Yazılı abidələrimiz
və nağıla bənzər Alim ömrü
“Elm əbədi olaraq
canlıdır.”
(Xacə Nəsirəddin Tusi)
“Biri vardı, biri
yox…”
Başlanğıcı
ötən sayımızda
“Mir Möhsün
Nəvvabın erməni tayfasına nəsihətləri”
Alimin nəşrə
hazırladığı çoxsaylı əsərlər
arasında bir kitab öz ictimai-siyası dəyəri və
aktuallığı ilə xüsusilə seçilir: Mir
Möhsün Nəvvab. “1905-1906-cı illərdə
er¬məni-müsəlman davası”. “Görkəmli alim,
yazılı abidələrin məhsuldar tədqiqatçısı”
adlı məqaləsində Kamandar Şərifovun yaradıcılığını
yüksək dəyərləndirən filologiya üzrə
elmlər doktoru Paşa Kərimovun sözləri ilə desək,
“ o, 1993-cü ildə Arif Rama¬za¬nov¬la birlikdə Mir
Möhsün Nəvvabın “1905-1906-cı illərdə er¬məni-müsəlman
davası” adlı kitabını müasir əlifbada çap
et¬dir¬məklə bir daha sübut etdi ki, biz azərbaycanlıları
erməni fit¬nə¬kar¬lığından qafil xalq kimi qələmə
vermək doğru deyildir. Sa¬də¬cə olaraq,
rus işğalı illərində, sovet dövründə
görkəmli ziya¬lı¬larımızın erməni məkri,
erməni xəyanətkarlığı barədə
yaz¬dıq¬la¬rı bizdən gizlədilmiş, onların nəşri
qadağan edilmişdir.”
– Kamandar müəllim,
sizin hörmətli əlyazmaşünas, Əlyazmalar
İnstitutunun böyük elmi işçisi Arif Ramazaovla birgə
nəşr etdirdiyiniz Mir Möhsün Nəvvabın
“1905-1906-cı illərdə er¬məni-müsəlman
davası” kitabından əlavə, eyni zamanda dövri mətbuatda da bu barədə
məqalələriniz dərc olunub. Həmin məqalələrdən
biri də “Mir Möhsün Nəvvabın erməni
tayfasına nəsihətləri” adlanır. Əsərdə, təəssüf ki, bu gün də
öz aktuallığını saxlayan ən başlıca məsələlər
hansılardır? Və M. M. Nəvvabın
erməni tayfasına nəsihətləri hansılardır?
-Sovet imperiyası
dağıldıqdan sonra süni şəkildə ortaya
atılmış Dağlıq Qarabağ probleminin öyrənilməsi,
onu ortaya atmış erməni millətçiləri və
onların havadarlarının niyyətlərini ifşa etmək
baxımından 1833-1918-cü illərdə
yaşayıb-yaratmış Mir Möhsün Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman
davası” adlı əsəri son dərəcə əhəmiyyətli
bir mənbədir. O, öz dövründə ermənilərin
Qarabağda, Tiflisdə, Bakıda, İravanda, Təbrizdə,
Naxçıvanda və başqa yerlərdə xalqımıza, qarşı
törətdikləri qırğınları və xəyanətləri
olduğu kimi qələmə almışdır. Müəllifin kitabda qələmə
aldığı o dövrdəki erməni xəyanəti, erməni
iddiaları, erməni yalanları, erməni
ikiüzlülüyü, ermənilərin xalqımıza
qarşı düşmənçiliyi, erməni terroru, indi də
eynən davam edir. M.M.Nəvvab yazır: “Bir mötəbər
ziyalı mənə danışdı ki, Almaniyanın
dövlət xadimi və alimi mənə dedi ki, ermənilər
ki bu cür yol tutub, çox tezliklə dünyanın
üzündən yox olub, onlardan bir əsər-əlamət
qalmayacaqdır”. Buna görə də M.M.Nəvvab erməni
tayfalarına belə nəsihət edir: “ Allah-təalaya
dua edin ki, sizlərə rəhimli və insaflı ürək,
xoş niyyət, fitnə-fəsadlardan uzaq, gözəl əməllər
qismət edərək, xasiyyətinizi dəyişdirsin və
pis əməllərdən çəkindirsin. Bəlkə,
bu zaman insanlığa layiq sifətlər əldə edəsiniz.
