altı haqqı vardır: onun belindən düşən zaman ona ot versin, suyun yanından keçəndə onu suvarsın, səbəbsiz yerə onu vurmasın, gücündən artıq yükləməsin, qüvvəsi çatmadığı məsəfədə yola aparmasın, həddindən artıq müddətdə onun belində qalmasın», “Heyvanların üzündən vurmayın, çünki onlar Allaha həmd və təsbih deyirlər”, “Əxlaqsız qadın su quyusu başında hürən və az qala susuzluqdan ölən bir it görür. Bu qadın ayaqqabısını sıxarır, üz örtüyünü açıb ayaqqabını ona bağlayır və quyudan it üçün su çıxarır. Bu əmələ görə Allah-taala onun günahlarını bağışlayır», “Hər bir heyvan – istər quş olsun, ya qeyrisi əgər haqsız yerə öldürülərsə, Qiyamət gunu öz qatilindən şikayət edəcək”, “Hər kəs səbəbsiz yerə bir sərçəni öldürsə, həmin sərçə Qiyamət günü Allah dərgahına onun əlindən nalə çəkib deyəcək: “Ey mənim Rəbbim! Filankəs məni istifadə üçün deyil, səbəbsiz yerə öldürdü”, “Əgər heyvanlara etdiyiniz zülmlər bağışlanarsa, günahlarınızın əksəriyyəti bağışlanmışdır”, “Allah-taalanın sənin ixtiyarına verdiyi bu dilsiz-ağızsız heyvana görə Allahdan qorxmursan? Bu dilsiz heyvan onu ac saxlamağından və əziyyət verməyindən mənə şikayət etdi”, “Heyvanı müslə edənə (diri-diri heyvanın qulağını, dilini və burnunu kəsmək) Allah Lənət etsin”, “Biharul-ənvar” kitabından: “Allahın Rəsulu (s) dizində sarıq və belində yük olan bir dişi dəvəni görüb soruşur: “Bu dəvənin sahibi hardadır? Ona deyin ki, Qiyamət günü bu dəvənin ondan öz haqqını tələb etməyinə hazırlaşsın. Həzrət Əliyə nəshiətlərinin birində deyirdi: ”Ya Əli, Heç bir müsəlmana, heç bir heyvana lənət etmə. Yoxsa, etdiyin lənət sənə dönər!”

İmam Əli – Məhəmməd Peyğəmbərdən sonra dəyərli kəlamları ilə ən çox şöhrət tapan Həzrət Əli olub. Onun əhalinin fizik və mənəvi sağlamlığına aid fikirləri müasir tibbi və sosioloji baxımdan aktuallığını saxlayır. Məsələn, İmam Əli hesab edirdi ki, “Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.” O, sağlamlıqda pəhrizin əhəmiyyətinə diqqəti cəlb edir, nəfsi və çox yeməyi sağlamlığın düşməni sayırdı. Deyirdi: “Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir”, “Sağlamlıq pəhrizdəndir”, “Çox yeməklə sağlamlıq bir araya sığmaz”. İnsanın mənvi cəhətdən sağlam olması onun inkişafı və formalaşmasında az faydalı deyil. Yalan danışmaq, pislik etmək, düşmənçilik aparmaq insanı şərəfləndirə bilməz. Ona görə də Həzrət Əli əbəs yerə demirdi: “Hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər-qəm yatır”, “Düşmənçilik ürək üçün böyük yükdür”, “Pislik edənə yaxşılıq etməklə əziyyət ver”, “Heç bir əməl yalan kimi çirkin deyil”, “İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil”.

Həzrət Əli həmçinin deyirdi: Ağıl kimi mal, gözəl xasiyyət kimi dost, ədəb kimi miras, ilahi qadağa kimi rəhbər, elm kimi şərəf yoxdur; Ağıllı bir adam kasıb ola bilər, amma heç vaxt şərəfsiz ola bilməz; qənaət edən yoxsul da olsa azddır, həris və tamahkar olan azad olsa da, kölədir; biləndə susmaq, bilməyəndə söyləmək qədər çirkidir. Müasir dövrdə insanın ekologiyasının tədqiqi baxımından bunların köməyi ola bilər.

Hədislərdə bu cür fikirlərə İmam Rzanın “Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir”, İmam Baqirin “Qiyamət günü hər şeydən əvvəl hesabatı aparılan şey təşnəyə su verməyin sədəqəsinin savabı olacaqdır” kəlamlarının əhalinin mənəvi cəhətdən kamilləşməsində az əhəmiyyəti olmayıb. İmam Baqir həmçinin əkinçiliklə bağlı dəyərli fikirlər söyləyib. Onlardan ikisinə baxaq. “Atam buyurardı: İşlərin ən yaxşısı əkinçilikdir. Əkdiyindən yaxşı əməl sahibi də, pis əməl sahibi də yeyər. Yaxşı əməl sahibi yeyib Allahdan sənin bağışlanmağını dilər. Pis əməl sahibi isə yeyər, ancaq yediyi nemət ona Lənət və qarğış edər. Həmçinin, otlayan heyvanlar və quşlar da ondan bəhrələnərlər”, “Əmirəl-möminin (ə) buyurardı: “Kim su və torpaq olduğu halda möhtac olarsa Allah-taala onu öz rəhmətindən uzaqlaşdırar”. İmam Baqirin bu qiymətli fikirlərinin əsası vardır. Həqiqiətən də, əkinçiliklə məşğul olmaq üçün iki vacib şey lazımdır; münbit torpaq və bol su. Əgər bunlar varsa, gərək insanın ruzi üçün heç nəyə ehtiyacı qalmasın.

