Xal
Esse
“Gözü,qaşı,
zülfü, xalı ki, iki cahanı aldı,
Qamu bir əmiri-hüsnün
sipəhgəvü- ləşgərimi?”
Nəsimi
“Ey qibleyi-əhli-üzzi iqbal,
Rüxsari-zəminə ənbərin
xal”.
Füzuli
”Ey dəhanı nəbat, ləbləri
püstə,
Çəkər həsrətini
bu dili-xəstə.
Xal deyil görünən ağ sinən üstə,
Bir Quran hərfidir,
qaralanıbdır”.
K.A.Salik
Tanrı 18 min aləmi xəlq
edəndə boş yerə heç nə
yaratmamışdır. Və hər nə yaratmışsa
gözəl yaratmışdır. Bunu Nizami də təsdiq
edir: “Aləmi odlandırır şəkkər ləbinlə
ud xalın” deyə xalı ud (həya) simvolu (pərdəsi!)
kimi elə bil, sevdiyi gözəli vəsf edirmiş kimi vəsf
edir.
Kəbədəki qara
daş Füzuliyə görə Yer kürəsinin
yanağındakı xaldır.
Bu, həm də təkcə
xal deyil, Yerin (eləcə də aləmlərin)
yaradılışına qoyulan son nöqtə deyilmi?
Sirri-əsma daha gizli qala bilməz mələkə,
Çünki xalı
üzünün nöqtə qoyub əsmayə.
(Nəsimi)
Belə deyirlər ki, kainat
bir nöqtə halındaymış. “Biq-bənq!”dən-ilkin
partlayışdan sonra guya bu aləm (aləmlər) yaranmışdır.
Və nə vaxtsa yenidən qayıdıb
“Quran”da deyildiyi tək “büzülüb”, əvvəlki
nöqtə halına düşəcəkdir.
Bu “nöqtə” lərdən
biri də xaldır. İnsan Kəbədəki “Qara daş”la-
qara xalla üz-üzə dayanıb tanrıya dualar oxuyur.
Arzularının çin olmasını, bəlalardan
uzaq olmasını bu “İlahi Müshəf”dən diləyir.
Nəsimi isə bu Müshəfdən başqa
bir Müshəfin də xal olduğunu bildirir. Xala
inanmayanı kafir sayır: Deyir ki, insanın, gözəl
yaradılmış bu gözəlin
...Xalü, xəti, zülfü...Can
Müshəfidir, oxuram,
...Ey Xəttü-xalın Kəlimullah,
həm Ümmil-Kitab.
...Hər kim ki, gətirmir xalu-xətinə
iman,
Kafir derəm ona!
...Əzəlin sirrini şərh etmək
üçün dünyada,
Xəttü xalından ona şərhü-
bəyanı tapdı,
Kəşf oldu Nəsimiyə sirr
xali- xətindən!
Nəsimi Əbcədi xaldan öyrənmişdi:
...Zülfü xalından Nəsimi Əbcədi
qıldı tamam.
Nəsimi xala müxtəlif mənalar
verməkdən sanki doymur, deyir: “Bəbəksiz qalsın ol
göz kim, xalın qədrini bilməz”.
Şah Xətayi hüsn dəftərində
səhvən qaralanmış hərfi görüb, hesab
etmişdi ki, bu “Bismillah” deməyə bərabərdir:
Dəftəri hüsnündə
şol hərfi-xəta xalın sənin ...
Bismillah-Rəhmanir-rəhim
olmuşdur.
Yaxud Xətai heç bir
şeylə onu tora salmağın mümkün
olmadığını zənn edəndə məlum
olmuşdu ki, artıq çoxdan tordadır. Danə xalın
üzündən!
Danədir xalı onun, həm
zülfüdür dam, mənə.
“Kəbə rüxsarın, həcər
xalındı” deyən S.Ə Şirvani xallı gözələ
bu dünyaya məndən olsaydı gəlməzdim,
xalının xətrinə gəldim, söyləmişdi:
Bu dami-eşqə məni saldı
daneyi-xalın,
Firib verməsə idi o danə,
gəlməz idim.