Yoxsa, siz bu vəhşi təbiət və qəddarlıqla,
banklara beş-altı şahı toplamaqla, fəqir-füqəranı
aldadıb zorla onlardan beş-üç şahı
qopardıb cibinizi doldurmaqla, bığınızı burub,
başınıza papaq qoymaqla və çiyninizə
yapıncı salmaqla padşah olmaq mümkün deyildir. Nahaq qanlar töküb namərdliklə qəflətən
insan məxluqunu öldürüb, burun-qulağını kəsib,
başına nal çalmaqla və başqa növ vəhşiliklə
böyük olmaq mümkün deyildir. Belə
qəddar və vəhşi adamlar böyük olmaz, əksinə,
o həmişə zəlil və bütün məxluqatın
ayaqaltısı olar. Siz xalqınız
içərisində əkdiyiniz qəddarlıq toxumunun
tezliklə barını görəcəksiniz. Allah-təala da bu zülmləri törədənlərə
rəhm etməyəcəkdir.”
“Hər bir tədqiqatçı
üçün çox vacib”
-Bu yaxınlarda
Türkiyədən, Beynəlxalq Üsküdar Simpoziumundan
qayıtmısınız. Maraqlıdır, hansı mövzuda
məruzə
etdiniz o simpoziumda? Və
ümumiyyətlə, beynəlxalq simpoziumların elmi fəaliyyətinizdə
rolu barədə nə deyərdiniz?
-Bəli, mən bu yaxınlarda
İstanbulda IX Beynəlxalq Üsküdar simpoziumunda iştirak
etmişəm. Bu simpoziumda vaxtilə Üsküdarda
yaşayıb yaratmış və orada da vəfat edərək
dəfn olunmuş Azərbaycan alimi Məhəmməd Əmin
Şirvani haqqında məruzə ilə
çıxış etdim.XV əsrin ikinci, XVI yüzilliyin
birinci yarısında yaşayıb-yaratmış görkəmli
Azərbaycan alimlərindən biri də Məhəmməd
Əmin Sədrəddin oğlu Ağdaşi Şirvani Molla
oğlu (Mollazadə) olmuşdur. Onun
dövrümüzədək gəlib çatmış əsərlərinin
orta əsr əlyazmaları, eləcə də onun həyat və
yaradıcılığı haqqında məlumat verən
orta əsr mənbələri və ayrı-ayrı ölkələrdə
çap edilmiş çağdaş Şərq əlyazmaları
kataloqları üzərində aparılan
araşdırmalardan aydın olur ki, bu dəyərli alim elm aləmində
böyük nüfuza yiyələnən dövrünün məşhur
şəxsiyyətlərindən olmuşdur. Alimin “Cihət əl-vahdə” adlı
traktatının Azərbaycan MEA Əlyazmalar İnstitutunda
saxlanılan orta əsr əlyazmalarının birində o,
“Əş-Şeyx ər-rəis” (“Başçı şeyx”)
adlandırılmışdır ki, bu da onun elm aləmində
hansı səviyyəyə yüksəldiyini göstərən
əyani dəlildir. Alimin “Cihət əl-vahdə”
adlı əsərinin orta əsr əlyazmalarının birində
verilmiş “əl-Ağdaşi” nisbəsinə söykənərək
deyə bilərik ki, o, əslən Azərbaycanın
Ağdaş vilayətində ziyalı ailəsində
dünyaya göz açmışdır. Bursalı
Məhəmməd Tahir onu “fazil oğlu fazil”
adlandırmışdır, çünki Məhəmməd
Əminin atası Sədrəddin də dövrünün
tanınmış alimlərindən olub. Bursalı Məhəmməd
Tahirin verdiyi bilgilərdən belə qənaətə gəlmək
olar ki, Məhəmməd Əmin ilkin təhsilini
Ağdaşda aldıqdan sonra o, müxtəlif elmlərə dərindən
yiyələnmək və ali təhsil
