Turan
İmperiyasının tarixi və mahiyyəti
I YAZI
İlk Turan
İmperiyasının nə zaman mövcudluğu ilə
bağlı müxtəlif fikirlər mövcudur. Onun tarixini m.ö. 4-2
minilliklərə, bəzən də daha qədim dövrlərədək
aparıb çıxaranlar da, eyni zamanda belə bir
imperiyanın miladdan öncə 1-ci minilliklə miladdan
sonrakı 1-ci minilliyin arasında görənlər də var.
Buna səbəb də, Turan İmperiyasının
varlığına yanaşmalarda Qərb alimlərinin əksəriyyətinin
elmi obyektivlikdən çox subyektivliyə yol vermələridir.
Şübhəsiz, bu subyektivliyin arxasında da
Avropalıların iranlıların/farsların “qara
qaşlarına, ala gözlərinə aşiq olması” deyil,
daha çox qərbçi, yəni antitürk/antiislam
maraqları önəmli rol oynamışdır. Ona
görə də, bir neçə Qərb alimini
çıxmaq şərtiylə çoxu Turan
İmperiyasının, o cümlədən türklərin
tarixini bacardıqları qədər “gənc”ləşdiməyə,
bu da mümkün olmadığı halda Turanlıları
Türklərdən ayırıb onu Hind-Avropa mənşəli
iranlıların aşağı budağı elan etməyə
çalışmışlar.
Turan İmperiyasının
varlığıyla bağlı fikirlərin yenidən
gündəmə gəlməsi də, əslində
İran/Arya ideyasının dirçəldiləməsi zəminində,
istər-istəməz ortaya çıxmışdır. Bu baxımdan XIX əsrdən
etibarən Avropa alimlərinin əksəriyyətinin Qacarlar
dövlətinin ərazisini “Persiya” ya da “İran” kimi
adlandırması, bu zaman da “İran İmperiyasını” qədimləşdirmək
adına onun Turan İmperiyasıyla
üz-üzə qoyulması sırf Qərb mərkəzli
ideya olmuşdur. Çünki iranlıların/aryanların ən
əski tarixində iki millətlə: Turanlılar və Samilərlə
böyük müharibələr olmuşdur. Ancaq
bu bir faktdır ki, iranlılar Ön Asiyaya və Orta Asiyaya gələndə
ilk böyük qarşıdurmaları Samilərlə deyil,
Turanlılarla olmuşdur. Bu anlamda Qərb
alimlərinin iranlılar/aryanlar-samidillilər deyil, iran-turan
problemini daha çox gündəmə gətirmələri
başa düşüləndir. Çünki
ən əski dövrlərə baxanda iranlıların
varlığını ortaya qoyan məhz turanlılar
olmuşdur. Bu aryanların ən qədim kitabı hesab
olunan “Avesta”da, eləcə də onun Orta əsrlərdə
davamı olan “Şahnamə”lərdə də öz əksini
tapmışdır ki, həmin kitabların ortaya
çıxması İran-Turan probleminin yenidən gündəmə
gəlməsində mühüm rol oynamışdır.
Ümumiyyətlə, Qərb
alimləri özəlliklə XVIII əsrin ortalarında
fransız alimi Düpperon tərəfindən aşkar edilən
“Avesta” (“Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdli
ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə
bağlı müxtəlif müddəalar ortaya
atmışlar. “Avesta”ya əsaslanaraq ən əski dövrlərdə
“Aryan/İran” və “Turan” olduğunu iddia edən Qərb alimlərinin
əsas müddəalarından biri odur ki, “İran”/Arian və
“Turan”/Tur əzəldən bir-birinə düşmən iki
ayrı-ayrı millətləri kimi dilləri, dinləri və
mədəniyyətləri fərqli olmuşdur.
Doğrudan da, “Avesta”nın
Qatalar bölümündə Tur və Tura adlı qövmdən
bəhs olunur ki, Turlar Aryanların düşməni kimi
göstərilir. Belə ki, «Avesta»da Zərdüştün
dilindən Divlərə-Şər tanrılara qurban kəsən
turanlıların pislənməsi, arilərin isə təriflənməsi
faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə
Usan, Xosrava, Paurva, Camasp kimi ari soyundan olanların qurbanın qəbul
edən zərdüşti allahlardan olan Anahit Ardvisur,
turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər
Tonqa), Arcatpın qardaşı Bandaramanış və
başqalarının qurbanını isə rədd edir: «Ona
qurban gətirdi əsli Turanlı olan, Uçurum
qırağında bədəməlli Franqrasyan… Anahit Ardvisur Ona belə bir uğur, səlahiyyət
vermədi. Ancaq Anahit Turan ölkəsini,
Turan Danvalarını məğlub etmək, ələ
keçirmək istəyən arilərə uğur diləyir.
