“Allah onu şəhid olmaq üçün saxlamışdı”
23 yaşlı
“Aprel şəhidinin hekayə”ti
Aprelin 3-də axşam oğlu Hüseynlə danışmışdı. Hüseyn də atasına gözaydınlığı verib demişdi ki, “gözümüz aydın olsun, Lələtəpə istiqamətindən düşmənə ağır zərbə vurub, susdurduq, Lələtpəni də geri aldıq... Hələ gözlə, şad xəbərlərimiz çox olacaq”...
Zeynal Dəmirli Təranə xanımla 1990-cı ildə ailə həyatı qurmuşdu. İllər ötdükcə, ailələrində sevinclər bir-birinin ardınca çoxaldı. 1992-ci ildə ailənin ilki Türkan, sonra bir cüt oğlu - Hüseyn və Kamran dünyaya gəldilər. Sonra Rəsul ilə Rəhman doğuldu. Ailənin ən böyük var-dövləti övladları və onların sevincləri oldu.
Hüseynlə Kamran ailədə hamının diqqətini cəlb edirdi. Bu iki əkiz oğlan bir-birindən kənar gəzmir, yatanda da birlikdə yatırdılar. Anası Təranə xanım əkzilərini belə xatırlayır:
“Əkizlərdən birini Hüseyn, digərinə Kamran adı verdik. Sonra oxşatmaq üçün Hüseyni də “Orxan” çağırmağa başladıq. Ancaq sənədlərdə adı elə əvvəlki kimi qaldı. Hüseyn Kamrandan yarım saat əvvəl doğulmuşdu deyə, elə həmişə də Orxanı (Hüseyni nəzərdə tutur) ondan böyük bilirdik. Yadımdadır, anam Hüseyni bələyəndə deyirdi ki, bu fərqli uşaq olacaq. Bədəni pəhləvan kimidir, bələmək olmur. Pəhləvanları gücdən salacaq. Okinin (əzizləmə mənasında Orxana “Oki” deyərmiş Təranə) bütün hərəkətlərini Kamran təkrar edirdi. Orxan Kamrana nisbətən çox dəcəl idi. Bir-birlərindən kənar gəzməzdilər. İkisinin də yataq otaqları bir idi. Bir yerdə yatar, bir yerdə durardılar. Saatlarla öz otaqlarına keçib, ordan çıxmazdılar. Onlarla bağlı o qədər xoş xatirələrim var ki...
Fələk məni yaman yerdə haqladı... Orxanımdan sonra xəstəliyə düşmüşəm. Onun itkisi bütün varlığımı, həyatımı alt-üst edib. Bütün sevinclərimiz onunla gedib. Deyirlər ki, əldəki 5 barmaqdan biri olmasa, çətin olur. 4 barmaqla əl hərəkət edir. Mənim 5 balamdan biri gedib, çətinlik bu dərdin yanında heç nədir. Mənim havam çatmır... Biləsuvardakı Nizami Gəncəvi adına 4 nömrəli məktəbi də birlikdə bitirdilər. Ali məktəbə imtahan verdilər. Kamran qəbul olundu. Hüseyn ilk həyat imtahanından kəsildi. Əsgər getməli oldu. Kamran da institutdan möhlət götürüb, onunla birlikdə hərbi xidmətə yollandı.
2011-ci ilin 6 oktyabr
günü onları hərbi xidmətə yola saldıq.
2013-cü ildə hərbi xidməti başa vurandan sonra, Kamran
təhsilini davam etdirdi, Hüseyn isə yeməkxana
götürüb işlətdi. Balaca oğlum Rəsulu və Rəhmanı
aldı yanına, Kamrana isə dedi ki, sən oxu.
Həmin ili yaza qədər işlədi, sonra tikintidə çalışdı. Sonra dedi ki, hərbiyə getmək istəyir. Getdi Bakıda Daxili Qoşunlara, amma boyu çatmadı.
2014-cü ildə mənim
iradəmi qırıb, yenidən hərbi xidmətinə davam
etdi. Müddətdən artıq
(MAXE) xidmətə başladı. Əslində dava başlayanda mən
çox da narahat deyildim, fikirləşirdim ki, oğlum
tankçıdır, ona heç nə olmaz. Tankın içərisində
nə olacaqdı ki...
