Azərbaycanın ziyalı etalonu
Həsən bəy Zərdabi
II yazı
Zərdabi qəzetdə
imtiyazlı şəxslərin əleyhinə cəbhə
açdıqca bir çox
hücumlara məruz qalmış, hətta
həcvlərə, söyüşlərə tuş
gəlmişdi. Bütün bu hücum, həcv və
söyüşlər Həsən bəyi ruhdan
salmamış, əksinə, belə məktublar aldıqca
“Müsəlmanlar da ictimai
məsələlərlə maraqlanır. Bu cahil adamlar söyə-söyə həqqin harada olduğunu öyrənəcəklərdir”-demiş
("Əkinçi" qəzeti, 1876, ¹ 6) və qəzetin əhali
arasında yayılması, oxucularının sayının
artırılması məqsədi ilə Bakı və digər
şəhərlərdə üç
yüzə qədər parasız qəzet paylatdırmışdı.
Qəzetin xərcinin gəlirindən çox
olmasına baxmayaraq Həsən bəy öz maaşının çox
hissəsini qəzetə sərf etmişdi.
Tədqiqatçılar göstərirlər ki:
“Çar hökuməti mane
olmasaydı Həsən bəy qəzeti müvəffəqiyyətlə
özü-öz məsrəfini ödəyə
biləcək bir hala
vardıra biləcəkdi. Təəssüf olsun
ki, çar hökuməti
bu qəzetin davam etməməsinə
qərar vermişdi. Staroselskinin yerinə təyin
edilmiş yeni qubernator yüzbaşılar tərəfindən
kəndlərə aparılan qəzetlərin göndərilməsinə
müsaidə etməmişdi” (Fərhad Ağazadə,
Göstərilən məqaləsi, bax:
Əkinçi, “Xalq qəzeti”nin nəşri,
səh. 42).
Qəzetə ən böyük zərbəni 1877-ci ildə başlamış Osmanlı-Rus müharibəsi vurmuşdu. Bu dövrdə qəzetin üstündə senzuranın təzyiqi artmış, qəzetdə müharibənin gedişindən bir kəlmə də olsun yazmaq qadağan olunmuşdu. Hökumət “Əkinçi” qəzetinin bağlanması üçün bir bəhanə axtarırdı. Bu dövrdə Dağıstanda böyük ixtişaş başlamışdı ki, bu ixtişaş iştirakçıları arasında Həsən bəyin xeyli şagirdləri var idi. Çar hökuməti bütün Qafqazda üsyan başlamasından və bu işdə "Əkinçi" qəzetinin böyük rol oynayacağından qorxaraq "Əkinçi" qəzetini bağlatdırmışdı. Qəzet qapandıqdan sonra Həsən bəyi Bakıdan uzaqlaşdırmaq məqsədilə ona öz xahişi ilə Yekatrinador və yaxud Kutaisi gimnaziyalarında müəllimlik etmək təklif olunmuş, lakin Həsən bəy bu təklifləri qəbul etməmişdi. Ona görə də polis və jandarmalar tərəfindən ciddi təqib olunan Həsən bəy məktəb müdiri dostu Çermaginin məsləhəti ilə məktəbdən istefa verərək bir qədər Bakıda işsiz qaldıqdan sonra Zərdab kəndinə köçməyə məcbur olmuşdu. Bir müddət Zərdabda qalan Həsən bəy Ucara köçərək orada vəkillik etmişdi.
On altı il Bakıdan ayrılaraq Zərdab və Ucarda yaşayan Həsən bəy burada kəndlilərə öz hüquqlarını anlatmış, onları vergi qanunları ilə tanış etmiş, öz evini məsləhət odasına çevirmişdi. O, kəndlilərə ərizə yazarkən onlardan para almamış, o dövrdə nəşr olunan “Tərcüman” qəzetinə abunə yazılmağı məsləhət görmüş, özü isə “Tərcüman”ı oxuduqdan sonra kəndin mollasına verərək “Bunu minbərdən oxu və camaata anlat”- demiş, hətta özünə məxsus torpağı da kəndlilərin istifadəsinə vermişdi. Ucarda olduğu dövrdə Tiflisdə nəşr olunan “Obzor” qəzetində məqalələr çap etdirərək şahidi olduğu haqsızlıqlar haqqında məlumatlar vermişdi.