Adəmin behişti bir
buğda dənəsinə satdığı hamıya məlumdur. S.Ə Şirvani cənnətini
gözəlin xalına satmağa hazırmış:
Behişti verdi Adəm
daneyə,
Mən daneyi-xalə...
S.Ə.Şirvani gözəlin
üzündəki xala aşiq gözüylə baxaraq onun Kəbənin
üzündəki xaldan-Həcərül-Əsvəddən
üstün olduğunu demiş, onu gözəl üzündəki
xaldan bir nişanə saymışdır:
Etməzdi heç kəs Həcərül-
Əsvədi təvaf,
Gər olmsaydı üzdəki
xalın nişanəsi
Seyid Əzim gözəlin üzündəki xala o qədər
aşiqdi ki, gözələ sənin xalın olan, yerdə
bizim özgə nigaha ehtiyacımız yoxdur, deyərək,
“Xalınla nigah eyləmişəm.” qərarını
vermişdir.
Göz görmək, qulaq
eşitmək üçündür, kirpiklər gözün
sipəridir.
Bəs onda xal nədən
ötrüdür?
Sözsüz ki, əsl gözəli
xalsız təsəvvür etmək olmur: Axı “Qara daş
nazlı gözəllər xalıdır”.(Xaqani)
M. P.Vaqif də xalın Kəbədən əskik
olmadığını bildirmişdi:
Vaqif, yarım deyil ol Kəbədən
kəm,
Xalı-Həcərül -əsvəd,
dəhanı zəm-zəm...
Yardan söz düşəndə
xaldan ki, danışmadın, üzdən, gözdən,
qaşdan, zülfdən ki, söhbət açmadın, onda nədən
danışmış oldun ki,?
Onda yardan, gözəldən, gözəllikdən
danışmadın demək!
Dastanlarımızda Qurbani və
Abbasın yarı da xallıdır.Haqq aşığı
Abbas Tufarqanlı öz yarını qızlar içində
qoşa xalından tanımışdı:
Gözəllər içində bəsli-bəllisən,
Tərlan cilvəlisən,
yüz xəyallısan.
Ağ sinəsi bir cüt qara
xallısan,
Görcəyin tanıdım oradan səni!
Qurbani də haqq
aşığıydı. Onun da göz evi
örtülü, könül evi açıq idi.
Qara vəzir onu
dolaşdırıb şahın gözündən salmaq
üçün bir neçə dəfə imtahana çəkir. Qurbanini sarayda bir otağa
salıb gözlərini bərk-bərk bağlatdırır,
qırx cəllada üzün tutub deyir:
- Əlinizi qoyun
qılıncın dəstinə. Görək nə
baş verdiyini biləcəkmi? Münəccim deyil, rəmmal
deyil, nə biləcək!
Amma Qurbani hər şeyi
olduğu kimi, gözü bağlı halda görür və
deyir.
Bu dəfə
qılıncın dalını ona tərəf çevirirlər.
Aşıq bunu da bilir.
Qara Vəzir aşığı
3-cü dəfə sınağa çəkmək
üçün qızı Nigara üz tutur:
-
Qızım, indi sən tədbir tök.
Qız dedi: - Dədə, Pəri
xanımın çənəsinin iki tərəfində
qoşa xal var, ürəyimizdə gəl onu tutaq, görək
biləcəkmi?
Qurbani bu müəmmanı
da açır. Deyir:
Ala gözlü, şirin sözlü
məhbubun
Zənaxdanı dörd şölədi,
xal olur...
Xalla bağlı ən
çox yayılmış əhvalatlardan biri Teymurlənglə
Hafiz arasında olub. Teymurləng Hafizin “Əgər ol
turki-Şirazı, bizə lütf etsə pünhanı, o
hindu xalına verrəm Səmərqəndlə Buxaranı”
misralarını eşidəndə qəzəblənib,
şairi cəzalandırmaq istəyib. Lakin
şair məharətlə vəziyyətdən çıxa
bilib. Deyib ki, “Ey dünyanın Fatehi, mən elə deməmişəm,
demişəm ki, o gözəl qəlbimi ələ gətirsə,
onun qara xalına Se mən qəndu (üç batman qənd)
və do xurmara (iki xurma) bağışlaram.
