"Dörd çərşənbə məsələsi
bizi türk dünyasından ayırmağa xidmət edir"
Moderator.az saytının müsahibi tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi və tanınmış televiziya aparıcısı Güllü Yoloğludur. Etnoqraf alim uzun müddətdir ki, həm elm, həm də televiziya sahəsində Azərbaycanın folklor və etnoqrafik dəyərlərini təbliğ edir, bizə səhv olaraq sırınan bəzi adətlərdən danışır. Elə bu gün də ondan danışdıq:
-Güllü xanım, bu gün Azərbaycan
etnoqrafiyası istiqamətində aparılan
araşdırmaları necə dəyərləndirərdiniz?
-Azərbaycan xalqının etnik tərkibinin öyrənilməsinin, etnoqrafik materialların sistemli şəkildə toplanmasının başlanğıcı əsasən, XIX əsrə aiddir. Uzun illər V.N.Qriqoryev, O.S.Yevetski, P.P.Zubov, A.Q.Yanovtsev, İ.L.Serebryakov, A.A.Bakıxanov, M.M.Səfiyev, P.F.Riss, D.İ.Zubarev, A.D.Yeritsov, P.S.Varav, M.Q.Əfəndiyev, A.Qiyasbəyov, V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşaninov, Ə.Ələkbərov, Q.T.Qaraqaşlı, M.V.Quliyeva, R.Babayeva, T.Ə.Bünyadov, Ş.Quliyev, Q.Qeybullayev, Ə.İzmaylova, H.Həvilov, A.Abbasov, K.Əliyev, Ə.Dadaşov, E.Kərimov, N.Quliyeva, B.Abdulla, A.Paşayev, Q.Cavadov, Q.Rəcəbov, X.Xəlilov, bəndəniz və başqaları Azərbaycan əhalisinin təsərrüfat məişəti, maddi və mənəvi mədəniyyəti, ailə-nikah münasibətlərinin inkişafı, etnik tərkibi və s. bağlı tədqiqatlar aparmış və bu tədqiqatlar bu gün də aparılır. Bu sahədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rolu da danılmazdır. Burada maraqlı məsələlərdən biri də odur ki, tək etnoqraflar deyil, eləcə də folklorşünas alimlər Azərbaycan xalqının etnoqrafik materiallarının öyrənilməsinə az-çox öz töhfələrini veriblər. Çünki etnoqrafiya və folklor bir-biri ilə sıx bağlıdır. Xüsusilə, mərasim və ayinlərdə onları bir-birindən ayırmaq düzgün deyil. Məhz buna görə də folklor mənəvi mədəniyyət adı ilə etnoqrafiyanın bir parçası kimi də öyrənilir... Təbii ki, ideologiyaya uyğun olaraq dəyişikliklər də az olmayıb.
-Folklor və etnoqrafiyamıza aid bəzi faktlar, mənbələr sovet dövründə təhrif
olunubmu? Əgər olubunsa, bu təhriflər Azərbaycançılıq
məfkurəsinə nə dərəcədə zərbə
vurub?
-Artıq SSRİ dağılıb, quruluş ləğv olunub, lakin elm sahəsində bir çoxları onun qoyduğu istər ideoloji, istər siyasi qaydaları hələ də qısqanclıqla qoruyub saxlayırlar.
Məsələn, sovet dövrü “xalqlar dostluğu” adı altında ayrı-ayrı etnik kökə, dinə mənsub xalqlar süni yolla bir-birinə calaq edilərək vahid sovet xalqı yaratmaq qarşıya məqsəd kimi qoyulsa da, xalqlara öz dilində yazıb-oxuma haqqının verilməsi bu arzunu utopik bir şey kimi arxivdə gizlətdi. Lakin bəzi tarixçilərimiz özləri də bilmədən ortaya elə “faktlar” qoydular ki, bu gün ermənilər və Azərbaycana ərazi iddiası ilə çıxış edənlər həmin müəllifləri əllərində bayraq ediblər... Və yaxud, yuxarıdan sifarişlə hansısa folklor nümunələrinə, etnoqrafik materiallara əl gəzdirilib. Həmin materiallar dərsliklərə salınıb, radio, TV vasitəsi ilə xalqın beyninə yeridilib. Biz indi bu yanlışlıqları aradan qaldıra bilmirik. Çünki bu yalanlar üzərində bütöv bir nəsil yetişib.