Aprelin 1-də isə üçüncü oğlum Rəsul Vətən qarşısında hərbi borcunu bitirib, evə dönməliydi. Onun gəlişinə 2 qoç qurbanlıq almışdıq, qonaqlığımız üçün hər cür bazarlıq edib, tədarükümüzü tutmuşduq. Bu həyətdə qonaq gözləyirdik. Şənlik edəcəkdik. Aprelin 1-i Rəsul zəng edib dedi ki, “ana, bizim batalyonu aprelin 10-dan sonra buraxacaqlar. Narahat olmayın”.
Aprelin 3-də isə Okiylə
danışdım. Telefonda qurbağa qurultusunun səsini
eşitdim. Dedim, oğul
hardasan? Dedi, “ana çöldəyik, narahat olma, hər şey
yaxışıdır”. Sonra dedi ki, “ana, mənim qurbanım
var, bəlkə onu kəsəsən”. Dedim qayıdıb gələrsən,
yayda kəsərəm.
Dedi ki, xeyli irəli gediblər, qələbə qazanıblar.
Sevincək dedim ki, “ay oğul, özünü
darıxdırma, Tofiq də irəlidədir, ay Vətən
oğlu, ay el oğlu”. Ona hər zaman deyirdim ki,
tankın içərisindən çıxma. Sanki qoruyurdum onu. Deyirdi ki,
ölüm hər yerdə gəlir. Həmin
gecəni yata bilmədim”.
“Allahın lütfü idi, nuru idi mənim
mələk balam”- deyib sızıldayır Təranə
xanım:
- Həmin ili
fevral ayında məzuniyyətə gəlmişdi. Geri qayıtdığı gün yoluna kotlet
bişirdim. Tədarük gördüm.
Heç nə aparmadı. Dedi ki, “ana, orada
elə oğlanlar var ki, evindən heç nə gəlmir. Mən
bu yeməkləri onların yanında yeyə bilmərəm və birinə
versəm, digərinə çatmasa, deyəcəklər
ayrı-seçkilik edir”.
Tutduğum yük dolu çanta elə stolun üstündə
qaldı. Fevralın 28-də onu darvazadan yola salanda, “Nə tez
keçdi günlər”- dedi. Darvazadan ayrılandan xeyli sonra 3 dəfə
dönüb məlul-müşkül geri baxdı. İndi hər dəfə darvazadan onun getdiyi yola
baxıram. İndi onu yola
saldığım həmin gün neçə dəfə
kino lenti kimi gözümün önünə gəlir.
Yol uzanır gedir, ayılanda oğlumu görmürəm o
yolda... Oğlumun gəldiyi yollar boşalıb... Orxanımı Allah iki dəfə qəzadan
qurtarmışdı. Bir dəfə hərbi
xidmətdə olanda tank aşmışdı. İçəridəkilərə heç nə
olmamışdı. Bir dəfə də
ezamiyyətə gələndə, dostu ilə birlikdə qəzaya
düşmüşdülər. O maşından necə
sağ çıxmasına hamı məttəl qaldı. Demək Allah onu şəhid
olmaq üçün saxlamışdı. Biz kimik ki, şükür o göyədki
Tanrının yazdığı qismətə. Bir dəfə
mənə dedi ki, “şəhid olsam, sən
də qəhrəman ana olacaqsan”.
Döndüm,
hirslə üzünə baxdım, dedim ki, “Orxan o
nə sözdür dedin mənə?. Sən olmayandan sonra o qəhrəman
analığı neyləyirəm?”.
Son dəfə iş yerinə
qayıdanda paltarlarının əksəriyyətini Kamrana
verməyimi tövsiyə etdi. Dedi ki, “ana, onsuz da mən daha
çox hərbi paltarda oluram, Kamran oxuyur, qoy o geyinsin”.
Türkan Dəmirovlar ailəsində
dörd qardaşın 1 bacısıdır. Həyat
yoldaşı Azərbaycan Milli Ordusunun zabiti olduğundan, əslində
Türkanın özü də bir əsgərdir.
Çünki, hər dəfə Tofiqin iş yeri dəyişiləndə,
ezamiyyətə göndəriləndə, o da iki
övladını götürüb, əri ilə həmin
yerə köçürlər.
Deyir ki, “mən elə bilirdim,
qardaşlarıma, həyat yoldaşıma heç nə
olmaz. Çünki ən çox güvəndiyim ailə üzvlərim Vətənin
keşiyi çəkirlər”.