Guya Teymurun bu cavabdan xoşu gəlib
və soruşmuşdur ki: “ Doğrusunu
söylə, əgər o şəhərlər sənin
olsaydı, o gözələ bağışlardınmı?”
Hafiz bunun cavabında “Əgər var-dövlətimi gözəllərə
bağışlamasaydım,bu günə
qalardımmı?” deyərək köhnə paltarını
Teymura göstərmişdi.
Hafiz bir həqiqəti də
etiraf etməyə məcbur olmuşdu; altı cəhətin
altısında da zülfü və xalı
gördüyünü gizlətməmişdi.
Fəryar ki, bənd etdi məni
altı tərəfdən,
Zülf ilə Xəttu xal,
yanaq, çöhrəvi zülf.
Hafizə görə xalı
görən “ovçular” özləri şikar olurlar.
Yox bir könül ki, zülfün ilə
xalın görüb,
Dünyada olmasın o,
şikarı gözəlliyin.
...Bənd etdi işvə ilə min qəlbi
qara xalın.
...Heç bilirsən
könlümü nə üçün çox istəyirəm?
Bir nişandır mənə hindu xalının nəqşindən!
Qara xala farsca hindu
xal deyirlər Hindu -qara qul anlamındadır. Onda
Kəbədəki qara daş (qara xal!) Allahın
qulu anlamına gəlir.
Səlyanlı şair Əbulhəsən
Vaqif də qəzəllərindən birində hindu- xaldan
danışmışdır:
Xal düşmüş üzünə,
mərdumi-çeşminə baxır,
Şah hüzurunda durub sanki
qulami-hindu!
Şair demək istəyir ki,
üzündəki xal deyil, sanki şah hüzurunda ( Allah dərgahında!) bir qara qul (Tanrı
qulu) əmrə müntəzir durub boylanır.
Xaqani qara daşı islamın ilk
müəzzini qara dərili qul Bilalla müqayisə
etmişdir:
Bilaltək dayanan qara daşa bax,
Zahiri qaraca, batini parlaq!
O bir daş deyildir, qızıl
misaldır,
Kəbənin üzündə o, qara
xaldır!
Xaqani Kəbənin qara
daşını da Allahın qulu hesab etmiş,
özünü Allahın “qulunun qulu” adlandırmış,
“qara daşın (qara Xalın!) olmuşam qulu,”
demişdir.
Xaqani “Əsl gözəlin
üzündə lalətək vardır qara xal” deməklə
sanki özündən (və sözündən!) tam razı
qalmamış, daha tutarlı bənzətmə tapmağa cəhd
etmiş, yazmışdır:
Kim görsə üzündə o
qara xalı,
Deyər: hindli odda oturub yanır.
Salman Mümtaz “Azərbaycan ədəbiyyatının
qaynaqları” kitabında bayatılardan söhbət
açanda təxəllüslü bayatıların
olduğunu da ayrıca vurğulayır. Qurban adlı
bir müəllifin də adını çəkir,
bayatılarından misal gətirir. O bayatılardan birində
də xaldan danışılır:
Qurban, mənzil o xalı,
Döşənibdi o
xalı.
Zülfün əcəb xaindir,
Gizləyibdir o xalı!
Özgə vaxtı zülfü
böyük məhəbbətlə tərənnüm edən
aşiq (lər) birdən hirsindən acığını
zülfün üstünə tökərək,hətta onu
xain adlandırır. Ona görə ki, xalın
üstünü örtmüşdür.
Sən demə, Sarı
Aşığın da yarının Xalı varmış:
Aşıq qara yaxşıdı,
Xalı qara
yaxşıdı.
Düşmənlər al geyinsin,
Mənə qara yaxşıdı!
