Albaniya, Ərməniyyə və İberiya Turanın
bir parçası olub?
II yazı
Bizi burada maraqlandıran əsas
məsələlərdən biri Albaniya və Ərməniyyənin
Turan Parfiyasının süqutundan sonra onun yerinə
keçmiş Sasanlara qarşı bacardıqları qədər
mübarizə apararaq müstəqilliklərini saxlamaları,
eyni zamanda arilərin ya da farsların zərdüştlik
dinini rədd edərək Xristianlığı qəbul etmələridir. Doğrudur,
özəlliklə Albaniya və Atropatenada (Azərbaycanda –
F.Q.) Xristianlıq Qriqoridən çox
öncə, 2-ci əsrin başlarında İsanın havarisi
Faddey tərəfindən yayılmağa
başlamışdır. Ancaq Parfiya dönəmində
xristianlıq bu ölkələrdə geniş yayıla bilmədi
ki, buna əsas səbəb də bir tərəfdən
Xristianlığın özünün hələ,
yayıldığı ilk coğrafiyalarda kifayət qədər
ifadə edə bilməməsi, digər tərəfdən
Turan xalqlarının Tanrıçılıq dininin öz
mövqeyini qoruyub saxlaması idi. Bu anlamda Turan
Parfiyasının tərkibində əsasən ortaq dinə və
ortaq etnik kimliyə sahib olan Ərməniyyə və Albaniyada
vəziyyət yalnız zərdüşti-məcusi
Sasanların hakimiyyətə gəlməsi ilə dəyişdi.
Çünki Parfiya dönəmində əsasən
təkallahlığa tapınan Turan xalqları
üçün, arilərdən tamamilə fərqli olaraq atəşpərəst-məcusi
olmaq çox çətin idi. Bu
baxımdan Turanlıların əski təktanrıçı
Tanrıçılıq diniylə əsasən səsləşən
Xristianlığın meydana çıxması, 3-cü əsrin
ilk yarısında Turan Parfiya imperiyasının varlığına
son verən Sasanlara qarşı mübarizədə
mühüm bir vasitəyə çevrildi.
Hər halda həmin dövrdə
yarımmüstəqil şəkildə də olsa
varlığını qoruyub saxlayan, eyni zamanda zərdüşti
dinini qəbul etmək istəməyən Turan Parfiya kökənli
Ərməniyyə və Albaniya hökmdarlarının, eyni
zamanda həmin ölkələrin xalqlarının
xristianlığa ciddi şəkildə meyil göstərmələri
təsadüfi ola bilməzdi. Bizcə, həmin
ölklərin hökmdarlarının və xalqlarının
xristianliğa üz tutmalarında əsas səbəb
İran-Fars kökənli olmamaları, Təktanrıçı
dinə inamlarının güclü olmaları, zərdüştliyi-məcusiliyi
əsla qəbul etməmələri idi. Təsadüfi
deyil ki, Sasanların quruluşundan az sonra
4-cü əsrin başlarında Ərməniyyə və
Albaniya əhalisi arasında xristianlığı təbliğ
edən parfiyalı Qriqori özü də Türkmənistandan
gəlmiş türk-ərsaq soylu Anakın/Amakın oğlu
olmuşdur. Qriqori Amakın oğlunun dini adı
idi ki, o, yunanlar-romalılar arasında ona aşlanmış
xristianlıq inancıyla Ərməniyyəyə və
Albaniyaya göndərilmişdir. Görünür,
burada əsas məqsəd zərdüşti Sasanları zəiflətmək
üçün atəşpərəstliyə məcburi
tapınan Ərməniyyə və Albaniya
hökmdarlarını onlara qarşı qoymaq olmuşdur.
Dogrudan da, Qriqori yarıəfsanəvi,
yarıgerçək əziyyətlərdən sonra Ərməniyyə
və Albaniyada xristianlığın yayılmasına nail
olmuşdu. Belə ki, 4-cü əsrin başlarında
Ərməni çarı Tridatla Alban çarı Urnayr
Qriqorinin öncüllüyündə Xristianlığı qəbul
etdilər.
