Qarabağda döyüşmüş kəşfiyyatçı
qadın:
“Ermənilər
bilmirdilər ki, mən azərbaycanlıyam”
Azərbaycan
xanımları zərif olduqları qədər cəsarətli
və mərdliyi ilə seçilirlər. Vətən
uğrunda döyüşlərə qatılan kapitan xanım
Gülarə Musayeva kimi. Modern.az saytı onunla müsahibəni təqdim edir.
Əslən
Akstafa rayonundan olan kapitan Gülarə Musayeva 1954-cü ildə
Bakı şəhərində anadan olub. 1971-ci ildə V.İ.Lenin (indiki N.Tusi) adına Azərbaycan Pedaqoji
İnstitutunun riyaziyyat fakültəsinə daxil olub,
1976-cı ildə oranı bitirib. 1976-cı ildən 1984-cü
ilə qədər Lenin (indiki Sabunçu) rayonundakı 84
nömrəli fəhlə gənclər məktəbində
riyaziyyat müəllimi işləyib. 1984-cu ildə Kosmik Tədqiqatlar
Elmi-İstehsal Birliyində baş işçi
kimi çalışıb. 1989-cu ildə Tədqiqatlar
Elmi-İstehsal Birliyinin baş direktoru Tofiq İsmayılovun təqdimatı
ilə Qarabağa Xalq Komitəsinə təqdim olunub.
18.09.1990-cı ildən komitə tərəfindən Respublika
Təşkilat Komitəsinə (keçmiş Stepakert, indiki
Xankəndinə) göndərilərək xüsusi təyinatlı
nümayəndə kimi Dağlıq Qarabağ Muxtar Vilayəti
və ətraf rayonlarda (Laçın, Qubadlı, Zəngilan,
Kəlbəcər, Cəbrayıl, Fizuli, Ağdam), həmçinin
Qazax və Akstafa bölgələrində fəaliyyət
göstərib.
Həmin illərdə
Qarabağa Xalq Yardımı Komitəsində Rəyasət
Heyətinin, komitənin orqanı olan “Azərbaycan” qəzetinin
ştatdankənar xüsusi müxbiri və redaksiya heyətinin
üzvü olub.
07.12.1992-ci
ildə Bakı şəhəri Nizami rayonu hərbi
komissarlığı tərəfindən döyüşən
orduya həqiqi hərbi xidmətə
çağırılaraq, Qarabağdakı fəaliyyətlərim
nəzərə alınaraq Müdafiə Nazirliyi Kəşfiyyat
idarəsi rəisinin sərəncamına göndərilib.
16.01.1993-cü ildən 707 nömrəli hərbi hissəyə
göndərilərək, 01.10.1994-cü ilə kimi gənclərlə
iş üzrə təlimatçı, 1994-cü ildən
1998-ci ilə qədər 171 nömrəli hərbi hissədə,
2-ci tabor komandirinin müavini, 1998-ci ildən 2002-ci ilə qədər
251 nömrəli hərbi hissə komandirinin tərbiyə
işləri üzrə müavini vəzifələrində
çalışıb. 31.05.2002-ci ildən Azərbaycan
Respublikası müdafiə nazirinin 0303 saylı əmrinə əsasən,
ehtiyata tərxis olunub.
1991-ci ildə
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə
(2-ci ali təhsil) qəbul olunub. Döyüş bölgəsində
həqiqi hərbi xidmətdə olduğu üçün
diplom müdafiəsində (1994) iştirak etməyib. 1997-ci
ildə diplom müdadiəsində iştirak edərək, ali
təhsilli hüquqşünas ixtisasına yiyələnib.
-Gülarə
xanım, necə oldu ki, elmi işçi birdən-birə
müharibəyə qatılmağa verdi?