Aşıq (aşiq) ürəyinin
böyüklüyünə baxın. Sevgilisinin qara xalının xətrinə,
düşmənlərin al geyinməyinə,
özününsə qara geyinməsinə hazırdır!
Ərəb dilində üzdəki
xala bən (bənək) deyilir.
Nəsimi rübailərindən birində
üzdəki xalın necə xətakar bir padşah
olduğunu vurğulayır:
Nafeyi-Çinü xətadır bənlərin,
Daneyi-damu-bəladır bənlərin.
Məcməri-şəmi-səfadır
bənlərin,
Məliki-Rumi padişadır
bənlərin.
Xalq arasında xal haqqında məşhur
olmuş bir rəvayət də dolaşmaqdadır:
...Özündən deyən,
döşünə döyən bir aşıq varmış.
Arazın o tayından bu tayına gəlib meydan
sulayırmış.
Neçə
aşığın sazını əlindən alıb
pisikdiribmiş. Xəbər Sarı Aşığa
çatanda gedib onun qarşısına özü
çıxır.
Deyişirlər. Özündən basan
aşıq deyir:
Aşıq, bənək-bənəkdir,
Üzün bənək-bənəkdir.
Mənə de görüm
aşıq,
Araz neçə sənəkdir?
Aldı görək, Sarı
Aşıq nə dedi:
Aşıq, bənək-bənəkdir,
Üzün bənək-bənəkdir.
Çağır Araz dayansın,
Deyəcəm neçə sənəkdir!
Bununla da meydan sulayan
aşığın səsi xırp kəsilir. Sazı əlindən
alınır.
Yanıq Kərəmin də
nədən bəxti gətrməsə də xal sarıdan
işi “sarıyıb”mış.
Xalı görən kimi coşub
oxuyurmuş:
Çox sevirəm ağ
üzünün xalını,
Qoy bir əmim ləblərinin
balını.
Sağ əlimnən sıxım məmən
solunu,
Qoy gəlsin yerinə imanım, Əsli!
Sevgisinin şiddəti ucundan
gözəlin xalına qiymət qoyan aşiqlər də olub.
Məsələn, belə:
Zülf uzun, üzə dəyər,
Hörüyü dizə dəyər.
Yaxandakı cüt xalın,
Beş min beş
yüzə dəyər.
Yaxud aşiq öz sevdiyini onun xalına
görə qısqanıb:
Mən aşıqam Xalxala,
Xub yaraşır xal xala!
Tanrıya rəvadımı,
Sevdiyimi xalx ala!
Qaracaoğlan da hər
gözəli öyüb ona şeir qoşmurmuş. “Gərdan açıq,
xalların çox” dediyi gözələ üz tutub, deyirdi
ki: “Ala gözlü xallı dilbər, Xəlvət
danış, söz edərlər”. Bununla da ürəyi
soyumur deyirdi ki: “Gözəl, sənin üzündəki xallar
mən olam, mən olam!”
...İrəvanda toydu.
Xanəndə toyu olan qızı
görəndə mat qaldı. Elə bil ki, İrəvandakı
qızların, gözəllərin üzündə nə xal
vardısa, hamısını götürüb
“yapışdırmışdı” üzünə!
Xanəndə elə oradaca
ürəyində təzə mahnı bəstələdi. İlkini də həmin
toyda oxumağa qərar verdi. Başladı
oxumağa:
İrəvanda xal qalmadı,
O xal nə xaldı,
Üzə
düzdürmüsən?
De görüm, nə xaldı,
Üzə düzdürmüsən,
Hal mənim,
Xal mənim,
ixtiyar mənim.
Xalxa nə borcdu,
Üzə düzdürmüşəm,
Yarım deyibdi,
Qoşa düzdürmüşəm!
Digər məşhur bir xalq
mahnısında da Xal məhəbbət və ehtiramla yad
edilibdir: Onun aşiqi yandırıb yaxmasından söhbət
açılmışdır:
...O mah camalın...
Ağ üzdə xalın...