İmam Sadiq isə deyirdi: “Əkinçilik xalqın xəzinələridir. Allahın yaratdığı pak toxumu əkirlər, Qiyamət günü onların məqamı hamıdan üstün, yaxınlığı və dərəcələri hamıdan çoxdur. Onlar “mübarək” adı ilə çağırılırlar”, “İşlərin arasında heç bir iş əkinçilik qədər Allah yanında sevimli deyil və Allah-taala dərzi olan İdrisdən (ə) başqa elə bir peyğəmbər göndərməmişdir ki, əkinçiliklə məşğul olmasın”. Hazırda, dünya iqtisadiyyatını tənzimləyən, onun güclənməsinə və inkişafına təkan verən kənd təsərrüfatının aparıcı qollarından olan əkinçilikdir. Təsadüfi deyildir ki, İmam Sadiq onun “mübarək” adla çağrıldığını, əkinçiliyin Allah yanında daha sevimli olduğunu xüsusi vurğulayır. Əkində saf toxumdan istifadəni yüksək qiymətləndirir.

İmam Sadiq, susuz heyvana su verməyi savab, bar gətirən meyvə ağaclarını kəsməyi günah sayır. Səhralıqda bitən ağacların kəsilməsini “məkruh” hesab edirdi: “Bir qadın pişiyi susuzluqdan ölənədək bağlı saxladığına görə əzaba məruz qaldı”, “Ən yaxşı sədəqə yanan ciyəri sərinlətməkdir. Kim bir heyvanın, ya ondan qeyrisinin yanğılı ciyərini sərinlədərsə, Allah-taala Onun kölgəsindən başqa bir kölgənin olmayacağı gün onun üzərinə kölgə salar”, “Meyvə ağaclarını kəsməyin ki, Allah-taala başınızın üstünə əzab endirər”, (Ağacları kəsmək barədə verilən sualın cavabında): “Eybi yoxdur. Əmmar ibn Musa deyir ki, “Sidr ağacı necə?” deyə ərz etdim. Buyurdu: “Eybi yoxdur. Çöl-biyabanda sidr ağacını kəsmək məkruhdur. Çünki səhrada bu ağac az tapılandır. Amma burada məkruh deyil.” Şübhəsiz, imamın bu fikirlərini yaşadığı dövrdə əhalinin ətraf mühitə qayğkeş münasibətinin göstəricisi kimi böyük əhəmiyyət daşımışdır.

Ömər — Xəlifəliyi dövründə Məhəmməd Peyğəmbərin əshabələrindən olan Bilala dedi: — Bilal, sən Allahın elçisindən xahiş etmişdin ki, o, sənə uzun və enli bir torpaq zolağı versin. O, həmin torpağı sənə bağışladı. Çünki Allahın elçisi heç bir xahişi yerə salmırdı. Sən isə ixtiyarında olan torpaqdan istifadə edə bilmirsən. Bunu deyib o, Bilalın becərə bilmədiyi torpağı əlindən aldı və müsəlmanlar arasında bölüşdürdü. Torpaq becərənindir, deyib atalar. Onu səmərəsiz, əkinsiz saxlamaq doğru deyildir. Bu baxımdan, Ömərə haqq qazandırmaq olar.

Budda – Qautama Budda Hindistanda meydana gəlmiş qədim dünya dinlərindən biri olan buddizmin banisidir. Buddizmə görə, o, mütləq kamilliyə çatmış və başqalarına dini nicat yolunu göstərməyə qadir olan şəxsdir. Buddizmdə bütün məxluqlara qarşı sevgi və mərhəmət hissi yaradılır. Buddaya görə, onlar arasında fərq qoyulmamalı, yaxşı və pisə, insan və heyvana eyni xeyirxahlıqla yanaşılmalıdır. Buddanın ardıcılları heç bir halda yamanlığa yamanlıq cavabı verməməlidir, çünki bununla düşmənçilik və iztirab azalmır, artır. Göründüyü kimi, buddizmdə tələblər mənəvi dəyərlər üzərində qurulub. Buddanın tövsiyələrində reallıq əsas meyardır: “Nəşə odu sönəndə, nifrət odu sönəndə, təkəbbür odu sönəndə ürəkdə ilahi dinclik bərqərar olur”, “ İztirabları öldürməyin həqiqi yolu budur: düz görmək, doğru düşünmək, düz danışmaq, düz hərəkət etmək, düz yazmaq, düz çalışmaq, diqqətini düz toplamaq, fikrini düz cəmləşdirmək”. Budda əhaliyə aşıladığı fikirləri gerçək həyatdan, canlı təbiətdən götürür. Dərin müşahidələri ona doğru düşünməyə və dolğun nəticə çıxarmağa imkan verir. “Əgər əl yaralı deyilsə, zəhər ona heç nə edə bilməz. Kim ki, şər iş görmürsə, şərin zavalına gəlməz”. “Bülbül və tutuquşu öz günahları ucbatından qəfəsə düşür. Leylək isə əsirlik nə olduğunu bilməz. Susmaq firavanlığın açarıdır”, “ Bal arısı şirəni çəkib neçə çiçəyə, onun rənginə və ətrinə heç ziyan vurmadan uçub gedir, müdrik də elə. Qoy o, başqalarının səhvinə, elədiklərinə və eləmədiklərinə deyil, özünün elədiklərinə və eləmədiklərinə baxsın”.

Burada Buddanın zəhərlə, adı çəkilən quşlarla, eləcə də, bal arısı ilə bağlı ffikirləri elmi cəhətdən həqiqətə uyğundur. Ona görə də əhalinin ekoloji tərbiyəsində, ətaf mühiti düzgün qavramasında fayda verə bilər.

 

Yusif (Mahmudov) Dirili,

Ətraf mühit üzrə tədqiqatçı

 

Türküstan.- 2017.- 18-24 aprel.- S.12.