-1989-dan 1992-ci ilə qədər Kosmik Tədqiqat İnstitutunda fəaliyyət göstərmişəm. 1992-ci il dekabrın 7-də Nizami rayon hərbi komissarlığından həm evə, həm də Kosmik Tədqiqatlar İnstitutuna çağırış gəldi. 1992-ci dekabrın 7-də həqiqi hərbi qulluğa çağırdılar. Mən riyaziyyat fakültəsində oxuyanda orada mülkü müdafiənin ehtiyatda olan tibb bacısı diplomu vermişdilər. Həmin o diploma görə, ölkədə müharibə başlarsa, ehtiyatda olan tibb bacısı kimi müharibəyə çağırılmalıydım. O vaxt mövcud olan Milli Şura bəyan etdi ki, ehtiyatda olan tibb bacıları vətəni qorumaq üçün çağırılsınlar. Hərbi komissarla söhbət zamanı bildirdim ki, mən tibb bacısı olaraq insanları bədbəxt edə bilmərəm. Universiteti 1976-ci ildə bitirmişdim, diplomu isə 1973-cü ildə vermişdilər. Diplomu alandan sonra bu sahə üzrə heç bir təcrübəm olmamışdı. Amma onlar mənim Qarabağdakı fəaliyyətimdən xəbərdar idilər. Hər dəfə gedəndə onlara məlumat verilirdi. Onlar dedilər ki, bir halda ki, tibb bacılığı ilə bağlı hansısa təcrübən yoxdur, səni Müdafiə Nazirliyinin sərəncamına göndəririk. Məni birbaşa Kəşfiyyat idarəsinin rəisi Rasim Ələsgərovun sərəncamına göndərdilər. Rasim Ələsgərova görüşdükdən sonra məni göndərdilər 472 saylı hərbi hissəyə, oradan da Qazaxdakı 707 nömrəli hərbi hissəyə göndərildim.
-Ölkəmizdə xanımların hərbiyə qatılması birmənalı qarşılanmır. Bəs sizin hərbi xidmətə qatılmağınıza ailəniz əngəl törətdimi? Ümumiyyətlə, o zaman sizin ailə durumunuz necə idi?
-Ailə deyəndə mənim həyat yoldaşım 1976-ci ildə dünyasını dəyişib. Bir oğlumla, valideynlərimlə birlikdə yaşayırdıq. Mənim üçün çağırış vərəqəsi həm evə, həm də Kosmik Tədqiqatlar İnstitutuna gəlmişdi. Tofiq İsmayılov da məəttəl qalmışdı ki, bu necə ola bilər, həm evə, həm də iş yerinə çağırış vərəqi gəlir? Rəsmi çağırış olduğu üçün ailəm də heç bir etiraz etmədi. Bundan əlavə də 1989-cu ildə Qarabağda fəaliyyətlərim olduğu üçün heç nə demədilər. 1989-1992-ci illərdə xeyli işlər də görmüşük. 1992-ci ilə qədər mən “polkovnik Qalina İsaqovna Tişinka” adı altında Qarabağ döyüşlərinə qatıldım. Ermənilər bilmirdilər ki, mən azərbaycanlıyam, özümünüzkilərin də əksəriyyəti bilmirdilər. Elə bilirdilər ki, Sovet İttifaqının Moskvadan xüsusi şöbədən Dağlıq Qarabağ üzrə göndərilmiş əməkdaşıyam. O vaxt Moskvadan Qarabağda işləməkdən ötrü xüsusi əməkdaşlar göndərilirdilər.
-Sizin
adınızın dəyişdirilməsinə səbəb nə
oldu?
- Qarabağ komitəsində çalışdığımız vaxt bizi Respublika Təşkilat Komitəsinə ezam etdilər. Həmin Təşkilat Komitəsi Xankəndində - Vilayət Komitəsinin binasında yerləşərdi. Oradakılar sırf azərbaycanlılar deyildi, təşkilatın sədri Viktor Petroviç Polyaniçko idi. Həmin Polyaniçko respublikanın ikinci katibi idi, çox yaxşı kəşfiyyatçı idi, Şərq üzrə mütəxəssis idi.
Bizim qrupda mən, Dadaş Rzayev, Əlif
Hacıyev, Mirvaleh Tağıyev, Etibar Hacıyev və
sürücümüz Vahid Abbasov vardı. Xocalı
aeroportunda xoşagəlməz hallar baş verirdi. Aeroportun rəisi
Valentina adlı bir qadın idi, ermənilər evində ona
sui-qəsd etmişdilər. Ondan sonra qərara gəlindi ki,
Əlif Hacıyev Xocalı aeroportuna komendant təyin olunsun.