Ucarda iflic xəstəliyinə tutulan Həsən bəy Bakıya köçməyə məcbur olur. On altı il ayrıldığı Bakıda bəzi yeniliklər görən Həsən bəy gündüzləri qəzetdə, axşamları isə Bakı Dumasında çalışmışdı. On beş ildən artıq Dumada çalışan Zərdabi yenə də yoxsulların hüququnu müdafiə etmiş, şəhərin yoxsul əhalisi yaşayan küçələrin abad olmasına, oralara işıq çəkilməsinə, zibillərinin vaxtında təmizlənməsinə çalışmış, şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldırmış, digərlərindən fərqli olaraq pulsuz məktəblərdə dərs demiş, məktəblərdə Türk dili dərsləri proqramının artırılmasını tələb etmiş, bu məsələ ilə bağlı məktəb müdirləri ilə daima çarpışmaq məcburiyyətində qalmışdı. Heç təsadüfi deyil ki, onun Dumada millət vəkili olduğu dövrdə şəhər məktəblərinin sayı üçdən on altıya qədər artmışdı. Azərbaycan qadınlarının da savadlanmasını arzu edən Həsən bəy Türk qızları üçün bir məktəb açmağı üçün qubernatora ərizə vermiş, lakin çar hökumətinin nazirlər şurası buna izn verməmiş, hətta Pobedonosov adlı birisi: “İslam yeddi başlı div kimi heykəldir. Bu heykəlin bir başı kəsilərsə əvəzində yüzü bitər. Bunların kişilərinin savadlanmasından qorxuruq. Qadınları da savadlanmış olarsa onların öhdəsindən gəlmək mümkün olmaz” demişdi (İqtibas Fərhad Ağazadənin göstərilən məqaləsindən götürülmüşdür-A.M. Bax: "Əkinçi", “Xalq qəzeti”nin nəşri, səh. 49). Nəhayət, ikinci Nikolayın tac qoyma mərasimindən istifadə edən böyük xeyriyyəçi Zeynəlabdin Tağıyev bu günün xatirəsi üçün çardan bir qız məktəbinin açılmasına icazə almışdı ki, bu məktəbin nizamnaməsini də Həsən bəy Zərdabi yazmış, həyat yoldaşı Hənifə Xanım da bu məktəbin ilk müdirəsi olmuş, Həsən bəy də məktəb şurasının üzvü seçilmişdi.
Həsən bəy Zərdabi millət vəkilliyi və müəllimliyi ilə yanaşı “Kaspi”, “Həyat” qəzetlərində və “Dəbistan” jurnalında müxtəlif mövzularda məqalələr dərc etdirmiş, onun təşviqi ilə iki Türk Müəllimlər Qurultayı keçirilmiş, Bakıda təsis edilmiş “Maarif Cəmiyyəti”ndə fəal iştirak etmişdi. Tədqiqatçılar göstərirlər ki, Həsən bəy “bir gün Üzeyir bəyə təsadüf edərək xalq mahnılarından bir opera yazmasını ona işarə ilə anlatmış, “Leyli və Məcnun” operası bundan sonra yazılmışdır” (Fərhad Ağazadə, göstərilən məqaləsi, "Əkinçi", “Xalq qəzeti”nin nəşri, səh. 52).
