"Meyitlərimizin üstündə oturub gülə-gülə
araq içirdilər" – Xocalı sakini 25 il əvvəldən
danışır
"Meyitlərimizin üstündə oturub gülə-gülə araq içirdilər" – Xocalı sakini 25 il əvvəldən DANIŞIRSabah Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu.
O soyqırımı ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.
Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.
Atəşkəs dövrünün insanları olaraq, 1992-ci ildən bəri hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.
Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.
Daha xocalılara onlar demirik,
onlar elə bizik. İndi hər birimiz Xocalıyıq!
Xocalı 1992-ci il
fevralın 25-dən 26-na keçən o müdhiş gecə...
Xocalı sakini Adil Quliyev 25 il bundan əvvəlin 25-dən 26-na keçən
gecənin qanlı fevralını belə xatırlayır:
"Fevralın
25-i hamımız ümidli idik"
"1992-ci ilin 25 fevral
günü mən Ağdamdan Xocalıya gəldim. Vəziyyət
digər günlərdəki kimi idi. Xocalı
sakinləri hər gün olduğu kimi fevralın 25-də də
səhərlərini ümidlə açmışdılar.
Fevralın 25-i günü də ermənilər
atəş açırdılar. Amma biz
buna adi yanaşırdıq. Çünki
hər gün vəziyyətimiz belə idi. Digər günlər kimi Allaha pənah deyib otururduq.
Heç bir Xocalı sakini 25-dən 26-na
keçən gecə dəhşətli hadisənin baş verəcəyini
gözləmirdi. Hətta, 25-i axşamı hardasa saat
10-11 radələrində ermənilərin atəş
açması zamanı inanmırdıq ki, nəsə ola bilər. Amma hücumların
miqyası genişləndikcə, anladıq ki, vəziyyət
çox pisdi. Xocalı 4 tərəfdən
hücuma məruz qaldı. Kəndləri
yandırmağa başladılar".
Xocalı hadisələri zamanı 20
yaşında olmuş Adil Quliyev deyir ki, səngərlərdə
o qədər oğullarımızın meyiti qaldı ki!
"Laçın rayonunda
doğulmuşam. Amma ailəliklə Xankəndidə
yaşamışıq. 1988-ci ilin hadisələri
zamanı biz Xocalıya gəldik. Hələ
Xankəndidə yaşadığım dövrdə ermənilərin
xislətini görmüşdük. Uşaq
olanda məktəbə gedib-gələndə bizi daşa
basırdılar, söyürdülər. Milli
zəmində söhbətlər edirdilər. Xocalıda özünümüdafiə batalyonunun
üzvü idim. Xocalı faciəsi
zamanı mən səngərdə hərbçi idim. Son gününə qədər mübarizə
aparanlardan olmuşam. Səngərlərdə o qədər
oğullarımızın meyiti qaldı ki! Heç
onları götürə də bilmədik.
İki qardaşımdan biri
ermənilərin əlinə keçməməkdən
ötrü özünü öldürüb. Digər
qardaşım isə ermənilərə əsir düşsə
də sonradan geri qaytarılıb".
Müsahibimiz deyir ki, bizimlə
birgə Məhsəti türkləri də ermənilərə
qarşı mübarizə aparırdı.
"Yerli müdafiə
batalyonunun komandirlərindən biri Məhsəti türkü
idi. Adı Sərvərdir.
Hal-hazırda Sabirabadda yaşayır. Məhsəti türkləri, sıravi
döyüşçüdən tutmuş zabitlərə qədər
bizimlə birgə ermənilərə qarşı mübarizə
aparıb. Onlar sonuna qədər bizim
yanımızda olublar. Onlar da əziyyət
çəkərək şəhid olub.
Heç bir insanın edə
bilməyəcəyi vəhşiliyi ermənilər bizim
başımıza gətirdilər. Ermənilərin bu vəhşiliyi
törətməkdə məqsədi müsəlmanların
kökünü kəsməyə hesablanmışdı.