Əlif
Hacıyev rəsmən bizim təşkilatdan ayrıldı və
Xocalı aeroportunun
komendantı təyin olundu, amma yenə də bizimlə
idi. Ermənilər Əlif Hacıyevi tanıdığı
üçün onun adının dəyişdirilməsi
mümkün deyildi. Dadaş Rzayevin adı gedirdi
“polkovnik Dimitri Qriqoyeviç Rayevski”. Bizə də
erməni kəndlərində, erməni icmasının
içərində işləmək üçün,
tanınmamaq məqsədilə adımızı dəyişdirmişdilər,
xüsusi vəsiqələr vermişdilər. Mən polkovnik Qalina İsaqovna Tişinka,
yarıxaxol yarı yəhudi qismində türk dilləri
üzrə mütəxəssis kimi qeyd olunurdum ki, müəyyən
bir yerdə Azərbaycan dilində danışanda başqa
şübhələr oyanmasın.
-Polkovnik Tişinka kimliyi sizə
hansısa təhlükə yaratdımı?
-Bəli
çox təhlükələrlə
qarşılaşmışam, mühasirəyə də
düşmüşük. Bir dəfə bizə siqnal gəlmişdi,
onu yoxlaqmaqdan ötrü bizim qrup mən Dadaş Rzayev, Etibar
Hacıyev və Mirvaleh Tağıyevlə birlikdə Goranboyun
Dəliməmmədli qəsəbəsinə yollandıq. Geri qayıdanda qərara gədik ki, Ağdərənin
içərisindən keçib Şahbulağa
çıxaq, oradan da Ağdama, ya da Xankəndinə qalxaq ki.
eşitdiyimiz məlumatın doğru
olub-olmadığı barədə məlumat verək.
Avtomobilimizin
nömrəsi hərbi nömrə idi, qarşıdan gələn
“Jiquli”nin içərisindəkilər
bizim maşına diqqətlə baxdılar, amma heç nə
etmədən getdilər. Biraz getdikdən sonra qoşqulu traktor gördük.
Dadaş Rzayev dedi ki, bundan heç xoşum gəlmədi, diqqətli
olmaq lazımdır. Maşın gedə-gedə Dadaş Rzayev
sürücümüz tatar balası Rafizə dedi ki, sən
keç arxaya, özü sükanın arxasına keçdi. Maşının sürətini artıranda gördük
ki, ətrafdan adamlar çıxdı. Həmin
traktorun yanına çatanda bizim maşını mühasirəyə
alacaqdılar, Dadaş Rzayevin maşına ani sürətləndirməsi
nəticəsində biz xilas olduq. Biz
Ağdamın ərazisinə keçəndən sonra onlar
arxamızca gəlmədilər.
-Moskvadan gələn bir nümayəndə,
polkovnik Tişinka olaraq ermənilərlə görüşlər
keçirirdiniz... Hansısa sülhməramlı
söhbətlər olurdumu?
-O vaxtlar
Qarabağda yaşayan əhalinin sayını dəqiqləşdirmək
üçün pasport rejimi var idi, pasportları
yoxlayırdılar. Xaricdə yaşayan ermənilər
onlara köməyə gəlirdilər. Biz
keçmiş Hardrut rayonunun Axullu kəndinə getmişdik.
Əvvəl ora kolxoz olub Axullu və Edilli
sovetlikləri birliyi. Hadisələr
başlayandan sonra sovetlikləri ayırmışdılar.
Edillidə ermənilər
yaşayırdılar, Axullu da isə azərbaycanlılar.
Danışdığım bu hadisə 1991-ci
ildə baş verib. Biz sənədlərə
baxış keçirdiyimiz zaman gördük ki, bəzi azərbaycanlıların
kimliyində doğulduqları yer “Ermənistan SSR, Hardrut rayonu
Axullu kəndi” olaraq qeyd edilib. Azərbaycanlı kəndlərin
sakinlərini Ermənistan
vətəndaşı olaraq yazmışdılar. Biz o sənədəri götürüb
Dağlıq Qarabağın komendantı və daxili işlər
üzrə müvəkkil general Kovalyova təhvil verdik.