Gördüyümüz kimi,
xristianlığın 3-cü əsrin ikinci yarısından
sonra Ərməniyyə və Albaniyada daha geniş vüsət
almasının başlıca səbəbi təktanrıçı
Türk-Turan Parfiya dövlətinin ortadan qalıxması, onun
yerini atəşpərəst, zərdüşti İran-Fars
Sasanların tutması olmuşdu. Deməli,
Ərməniyyə və Albaniya hökmdarlarının məhz
Parfiyanın süqutundan sonra Xristianlığa meyil göstərmələri
ortaq etnik kimlik və ortaq dini inancla bağlı olmuşdur.
Əgər Parfiya süqut etməsə, yaxud da Sasanlar zərdüştliyi
rəsmi din kimi qəbul etməyib Parfiyanın yolunu davam etdirsəydilər,
bəlkə o zaman Ərməniyyə və Albaniyanın
Xristianlıq məsələsinə münasibətləri də
fərqli yöndə inkişaf edə bilərdi. Ancaq
Parfiyanı xəyanətlə devirən Sasanların hakimiyyətə
gəldikdən sonra zərdüştlüyü rəsmi
dövlət dini elan edib qeyri-arilərə, yəni
turanlılara (albanlara, qarqarlara, ərmənlərə,
masagetlərə, subarlara, arsaklara, saklara vəb.) qarşı
zorakılıqlara başlaması, onları güclə zərdüştliyə
cəlb etmələri əski Turan-İran savaşının
bitməməsindən xəbər verirdi. Əhəmənilər
kimi özünü “Ari” adlandıraraq Turanlılara yenidən
savaş açan Sasanların bu yolu tutması Turan
Parfiyasının ortaq etnik və dini kimlikli Albaniya və
Ərməniyyədə, eyni zamanda Albaniyanın idarə
etdiyi İberiyada etirazla qarşılanması təbii idi.
Beləliklə, özəlliklə
Ərməniyyə və Albaniya hökmdarları etnik və
dini kimlik anlamında Parfiyadan fərqli olaraq, özünə
yad hesab etdiyi Sasanlara qarşı mübarizə etmək
üçün yeni çarələr aramaq məcburiyyətində
idilər. Məhz belə bir məqamda onların təktanrıçı
Tanrıçılıq dininə yaxın
Xristianlığı qəbul etmiş Roma İmperiyasıyla
münasibətlər qurmaq Ərməniyyə və Albaniya
üçün daha uyğun idi. Eyni
zamanda Ərməniyyə və Albaniya hökmdarlarının
Romaya meyil göstərməsində əski Etrusklarla
bağlı inanclar da müəyyən rol oynaya bilərdi.
Hər halda Romanın əski xalqlarından olan
Etrusklarla Turanlılar arasında bir çox
oxşarlıqların olması indi heç kəsə sirr
deyil. Bugünkü bəzi İtaliya
müəllifləri belə etiraf edirlər ki, əski
dövrlərdə Romanın taleyində mühüm rol
oynamış Etrusklar Türk/Turan kökənli olmuşlar.
Hətta, onların da Turan adlı sitayiş
etdikləri ilahi qüvvələri olmuşdur. Ona
görə də, Albaniya, Ərməniyyə və
İberiyanın Romayla yaxınlaşmasında din amili ilə
yanaşı, Etrusuklarla qohumluq əlaqələri də
öz təsirini göstərə bilərdi.
Çox güman ki,
Romalıların dilindən səslənən “Alpan/Alban” kəliməsi
də Etrusklardan qalma ortaq keçmişin bir nişanəsi
idi. Çünki “Alpan/Alban” hərfi anlamda ərənliyi,
cəsurluğu ifadə edir ki, Etrusklar kimi albanların,
aranların da bu adı daşımaları təbiidir. Bu anlamda Parfiyanın süqutundan sonra hər
üç ölkənin, özəlliklə də Albaniya və
Ərməniyyənin Romayla yaxınlaşmasına təsadüfi
yanaşmaq olmaz. Üstəlik,
parfiyalı-turanlı Anakın oğlunun yunan-roma
xristianları arasında dini biliklərə yiyələnib
Albaniya və Ərməniyyədə təbliğata
başlaması, burada da əsasən zərdüştliyə
qarşı mücadilə verməsi çox
düşündürücüdür. Deməli,
Turan Parfiya imperiyası dağıldıqdan sonra onun tərkibində
olmuş Albaniya və Ərməniyyədə zərdüşti
Sasanlarla eyni münasibətləri sürdürmək
mümkünsüz olduğu üçün, xristian kimlikli
Romayla müttəfiqliyə üstünlük verilməyə
başlandı. Zərdüştlüyə
qarşı mübarizə də Tanrıçılıq
dini yetərli olmadığı üçün də, ona
yaxın olan Xristianlığın Turan xalqları arasında
təbliğ edilməsi də məqbul görüldü ki,
bu siyasi-hərbi dəstək anlamında da önəmli idi.
