Üzeyir Hacıbəylinin
Nuri Paşa
haqqında məqaləsi
Son günlər böyük sərkərdə Nuri Paşa əleyhinə söylənilən hədyanlara, insafsız çıxışlara cavab olaraq, dünya şöhrətli dahi bəstəkarımız, həm də mahir publisistimiz Üzeyir bəy Hacıbəylinin 12 noyabr 1918-ci il tarixli “Azərbaycan” qəzetinin 37- ci sayında “Ü.Əbdül” imzası ilə dərc etdirdiyi “Nuri Paşa həzrətləri şərəfinə böyük bir ziyafət” başlıqlı məqaləsini ictimaiyyətə təqdim edirik. Bu, Üzeyir bəyin həmin ziyafətdən reportaj xarakterli yazısıdır. Oxuyun və həqiqətləri görün. Nuri Paşaya olan ehtiramın özünüz şahidi olun. Ümid edirik ki, böyük Türk dünyasının təkrarsız dühası Üzeyir bəy Hacıbəylinin bu məqaləsi xalqımızın içərisinə nifaq salmaq istəyənlərə tutarlı cavab olacaq. Məqalə Üzeyir bəyin “Azərbaycan” qəzetində dərc olunmuş yazılarının toplusu olan “Üzeyir bəy Hacıbəyli. Bayrağımız sarsılmaz” ( tərtib edən – Aslan Kənan, məsləhətçi – xalq yazıçısı Elçin, redaktor – Paşa Kərimov, rəyçilər – Ataxan Paşayev və Abid Tahirli) kitabından götürülmüşdür.
Səadət QARABAĞLI
Üzeyirşünas
Nuru paşa həzrətləri
şərəfinə böyük bir ziyafət
10 təşrini-sani (noyabr) yekşənbə
gününün axşamı Bakı şəhər əhalisi
tərəfindən qəhrəman ordumuzun şanlı
komandanı Nuru Paşa həzrətləri şərəfinə
yay klubunun zalında böyük və mütəntən bir
ziyafət verildi.
Klubun içi və dəhlizləri gözəl və pürqiymət xalılar ilə döşənmiş, divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi. Yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnümsaz olmaqda idilər.
Hökumət əhlindən ümum nazirlərimiz Baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitən əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan və əşrəf ziyafətdə hazır idilər.
Nuri Paşa həzrətlərinin salona virudi əsnasında musiqi orkestri tərənnümsaz olub məclis əhli səlbəsteyi-ehtiram durub, Paşa həzrətlərini səmimiyyətlə salamladılar; bədə hər kəsimiz başında özünəməxsus olan yerini tutub ziyafət başlandı.
Yemək əsnasında Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəliğ bir nitq söyləyib, Azərbaycan türklərini bəndi- əsarətdən xilas ilə naili-səadət olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə “bu qan və bu qan tökülən mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz”, – buyurdular. Badə Nuri Paşa həzrətlərinə müraciətən idareyi-kəlam edərək Azərbaycan türklərinin təşəkkürati-əmiqanələrini Paşa həzrətlərinə bildirib, qədəh qalxızdı. O halda bütün həzar ayağa duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbət nuş olub, sürəkli alqışlarla ishari- məsərrət və şadimani etdilər.
Həqiqət, bu böyük məclisdə hamının, baxüsus Bakı əhlinin olmazın dərd, möhnət bəla və zillət çəkdikləri və olmazın həqarətlərə düçar olduqları ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun gözlərindən bəlli olan üzlərində bu axşam o qədər bəxtiyarlıq və bundan dolayı o dərəcə şükr və səna əlaimi peyda və hüveyda idi ki, keçmiş qara günlərin fəna təsirləri bugün nail olduğumuz ağ günlərin sürurbəxş əsərləri müqabilində unudulmaq üzrə olduğu aydın və aşkar idi!
Əvət! Fəna təsirlər unudulur, fəqət o təsirləri buraxan qara günlər unudulmaz, onları unutmaq üçün ya filosof olmalıdır, ya laübalı!..