Dadaş Rzayev dedi ki, baxaq görək Axullu və Edilli kəndinin
sakinlərinin fikri nədir?
Axullu kəndinin
sovet sədri dedi ki, o kəndlə bu kəndin arasında sərhəd
bir dənə daşdı. Bilirik ki,
daşın bir tərəfi Edilli, digər tərəfi isə
Axulludur. Həmin Axullu kəndində o vaxt
ən müasir avadanlıqla təmin olunan 2 mərtəbəli
məktəb tikilmişdi. Qarabağa Xalq
Yardımı Komitəsi tərəfindən vəsatət
qaldırılmışdı və Təhsil Nazirliyi tərəfindən
tikilmişdi.
Edilli kəndinin sədri Novosartyan xahişə gəlmişdi
ki, “icazə verin bu il sentyabr ayından bizim 1-ci sinfə gedəcək
şagirdlərimiz də bu məktəbdə oxusunlar, biz
barışıq elan edirik, aradan da o daşı
götürürük, Axullu və Edilli kəndləri Sovet
dövründə olduğu kimi birlikdə əmin-amanlıqda
yaşayırıq”. Həmin Novosartyan öz
maşınında Xankəndinə gedən yolda sui-qəst nəticəsində
avtomobil qəzasında həlak olmuşdu. Onun
öldürülməsindən sonra hamının gözü
qorxdu və heç kim barışıqla
bağlı addım atmadı.
-Azərbaycan
tərəfində barışığa necə
baxırdılar?
-Onda SSRİ-nin tərkibində olduğumuz
üçün əsas tapşırıq Moskvadan gəlirdi
ki, barışıq olmalıdır. O vaxt plan var idi ki, erməni
icmasından olanlar tədricən, könüllü olaraq
Dağlıq Qarabağı tərk etməlidiydilər. Necə ki Ermənistanda yaşayan azərbaycanlılar
oradan qovuldular, ermənilər də buradan getməliydilər.
Çox erməni getmək üçün ərizələr
yazırdı. Onda qərara alındı
ki, erməni camaatı ilə görüş keçirilsin,
görək onların fikri nədir? Məlum oldu ki,
kişilərdən heç kim onlarla
görüşə getmək istəmir, amma görüş
lazım idi. Mən könüllü olaraq
görüşə getməyə razılıq verdim.
Axulludakı məktəbin müəlliməsi Rəhilə
müəllimə dedi ki, səni tək qoymaram mən də
gedəcəm. Həmin müəllimə ilə
birlikdə tarlada işləyən ermənilərlə
görüşə getdik. Onlarla söhbət etməyə
başladıq, birdən yaşı təxmini 70 olan bir kişi atla bizim yanımıza gəldi. Mən də görüşə gedəndə
Dadaş Rzayevə demişdim ki, əgər hansısa təhlükə
görsəniz məni vurun, onların əlinə sağ
düşməyim. Görüşdən
qayıtmağımız yubananda Mirvaleh Tağıyev bizim
yanımıza gəldi. Onun gözü təsadüfən
yaşlı kişinin qolundakı saata sataşdı və
sual verdi ki, sənin saatın işləmir?
O da cavab verdi ki, işləyir. Mirvaleh
Tağıyev dedi sənin saatın Azərbaycan vaxtını
göstərmir axı.. Kişi
də cavabında biz Azərbaycanda deyilik ki, saatım Azərbaycan
vaxtını göstərsin.
Mirvaleh heçnə demədi.
Daha sonra
bir qadın yaxınlaşdı və rusca dedi ki, “axçi
olar səni?”. Mən kənara çəkiləndə
dedi ki, “sən məni tanımadın?”. Mən
də tanımadığımı dedim. O dedi ki, “mən
Nataşa xalayam, Sumqayıt ermənisiyəm, Sumqayıtda
Boru-prokat zavodunun yataqxanasında yaşayan xalanqızıgildə
səni görmüşəm, çalış sən
buralara gəlmə”. Mən “yaxşı” dedim və ona
oradakı vəziyyət barədə sual verdim? Dedi “sən Azərbaycan
hökumətinə çatdır ki, biz burada nə şəraitdə
yaşayırıq”.