Ona görə də, Turanlı
Anakın oğlunun yunan-roma xristianlarının yanına
göndərilib Xristianlığı qəbul edib Qriqori
adlanmasından tutmuş, az sonra Qriqorinin Turan xalqları
arasında təbliğata başlamasınadək hər
şey planlı şəkildə baş vermişdir. Yəni
Turan bilginləri o dövrdə Arilərin zərdüştlüyünə
qarşı doğma Tanrıçılığın kifayət
etmədiyini anlayaraq, ona yaxın olan Xristianlığın
Turan xalqları arasında təbliğini uyğun
görmüş, bununla da Sasanların türkləri tamamilə
assimilyasiya etməsinin qarşısını almağa nail
olmuşlar. Özəlliklə, Əhəmənilər
dövründə xeyli dərəcədə
Turanlıların Tanrıçılıq dininə, etnik
öznüdərkinə böyük zərbə vuran Arilərin
Sasanlar dövründə eyni şeyi təkrarlamasına yol
verməmək üçün bu kimi addımların
atılması müəyyən qədər əhəmiyyətli
olmuşdur.
Qeyd edək ki, parfiya kökənli
Qriqori kimi nəvəsi Qriqoris də xristianlığı daha
çox türk-turanlı xalqlar arasında yaymağa
çalışmış, farsdilli xalqlara elə də meyil
göstərməmişdir. Görünür, buna
əsas səbəb farsdilli xalqların zərdüştlüyü
özünün əski dini bilib daha çox ondan
yapışdıqları halda, türksoylu ya da turanlı
kimlikli xalqların isə əsasən Tanrıçılıq
dininə davam edib zərdüştlüyə nifrət bəsləmələri
idi. Parfiyanı devrib hakimiyyətə gələn
Sasanların zərdüştliyi Turan xalqları arasında
zorla yaydığı bir dövrdə xristianlıqla
yaxından tanış olan turanlıların doğma
Tanrıçılıq dininə yaxın bildikləri Xristianlığı
əsas düşmənlərinə qarşı mübarizədə
bir qurtuluş yolu kimi baxmaları təbii idi.
Belə ki, Qriqoris bir tərəfdən
xristianlığı arşakilərin/qarqarların qohumu olan
Məskutlar ölkəsində yaymağa
çalışmış, hətta onunla çar Sanatruk
şəxsən görüşmüşdür. Ancaq əvvəlcə
xrusitanlığı qəbul etməyə başlayan məskutların
sonra Qriqorisi öldürmələri, üstəlik,
Kalankatuklunun öz diliylə desək Sanatrukun (böyük
Türkün) saysız-hesabsız hunların
qoşunlarıyla Ərməniyyəyə hücum etmələri
təsadüfi ola bilməzdi. Bu, milli düşmənçilikdən daha çox
Sasanların “parçala və hökm sür” siyasətinin nəticəsi
idi. Sasanlar Albaniya və Ərməniyyəyə
yerləşdirdiyi farsdilli qüvvələrin əliylə hər
iki təktanrıçı, xristianlığa meyilli, eyni
zamanda da əhalisinin böyük hissəsi türk/turan mənşəli
olan xalqları üz-üzə qoyurdular. Bu anlamda turan
kimlikli ərmənlər, albanlar/qarqarlar kimi
xristianlığı qəbul etmiş məskutların/masagetlərin
az sonra Xristianlıqdan üz döndərib
əski Tanrıçılıq dininə davam etmələri
təsadüfi ola bilməz. Belə ki, həmin dövrdə
farsdilli tayfalar Turan xalqları arasında nisbətən
Masagetlər çarlığında özlərinə yuva
sala bilmişdilər. Sasanlar da tez-tez həmin
farsdilli tayfaların əliylə Albaniya, Ərməniyyə və
İberiyanı idarə edən Turanlı-Türk kökənli
ölkələri müharibəyə cəlb edirdilər.