almaq məqsədilə İstanbula getmişdir. Alim hicri 1036
(m.1626)-cı ildə vəfat edib və öz vəsiyyətinə əsasən,
İstanbul yaxınlığında yerləşən gözəl
mənzərəli Üsküdar adlı məntəqədə
dəfn edilmişdir. Onun ən böyük və
məşhur əsərlərindən biri “əl-Fəvaid əl-Xaqaniyyə
əl-Əhmədxaniyyə” adlanır. Alim
bu əsərini Osmanlı sultanı Əhmədə həsr
etmişdir. Müəllif
burada 54 ədəd müxtəlif orta əsr elmlərinin
təsnifatını vermiş və onlardan bəhs
etmişdir.O, “Cihət əl-vahdə”, “Risalə alə bəhs”,
“Cihət əl-vahdə”, “Haşiyə alə şərh”,
“Ənmuzəc fin-nəhv”, “Haşiyə alə şərh “ər-Risalət
əş-Şəmsiyyə fil-qavaid əl-məntiqiyyə”,
“Təəddüd əl-qavami”, “Əl-Məbdə vəl-miad”,
“Fəidəttaulə fil-ilm əl-məani”, “Məqalət əhlil-aləm
vəl-məzahib əl-müxtəlifəti li tavafi əl-uməm”
və “Quran”ın təfsirinə aid bir sıra əsərlərin
müəllifidir.Ümumiyyətlə, mənim fikrimcə,
beynəlxalq konfrans və simpoziumlarda iştirak etmək hər
bir tədqiqatçı üçün çox vacibdir. Tədqiqatçı
müxtəlif ölkələrdən gəlmiş alimlər
və onların apardıqları elmi araşdırmalarla
yaxından tanış olur, bu isə gələcəkdə
onlarla elmi əlaqələrin yaradılmasına kömək
edir. Bununla da hər bir elm adamı öz ixtisas sahəsi
üzrə dünyada aparılan tədqiqatlarla yaxından tanış olur. Bu da öz
növbəsində aparılan tədqiqatların istiqamətlərinə
və səviyyəsinə təsir etməyə bilməz.
Bir sıra hallarda isə bəzi ölkə
nümayəndələri Azərbaycan və Azərbaycan mədəniyyət
xadimləri haqqında yanlış fikirlər söyləyərkən,
onların bu fikirlərini təkzib edərək,
iştirakçılarda düzgün təsəvvür
yaratmaq lazım gəlir. Ümumiyyətlə,
belə elmi məclislərin əhəmiyyəti olduqca
böyükdür.
“Adamlara xoş gələni
deyil, faydalı olanı məsləhət gör”
-Kamandar müəllim,
yeni ildə yeni planlarınız barədə nə deyərdiniz?
Xarici səfərlər
gözlənilirmi?
-Yeni, 2017-ci ildəki planlarım
çoxdur. Hər şeydən öncə, Allahın köməyilə
Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin
kitabxanasından olan əlyazmaların kataloqunun II cildini
başa çatdırmağı, onun bir sıra əlyazmalarının
tədqiqini və elmi irsi hələ öyrənilməmiş
və ya az öyrənilmiş Azərbaycan
müəllifləri haqqında bir kitab hazırlamağı nəzərdə
tutmuşam. Ümumiyyətlə, planlar
çoxdur.Xarici səfərlərə gəlincə, hələlik
belə bir səfər nəzərdə tutulmur. Sağlıq olsun, gələcək özü
göstərəcək. Bu yaxınlarda,
Qahirədə Ərəb ölkələri liqasının nəzdində
yaradılmış Ərəb Əlyazmaları
İnstitutunun direktoru doktor Feysəl əl-Hafyan Bakıda bizim
qonağımız oldu. Gələcəkdə
bu institutun zəngin fondunda işləyərək, orada olan Azərbaycan
müəllifləri əsərlərinin əlyazmalarını
müəyyənləşdirmək istərdim.
