Azərbaycanın ziyalı etalonu

Həsən bəy Zərdabi

 

I yazı

 

Həsən bəy Səlim bəy oğlu Zərdabi 1837-ci ilin noyabr ayının 12-də Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Atası Səlim bəy və babası Rəhim bəy Zərdab kəndinin bəyi və mülkədarı olmuşdur. Babası Rəhim bəyin cəsarəti ilə bağlı tarixi bir əhvalat tarix kitablarında özünə yer bulmuşdur. Belə ki, Qacar şahzadəsi Xosrov Mirzə Qarabağ yolu ilə Peterburqa Rusiya çarı ilə görüşə gedərkən Şirvan hüdudlarında bəylər və xanlar tərəfindən qarşılanmışdı. Bunların sırasında Həsən bəyin babası Rəhim bəy də bulunmuşdu. Rəhim bəyin yanındakı bir bəyə nə isə anlatdığını görən şahzadə onun yanına gələrək nə danışdığını sormuş, Rəhim bəy də qorxmadan cəsarətlə yanındakı bəyə söylədiklərini şahzadəyə təkrar edərək bildirmişdi ki: “Xosrov Mirzə qadın kimi bəzənməyi tərk edərək at belində ölkənin kəndlərini gəzib rəiyyətinin ehtiyaclarını öyrənərsə, şübhəsiz, gələcəkdə ədalətli bir şah olar. İndiki halda Xosrov Mirzə qadın kimidir. Onun bu yaşayışından ölkə əhlinə heç bir nicat yolu yoxdur”(Fərhad Ağazadə Şərqli, Həsən bəy Məlikov Zərdabinin tərcümeyi-halı, “Kommunist” qəzeti, Bakı 1926). Bu sözlər şahzadəni məmnun etməsə də Rəhim bəyin cəsarəti onu heyrətə salmışdı.

Babası haqqında belə bir cəsarətli sözləri atası Səlim bəydən eşidən Həsən bəy hələ cocuqluğundan doğru danışmağı, qorxmamağı özündə aşılamışdı. 7 yaşında məktəbə gedən, “Quran”ı, ərəb və fars dillərini öyrənən Həsən bəyi atası 1852-ci ildə Şamaxı şəhər məktəbinə vermişdi. Burada rus dilini də mükəmməl öyrənən Həsən bəyi o dövrün Qafqaz maarif müdiri baron Nikolay Tiflisə aparmış, hökumət xərci ilə gimnaziyanın 5-ci sinfinə qəbul etdirmişdi. 1861-ci ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirən Həsən bəyi yenə də dövlət xərci ilə Moskva Universitetinə göndərmişlər. Bu Universitetdə o, təbiyyat, riyaziyyat fakultəsini birinciliklə bitirərək elmlər namizədi alimlik dərəcəsi alır. Moskvadan qayıtdıqdan sonra Tiflisdə “Mejavoy palat”da işləməyə başlayan Həsən bəy Zərdabi Borçalı qəzasındakı kəndlilərin torpaq məsələlərini həll etməklə məşğul olmuş, bu məqsədlə təsadüf etdiyi bəylərə kəndliləri incitməməyi tövsiyyə etmiş, çar hökumətinin fitnə-fəsadlarına qarşı öz fikirlərini açıq bildirdiyi üçün çinovniklərin hiddətinə səbəb olmuş və qulluqdan çıxarılmışdı.

1867-ci ildə “Quberniski pravleniya”da işə girsə də çinovniklərlə yola getmədiyindən oradan da uzaqlaşmaq məcburiyyətində qalan Həsən bəy bir müddət sonra Quba məhkəməsində katib vəzifəsində çalışmağa başlayır. Burada da böyük haqsızlıqları görən Həsən bəy bacardığı qədər kəndlilərə yardım edir, onlara parasız ərizələr yazır, kəndlilərə hüquqlarını anladır, onlara yol göstərirdi. Bütün bunlar müftəxor vəkil və dilmancların xoşuna gəlmədiyindən ona sui-qəsd edərək evinin pəncərəsindən ona güllə atırlar. Təsadüf nəticəsində güllə yan keçir və Həsən bəy ölümdən qurtarır.

