Almas
İldırımın oğlu: “Atam 32 kənddə məktəb
tikdirmək
üçün atının belindən enmədi”
… İyun ayının 10-u, saat
11:34. İzmir. Şənbə günü olduğu
üçün mühacir şair Almas
İldırımın oğlu Azər Almas bəyə mesaj
yazaraq İzmirdə olduğumu, çap etdiyimiz kitabları gətirdiyimi,
görüşmək istədiyimi bildirirəm. Zəng edir,
evinə çağırır, ünvanını deyir.
Fahrettin Altay
metrosunun qarşısından minibüsə minib İzmirin
Güzelbahçe ilçəsinə doğru yola
düşürəm. Az sonra minibüs sahil yolu ilə getməyə
başlayır. Sağda qalan Ege körfəzinin
maviliyini izləyərkən müsahibimin həyat yolu da
gözümün önünə gəlir. Əgər Almas
İldırım və xanımı Zivər bütün
hisslərini boğub uşaqlarını qayanın dibində
tərk etsəydilər, Azər bəyin taleyi indi necə
olacaqdı? Türkmənistan və ya İran vətəndaşı
olaraq ailə bildiyi insanların yanında böyüyəcək,
atasının kim olduğunu heç bir zaman bilməyəcəkdi.
Ən yaxşı halda…
Bolşeviklərin
yer üzündə yaratdığı cəhənnəmdən
xilas olanların hər birinin qaçışı məşəqqətlidir,
həyəcansız oxumaq mümkün deyil. İldırım
ailəsinin də Türkmənistandan İrana, İrandan
Türkiyəyə doğru qucaqlarında körpə
uşaqla mühacirət etməsi ağır şərtlər altında
mümkün olmuşdu. Ailə başçısı Sovet
casusu adı ilə 25 gün soyuq suyun içində
saxlanılaraq işgəncə görmüşdü.
Nəhayət,
bütün mühacirlərə qucaq açan Türkiyə
onlara da Vətən oldu, öz yurdunda görmədiyi dəstəyi
Almas İldırım bu ölkədə aldı, oxumuş,
savadlı bir insan olaraq nahiyə müdiri vəzifəsinə
qədər yüksəldi. Min bir əziyyətə qatlanaraq övladlarını
oxutdu, Azərbaycanı tanıtdı, maarifçiliklə məşğul
oldu. Məhəmməd Əmin Rəsulzadənin tərəfində
yer alaraq Azərbaycan davasına ölənədək sadiq
qaldı.
Şəxsi
arxivimizdə Almas İldırıma aid bir məktub da var. Onu
həm “Mühacirlərin dönüşü”
kitabımızda, həm də “Almas İldırım
haqqında xatirələr” kitabında
yayımlamışıq. İzmirə gəlməyimizin bir səbəbi
də xatirə kitabını oğluna təqdim etmək idi.
Kitabın naşiri Şəmil Sadiq bəy İstanbula gələrkən
Azər bəyə çatdırılası kitabları
vermişdi. Nəhayət, iyun ayında kitabları
çatdırmaq qismət oldu.
***
… Deyilən yerdə minibüs saxlayır. Qapını Azər bəy açır, salamlaşırıq, içəriyə dəvət edir. Evin eyvanında əyləşirik. Xanımı Katerina Almas və oğlu ilə görüşürəm. Həyəcanlı olduğumu deyib su istəyirəm.
Özümü təqdim edib nə iş gördüyümü, hazırladığımız kitabda nələrin olduğunu danışıram. Azər bəy tədqiqatçı Ənvər Arasın “Hazardan Hazara Elmas Yıldırım” kitabını imzalayaraq və içində Almas İldırım haqqında yazı olan “Ayarsız” jurnalının fevral sayını bizə hədiyyə edir. Mən də xatirə kitabı ilə yanaşı “Birlik” dərgisində yayımlanan Almas İldırımın nadir məktubunu ona təqdim edirəm.
Nəhayət, müsahibə almaq üçün masa ətrafına keçirik. Müsahibədən öncə “Azərbaycan” jurnalında 1954-cü ildə yayımlanan bir şeiri oxuyuram:
Renk verdi millete sönmeyen aşkın,
Eminiz bu yolda emelin taşkın.