– Həmin günlərdə
atamın evinə gəlmişdim ki, əsgəliyini bitirəcək
qardaşım Rəsulu qarşılayaq.
Martın 26-sı həmişəki kimi həyat
yoldaşımı yola salırdım. Ancaq
içərimdə bir narahtlıq var idi, nəsə
özümdə deyildim. Qonşu gəlin
bizə gəldi. Narahtçılığımı
görüb dedi ki, nə olub ki, nə baş verib. Ağlamağa başladım. Həmin
döyüş günlərində isə yoldaşım
Tofiqə zəng çatmadı. Narahtlığım
daha da artdı. İki
gün sonra
eşitdim ki, ermənilər bizə qarşı təxribat
hazırlayıb. Və Ordumuz hücumun
qarşısını alıb. Sonra bir dəfə
Tofiqlə danışdım. Dedi ki, “gecə-gündüz
dua edin. Sizin dualarınız bizi qoruyacaq”.
Gecə-gündüz əllərim havada Allaha dua edirdim
ki, ailə üzvlərim, Azərbaycan Ordusu itkilər verməsin...
Hərbçi olmaq
Hüseynin uşaqlıq arzusu idi. MAXE keçəndən
sonra bizimlə çox yaşadı. Beyləqandakı
hərbi hissədə yaşadığımız məhəllədə
kimsə onun necə gəlib-getdiyindən xəbər
tutmadı. Cavan oğlan olsa da, bir dəfə başını
qaldırıb qızların üzünə baxmadı. Özü qızdan həyalı idi. Məni “Tutu” deyə
çağırırdı qardaşım. Mən anamın taleyində olan
qırıqlığı yaşayıram indi. Anam da 4 qardaşın bir bacısıdır. Bu uşaqlar əkiz doğulanda dayım Eldəniz Nəzərov
könüllü kimi Qarabağ döyüşlərinə
yazılmışdı. Döyüşdən
salamat qayıdıb gəldi. Ancaq 2000-ci
ildə avtoqəzaya düşüb öldü. Uşaq idim, anamın nələr çəkdiyini
görürdüm, elə də anlamırdım.
Ancaq indi bilirəm ki, anam necə
yanıb-qovrulurmuş.
İndi Kamranın gözünə
baxa bilmirəm, bizim sıramız, səfimiz azalıb, Kamranın isə
yarısı gedib. Uşaqlıqda Orxan çox
nadinc idi. Ən çox sevdikləri yer
divarların küncünə keçib oynamaq idi. Bir dəfə evdəki televizorun arxasına
keçib, onu aşırmışdılar. Bir dəfə də Moskvada dayımgildə olanda
onların televizorunu eləcə
aşırmışdılar. Həmin
vaxtı bunların 3-4 yaşları olardı. Dayım
evə zəng edir, telefonu Oki (Hüseyni nəzərdə
tutur.- A.E.) götürür, dayım ondan
soruşur ki, bala evdə kim var? Oki deyir ki, evdə heç kim qalmayıb, hamımız gəlmişik
bura.
Sonralar bu cavabı lətifə
kimi danışıb-gülərdik. Böyüdükdən sonra, harda
çətin iş oldusa, özünü irəli verdi. Elə bil ki, böyüməyə
tələsirdi. Hər zaman daxilində bir
yaxşılıq və bir də ki, qəhrəmanlıq
hissi yaşadırdı. Anam da, mən də
qardaşlarımın əsgər getməsindən, Vətənə
xidmət etmsindən qürur duymuşuq. Onları
xidmətə yola salanda gözlərimizdə yaş gilələnməyib.
Fikirləşmişik ki, oğul Vətən
üçündür. Qardaşımın şəhid olması xəbərini
isə mənim qaynım gətirdi. Anamın səsi aləmi
başına götürdü. Anamı
heç zaman elə görməmişdim.
Gecə qardaşımın tabutunu gətirəndə,
anam haray çəkə-çəkə tabutun
qarşısına çıxıb: “Oğul, evinə
xoş gəlmisən” dedi.
Hüseyn Dəmirlinin əkiz
tayı Kamran deyilənlərə görə,
qardaşının eynidir. Bir-birlərindən
heç nə ilə fərqlənmirlər. Lakin ana və doğmalar üçün hər
oğulun öz yeri var idi. Kamran Azərbaycan Dövlət Neft
və Sənaye Universitetini
2017-də bitirib. Əkizlər üçün
bir-birindən ayrılmaq çox çətin olur. Kamran da indi elədir. Hər yerdə
qardaşını gəzir, arayır:
- Biz 2011-ci ildə hərbi xidmətə
yollanmışdıq. Andiçmə mərasimi oktyabrda oldu, lakin hava elə
soyuq idi ki, külək damları-ağacları uçururdu.