Dedim axı
mən burda sizin cavan qızlarınızı görmürəm,
cavab verdi ki, “biz cavan
qızlarımızı mağaralarda gizlətmişik, burada
olan saqqalılar bizdən hər gecə yemək-içmək
və cavan qızlar tələb edirlər”. Mən
sual verdim ki, o saqqallılar kimdir, yerli camaatdır? Nataşa
dedi ki, onlar Suriyadan, Livandan, Fələstindən və
başqa ölkələrdən gələn ermənilərdir,
guya bura köməyə gəliblər. Mirvaleh işarə verdi ki, yaxınlaşanlar var, getmək
lazımdır. Mühasirəyə düşməməyimizin
qarşısını Mirvaleh aldı.
-Oradakı ermənilər Azərbaycandan
kömək istəyirdilər?
-Bəli
onlar kömək istəyirdilər. Biz erməni kolxoz sədri
Novosarkyanla danışanda o dedi ki, “biz erməni icması Azərbaycan
hökumətindən kömək istəyirik”. Bununla
bağlı erməni icmalarından çoxlu məktub gəlirdi
ki, “biz Azərbaycan tərəfindən kömək istəyirik”.
Moskvaya da yazmışdılar ki, “əgər Azərbaycan
hökuməti bizə yiyə durmursa, heç olmasa Moskva bizə
yiyə dursun”.
-Xanım
olaraq hərbi rejimə öyrəşmək sizə çətin
olmayıb ki?
-Bəlkə
də səmimi qarşılamayacaqsınız, amma həmin
illərdə mənim və bəlkə də əksəriyyət
çətinliyi gözümüzün qarşısına
almırdıq. Əlbəttə, çətinliklər,
təhlükələr olurdu. Hər dəqiqə
girov götürülmək, ölümlə üz-üzə
idik.
- Bir övladınız var idi, bir ana
olaraq övladınızı qoyub getdiyiniz üçün
narahat olurdunuzmu?
-Həyat
yoldaşım vəfat edəndən sonra ailə həyatı
qurmamışam, bir oğlum var. Mən gedəndə onu da
özümlə aparırdım. Xalamqızı
Ağdamda ərdə olduğu üçün oğlumu
onlarda qoyurdum. O hərəkətimə görə, mənim
Qarabağa getməyimə 1 ay qadağa qoydular. Oğlumla
Ağdama getdik və oradan da Xankəndinə getməliydik.
Mən oğlumu da özümlə apardım.
Orada Vilayət Komitəsi sədrinin yanına qalxdım və
oğluma dedim ki, bax gör bunlar nə danışır,
öz yaşıdın olan uşaqlarla söhbət apar. Onda 15 yaşı var idi oğlumun. Oğlum dedi
ki, onların 10-12 yaşında uşaqları “türklər
bizim düşmənimizdir, biz hər an onların
başlarını kəsməyə hazırıq” söyləyirlər.
Oğlum sarışın olduğu
üçün onun azərbaycanlı olduğunu bilməmişdilər.
Bu məlumatları da mən yuxarıya
çatdırdım. Məni cəzalandırdılar
ki, uşağı icazəsiz təhlükəyə
atmışam.
-Yəqin ki, döyüş
yoldaşlarınızdan yanınızda yaralanan, şəhid
olanlar və əsir düşənlər olub. Bir qadın,
bir ana olaraq nə hislər keçirirdiniz?
- Goranboy
rayonunun Ağcakənd kəndi əvvəl keçmiş
Şaumyan rayonuna tabe idi. Şaumyankənd ermənilərdən
təmizlənəndə orada böyük döyüş
getdi. Onda döyüşü Daxili
Qoşunlar aparırdı, komandiri də general Xosrov Məmmədov
idi. Biz də döyüşdə
iştirak edirdik. Xəbər verdilər
ki, təhlükəsizlik komitəsinin kəşfiyyatçıları
mühasirəyə düşüblər, onlara kömək
lazımdır. Dadaş Rzayev gneral
Şerbaka zəng elədi və “Krokodil” deyilən helikopterlər
havaya qalxdılar. Dadaş Rzayev, Azərbaycan deputatı
Cümşüd Nuriyevin olduğu hepikopter havaya qalxdı. Məlumat var idi ki, Ermənistandan bir nəfər gəlib
döyüşlərə nəzarət edir. Onun koordinatlarını da Dadaş Rzayevə
bildirmişdilər. Ora çatanda
Dadaş Rzayev onun oturduğu komanı məhv elədi. Dadaş Rzayevin atdığı qumbara ilə həmin
döyüşü idarə edən ölmüşdü.