Sesin
gür, kolun hür, volkansın yer-yer;
Uzaktan
Azeri gelmeni bekler!
Layıktır
yolunda harcanan emek,
Zahmeti
çekilen millet Sen demek!…
Aktın
her bucağa Türk namiyle Sen;
Dokundun
maziye “Nizami”yle Sen;
Edipsin, şairsin,
tek mücahitken!
Yetmiş
yıl bu günse, yarın bir asır,
Ebedi
gönlünde yaşasın bu sır!…
Bu misraları xatırlayıb
xatırlamadığını soruşuram. Atasının
şeirlərindən biri olduğunu söyləyir. Amma
elə deyil, aradan ötən 63 il Azər
bəyə özünün yazdığı şeiri
unutdurmuşdu. Bu şeir onun İstanbul Texniki Universitetinin mədən
fakültəsinin tələbəsi ikən Məhəmməd
Əmin Rəsulzadənin 70 yaşına həsr etdiyi
şeiri idi…
- İstanbulda mədən fakültəsində oxuyarkən
Azərbaycan Dərnəyində Məhəmməd Əmin Rəsulzadənin
anım günlərini keçirərdik. Mən gənclik
qolları başqanı idim. Rəsulzadəni
çox sevdiyim üçün hər dəfə bir şeir
yazardım. Bir dənəsi əruzdadır,
biri bu oxuduğunuz şeirdir, digərləri də var. Rəsulzadə
böyüyümüz, unutmadığımız bir
yaxınımızdır. 1955-ci ildə vəfat
etdi, mən o zaman Almaniyadan gəlmişdim.
- Rəsulzadəni
heç gördünüzmü?
- Rəsulzadəni
yaşım çox az olduğu
üçün xatırlamıram. Məktəb
vaxtı sıxıntılı günlər keçirirdim.
Gecə çalışırdım, anama,
qardaşlarıma baxırdım. Azərbaycan
Dərnəyinin toplantılarına qatılardım. Əhməd Cəfəroğlu, Mirzəbala Məhəmmədzadə
yadımdadır. Allah rəhmət eləsin Mirzəbalaya…
-
Onları necə xatırlayırsınız?
- Mirzəbala
bəyin evinə bir neçə dəfə getmişəm. İstanbul Texniki Universiteti Gümüşsuyunda idi.
Əhməd Cəfəroğlunun qızı
Nazan xanım Gözəl Sənətlər Akademiyasında
oxuyurdu, onunla dostluğum vardı. Mirzəbala bəy
sakit, fasiləsiz oxuyan, yazan, heç səsi çıxmayan
bir adam idi. Xasiyyəti bir az
da atama bənzəyirdi. Yaddaşım
yanıltmırsa, Arnavutköydə bir evdə qalırdı,
nərdivanlardan qalxdığımı xatırlayıram.
Onu ziyarətə gedərdim. Atam kimi idi, əlini öpərdim. Atamdan sonra mənə baxan Əhməd Cəfəroğlu,
Mirzəbala bəy oldu. Bir də
Nağı Keykurun vardı. Küçədə
qalmışdım, sığınacaq heç bir yerim yox
idi, onlar sahib çıxdılar.
-
Nağı bəyi necə xatırlayırsınız?
- Mən
iki il Nağı bəyin evində
qalmışam. Laləlidə Türk Hava
Qurumuna aid binada. Bundan öncə vali mənə
demişdi ki, İstanbulda universiteti qazansan, ailəni də
yanına göndərəcəyəm. Mən
də mədən fakültəsini birinciliklə bitirdim.
Malatyadan yetişənlər dərnəyinin nərdivanının
altında yataq verdilər, orada qaldım. Nağı bəy
sağ olsun, oğlu Yavuz gəldi, məni evinə dəvət
etdi. Evlərində yataq verdilər. İTU-nun birinci və ikinci siniflərində
Nağı bəygildə qaldım. Atam
kimi idi, çox yaxşı insanlar idilər. Onlar məni yetişdirdilər, oxutdurdular.
- Bu xatirələr
çox önəmlidir. Mühacirlərdən
başqa kimləri gördünüz?