İşlədiyi bütün hökumət müəssisələrində istədiyini yerinə yetirə bilmədiyini görən Həsən bəy vəzifəsini tərk etməyə məcbur olur. Moskva Universitetində aldığı diplomla o, məktəblərdə müəllim də ola bilərdi. Buna görə də Həsən bəy Qubadan Bakıya köçərək Bakı gimnaziyasında təbiyyat müəllimi kimi işə başlayır.

Gimnaziyaya müəllim təyin edildikdən sonra Türklərin bu məktəblərə cəlb olunması üçün çox çalışmış, cəhalət mühitində müəyyən qədər az da olsa buna nail ola bilmişdi. “Tələbələrin ruhlarını öyrənmək, onlara yanaşmaq, onları hər tərəfli tədqiq etmək, zəif tərəflərini daima nəzərdə tutmaq işlərində Həsən bəydə fövqəladə bir bacarıq var idi. Onun tələbələrə böylə yaxın bulunması, onların məhəbbətini tamamilə qazanmışdı... Saçı-saqqalı ağarmış tələbələri indi də Həsən bəyin adını hörmətlə yad edirlər”(Fərhad Ağazadə Şərqli, Göstərilən məqaləsi, Əkinçi, Bakı 2008, səh. 27-28).

Boş vaxtlarında xalq arasına çıxaraq onlarla savad, elm və sənət haqqında söhbətlər aparan Həsən bəy bəzən hətta bir çox nəlayiq sözlərə hədəf olmuş, “Saqqallı urus”, “Sünnü Həsən bəy ” kimi bir çox ləqəblər qazanmasına baxmayaraq bu işindən bezməmiş, kimsədən inciməmiş, əhali arasında öz təbliğatını aparmış, Bakıda öz tələbələrinin iştirakı ilə teatr tamaşaları təşkil edərək oradan əldə edilən paraları yoxsul tələbələr arasında bölürdü. “Həsən bəy yoxsul tələbələrə yardım etməklə Türk teatrosunun da ilk banisi olmuşdur” (Bax: “Həyat” qəzeti, 1905, ¹ 117, 120).

Bütün bunların yoxsul tələbələrin tələbatını təmin etmədiyini bilən Həsən bəy Zərdabi Türklərə məxsus ilk “Xeyriyyə Cəmiyyəti” yaradaraq bir çox süründürmələrdən sonra onun proqramının təsdiqinə nail olur. Bakı dövlətlilərini Qazı Molla Cavad Axundun evinə toplayaraq Cəmiyyətin proqramı ilə tanış edəndən sonra məsələ para verməyə gələndə toplanan dövlətlilərin hamısı bir bəhanə ilə məclisi tərk edirlər. Dövlətlilərin belə düşüncəsiz hərəkəti Həsən bəyi ruhdan salmır. O, 1872-ci ildə rəsmi bir dəftər ilə bərabər Qafqazın böyük şəhərlərinə gedərək Cəmiyyətə üzvlər yazdırır. Üzvlər üzvülük haqqı ilə yanaşı Cəmiyyətə ianə verəcəklərinə söz verirlər. Bakıya qayıtdıqdan sonra üzvlərdən toplanan para ilə iki yetim uşağı da Bakı gimnaziyasına qeyd etdirir. Məsələnin ən ağır cəhətlərindən biri də uşaqların tərbiyəsi üçün savadlı bir Türk qızına ehtiyac olması idi. O dövrdə belə bir Türk qızı bulmaq çox çətin idi. O ildə Tiflisdə “Svyataya Nina” məktəbini bitirmiş qızların siyahısı qəzetlərdə dərc edilmişdi ki, bu qızların arasında Hənifə Xanım Abayeva adlı bir balkar Türkü də var idi. Bu xəbəri oxuyan Həsən bəy Tiflisə gedərək məktəbdə Hənifə Xanımla tanış olur və ona evlənmək təklif edir. Həsən bəyi bəyənən Hənifə Xanım evlənməyə razı olur. “Həsən bəy əski adətlərin ziddinə olaraq məktəbə bir molla dəvət edərək məktəbdə nigah bağlayır. Bununla da Həsən bəy elçi və ataların vasitəsi olmadan ilk dəfə nigah qaydası qoymuş olur” (Fərhad Ağazadə, Göstərilən məqaləsi, Bax: Əkinçi, “Xalq qəzeti”nin nəşri, Bakı 2008, səh. 30-31).

