Yazılı abidələrimiz və nağıla bənzər Alim ömrü

 

Elm əbədi olaraq canlıdır.”

 (Xacə Nəsirəddin Tusi)

 

Biri vardı, biri yox…”

 

Milli-mənəvi mirasımızın, söz və hikmət xəzinəmizin qorunub saxlanıldığı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda sayılıb-seçilən dəyərli alimlər arasında onun da öz xüsusi yeri var. Bu yeri o, dərin elmi, yüksək ziyalı mədəniyyəti və sadəliyi, təvazökarlığı ilə qazanıb.Üzündən heç vaxt əksilməyən xoş təbəssüm, səsindəki-sözündəki təmiz ahənglə də seçilir bu insan. Keşməkeşli bir ömür yolu keçib bu günədək.Onu Qərbi Azərbaycanın  Ləmbəli kəndindən Bakıya, AMEA-nın Əlyazmalar İnstitutunadək gətirən yolda ömür qatarı uzun-uzun yollardan, nə qədər dayanacaqlardan  keçıb gəlib.1940-cı ildə doğulub.Uşaqlıq illəri II Dünya müharibəsinnin ağrı-acısından, məhrumiyyətlərindən keçib. Ən böyük məhrumiyyəti  ata itkisi olub.Təkcə öz əvəzindən deyil, müharibədən qayıtmayan atanın əvəzindən də ona şəfqət və qayğısını əsirgəməyən bir cəfakeş ananın ocağında böyüyüb. Övladlarını böyütmək üçün hər cür zəhmətə qatlaşıb halal ruzi qazanangah tarlada çalışan, gah sevgisini ilmə-ilmə xalılara toxuyan, gah da şəfalı əllərilə imdada yetən, xalq təbibi, müdrik və ən başlıcası, fədakar bir ananın ocağında boya-başa çatıb.Bir neçə il bundan öncə qələmə aldığı, anası Aişə İsa qızının əziz xatirəsinə ithaf etdiyi “Ömürdən yarpaqlar, gəzdiyim torpaqlar” adlı memuarını oxuduqdan sonra  bu gözəl ananın obrazı daha aydın şəkildə canlandı gözlərimdə.Onun, anasının dilindən söylədiyi bayatıları və ananı vəsf edən şeirlərini oxuduqdan sonra bu dəyərli insanın, mənim dünyasını dəyişən əziz anama həsr etdiyim şeirlərimi nədən bu qədər bəyəndiyini, hərdən bəzi misralarını öz tələbələrinə hətta əzbər belə söylədiyini daha dərindən anladım… Sən demə, bu gözəl insanın da ürəyini, illərdir, bir müqəddəs ana sevgisi isidirmiş… “Anam həzin-həzin nəğmə oxudu”, “Anam nağıllar demiş, Biri vardı, biri yox”, “Mənim anam göydən enmiş mələkdi”, “Anamın gül əlləri” – bu misralar onun, tanınmış mətnşünas alim, Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin qələmindən süzülüb.Onlarla kitabın, monoqrafiyaların, tərcümə əsərlərinin, yüzdən artıq elmi məqalənin müəllifi olan bu ərəbşünas alimlə söhbətdən əvvəl onun mənə bağışladığı dəyərli kitablarını yenidən vərəqlədim.Bir necə il əvvəl nəşr olunan “Biblioqrafiya”sını bir daha gözdən keçirdim.Bəzi məqalələri elə təkcə adı ilə də diqqətimi cəlb etdi: “Ulu nəvənin ulu nənəsi”, “İncilər qürbətdə şadiman olmaz”, “Mir Möhsün Nəvvabın erməni tayfasına nəsihətləri” və b. Onun tərcümə kitabları arasında öz mənəvi dəyərinə görə xüsusilə seçilən bir risalə də var: Xacə Nəsirəddin Tusi. “Adabül-mütəllimin (Tələbəlik mədəniyyəti)”. Əxlaq  normaları, davranış qaydalarından bəhs edən “ədəb ədəbiyyatı”nın gözəl nümunəsi olan bu kitabda tələbələr, bilik əldə etmək istəyənlər üçün olduqca faydalı məsləhətlər var. Elmin  fəzilətindən bəhs edən, dünyada elmdən başqa hər şeyin puç olub getdiyini söyləyən Nəsirəddin Tusi yazır: “Elm əbədi olaraq canlıdır”. Alimin zəngin yaradıcılığı ilə bağlı məni düşündürən əksər suallarıma  kitablarında cavab tapsam da, bu bilgilərin  maraqlı və aktual olduğuna  əmin olduğum üçün cavabları yenidən onun özündən eşitmək istədim.