- Dediyim
kimi Əhməd Cəfəroğlu, Mirzəbala Məhəmmədzadə,
Nağı Keykurun və onların ailələri. Ankaradakı Kültür Dərnəyindən
Aküzüm vardı. Onları
görmüşdüm. Gündüz dərsə
gedib, gecə işlədiyim üçün
görüşməyə vaxtım olmurdu. Bir də Əli bəy vardı. Başqa
xatırlamıram.
-
Atanıza kimlərdən məktub gələrdi, o kimlərə
məktub yazardı?
- O
zamanlar uşaq olduğum üçün çox
xatırlamıram. Hər halda Rəsulzadə ilə
yazışırdı. Mən liseydə,
gimnaziyada atamdan ayrı qalmışdım. Xankəndində məktəb olmadığı
üçün Elazığda yataqxanada qalırdım.
Yəni demək olar ki, atam və anamdan ayrı
oxudum. Atam Elazığa gələndə
onu müəllim olaraq təyin etdilər. Daha
sonra nahiyələrdə (Türkiyədə inzibati ərazi
vahidi – D.Ə) nahiyə müdiri oldu. Kebanda
kaymakamlık vəzifəsinə təyin edildi. 1940-cı ilə qədər müxtəlif nahiyələrdə
müdir oldu. Mən ibtidai sinfə
Ağında başladım. 1940-1945-ci illərdə atam
5 il Ağında nahiyə müdiri oldu. Ağının dağına daşına Azərbaycan
adını yazdırdı. Məktəbə
gələrdi, müəllimlərlə bir arada olardı.
Xatırlayıram, “Məşədi
İbad”ı səhnəyə qoymuşdu. Mən o vaxtı dördüncü sinifdə idim.
O zamanlar xalq evləri var idi. Şagirdləri
oraya toplayaraq şahmat öyrədirdi. Yəni
şahmat klubları açmışdı. Müəllimlərə Azərbaycan haqqında
bilgilər verirdi. Unutmadığım bir
şey var. İndi Bakıda qohumum Hacıağa bəydədir.
Masanın yarısı boyda bir parçaya Azərbaycan
xəritəsi cızmışdı, anam da ona rəngli iplik
tikmişdi. Onu nahiyə müdiri
otağında Atatürkün fotosunun yanına asardı.
Uşaqlara göstərərdi ki, bura Şəki,
bura isə Gəncədir. Mən ibtidai
sinfə getmirdim, Türkiyə xəritəsini bilmədiyim
halda Azərbaycan xəritəsini öyrənmişdim. Bizi bu şəkildə yetişdirdi. Atama heyrət edirəm. Bir
insanın aldığı nəfəs, içdiyi su qədər
müqəddəs olan bu vətən sevgisi çox maraqlı
gəlir mənə. Həddindən
artıq dərəcədə vətəninə bağlı
idi. İnancını heç bir zaman
itirmədi. Mənə, “Oğlum, bir
gün Azərbaycan bayrağını ürəyinə
asacaq, gedib orada petrol mühəndisi olacaqsan” deyərdi. Mən o zaman gimnaziyada oxuyurdum. Onun
tövsiyəsi ilə mədən fakültəsinə daxil
oldum. Heç kim onu bu inancından
vaz keçirə bilməzdi. Onun kiçik bir
şeiri var, oxumaq istəyirəm.
Axşam
olur, quşlar dönür yuvaya,
Mənim dönüb qonacağım dal hanı?
Sabah olur,
çoban enir ovaya,
Mənim qalxıb gedəcəyim yol hanı?
Yay gəlincə
dağlar duman quşanır,
Dərələrdən
sellər axar, boşanır,
Könlüm
deyir, onsuz necə yaşanır,
Söylər; Mənim o doğulduğum el hanı?
Həsrət
qalıb baharına, qışına,
Sordum onu
uçub gələn quşuna,
Baxma
dostum, gözlərimin yaşına,
Məni ondan ayıracaq qol hanı?
Adı Gölcük olan bir göl var idi, Atatürkə
məktub yazıb o gölün adını Xəzər olaraq
dəyişdirə bildi. İndi də Xəzər adlanır.
Nahiyə müdiri olduğu Hanköyünün
adını da Xankəndi qoydurdu. Atamı
çox sevirdilər, çünki çox
çalışqan idi. Xalq evləri
qurdurduğuna görə təhsil naziri də onu çox sevərdi.