Nə qərib təsadüf:
Təqribən bir il bundan əqdəm, bugun ay-ulduzlu türk bayrağı ilə donadılmış olan bu salonda bolşevik Suxarçev, Nikolay Romanova məxsus bir hakimi-müstəbid vəziyyətini alaraq, hüquqi – siyasiyyə və insaniyyələri xüsusunda ağız açmağa “cürət” edən Bakı müsəlmanları təhrid yolu ilə: ”Bakıda daşı daş üstə qoymaram! ”- degə meydan oxuyurdu.
Buna qarşı olaraq Şurayi – Milli rəisi Rəsulzadə Məhəmməd Əmin yoldaşımız “Əvət! Biz istirdadi – hüquq yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar. Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!” –deyə gələcəkdən xəbər vermişdi.
Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fəqərəyi yada salıb, qanlı və həqşikən suxarçevlərin rəcəz oxuduğu bu meydanda bugun daimi və azim bir türk zəfərinin bayram edilməsinə işarə ilə həqq sözün həqq yerinə düşməyindən dolayı izhari – məsərrət və məmnuniyyət eylədi.
Əvət! Əgər Suxarçev bu axşam klub salonuna bir nəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitlər, bu cəsur əsgərlər, bu bəşaş və bəxtiyar çöhrələri görsə idi, hədisinin nə qədər gülünc və bica olduğunu özü də etirafa məcbur olardı.
Rəsulzadə nitqinə davam edərək, siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı nurilərimizin zülmət şikən nuri var, dedikdə bütün əhli-məclis ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzim və təbcil ilə alqışlamağa başladılar.
Bir ildən bəri əziz müsafirimiz və keçirdiyimiz qara günlərə bizimlə bərabər şərik olan Rövşən bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı və o qədər atəşli idi ki, hazirun üzərində böyük bir təsir buraxdı. Qayeyi – amalımıza yetmək, istirdad edilmiş hüququmuzu son qüvvəmizlə saxlamaq və bu yolda fədakarlığa hazır olmaq üçün bu gecənin şərəfinə yəmin lüzumundan bəhslə əhli-məclisin ruhunu yüksəldirdi.
Hazirun aramızda oturan bir zatın nitqinə müntəzir göründü, bu zatın illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nəzəriyatından xəbərdar olmaq istəyirdi. O, möhtəşəm zat sevgili ustadımız Əhməd bəy Ağayev idi ki, nitq söyləmək üçün yerindən qalxarkən salonda dərin bir sükunət əmələ gəlib, hər kəs bütün diqqətini ona tərəf ətf etdi.
Əhməd bəyin nitqində bəzilərinin gözlədiyi atəş yox idi, əmma həqiqi bir səmimiyyət vardı; “Bən Bakıyı İstanbulda və İstanbulu Bakıda görüb də özümü o qədər bəxtiyar görürəm ki, dəha ölsəm də qəmim yoxdur, dünyadan kam almış gedirəm” kibi sözləri o qədər səmimi bir və lisan və lisan hal ilə söyliyordu ki, eşidənlər dəxi özünü Əhməd bəy kimi bəxtavərd və bəxtiyar hiss edirdilər.
Biz Əhməd bəyin nitqini icmala cəsarət etməyib, təmamilə qəzetimizdə dərc üçün lütfən bizə göndərmək ümid və istidasilə oxucularımızı səbrə dəvət edirik.
Bu qədər nitq və alqışlara cavab olaraq Nuri Paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən təmiz qılmağla sürur və şadimani – binəhəyəatımızı mucib olan qayət bəliğ və səlis bir nitq iradilə məclis əhlini şərəfyab və minnətdar buyurdular.
Bu nitqin təsiri öylə idi ki,
hər kəsdə gələcəyə artıq əndişəsiz
bir nəzər əmələ gəlib kəndinə
böyük bir ümid, yüksək bir ruh hiss edərək,
xoşbəxt və xoşvəxt bir hal ilə bir-birini təbrik
edib, məclisə xitam verdilər.
Ü. ƏBDÜL
“Azərbaycan” qəzeti,
12 noyabr
1918-ci il.
Türküstan.-
2017.- 14-20 fevral.- S.7.