 

 Ulu nəvənin ulu nənəsi”

 

Sizin, “Ulu nəvənin ulu nənəsi” adlı bir məqaləniz var. Bu, yəqin ki, Əbdülqəni Nuxəvi Xalisəqarızadə ilə əlaqədardır. Ümumiyyətlə, necə oldu ki, ərəb dili və ədəbiyyatı üzrə mütəxəssis, xarici ölkələrdə tərcüməçi kimi fəaliyyət göstərən   Kamandar Şərifli uzun illər  Əbdülqəni Əfəndinin tədqiqatçısına çevrildi, onun kolleksiyasını araşdırdı?

– Qızım, ətrafımızda elə insanlar var ki, onların keçdiyi ağrılı-acılı, enişli-yoxuşlu çətin və maraqlı həyat yolları qələmə alınsaydı, böyük bir dastan yaranaraq gələcək nəsillərə örnək olardı. Bir üzü sevincli, bir üzü isə daha çox kədərli, bəlkə də təhlükəli, eyni zamanda maraqlı bir həyatı mən də yaşamışam. Universitet həyatım isə daha maraqlı olub. 1968-ci ildə universiteti bitirdikdən sonra aldığım şərqşünas-ərəbşünas ixtisası məni islam Şərqini, o cümlədən ərəb ölkələrini gəzdirərək, odlu-alovlu, barıt qoxulu, insan faciəsi ilə dolu olan iki müharibədən keçirdikdən və yaşadığımız dünyamızın sirli-soraqlı aləmi ilə tanış etdirdikdən sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna gətirdi. Bu mədəniyyət məbədi məndə klassik irsimizə qarşı böyük məhəbbət aşıladı və mən həmin məhəbbətin işığında bu elm ocağının inkişafında, zənginləşməsində var gücümlə çalışdım. Elə indi də çalışmaqdayam. Ilk günlərdən XIX əsr Azərbaycan alimi, pedaqoqu və kitabşünası Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin əlyazmalarının sehrinə düşdüm və indiyədək bu sehrdən çıxa bilmirəm. “Azərbaycan qadını” jurnalında nəşr etdirdiyimUlu nəvənin ulu nənəsi” adlı məqalədə isə, illər boyu elmi irsini araşdırdığım Əbdülqəni Əfəndi Nuxəvinin öz soyadını  Xalisəqarızadə adlandırması mənə qəribə gəldi və məndə bu şəxsiyyətə qarşı böyük maraq oyandı. Düzdür, bəşər tarixində, o cümlədən türk xalqlarının tarixində cəsur və ziyalı qadınlar az olmasa da, qadın adının sonrakı nəsillər üçün soyadı kimi qəbul edilməsi az təsadüf edilən hallardandır. Əbdülqəni Əfəndinin nəsil şəcərəsini öyrəndikcə Xalisə qarının bu nəslin savadlanmasında nə qədər böyük rol oynadığını anladım və bu nəslin onun adını özləri üçün soyadı qəbul etmələrinin səbəbini öyrəndim. Bu maarifpərvər qadının yalnız öz övladlarının deyil, eyni zamanda şəkili uşaqların təlim almasında az əməyi olmayıb və o, uzun illər böyük vəsait hesabına topladığı kitabları təmannasız olaraq oxucuların istifadəsinə verib. Əgər belə şəxsiyyətlər olmasaydı, bu gün sevə-sevə öyrəndiyimiz zəngin mədəni irsimiz də olmazdı.

 

 “İncilər qürbətdə şadiman olmaz

 

-“İncilər qürbətdə şadiman olmaz” – Vaxtilə  “Azərbaycan gəncləri” qəzetində dərc olunan bu məqalənizin adı çox mətləblərdən soraq verir. Amma bilmək istərdim, konkret olaraq hansı incilərdən və hansı qürbət ellərdən söhbət gedir bu məqalədə?

-Siz bilirsiniz ki, Azərbaycan klassiklərinin yaratdıqları elmi və ədəbi əsərlərinin əlyazmaları yalnız ölkəmizin coğrafi ərazisində deyil, bütün dünyada yayılaraq, ən böyük mədəniyyət mərkəzlərinin kitabxana və muzeylərində ən şərəfli yerlərdən birini tutmuşdur. Qeyd etdiyiniz “İncilər qürbətdə şadiman olmaz” adlı məqalədə bir neçə əsərdən, o cümlədən Füzulinin “Divan”ının əlyazmasından söz açılır. Bu mədəniyyət inciləri də insan kimi ona doğma olan ölkədən və xalqdan uzaq düşdüyünə görə şadiman ola bilməz.