Atam elmə çox qiymət verərdi. Məktəbi olmayan 32 kənddə məktəb
tikdirmək üçün atının belindən enmədi.
Təbii ki, o zamanlar xidməti avtomobil at idi
(gülür).
-
Mühacirlər o dövrdə əsasən Ankara və
İstanbulda toplanmışdı. Atanız bu
iki şəhərdən birinə birdəfəlik
köçməyi heç düşündümü?
-
Heç düşünmədi. Elazığda
orta məktəb və gimnaziya vardı, məni oxudurdu.
Ömrü yetsəydi, ali təhsilim
üçün Ankara və İstanbula gələrdi, amma
olmadı. Təkbaşına gəldim… 1951-ci
ilin iyununda Malatya liseyini birinciliklə bitirdim. 1952-ci ilin yanvarında da atam vəfat etdi. Məni İstanbul və ya Ankaraya gətirib
fakültəyə yerləşdirmək niyyətində idi.
Həyatda hər şeyi unuda bilərəm, amma
o zamankı Malatya valisi Şefik Sanın adını yox.
O mənim küçədə qaldığımı
görüb axura bənzər bir yerdə yataq verdi.
Dedi ki, mən ailənə baxacağam, sən də bu polisin
yanında dur işlə, 2, 2 yarım lirə veriləcək.
Bir gün Malatyada oxuduğum liseyin müdiri Lütfi
bəy valini ziyarətə gələrkən məni
gördü. Validən soruşdu, vali də “atası
öldü, mən də kömək etdim” dedi. Müdir qayıdır ki, “bu uşaq nəinki sinfin,
məktəbin birincisidir”. Vali bu zaman
işin fərqinə vardı. Müdir
getdikdən sonra məni yanına çağırdı, “Azər,
oğlum, oxumaq istəyirsənmi” deyə soruşdu.
“İstəyirəm” dedim. Vali də “Sən məktəbin
birincisi imişsən. Mən sənə
bir yaxşılıq edəcəyəm. Sənə 10
lirə verirəm, min qatara İstanbula get, əgər
yaxşı bir yer qazansan, anan, qardaşların mənə əmanət,
onların çörəyini verərəm. Universitetə
daxil olsan, ailəni də qatara mindirib yanına göndərəcəyəm”.
Elazığdan üç gün qatarla
İstanbula getdim. 1953-cü il idi. Malatya dərnəyində yataq verdilər. Nağı bəyləri sonradan tanıdım.
İTU-nun mədən fakültəsinə
müraciət etdim. O zaman İTU-da 5 fakültə
vardı: Makina, elektrik, inşaat, memarlıq, mədən. Mədən fakültəsi yeni
açılmışdı. Hər
fakültəyə baş vurmaq bir lirə idi, mən də mədən
üçün baş vurdum. Mənə dedilər ki,
“bəs digərlərinə baş vurmursan?”.
Dedim “yox”. Çünki pulum yox idi. Birinciliklə bu fakültəyə daxil oldum. Bizim işimiz-gücümüz oxumaq idi.
Dostlarımız üçün çətin suallar
hazırlayardıq, qazlı sudan mərcə
girərdik. İTU-nu birinciliklə bitirməyimin
bir səbəbi də bu oldu ki, zamanında
hazırladığım çətin suallardan ikisi sonra
imtahanda qarşıma çıxdı. Malatya liseyindən
6 kişi məzun olmuşduq,
hamımız İTU-ya daxil ola bildik. Birinci və
ikinci yüksək nəticə göstərən məni və
bir tələbəni ikinci ildə təcrübə keçmək
üçün Almaniyaya göndərdilər. Bu arada vali də İTU-nu qazandıqdan sonra ailəmi
yanıma göndərdi. Sultan Əhməd
tərəfdə Azərbaycan dərnəyi var idi. Qara taxtalı bir binada yerləşirdi. Bizə dəstək oldular, anama dedilər ki, sən
dərnəyin xadiməsi, çayçımız ol,
buradakı işlərə bax. Sağ olsunlar, çox
kömək etdilər.
Ardı gələn sayımızda
Dilqəm Əhməd
Türküstan.-
2017.- 4-10 iyul.- S.16.