Əgər torpaqlarımızı ələ
keçirmək istəyirdilərsə, bunu vəhşilik etmədən
də həyata keçirə bilərdilər. Amma biz ermənilərin törtədiyi ən murdar vəhşiliyin
qurbanı olduq. Qadınlarımızı,
uşaqlarımızı amansızcasına məhv etdilər.
Həmin gecə elə hadisələrin şahidi olmuşam ki!... Ananın gözləri
qarşısında uşaqlarını ağaca
bağlayıb deyilə bilməyəcək formada
başlarına oyun açıblar. Xocalıda
Elman adlı avtobus sürücüsü vardı. Gözümün qabağında onun
başının dərisini soydular".
Xocalı
soyqırımının şahidi deyir ki, ermənilər
meyitlərlə çox pis rəftar edirdilər.
"Ağdamla Əsgəran
yolu arasında şəhidlərimiz çox idi. Mən də
3 gün meşədə tək qalmışam. Çünki 25-dən 26-na keçən gecə
sonuna qədər ermənilərlə
döyüşmüşəm. Ermənilərin
əlinə keçməmək üçün həmin
meyitlərin arasında gizlənmişdim. Meşəyə
gələnə qədər bütün meyitləri adbaad
tanıyırdım. Həmin vaxt ermənilərlə
çox yaxın təmasımız olub. Amma
onlar məni görməyib. Bir hadisəni
heç yadımdan çıxara bilmərəm. Meşədə meyitlərin arasında gizləndiyim
vaxt 3 erməni ora gəldi. Bir bankada araq
çıxarıb yüngülvari nəsə yedilər.
Xankəndidə yaşadığımıza
görə ermənilərin dilini bilirdim. Xocalını
işğal etdiklərinə görə meyitlərin
üstündə oturub gülə-gülə araq içirdilər.
Əllərində avtomat var idi. Mən isə silahsız idim. Onları
kənardan səssiz izlədikcə mənə elə gəlirdi
ki, onlar insan deyillər. Çünki insan
bu cür çirkin işlərə əl atmaz. Təsəvvür
edin: meyitlərimizdən birinin erməni hərbçisi gəlib
ya dərisini soyurdu, ya da qulağını kəsirdi. Digər erməni hərbçisi də eyni meyitin
üzərində yenidən vəhşilik edirdi. Bu
cür insanlıq ola bilərmi?! Onsuz da insanlarımızı
öldürmüşdülər. Yenidən
ölüyə elə işgəncələr vermələrini
hələ də başa düşə bilmirəm. Nə fikirləşirdilər, bilmirəm. Onlarda bizim millətə qarşı o dərəcədə
nifrət vardı ki, bu, ancaq ondan irəli gələ bilər.
Elə hadisələrin şahidi olmuşam ki,
deyiləsi deyil.
Üçüncü
gün isə Əsgəran tərəfdə bizimkilər ermənilərlə
döyüşürdü. Meşədə 3
gün qaldığıma görə ayağımı
şaxta vurmuşdu. Fikirləşirdim ki,
bir neçə gün də qalsam, məni də don vuracaq.
Məcbur olub erməninin səngərinin
yanından keçib getmişəm. Bəlkə
də erməni məni elə erməni bilib deyə heç nə
etməyib. 1992-ci ilin fevralında 20
yaşım vardı. O yaşda nələr görmədim
ki!
Xocalı faciəsindən
sonra Ağdam-Ağdərə, Laçın-Kəlbəcər
istiqamətində gedən döyüşlərdə
könüllü vuruşmuşam. Başqa yolumuz yox idi.
Xocalı faciəsini yaşayan insan ermənilərə
qarşı silah götürüb döyüşməyə
bilməzdi".
Namidə
Bingöl
Türküstan.- 2017.- 26 fevral-6 mart.- S.16.