-Run yazıları ilə əlaqədar da bir məqaləniz var. Orta əsr mətnşünaslığında bu yazıların yeri ilə əlaqədar nə deyə bilərsiniz?

-Mənim elmi yaradıcılığımın ana xəttini mətnşünaslıq təşkil edir. Uzun illərdən bəri türkdilli, farsdilli və ərəbdilli yazılı abidələr üzərində apardığım tədqiqatlar nəticəsində ilk dəfə olaraq mətnşünaslığın tarixi inkişaf mərhələlərini və nəzəri əsaslarını tədqiq etmişəm. Run yazıları ilə bağlı çap etdirdiyim məqalədə isə orta əsr mətnşünaslığında şərti işarələr kimi istifadə edilmiş, run yazıları ilə eyniyyət təşkil edən hərflərlə əlaqədar araşdırmalar verilir.

– Ağdaşlı alimQul Əhməd Ağdaşi kimdir?

– Əsərlərinin orta əsr əlyazmaları dünyanın müxtəlif kitabxana və muzeylərində saxlanılan onlarla Azərbaycan alim və ədibinin həyatı və yaradıcılığı hələ indiyədək öyrənilməyib. Onlardan biridövrünün tanınmış filoloqu, filosofu və ilahiyyatçısı “Qul Əhməd” təxəllüsü ilə tanınmış Əhməd bin Məhəmməd bin Xızr Ağdaşi Şirvanidir. Onun əsərlərinin tədqiqatçısı, bu əsərlərin nüsxədən-nüsxəyə köçürülərək çoxaldılmasında və geniş coğrafi ərazilərdə yayılmasında böyük əməyi olmuş XIX əsr alimi, pedaqoqu və kitabşünası Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə onun tam adını Qul Əhməd Çardami Ağdaşi Şəkəvi Şirvani kimi qeyd etmişdir. Alimin adını müxtəlif mənbələrdə Əhməd bin Məhəmməd bin Xızr əl-Öməri Şəhabəddin əl-Hənəfi, Qul Əhməd bin Məhəmməd, gah da Qul Əhməd bin Məhəmməd bin Xızr Cəmaləddin əl-Kirməsti kimi göstərmişlər. Bu  variantlarda onun adını biri-birindən fərqləndirən əsasən “Cəmaləddin” və “Şəhabəddin” künyələridir. Alimin adındakı bu iki künyə və katiblərin təhriflərindən irəli gəlib, ya da başqa orta əsr müəlliflərində olduğu kimi o da iki künyə ilə tanınıb.Qul Əhmədin nisbəsindən və Əbdülqəni Nuxəvi Xalisəqarızadənin verdiyi məlumatlara görə o, Azərbaycanın Ağdaş vilayətinin Çardam kəndində dünyaya gəlib. Onun anadan olduğu tarix haqqında isə mənbələr heç bir məlumat vermir. Nisbəsindən göründüyü kimi, Qul Əhməd sonralar Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şəkiyə köçüb orada məskunlaşmışdır. O, burada təhsil aldıqdan və müəyyən müddət elmi fəaliyyət göstərdikdən sonra, Əbdülqəni Nuxəvinin yazdığına görə, Türkiyənin Kirməst vilayətinə köçmüşdür. Onun “Kirməsti” nisbəsi də buradan irəli gəlmişdir. Mənbələrin verdiyi məlumatlara görə, Qul Əhməd hicri  950 (m.1543) -ci ildə Kirməst vilayətində vəfat etmişorada da dəfn edilmişdir.Elm aləmində kifayət qədər nüfuza malik olan Qul Əhməd öz çoxcəhətli yaradıcılığı ilə Yaxın və Orta Şərq ölkələrində geniş şöhrət tapmış, onun əsərləri həmişə Şərq alimlərinin diqqət mərkəzində olmuşdur. “Haşiyə alə şərh isağoci”, “Haşiyə alə şərh “əl-Fəvaid əl-Fənariyyə”. “Əs-Surət əl-mustəqimə fi tibyani əl-Quran əl-Kərim” təfsiri, “Şərhi- “Fəraidül-fəvaid fil-istiarə”, “Şərhi- “Dürər əl-bihar fil-furu” və b. dəyərli əsərlərin müəllifi olan Qul Əhmədin  əlyazmaları AvropaAsiya ölkələrində geniş coğrafi ərazidə yayılaraq, alimlərin diqqətini özünə cəlb etmiş, onlara ayrı-ayrı tədqiqatçılar tərəfindən şərhlər və haşıyələr yazılmışdır. Qul Əhməd özünün çoxşaxəli elmi yaradıcılığı ilə filosof, filoloq və ilahiyyatçı alim kimi şöhrət qazanıb. Alimin həyat və yaradıcılığı ilə bağlı gələcəkdə aparılacaq ayrıca tədqiqat işi onun şəxsiyyətini tam şəkildə işıqlandıracaq və bizə məlum olmayan başqa əsərlərini də üzə çıxaracaq.