Həsən bəy xəstəliyinə, dilinin tutulmasına, əlinin tutmadığına baxmayaraq yenə də gündüzlər qəzet idarələrinə, axşamlar da Duma komisyalarının iclaslarına gedərdi. Yeni seşki başlandığı vaxt yenə də seçkidə iştirak edən Həsən bəyi xəstə olduğu üçün seçməsələr də ona hörmət əlaməti olaraq heç kim onun seçilmədiyini bildirməmişdi. 28 noyabr 1907-ci ildə bu böyük millət mücahidi, Azərbaycan Türklərinin ziyalı etalonu “bərk yorulmuşam, uyumaq istəyirəm” deyərək uzanmış və əbədi olaraq gözlərini bu dünyaya qapamışdır. Onun dəfni Bakıdakı dəfnlərin ən parlağı olmuş, dəfndə Bakıda mövcud bütün cəmiyyətlərin və millətlərin nümayəndələri iştirak etmiş, cənazəsi şəhər Dumasının “Kaspi” qəzetinin və öz evinin qarşısında dayandırılaraq nitqlər söylənmişdir. Natiqlərdən biri söyləmişdi ki: “Həsən bəy Bakıya ac gəldi, ac da getdi”. Duma şəhər məktəblərindən birinin Həsən bəyin adına qoyulması və ona bir abidə yapılması haqqında qərar çıxarsa da bu qərar həyata keçirilməmişdi.
Həsən bəy Zərdabinin özündən sonra sadə bir mənzildən başqa heç nəyi qalmamış, Ucarda tikdirməyə başladığı evi belə yarımçıq qalmışdı.
Azərbaycan siyasi və hüquqi fikir tarixində görkəmli yer tutan Zərdabi həm də bioloji, elmi-təbii bilikləri təbliğ edən ilk alimlərimizdən biridir. Türk dilində yazdığı “Torpaq, su və hava”, “Ayın fazalarının yerdə üzvü həyata təsiri”, “Bədəni salamat saxlamaq düsturul-əməldir” kimi əsərlərində mütəfəkkir təbiətşünaslığa dair çox maraqlı məlumatlar vermiş, dövrün demokratik fikirli qabaqcıl ziyalısı kimi şöhrət qazanmışdı.
Zərdabi məhz mətbuat vasitəsilə mütləqiyyəti, ona xas olan rüşvətxorluğu və süründürməçiliyi ifşa etmiş, siyasi görüşlərində çarizmi, onun yerli məmurlarının müstəmləkəçi siyasətini tənqid etmişdi. O, çar Rusiyasındakı təhkimçilik hüququnu kəskin tənqid etmiş, onun ictimai inkişafa əngəl törətdiyini göstərmiş və bundan dolayı çar xəfiyyəsi tərəfindən “siyasi cəhətdən şübhəli adam” sayılmışdı.
Mütəfəkkir insanın insan tərəfindən istismara son qoyulması, zülmün və milli hüquq bərabərsizliyinin ləğv edilməsi, demokratik özünüidarə cəmiyyətinin yaradılması kimi ideyalar irəli sürmüş və bütün bunların həyata keçməsini məhz maariflənmə ilə əlaqələndirmişdir. O, əsərlərində cəmiyyətin sosial-siyasi strukturuna dair real mülahizələr irəli sürmüş, cəmiyyətdə mülkiyyətin, sərvətin təzahürünü məhz əməklə şərtləndirmiş və göstərmişdi ki: “Yoxsulların cahilliyini istəyən varlılar onları cəhalətdə və gerilikdə saxlayırlar ki, onların özlərindən asılılığını möhkəmləndirsinlər. Ona görə də ağıllı və ləyaqətli adamların əksəriyyəti öz imkanlarından məhrum olur və heyvan kimi həyat sürürlər. Lakin heyvan belə həmişə öz ovu uğrunda mübarizə aparır. İnsan isə öz cahilliyi üzündən alın təri ilə özü üçün qazandığını öz əlləri ilə varlılara verir, bununla da onun daha da varlanmasına kömək edir” (Seçmələr bizimdir-A.M. Bax: Həsən bəy Zərdabi, Seçilmiş əsərləri, Bakı 1960, səh. 146). Zərdabi “Ucqarlardan məktublar” məqaləsində göstərirdi ki: “İndi istismarın formaları dəyişir. Zəhmətkeşlərə daha incə şəkildə zülm edilir” (Bax: H.B. Zərdabi, Seçilmiş məqalələri və məktubları, səh. 106).