Yandırdı məni, a balam,
Nədir xəyalın?
Xal yalnız mahnıya
dönmürmüş, həm də gözəlin
yanağında çiçəkləyirmiş:
Xalına arı qonur,
Çöldən
çölə yollanır.
O dəqiqə bilinir,
Aşiq üzüdür üzün!
Xal M.H.Şəhriyarı da
ilgiləndirmişdi. Xala elə vurulmuşdu ki,” gözəlin
xəttü xalından alıb məşqimi, Quran yazaram”
iddiasına düşmüşdü.
M. Füzulinin “Leyli və Məcnun” əsərində
fəci məqamlardan biri də budur: Bir gün Məcnun
Leylinin qəbri üstə gəlib çıxır.
Ağlayır, sıxtayır, birdən baxır ki, bir
qarışqa sevdiyi gözəlin qəbrinin içinə
girməyə can atır, yol arayır. O, qarışqanı
götürüb kənara ata, ya da öldürə bilərdi.
Lakin atmır. Axı Aşiqdir! Aşiqsə kiməsə, nəyəsə toxunmaz,
zülm etməz, onu öldürməz.
Məcnun başlayır həmin
qarışqaya yalvarmağa ki, Leylinin:
Xalına təərrüz etmə ey
mur,
Kim, bağlıdır onda canı-məchur!
Məcnun demək istəyir ki, ey
qarışqa, gedib mənim yarımın xalına toxunma ki,
canım o xala bağlıdır!
Xalsız gözəl,
gözəliz xal olmaz.
Nə mutludur cahanda halı xalın,
Ki, yatır lalə bu reyhan
içində.
(Hamidi İsfahanı)
Qazaxlı şair Əbdürrəhman
Ağa Dilbazi yazır:
Nigarə, tökmə
zülfi-pürxəmin xalı siyah üstə,
Rəva görmə çəkim
mən bəxti qara ahı ah üstə.
Şair demək istəyir ki, nigəra,
zülfünü qara xalın üstünə töküb mənə
zülm etmə! Hesab et ki, onda ahı ah
üstdən çəkmiş olaram, bunu rəva görmə.
Klassik Azərbaycan şairlərindən
olan Mirzə Hüseyn Salari xalla bağlı çox incə mətəblər
olduğunu bəyan edirdi:
Xalın sirrini mən müztər
sorardım,söylədi dilbər:
Bunu təfsir qılsam gər,
bu nüktə min kitab istər.
(Yəni Xalın sirrini dilbərdən
soranda dedi: Bunun təfsirini etsəm, bu nüqtə -bu incə
mətləbi açmaq üçün min kitab yazmaq
lazım gələrdi.
Başa bir xəta gələndə
və bir daha gəlməsin deyə, evdən tasaddıq
çıxararlar ki,tasa-bəla bizdən
uzaq olsun.
İsmayıl Bəzmi İrəvanlı)
yazırdı:
Hədisdir ki, təsədduq bəlanı
dəf eylər,
Dolandırıb başə, qurban elə
o xala!
(Yəni belə bir hədis var ki, bəla
təsəddüqlə (fitrə, nəzirlə
)dəf olar. Ən yaxşı iş həmin təsəddüqü
öz başına dolandırıb, öz xalına qurban etməyin
olardı!)
Xal haqqında ən qiymətli fikirlərdən
birini Mahmud Şəbüstəri özünün məşhur
“ Gülşəni- raz” əsərində
demişdir:
Hər nə bu aləmdə
olmuşsa əyan,
Ancaq o günəşin əksidir
hər an.
Sanki zülf, xətt, xal,
qaşdır, bu dünya,
Hər şey öz yerində
görünür əla!
Sən demə qara xallı ağ üzü görmək ən
yaxşı gəncləşmək iksiriymiş! Səməd
Vurğunun “Azərbaycan” şeirində oxuyuruq:
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə,
Qara xallı ağ
üzlərə
Könül istər şeir yaza,
Gəncləşirəm
yaza-yaza.