-Mövsüm mərasimləri ilə bağlı
folklor mətnlərimizin məzmununun
dəyişdirilməsi barəsində nə deyə bilərsiniz?
-Elə o dediyim ideologiyaya
uyğun dəyişikliklər mövsüm mərasimlərinə
də aiddir. Təbii ki, bunların hamısının pis
olduğunu demək də yanlış olardı. Bilirik ki,
sovet dövrü həm də ateizm siyasəti ilə yadda
qalıb. Bu gün din adına qonşu və uzaq ölkələrdə
baş verənlərin bir çoxunu görəndə bəzi
məsələləri başa düşmək olar. Lakin insanı mənəvi yoxsulluğa sürükləyən
siyasət heç də yaxşı nəticə vermədi.
Çünki “sovetlər dağıldıqdan, kommunizm
ideyası aradan qalxdıqdan sonra insanların mənəviyyatında
bir boşluq yarandı və yad ünsürlər ölkəmizə
ayaq açdı” deyəcəkdim, amma bu günkü
Türkiyədəki durumu təhlil edəndən sonra fikrimdən
vaz keçirəm. Çünki
onlar sovetin buxovunda olmayıblar, lakin bu gün dindəki
aşınmalar orada da meydan sulayır. Təriqətlər
tarix boyu bir-biri ilə rəqabət aparıb. Hələ mən məzhəb məsələsini
demirəm. Hər birinin öz xətti, məqsədi,
iddiası olan 100-dən çox təriqətin
varlığı o bir Allaha, vahid dinə yox, müxtəlif vəqflərə,
şeyxlərə xidmət deməkdir... Allah birdir, ona gedən
yol da bir olmalıdır... Parçalanmalar və
rəqabət uçuruma aparır. Uzun əsrlər
bunun şahidi olmuşuq. Təkcə səfəviyyə
ilə bakuviyyənin misalında fəlakətin
ölçüsünü görmək
mümkündür...
Lakin bu gün folklorumuza,
etnoqrafiyamızda ciddi dəyişiklər və bunun da sayəsində
yanlış təhlillərə yol açan məqamlar da
çoxdur.
-Novruz adətləri
və çərşənbələrin sıralanmasında
da xeyli yanlışlıqlar var. Mümkünsə, azacıq
bu barədə də danışaq...
-Əzəldən
xalqımız yalnız ilin, ayın, yəni Boz ayın
Axır çərşənbəsini böyük
şadyanalıqla keçirib. Digər çərşənbələrin
hər birinin öz funksiyası var. Əslində 7 çərşənbə
nəzərdə tutulardı. Onun
üçü oğru çərşənbə adı ilə
Kiçik çilləyə düşərdi. Üçü isə doğru çərşənbə
adı ilə Boz aya düşərdi. Kiçik
çillə çıxan kimi gələn birinci çərşənbə
Yalançı çərşənbə sayılardı və
onu keçirməzdilər. Bu il
Yalançı çərşənbə fevralın 21-ə
düşür. 21-də hələ havalar
soyuqdur. Belə havada hansı
ağıllı, həm də rayonlarımızda bir-birini
suya basar? Çox yerdə heç qar-buz əriməyib.
Keçmişdə qış daha sərt
keçərdi. Övliya Çələbi yazırdı ki, Ərzurumda
bir kədi (pişik) bir damın üstündən o biri dama
tullananda havada donarmış... Söhbət inkişaf
etmiş böyük şəhərlərdən getmir...