Bu müharibələr də daha çox əsasən
Turan kökənli hökmdarların idarə etdiyi Albanlarla
Ərmənlər arasında baş vermişdir.
Kalankatukluya görə də,
keşiş Qriqoris əvvəlcə Sanatürkü və ona
tabe olan əhalini inandırıb xristianlığa yönəltsə
də, sonra məskutlar Qriqorisi öldürərək yenidən
bütlərə, əslində əski
Tanrıçılığa tapınmağa
başladılar: «Albaniya katolikosu Qriqorisin şəhid
olmasından sonra şərq ölkəsinin barbar xalqları
yenə də bütpərəstliyə qərq oldular. Onlar bütxanalarında sitayiş etdikdən sonra
xaçpərəstləri təqib etməyə
başladılar». Görünür, M.Kalankatuklu «şərq
ölkəsinin (Albaniyanın – F.Ə.)»
barbar xalqları dedikdə, yalnız albanları, məskutları
deyil, eləcə də xristian olmayan hunları, xəzərləri
bir sözlə bütün turanlı/türksoylu tayfaları
nəzərdə tutmuşdur. Hər halda o,
Sanatrukun ordusunu həm Maskut-Hun ordusu, həm də Alban ordusu
kimi qələmə vermişdir. Ümumiyyətlə,
M.Kalankatukluya görə, bütpərəst hunlar, xəzərlər
və başqa türk tayfaları da massagetlər-məskutlar
kimi Günəş, Ay, Tanrı-xan allahlarına inanır, at
qurban verir, «oda və suya qurbanlar gətirir, naməlum yollar
ilahəsinə, aya və onların gözlərinə təəccüblü
görünən bütün məxluqa sitayiş edirdilər».
Əski Albanlar, Məskutlar kimi Xəzərlər
də Günəşə tapınırdılar. And içəndə Günəşə and
içirdilər. Böyük Türk
aydınımız Nizami Gəncəvi “İskəndarnamə”
poemasında təsadüfi olaraq demirdi ki,
İranlıların rəmzi ay olub Keyxosrov nəslindəndirlərsə,
Turanlıların da simvolu günəş olub Alp Ər
Tonqanın evladlarıdırlar.
Bütün bunlar onu göstərir
ki, Turan/Türk xalqları ilə İran/Ari xalqlarının
dini inancları həmişə fərqli olmuşdur. Arilər qohumları hindlilər
kimi atəşpərəstliyə, brahmanizmin bir qolu olan zərdüştlüyə
tapındıqları halda, Turanlılar daima
Tanrıçılıq, Göy Tanrıçılıq
inancında olmuş, bu anlamda da təktanrıçılıq
dininə yaxın dinlərə (Yəhudilik, Xristianlıq,
İslamlıq) daha çox meyil göstərmişlər. Ona
görə də, doğma Tanrıçılıq dininə
tapınan albanlar, ərmənilər, hunlar, xəzərlər,
qarqarlar, gəngərlər, məskutlar və
başqalarının Sasanların dövründə (III-VII əsrlər)
Xristianlığa asanlıqla üz tutmalarında qeyri-adi
heç nə yox idi. Həmin dövrdə alban və ərmən
keşişlərinin də Albaniya və Ərməniyyə
ilə yanaşı, Məskutlar, Hunlar və Xəzərlər
ölkələrində xristianlığı asanlıqla
yaymaları, çox vaxt da onların əhalisinin xeyli bir
qisminin bu dini qəbul etmələri biri-birləriylə ortaq
etnik və əski ortaq dini (Tanrıçlıq) baxımdan
yaxınlıqları ilə bağlı olmuşdur.
Dos., Dr. Faiq Ələkbərov
Türküstan.-
2017.- 14-20 fevral.- S.6.