-Sizə Azərbaycan elm və mədəniyyəti naminə
gördüyünüz şərəfli işinizdə
uğurlar arzulayıram.
– Təşəkkür edirəm,
qızım.Çox sağ olun!
***
Kamandar müəllimin, illərin təcrübəsindən yaranan dünyagörüşünün məhsulu olan “Ömürdən yarpaqlar, gəzdiyim torpaqlar” memuarını yenidən vərəqləyirəm. Bir insan ömrünün, bir həyat ağacının yarpaq-yarpaq xatirəyə çevrilən nağılı əbədiləşib bu kitabda.Bir az da Şərq nağıllarına bənzəyir bu nağıl. Axı, bu nağılın qəhrəmanının da sorağı gah Misirdən, gah İraqdan, gah da Yəməndən gəlir. Uzun illər tərcüməçi kimi çalışdığı qürbət diyarlarda – gəzdiyi torpaqlarda bu nağıl qəhrəmanı ən əsas olanı – insanlıq ləyaqətini, milli kimliyini heç vaxt unutmayıb, bu yad ellərdə doğma vətəninin, xalqının şərəfini uca tutub. Bu qəhrəmanın – Kamandar Şəriflinin mənalı ömür yolunda örnək olmalı çox məqamlar var. Memuarına yazdığı “Son söz əvəzi”ndə Kamandar müəllimin qələmə aldığı bir epizodu da xatırladım bu məqamda. Bir gün evdə araşdırmaları üzərində işləyərkən, başqalarının oxuyub qurtardığını, artıq işlədiyini misal çəkərək, atasına “Bəs, sən nə vaxt oxuyub qurtaracaqsan?” – deyən yeddi yaşlı qızı Ayselin (onu da qeyd edim ki, bu balaca qız elə özü də illər sonra bir müddət atası ilə bərabər Əlyazmalar İnstitutunda çalışdı, onunla bərabər əlyazma əsərlərini tədqiq etdi, kitablar yazdı və hazırda filologiya üzrə fəlsəfə doktorudur) sözlərini yada salan alim yazır: “Qızım düz deyirdi, mən hələ də oxuyur, öyrənir və öyrəndiklərimi kitab-kitab hazırlayaraq nəşr edirəm.” Bəli, Kamandar müəllim nağıla bənzər ömrünün bu müdriklik çağında hələ də oxuyur, öyrənir və öyrəndiklərini kitab-kitab bizlərə təqdim edir. “Ömürdən yarpaqlar, gəzdiyim torpaqlar” adlı memuarının “Son söz əvəzi”ni də alim, məhz Peyğəmbərimizin (s.a.s.) elm barədəki mübarək kəlamı ilə bitirir: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.” Alimin uzun illərin, gərgin zəhmətin bəhrəsi olan, bir-birindən dəyərli kitabları milli-mənəvi sərvətimiz olan mədəni irsimizi, yazılı abidələrimizi öyrənmək baxımından olduqca faydalıdır. Elə söhbətimi də, memuarının hər fəslini, əksəriyyəti öz qələminin məhsulu olan bir beyt şeirlə və hikmətli sözlərlə başlayan Kamandar müəllimin bir müdrik kəlamı ilə bitirmək istəyirəm: “Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör”.
Şəlalə Ana,
şair – publisist, filologiya üzrə
fəlsəfə doktoru
Türküstan.-
2017.- 21-27 fevral.- S.11.