Artıq ikinci Xəbərçi
(muştuluqçu, cıdırçı, müjdəçi
və s.) çərşənbədə yazın gəlişi
özünü bildirərdi. Hava isinməyə
başlayardı... Bu çərşənbədə
qışdan çıxan insanlar ev-eşiyi çölə
tökər, qarla xalça-palazı təmizləyər,
kişilər əkin yerlərinə baş çəkər,
dolmuş arxları, həyət-bacanı, tövlələri,
axırları, hinləri təmizləyərdilər. Artıq, köhnə,
çır-çırpını da yandırar,
külünü əkin yerlərinə, ağacların dibinə
tökərdilər. Ona görə bəzən
buna Küllü çərşənbə də deyirlər.
Üçüncü
çərşənbə Ölü çərşənbəsidir. Buna Qara
çərşənbə də deyirlər. Amma bu çərşənbəni İslamdakı
Qara bayramla bağlamayaq. Qara bayramın vaxtı dəyişir,
amma Qara çərşənbə hər il
Axır çərşənbədən əvvəlki
çərşənbədə qeyd edilir. Məqsəd
nədir? Həmin gün sübh tezdən
kişilər uzaqda, təpəlikdə yerləşən məzarlıqların
yollarını təmizləyir, qadınlar xonçalarla ora
gedir, qəbirləri təmizləyir, kimsəsizləri də
ziyarət edir, xonçaları orda qoyub qayıdırlar.
Kasıb ailələrin uşaqları o
xonçalardakıları götürüb evlərinə aparır
və bir həftə sonrakı Axır çərşənbə
süfrələrinə qoyurlar... Ağsaqqallar,
ağbirçəklər bu bir ildə dünyasını dəyişənlərin
ailələrini yasdan çıxardırlar ki, onlar da Axır
çərşənbəni şadyanalıqla qeyd etsinlər.
Həmin gün evdə ruhların adına
qazan asılır, qapı, pəncərə aralı qoyulur,
şam və ya ocaq qalanırdı ki, qaranlıqda ruhlar
yollarını azmadan gəlib o paydan nəsiblərini
alsınlar...
Dördüncü çərşənbənin
adı üstündədir: Axır çərşənbə.
Hamı elliklə bu çərşənbəni
keçirir, ertəsi gün su üstünə gedir, ayinlərini
icra edirlər. Budur dədələrimizin,
nənələrimizin çərşənbələri.
İndi mən də sizə və
eyni zamanda dörd ünsür, dörd çərşənbə
deyib hamısında tonqal qalayıb, şənlənənlərə
sual verim: Ağır
qışdan çıxmış, bütün odun,
oduncağını, əlindəki taxta tabağını yandırmış,
azuqəsi bitmiş, taxça-boxçası
boşalmış, yaz iş-gücünə başı
qarışmış xalqın o qədər odunu, yemək-içməyi,
boş vaxtı haradan idi ki, dörd çərşənbənin
dördündə də kef eləsin, tonqal qalasın, şəkərburalı,
paxlavalı, plovlu süfrə açsın,
çıqqıdı-çıqqıdı etsin? Niyə çərşənbə
deyirik? Axı Çərşənbə
həftənin III günüdür. Əslində isə
biz çərşənbə axşamından
danışırıq... Təbii ki, bunların da öz
cavabı var...
-Çərşənbə
sıralanmalarının yanlış təqdim edilməsində
məqsəd nə idi?
-Xocalı faciəsi Boz ayın ilk
çərşənbəsi – Yalançı çərşənbə
günü baş verib... Qarışıq
dövr idi. Bilənlər bilir, biz, yəni,
xalq Bakıda Xocalı faciəsi haqqında bir həftə, on
gün sonra xəbər tutduq. Çünki
yuxarıdan göstərişlə camaatın
başını çərşənbələrlə
qatdılar. Hər çərşənbə
axşamı Fuad Qasımzadə efirə çıxıb “bu
gün filan çərşənbədir. Onu belə qeyd etmək lazımdır...” deyib
insanların diqqətini başqa istiqamətə yönəldirdi.