Maraqlıdır ki, əski Turan mənbələrində
də göstərilir ki, Zərdüşt ömrünün
axırında öz dinini yaymaq uğrunda müharibələrdə
iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə
öldürülmüşdür.
Qərb alimlərinin “İran” və
“Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini
doğru hesab edən Türk aydını Mehmet Fuad
Köprülü də yazır ki, Arilərlə Turlar
başqa-başqa millətlərdir: “İranlılar Tura nisbətlə
bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca
türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur
və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub
İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib.
Alp Ər Tonqanın dövründə
Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura
Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi.
“İran” “Turan” qövmi
ayrılığına dəlillərdən biri kimi də
Turan hökmdarlarının “Xan”, İran
hökmdarlarının isə “Şah” adlandırılması
göstərilir. Ancaq zaman-zaman “Xan” ünvanını
Türk və Turan toplumlarla yanaşı əfqan, pakilər,
farslar, çinlilər də işlətmişlər. Hətta, İran-Fars yazarları “Şahnamə”,
Turan-Türk alimləri isə “Xannamə” yazmışlar.
Beləliklə, dünya
alimlərinin, o cümlədən qərblilərin irəli
sürdükləri əsas müddəalardan biri odur ki,
bir-birinə düşmən olan Aryanlar Hind-Avropa mənşəli
olduğu halda, Turlar türklərin əcdadıdır və
onun adını Turan torpağının adından ayırmaq
olmaz.
Fransız alimi G.Montandona görə də Turan irqi Ari irqindən
fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz
bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar,
monqollar və başqaları aiddirlər. Alman
alimi Max Müllerə görə də Türk, Moğol,
Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir.
Bir zamanlar Sümer, Yapon və Qafqaz dilləri də
Turani dillərə aid olmuşdur. L.Rasonyi də hesab edir
ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə
də az bağlı olub, daha çox
Ön Asiyaya aiddir.
Sadəcə, bu günün
özündə də ən çox mübahisə
doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun
müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar,
Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən
tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da
Turan/Turanlı olması məsələsidir. Məsələn,
Şərq qaynaqları əsasən İskitlərin,
Sakaların Turanlı, Qərb alimləri isə Aryan soylu
olduğunu iddia edirlər. Ancaq Skiflərin
deyil də, daha çox Sakaların Turanlı olduğu haqda Qərb
və Şərq alimləri arasında fikir birliyi vardır.
Hüseyin Cevizoğluna görə də,
Türk və Turan sözlərinin kökü “Tur/Dur”la, sonu
isə saklarla bağlıdır. Tursak və
Tursaki adları da göstərir ki, Türklər Saka
çağında (m.ö. 10-8-ci əsrlər) bu adla
anılmış Turanlı boylardır.
Qərb alimlərinin ikinci
müddəasına görə, “İran”/Aryanlarla və
“Turan”/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və
aşağı budaqlarıdır. Bu məsələylə
bağlı isə, Avropa alimlərindən bir hissəsi hesab
edirlər ki, eyni kökdən olan Arilər və Turların
bir-birindən ayıran əkinçiliklə köçərilik
və din məsələsi olmuşdur. Bu
müddəaya görə, Turlar ya da turanlılar əkinçi
İran boylarına qarşı çıxan köçəri
İran boyları olub ki, onlar arasında düşmənçilikdə
yalnız dini inanclarla bağlı olmuşdur. Bu
uydurmanın ortaya çıxmasında fars
şairi Firdovsinin də rolu az olmamışdır. O,
“Şahnamə”də heç bir əsas olmadan yazır ki,
İran/Aryan şahı Firudin aləmi üç oğlu
arasında bölüşdürür: Rumi Xavəri Səlmə,
Çinlə Türküstanı Tura və İranı isə
İyrəcə verir. Firdovsinin bu əsərindən
belə çıxır ki, guya Səlmlə İyrəcin
qardaşı olan Tur türklər yaşayan ölkənin,
İyrəc isə İranın sahibi olmuşdur. Firdovsinin “Şahnamə”də Turlarla Arilərin/İranlıların
eyni irqdən olması kimi uydurmalara yol verməsi bir neçə
məqamda aşkar şəkildə ortaya çıxır.