Həsən bəy Hənifə Xanımla birlikdə Bakıya qayıdaraq müəllimliyini davam etdirir, Hənifə Xanım da bir neçə məktəb cocuğunun tərbiyəsi ilə öz evində məşğul olaraq onların bütün zəhmətini öz üzərinə götürür. Cəmiyyətə para göndərənlərin sayı getdikcə azalmağa başladığından sonda mədaxil məxaricdən az olmuş, bununla da “Xeyriyyə Cəmiyyəti” qapanmışdı. Cəmiyyətin qapanması Həsən bəyi xeyli mütəəssir etmiş, bu münasibətlə “Həyat” qəzetinin 17 və 115-ci nömrələrində çap etdirdiyi məqalələrində göstərmişdi ki: “Bir dənə Qarabağ su satanının millət qeyrəti bütün Qarabağ bəylərində (Əslində bu bəylərin əsl Qarabağ bəylərinə heç bir dəxli yoxdur. Bu bəylər çar Rusiyası tərəfindən “bəy” yapılan süni bəylərdir- A.M.) yoxdur. Karapet işin biləndə su daşıyaraq min rüblə toplamış və bunu erməni “Cəmiyyəti-xeyriyyəsi”nin rəisi bulunan doktor Rüstəmyana məktəb şagirdlərinə sərf olunmaq üçün vermişdir”.

Qafqaz şəhərlərində Cəmiyyətə üzv yazdırarkən Şuşaya da gələn Həsən bəy burada bəylərin evlərinə gedərək onlardan müavinət istəmiş, lakin “Cəmiyyət” adını eşidən bəylərdən biri “ay aman” deyərək nökərinin qucağına yıxılmış, digər bir bəy də erməni məktəbinə, rus kilsəsinə, Rusiyada yanmış şəhərlərə müavinət etdiyini bildirərək artıq para vermək imkanı olmadığını qeyd etmiş və atasının qəbrinə and içmişdi (Fərhad Ağazadə Şərqli, Göstərilən məqaləsi, Bax: Əkinçi, “Xalq qəzeti”nin nəşri, Bakı 2008, səh. 32). Cəmiyyətin möhürlü dəftərini incələyən Fərhad Ağazadə göstərir ki: “Təəccüb orasıdır ki, bunda (Cəmiyyətin qeyd dəftəri nəzərdə tutulur-A.M.) bir nəfər Bakı müsəlmanının imzası böylə yoxdur” (Fərhad Ağazadə, Göstərilən məqaləsi, Bax: Əkinçi, “Xalq qəzeti”nin nəşri, səh. 32).