Zərdabi məqalələrində imperiyada mövcud olan sosial ədalətsizliyi, özbaşınalığı kəskin tənqid etmiş, kəndlilərin güzəranının yaxşılaşdırılması tələbi ilə çıxış etmiş, xalqa düşməncəsinə nifrət bəsləyən imtiyazlı zümrələri feodal ağalığına son qoymağa çağırmış, dövrünün və yaşadığı cəmiyyətin qabaqcıl, tərəqqipərvər ziyalısı kimi öz xalqının xoşbəxtliyi və gözəl gələcəyi uğrunda fəal mübarizə aparmışdı.
Mütəfəkkirə görə cəmiyyətin hər bir forması yaranma, yenilik və dağılma mərhələlərindən keçir. İnsan cəmiyyətinin inkişafını antik dövr, orta əsrlər dövrü və yeni dövrə bölən mütəfəkkir antik dövrün mahiyyətini kölə əməyi ilə, orta əsrlər dövrünü özbaşınalıq və istibdadla, yeni dövrü isə pul və əməklə səciyyələndirir. İqtisadi və bütövlükdə sosial tərəqqi üçün əmək bölgüsünün inkişafını meyar sayan Zərdabi göstərirdi ki: “Məhsuldar qüvvələr inkişaf etdikcə bəzi maddi nemətlər istehsalı xüsusi əmək sahəsinə ayrılır” (H.B.Zərdabi, Seçilmiş əsərləri, Bakı 1960, səh.100).
Kapitalist cəmiyyətinin təşəkkülünü və onun getdikcə feodalizmi əvəz etdiyinin əhəmiyyətini göstərən mütəfəkkir çarizmin Azərbaycan xalqını istismara və milli zülmə düçar etdiyini, milli mədəniyyəti yox etmək siyasətini cəsarətlə açıb göstərmiş və onu qətiyyətlə ifşa etmişdi.
Zərdabinin siyasi görüşləri ilə yanaşı hüquqi görüşləri də mühüm əhəmiyyət daşıyır. Onun qanunçuluq və ədalət məhkəməsi, cinayət hüququ, mülkiyyət hüququ və vətəndaş hüququ haqqındakı mülahizələri bugün belə öz dəyərini saxlamaqdadır. Mütəfəkkir göstərirdi ki: “Qanunsuzluq və özbaşınalıq hər yerdə hökm sürür. Məhkəmələrimiz andın müqəddəsliyi barədə heç bir anlayışı olmayan yalançı şahidlərin ifadələri ilə aşıb-daşır. Əslində bizdə məhkəmə yoxdur, biz tamamilə məhkəməsiz yaşayırıq. Hazırda biz ədalət məhkəməsi ilə tanış olmamışıq” (H.B. Zərdabi, Seçilmiş məqalələri və məktubları, səh.49).
Zərdabi cinayətkarlığı
şərtləndirən səbəbləri üç
qrupa ayırırdı: 1) Qan
intiqamı və ailədəki narazılıqlardan irəli gələn
cinayətkarlıq; 2) Ehtiyac və yoxsulluq nəticəsində baş
verən cinayətkarlıq; 3) Varlanmağa
cəhd etməklə bağlı olan
cinayətkarlıq. Mütəfəkkir
açıq-aydın bildirirdi ki, hakimiyyət cinayətkarlığın
qarşısını almağa maraq göstərmir, təhlükəli cinayətkarları
üzə çıxarmır. Bizdə məhkəməsiz cəzalandırmaq,
zəiflərə zülm edilməsi hökm sürür.
Müstəntiqlər qətllər, talanlar,
yanğınlarla bağlı işlərlə yüklənmişlər.
Aydın Qasımlı
Türküstan.- 2017.- 24 iyun-3
iyul.- S.10.