İnsanın aşiq
olmasının (elə məşuq olmasının da!) sanki əsas
əlaməti onun gözəl, xüsusən də xallı
olmasıymış?!
Xal o qədər müqəddəsdir
ki, hind gözəlləri bəzənib-düzənəndə
alınlarına xal qoymağı unutmurlar. Xalın
üzdə qoşa olması da bəzən xalın xalla bəzənməsi
kimi yozulmuşdur.
İnsanların ən gözəli
peyğəmbərlər və “adı gözəl,
özü gözəl peyğəmbərimiz Məhəmməd”
olub!
Gözəlin üzündəki xal
onun gözəlliyindən nişan verən
bir əlamət olmuşsa da, peyğəmbərimizin kürəyindəki
xal peyğəmbərliyinə işarət idi. Peyğəmbərlərin xətmi Məhəmməd
peyğəmbər, xalların da xətmi peyğəmbərimizin
kürəyindəki xalmış bəklə?
“...Məhəmməd
12 yaşı olanda öz əmisinə qoşulub karvanla Dəməşq
şəhərinə yollandı. Karvan Bəsrə
adlı yerdə yolustü dayandı. Əbu
Talib Məhəmmədi karvanın yanında qoyaraq, öz
adamlarıyla nəsrani kahinlərinə məxsus kilsəyə
getdi.
Kahinlərdən Bəheyra
adlı birisi diqqət edib gördü ki, göydə bulud
parçası bir uşağın (Məhəmmədin!)
başı üstə fırlanıb onu günəşin
yandırıcı şüalarından qoruyur. Bu qeyri-adi
hadisə Bəheyranı maraqlandırdı. O,
uşağa yaxınlaşdı və lap yaxın gəlib
diqqətlə onun üzünün cizgilərinə baxdı.
İki kürəyi arasında göyərçin
yumurtası boyda bir xal olduğunu aşkar elədi.
“Bu, Ərəbistanda gözlənilən
peyğəmbərdi”-öz-özünə dedi. Sonra
üzünü Əbu Talibə tutub dedi:
-Bu uşaq kimdir?
-Mənim oğlumdur! -deyə Əbu
Talib cavab verdi.
-Ola bilməz!-
deyib Bəheyra başını buladı.
Əbu Talib əhvalatı Bəheyraya
danışdı:
-Bu mənim qardaşım oğludur.
Onun atası vəfat edib.
-Özüdür ki, var!- Kahin söylədi.
-Bu İsanın dediyi peyğəmbərdir.
Bir bax, kürəyindəki bu xal peyğəmbərlik
əlamətidir. Uşaqdan muğayət olun! Onu xata-bəladan
qoruyun:”
(Bilgəz Ələddin. “Məhəmməd
peyğəmbərin həyatı” kitabından).
Nəsimi deyirdi ki, Hüsn Əmirinin
4 əsgərdən ibarət bir qoşunu var .
O qoşun iki cahanı almış, ələ
keçirmiş və məğlub etmədiyi heç kim, heç nə qalmamışdır. Həmin
əsgərlər bunlardir: Göz,qaş,
zülf, xal.
Qəribədir, bu
sıralamaya fikir versək, görə bilərik ki, xalın
adı sonuncu olaraq vurğulanmışdır. Bu təsadüfənmi
belə olmuşdur?
Yox! Yox!! Yox!!!
Xal- gözəllərin
üzündə gözəlliyə qoyulmuş son nöqtədir.
Xal-Peyğəmbərimizin kürəyində
son peyğəmbərliyə Allahın vurduğu
möhürdür!
Qeyd: Həzrət Əli peyğəmbərin
nəşini yuyata çıxaranda kürəyindəki
xalın yoxa çıxdığını
görmüşdü. Bu, o deməkdi ki, daha
peyğəmbərimizdən sonra dünyada peyğəmbər
olmayacaq. Ondan sonra bir daha dünyaya peyğəmbər gəlməyəcək!...
Barat VÜSAL
Türküstan.-
2017.- 14-20 fevral.- S.14-15.