Hakimiyyətdə böhran yaranan kimi hind filmləri ilə
camaatın başını qatan kimi... Və
sifarişi yerinə yetirən də rəsmi KİV-lər
idi. Elmi məsləhətçi isə əsasən
folklorşünas A.Nəbiyev olardı. Yəni, o da tək
deyildi... Beləcə, 1992-ci ildə onun bir il əvvəl nəşr
etdirdiyi gözəl mənbə olan
“Novruz bayramı” kitabına tamamilə zidd olan
“İlaxır çərşənbələr”
kitabçası çap olundu və özünün də
yazdığı kimi “bu ilk təcrübə” bəzi həmkarları
tərəfindən çox tezliklə də yayıldı...
Çünki yuxarının göstərişi vardı...
-Bu gün bu
problemin aradan qalxmasına nə üçün maraqlı
deyilik?
- Artıq böyük bir nəsil bu
yalanla böyüyüb. Üstəlik, hələ də bu cəfəngiyyatı
yayanlar, onun üstündə fəlsəfi fikirlər irəli
sürənlər var. Amma bu dörd ünsür, dörd
çərşənbənin xalqımıza bir çox
yöndən ziyanı var. Ən əsası hər kəsin
evində televizor var. Amma hamının iqtisadi durumu
keçmişdəki və hər zamankı kimi eyni deyil. Dolanışığından şikayət edənlər
də var, günahı başqalarında görənlər də.
Heç vaxt heç kəs düşünməsin
ki, hamının bərabər yaşadığı cəmiyyət
qurmaq mümkündür. “Sən ağa, mən ağa,
inəyimizi kim sağa”... Belə
bir vaxtda televiziyalarda hər çərşənbə kimlərinsə
bol süfrələri, dolu zənbilləri,
çal-çağırları göstərilir. İmkanı fərqli ailələrdə bu
görüntülər qıcıq yaradır. Çünki hər bir valideyn övladının
qarşısında özünü gücsüz, imkansız,
bacarıqsız hiss edəndə, içində olan kin, nifrət,
etiraz səsi, üsyan daha da artır. Bu da
sosial narazılığa gətirib çıxardır.
Düşünürəm ki, əvvəllər
olduğu kimi, yalnız Axır çərşənbə
keçirilməlidir. Belə olduqda
imkansızlara əl tutmaq da asan olar.
Dörd çərşənbə,
dörd ünsür məsələsi heç bir türk
xalqında, elə farsların özündə də yoxdur. Əgər dünyanın
heç bir yerində bu yoxdursa, qondarma məsələ bizi
dünyadan, eləcə də türk dünyasından
ayırmağa xidmət edir...
Boz ayın bütün çərşənbələrini
yemək-içmək, çal-çağırla keçirmək
istəyənlər də bütün ay boyu nə
alacağını, nə bişirəcəyini, kimi
çağıracağını, hansı restoranı,
hansı müğənnini sifariş verəcəyini
düşünməklə vaxtını keçirir... Təbii ki, çal-çağırdan pul
qazananlara, bazarlara, marketlərə, savadsız, lakin
özünü çox bilən kimi göstərən
“jurnalistlər”ə bu sərf edir. Hətta
bəzi kanallar rayonlara gedib orda səhnəciklər qurub
yanlış adları xalqın adından qələmə
verməyə çalışırlar. Xüsusilə
də Qazaxda qurulan tamaşalar gülməlidir.
Çünki orda insanlar hələ də Ölü çərşənbəsində
məzarlıqlara axışır...
Seçim xalqındır. Dədə-babadan
Axır çərşənbə Novruzun özündən
yaxşı keçirilib. Əsas səbəb də ilin
ağır və Axır çərşənbəsindən
xoşluqla ayrılmaqdır...
Elmin Nuri
Türküstan.-
2017.- 21-27 fevral.- S.16.