Bizim helikopterin pilotları komandir Kazım Abbasov
və Bayram idi. Kazım Abbasov
yaralanmadı. Bayram yaralandı, biz onu xəstəxaya
çatdırdıq, geri qayıdanda gördüm ki, daxili
qoşunların 18 yaşlı bir əsgəri yaralanıb.
Cümşüd Nuriyev dedi ki, təcili xəstəxanaya
çatdırmaq lazımdı. Birdən əsgər
gözünü açdı və məni görəndə
əlini uzadıb dedi ki, ana qoyma ölüm. Biz
onu Gəncə magistralında dayanan təcili yardıma
çatdırdıq. Pilotumuzun vəziyyətini
yoxlamaq üçün hospitala gedəndə həkimdən o
əsgərin vəziyyəti barədə məlumat aldım.
Həkim dedi ki, əsgər elə təcili yardım
maşınında keçindi.
1989-cu ildən döyüşlərdə olanda və hərbi
hissələrdə komandir müavini kimi fəaliyyət
göstərdiyim zaman da mənə ən ağır təsir
bağışlayan həmin əsgərin ölümü
oldu. Sonradan məlum oldu ki, həmin əsgər əslən
Gürcüstandan olub, amma Bakıda doğulub.
-Sizin silahdaşınız Dadaş
Rzayev qısa müddətlik, 5-ay müdafiə naziri oldu. Siz onunla işlədinizmi? Ümumilikdə
Dadaş Rzayev necə hərbçi idi?
-Dadaş Rzayev müdafiə naziri olanda onunla işləməmişəm. O vaxt mən Qazaxda qulluq
edirdim. Onunla Dağlıq Qarabağda
döyüşlər zamanı bir qrupda olmuşuq. O,
çox vətənpərvər insan idi, heç nədən
qorxmurdu.
-Torpaqlarımız
işğal olunanda hansı hisslər keçirdiniz?
-Ürəkağrısı...
2007-ci ildə Polad Bülbüloğlu, Kamal Abdulla, Fərhad Bədəlbəyli
və digərləri Şuşaya səfər etmişdilər.
Mən bilirdim ki, 2-ci dəfə səfər
olacaq. Ona görə Sabir Rüstəmxanlının
yanına getdim. Sabir Rüstəmxanlını hərəkat
zamanından və Qarabağa Yardım Komitəsinin “Azərbaycan” qəzetinin
baş redaktoru olduğu zamandan tanıyırdım. Mən
Sabir Rüstəmxanlıya dedim ki,
bütün tanışlıqlarını işə sal,
ikinci səfər olanda mən də gedim. Onlar mənə “bəyim” deyirdilər,
Gülarə xanım demirdilər. Hərəkat zamanı rəhmətlik
Əbülfəz Elçibəy mənə “bəyim” dediyi
üçün hamı “bəyim” deyirdi. Sabir Rüstəmxanlı
dedi ki, “bəyim mən səni öz əlimlə ölümə
göndərmərəm”.
Dedim Sabir
bəy, kimdir orada məni öldürən, Şuşa
həmişə getdiyim yerdi.
Dedi ki,
“elə deyil, sən mənəvi öləcəksən.
Bəlkə də sənin orada ürəyin
partlayacaq, sən orada gördüklərinə dözə
bilməyəcəksən”.
Mən ehtiyata buraxılandan sonra bir neçə dəfə
qisas almaq üçün yenidən orduya qayıtmaq istədim. Amma hər dəfə
məni yaşıma görə qəbul etmirlər.