-Məqalələrinizdən birində  “Əhmədiyyə kitabxanası”ndan bəhs edirsiniz.Bu kitabxana barədə nə demək istərdiniz?

-“Əhmədiyyə” kitabxanası orta əsrlərdə Azərbaycanda yaradılmış kitabxanalardan biridir. Bu kitabxananın yerləşdiyi Axırkələk indi Gürcüstanın ərazisindədir. Azərbaycan türklərinin maariflənməsi üçün Əhməd paşa tərəfindən bina edilmiş türk məktəbi, yaxud akademiya kompleksində yaradılmış kitabxana və məscid onun öz adı ilə “Əhmədiyyə” kitabxanası və məscidi adlandırılıb. Bu elm ocağında türk, ərəb və qismən də fars dillərində müxtəlif elmlər tədris olunurmuş. Kitabxana yeddi xəzinədən ibarət olub və əsasən, elmi əsərləri və orta yüzilliklərdə tərtib edilmiş dərslikləri əhatə edib. 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı general N.N. Rayevskinin qoşunları tərəfindən Axırkələk şəhəri zəbt edildikdən sonra, A.Bakıxanov polkovnik N.N.Muravlyovla birlikdə hərbi qənimət kimi “Əhmədiyyə” kitabxanasının ən qiymətli əlyazmalarının aparılması haqqında sərəncam almışlar. 1828-ci ilin sentyabr-oktyabr aylarında A.Bakıxanov həmin kitabxanadan 148 ədəd elmi baxımdan çox dəyərli əlyazma kitablarını və “Quran”ın iki nadir nüsxəsini seçərək, onların rus və ərəb qrafikası ilə siyahısını tərtib edərək, əlyazmaları  Peterburqa göndərmişdir. Qalan əlyazma kitabları isə ayrı-ayrı əllərə düşərək, bu elm ocağı dağıdılıb. Bununla da xalqımızın maariflənməsi sahəsində onilliklər boyu fəaliyyət göstərmiş daha bir elm ocağı həmişəlik olaraq söndürülüb.

-Misir kitabxanasındakı Azərbaycan əlyazmaları ilə əlaqədar  2014-cü ildə dəyərli bir kitabınız işıq üzü gördü.O kitabda haqqında məlumat verdiyiniz əlyazmalardan bu günədək hansıların surətini, elektron versiyasını əldə etmək mümkün olub?

-Mən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma abidələrini araşdırmaqla yanaşı, xalqımızın böyük dühalarının xarici ölkə muzey və kitabxanalarında saxlanılan əsərlərinin müəyyənləşdirilməsinə və öyrənilməsinə də xüsusi diqqət yetirirəm. İstər xarici ölkələrdə uzunmüddətli və qısamüddətli ezamiyyətdə olduğum zaman, istərsə də elmi konfranslara gedərkən həmin ölkələrdə saxlanılan Azərbaycan əlyazma kitabları ilə maraqlanmışam. 2002-ci ildə Misir Ərəb Respublikasının Bakıdakı fövqaladə və səlahiyyətli səfiri hörmətli Ceyhan xanım Əminin məni 10 gün müddətinə Qahirəyə ezamiyyətə göndərdiyi müddət ərzində ölkənin ən böyük əlyazma kitabxanası olan “Dərül-kutub vəl-vəsaiq əl-qaumiyyə”də işləyərək orada olan 350-dən çox Azərbaycan müəllifinin əlyazmalarının olduğunu müəyyənləşdirdim. Həmin əlyazmalar arasında aşkar etdiyimiz ən dəyərli abidələrdən biri də XVII əsr Azərbaycan ədəbiyyatının klassiklərindən Uğurluxan Müsahib Gəncəvinin divanı oldu. İnstitutun apardığı axtarışlar nəticəsində şairin divanının dünya kitabxanalarında saxlanılan üç nüsxəsi müəyyənləşdirilib. Onlardan biri Məşhəddə, başqa birisi isə Tbilisidə saxlanılır. Divanın ən kamil nüsxəsi isə Misirdə saxlanılan əlyazmasıdır. Mən bu nüsxənin surətini çıxararaq institutumuza gətirdim. Tezliklə Uğurluxan Müsahib Gəncəvinin bu divanı işıq üzü görəcək.

 

Ardı var

 

Şəlalə Ana,

şairpublisist, filologiya üzrə fəlsəfə doktoru

 

Türküstan.- 2017.- 14-20 fevral.- S.11.