Cəmiyyətin parasızlıqdan qapandığını və ona görə də kasıb və kimsəsiz uşaqların oxumasının zor olduğunu görən Həsən bəy Zərdabi cəhalətlə mübarizə üçün qəzeti yeganə vasitə hesab etmiş və qəzet nəşrinə böyük ümidlər bəsləyərək fəaliyyətə başlamışdı. Bu münasibətlə sonralar Həsən bəy “Həyat” qəzetində göstərmişdi ki: “Bizim “Cəmiyyəti-xeyriyyə” bina tutmadığından, teatro oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib zəmanəyə müvafiq məktəblər açdırıb küçə-bazarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu dünyada dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdəki qonşularımız elm təhsil edib gün-gündən iləri gedib bizim əlimizdə olan mülk və malımıza sahib olurlar və bir azdan sonra biz onlara rəncbərlik edib onların malını daşımaqdan ötrü kirakeşlik edəcəyik. Belə də nə qayırmalı? – Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın.... Belə də qəzetə çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzetə oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar” ( Həsən bəy Zərdabi, “Həyat” qəzeti. İqtibas Fərhad Ağazadənin göstərilən məqaləsindən götürülmüşdür. Bax: Əkinçi, “Xalq qəzeti”nin nəşri, səh. 32-33).

Öz keşişlərinə dini məktəblər açmaq, akademiya saxlamaq ixtiyarı verən çar hökuməti müsəlman ruhanilərinə bu hüququ verməmiş, əsl bəylərin bəyliyini təsdiq etməmiş, əksinə, onların bəyliyini ləğv edərək çar hökumətinə sədaqətlə xidmət edən süni bəylər yaratmışdı ki, çarın “mərhəmətini” hər şeydən üstün tutan bu qaragüruh heç qəzet nəşrini ağlına belə gətirməzdi. Belə bir mühitdə Həsən bəy kimi milli bir ziyalının ana dilində qəzet çıxarması qeyri-mümkün görünürdü. Özünə qədərki bir çox qeyri-mümkünləri mümkün edən Həsən bəy Zərdabi “Əkinçi” adlı Türk qəzetini çap etdirmək üçün çar hökuməti idarələri ilə 3 il 6 aylıq mübarizədən sonra nəhayət, 22 iyul 1875-ci ildə buna nail oldu. Qəzetin senzorluğunu Bakı qübernatoru maarif tərəfdarı Staroselski öz öhdəsinə götürdüyü üçün çar hökuməti qəzetin nəşrinə icazə vermişdi. Staroselski Həsən bəyin İstanbuldan gətirdiyi hərfləri də satın alaraq qəzeti hökumət mətbəəsində çap etdirməklə yanaşı həm də tabeliyində olan bütün naçalniklərə qəzetin kəndlərə çapar ilə göndərilməsi haqqında əmr vermiş, nəticədə hər kənd kəndxudası da öz kəndinin əhalisi üçün "Əkinçi" qəzeti almağa məcbur olmuşdu.

Zərdabi "Əkinçi" qəzetindəki yazıların çox hissəsini özü yazmağa məcbur olur, buna görə də tanıdığı adamlara müraciət edərək onların da qəzetdə iştirak etmələrini arzu edirdi. "Əkinçi"nin 2-ci nömrəsində işin ağırlığını qeyd edərək göstərirdi ki: “Bizim zəhmətimiz həddən çıxıb. Bir mətləbi özümüz yazıb, ağardıb çapxanaya verməklə zəhmətdən xilas olsaydıq çox xoşbəxt olardıq. Amma iş böylə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş, ya on adam inşa edir. Onu çap elədən, hürufunu düzən, qələtlərini düzəldən başqa kəslər olur, amma bu işlərin hamısını gərək mən tək özüm görəm... Müsəlaman şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetəyə baxıb onun qələtini düzəltsin. Ya hürufunu düzsün... Bizim məxsusi çapxanamız yoxdur. Qəzetəmiz Qubernski pravleniyanın çapxanasında basılır. Əlbəttə özgələr (Qəzetin mürəttibi Minasov adlı bir erməni olmuşdu-A.M.) bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər bizim təqsirimiz deyil. Qəzetənin bu qüsurunu görənlər bizə gülürlər. Lakin gülmək yeri deyil, ağlamaq yeridir ki, bizim müsəlmanların bircə qəzetəsini basdırmağa adamı yoxdur” ("Əkinçi" qəzeti, ¹2).

 

Aydın Qasımlı          

 

Türküstan.- 2017.- 20-24 iyun.- S.10.