2014-cü ildə döyüşlər olanda biz xeyli
jurnalistlə Beyləqan, Qazax zonasına getmişdik. Mən onda
ordumuzda xeyli dəyişikliklər gördüm. Öz qulluq etdiyim illərlə indiki hərbini
müqayisə etdikdə yaxşılığa doğru dəyişiklikləri
gördüm. İstər maddi təchizatda,
istər əsgər, zabitlərin mənəvi psixoloji
durumunda irəliləyişlər var. Hərbçlərimiz
bircə himə bənddirlər ki, sərhədi ayaqlayıb
keçsinlər. Mənim qulluq etdiyim
müddətdə də hər şey yaxşı idi, amma
indiki dərəcədə deyildi.
- Sizin
qulluq etdiyiniz dönəmdə sizdən başqa xanımlar
var idimi?
-Əvvəllər çox idi. Daha sonra Müdafiə
Nazirliyində komandanlıq dəyişdikdən- Səfər
Əbiyev nazir olandan sonra bütün hərbi hissələrə
əmr getdi ki, orduda olan qadınlar azad olunsun. Mən döyüşən orduda yeganə qadın
zabit olduğum üçün o əmr mənə şamil
olunmadı. Kadrlar idarəsinin rəisi Məmməd
Beydullayev Gədəbəydə olduğum vaxt bizim briqadaya gəlmişdi.
Batalyonun ərazisinə daxil olan kimi mənə dedi ki, “biz
bütün qadınları ordudan qovmuşuq, necə
olub sən qala bilmisən?” Mən də ona baxıb dedim ki,
“siz qadınları necə qova bilərsiniz axı, qadın da insandı”. Dedim mən zabitəm,
ona görə orduda qalmışam. Orduda məndən
başqa da qadınlar var idi, amma onlar döyüş bölgəsində
deyil, nazirliyin özündəydilər. Bəlkə
də döyüş bölgəsində də qadınlar
var idi, amma mənim bundan məlumatım yox idi.
-Hərbçi
xanım olduğunuz üçün sizi qısqanan, sizin
işlərinizə əngəl törədən kişilər
olubmu?
-Bəli olub. Mənim
rütbələrim vaxtında verilməyib. Leytenantı 6 ay gec almışam, baş
leytenantı, kapitanı gec almışam, mayoru ümumiyyətlə
vermədilər. O zaman nazir müavini Mehman Səlimov
idi, o özü mənə dedi ki, “razı ola bilmərəm
mülkidən gəlmiş, elmi işçi olan bir qadına
rütbə, vəzifə verilsin, amma mənim peşə məktəbini
bitirən zabitlərim kənarda qalsın. Mən
sənə rütbə, vəzifə versəm, sən sabah
deyəcəksən ki, Mehman Səlimov nazir müavini
olmağa mən layiqəm, çünki mənim 2 ali təhsilim,
bu qədər də döyüş təcrübəm var”.
Mən də
dedim ki, “Mehman Səlimov əgər sən özünü o
yerə layiq bilmirsənsə onda xahiş edirəm nazirə
de, elə bəribaşdan dur oradan”.
Mənim rütbə almağımda vəzifəli, rütbəli məmurların qısqanclığı olub. Mən Gədəbəydə, Şınıxda qulluq edəndə komandirim var idi, biz ildə iki dəfə imtahan verirdik. Yekun yoxlama imtahanı vardı, o imtahan zamanı mən həmişə “5” almışam, komandir də “5” alıb. Bir dəfə başqa bir batalyonda komandir “4”, onun müavini isə “5” almışdı. Hərbi hissədə mənə “komissar” deyirdilər. Mənim komandirim dedi ki, “komissar, mən “4”, sən isə “5” alsan, o vaxt mən səninlə işləmərəm, bunu özümə sığışdıra bilmərəm. Təqdimat yazaram ki, səni başqa hərbi hissəyə göndərsinlər”. İstər Qarabağa Yardım Komitəsində, istərsə də hərbi hissədə yüksək nailiyyət göstərəndə yanımda olan kişilərdən qısqanclıq görmüşəm. Mən onların hər zaman qısqanclığını hiss edib, arxadan zərbəsini duymuşam.
Qafar Ağayev
Türküstan.- 2017.- 18-27 mart.-
S.5.