Birincisi, Firdovsi yazır ki, İran/Fars
şahı “oğlu” Turu türklər yaşayan Turana, yəni
Türküstan və Çinə şah kimi göndərir.
Bu o deməkdir ki, Tüküstanla Çinə
hökmdar gedən Turun fars/iranlı olması mümkün
deyil idi. İkincisi, daha sonra Firdovsi
yazır ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb)
zərdüştilik dininin yayılması ilə məşğul
olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər
arasında zərdüştiliyin yayılmasına əngəl
olmuşdur. Bu o deməkdir ki, Turun xələflərindən
olan Alp Ər Tonqa ulu babaları kimi
Tanrıçılığa daim sadiq qaldıqları kimi, bu
torpaqlara gəlmə olan Gətasb Arilərin oda pərəstişlərinin
davamı kimi zərdüştlüyü qəbul etmişlər.
Üçüncüsü, Firdovsi Turanın başına
Turu göndərməklə dolayısıyla Türklərin/Turanlıların
başçılarının daima İran/Arilər tərəfindən
təyin olunması
uydurmasını ortaya qoymağa
çalışmışdır. Halbuki Turan
İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə
qədər Türklərin vassalı olmuşdur. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi
üçün Arilərin gah Türklər, gah da Sami
xalqları üzərində hakimiyyət sürməsi kimi
uydurmaları dövriyyəyə buraxmışdır. Bunu inandırıcı etmək üçün də,
Türküstanın/Turanın hökmdarını “İran
şahının oğlu” kimi qələmə verir.
Bizcə, yeni dövrdə də Firdovsinin uydurmalarına yalnız onun kimi “uydurmaçı” Qərb alimləri inanmışlar. Belə ki, Lev Qumilyova görə, eyni kökdan olmalarına baxmayaraq arilər/iranlılar zərdüştliyi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar. V.Bartold da hesab edir ki: “Turana gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmənçilik var idi və VI əsrdə Türküstan türklərin hökmranlığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”. Bu mülahizə Qərbçi A.Toynbi və başqaları tərəfindən də müdafiə olunmuşdur. Ümumiyyətlə, bu qərbçiu alimlərin fikirlərindən belə “nəticə” çıxır ki, ən qədim dövrlərdə Avropada və Asiyada, ancaq eyni soykökdən olan Hind-Avropa (Ari və Turan) əhalisi yaşamışdır, yalnız erkən orta əsrlərdə haradansa, yəni Avropada və Asiyada əvvəllər yaşamayan türklər «peyda olmuş» və onlar hind-avropalıların qədim məskənlərini ələ keçirərək buranı Türküstan adlandırmış, hətta üstəlik Turan adını da onlardan mənimsəmişlər. Şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirə bilməz.
Bəzi qərb alimləri
ikinci müddəalarının zaman zaman gerçəkçi
olmamasının aşkra çıxmasılyla
üçüncü mülahizəni də ortaya
atmışlar. Belə ki, bəzi Qərb müəllifləri
yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti
deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi,
Turan vətəni) ifadə edir. Məsələn, Eliza
Reklüye görə, Turan anlayışı altında hələ
qədim zamanlarda Asiyadan Şimali Buzlu okeanına və Berinq
boğazına qədər ərazilər nəzərdə
tutulur. O zaman “İran”ın da “Turan” kimi milliyyət deyil,
coğrafi ərazi, vətən adı olması mülhaizələrini
irəli sürmək lazımdır. Bu məntiqdən
çıxış etsək, “İrandilli xalqlar”
anlayışı ya tamamilə mənasızdır ya da əks
təqdirdə “Turandilli, Turansoylu xalqlar” istilahı da eyni
ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia etmək ki, “Turan” yalnız
coğrafi addır ya da Ariliyin aşağı
budağıdır, qətiyyən doğru deyildir. Əski
dövrlərıə bağlı Turan dedikdə,
turların/türklərin yaşadığı ölkə,
dövlət, imperiya başa düşülməlidir.
Doç.Dr.
Faiq ƏLƏKBƏR
Türküstan.-
2017.- 21-27 fevral.- S.5.