Buna görə də andiçməyə həmin gün az adam gəldi. Hava şəraitinə
görə tədbir 10 dəqiqə çəkdi. Hüseyn həmin gün xəstələnmişdi.
Qızdırmanın içərisində
yanırdı. Bütün əsgərlər
kimi, biz də hava şəraitinə baxmayaraq, valideynlərimizin
gəlməsini gözləyirdik. Pəncərədən
baxanda ata-anamın gəldiyini gördüm. Yavaşca
qardaşımın yatağına yaxınlaşıb dedim
ki, deyəsən atagil gəliblər. Biz kimsəyə
bildirmədən otaqdan çıxdıq ki, valideynləri gəlməyən
uşaqlar məyus olmasınlar. Çox
vaxt bizi əsgərlər və zabitlər dəyişik
salırdılar. Qoşa çarpayıda
yatırdıq. Bizi bir birimizdən
ayırmırdılar. Həm də xidmət etdiyimiz yerdə rəhbərliyin
də, əsgərlərin də hörmətini
qazanmışdıq. Biz hətta eyni vaxtda xəstələnirdik. Bir dəfə hərbi hissədə xəstələnmişdik.
Qrip olmuşduq. Onun
boğazının və sifətinin sağ tərəfi, mənim
isə sol tərəfim şişmişdi.
Həmin aprel günlərində
isə mən dərsdə idim. Artıq Ordumuzun hücuma keçməyindən,
qardaşımın ön cəbhədə olmasından xəbərdar
idim. Bir-birimizlə
danışığımız belə olmuşdu ki, o sona qədər
mənə zəng edəcək. Bir zəng
səsi ilə onun sağ-salamat olduğunu bilirdim.
Aprelin 3-dən sonra zəng
etmədi. Fikirləşdim ki, yəqin telefonunun batareyası
yatıb. O məndən güclü idi, mən onu
özümdən böyük sayırdım, həm dostum, həm
qardaşım idi.
Hərbi hissədə o dəfələrlə
təşəkkür məktubları almışdı. Mən isə
onun uğurlarına sevinirdim. Heç
doymadım qardaşımdan... yarımçıq kimiyəm,
elə bil bir tərəfim yoxdur.
Bacım Türkan deyir ki, bir
dəfə onu nənəmgil kəndə aparırlar. Eyni vaxtda hər
ikimiz ağlamağa başlamışıq, bu hadisədən
sonra bizi bir-birimizdən kimsə ayırmadı. Biz bir-birimizdən ayrı dura bilmirdik. Sonra mənim yolum təhsilə, onun yolu hərbi xidmətə
ayrıldı. Ancaq ki, mənəvi
baxımdan bir-birimizin varlığını hiss etməyimiz
bizim yaşam tərzimiz idi. İndi Rəsulu
onun yerinə qoymuşam. Rəhman
qardaşımın isə 17 yaşı var.
Çalışacağam ki, mən də onun oxumasına
yardım edim.
Həmin günü isə dərsdə çox narahat
idim. Özümə yer tapa bilmirdim. Qrup
yoldaşım olan bir qız gəlib “Biləsuvardan
üç şəhid var” dedi.
Siyahıya baxdım, kimsəni
tanımadım. Qardaşlarımın da adını
görməyəndə, sevindim təbii ki... Fikirləşirdim
ki, qardaşım həm artilleriyaçıdır, həm də
tankçıdır. Ona heç nə
olmaz. Rəsul isə başqa istiqamətdə
xidmət edirdi. Günortadan sonra evə gəldim. Uzandım ki, yatam. Adətən
günbatan vaxtı yatmıram. Ancaq key kimi idim. Yuxu məni aparırdı. Yerimin içində
də rahat ola bilmədim. Əmim oğlu
otağa girib dedi ki, telefonun zəng çalır. Əslində oyaq idim. Telefonun səsini
eşitməmişdim. Baxdım ki, qohumlar,
bacım zəng vurub. Bacıma zəng
etdim, telefonunu başqası açdı. Dedilər ki,
atamın qoca əmisi rəhmətə gedib. Əmim oğlu ilə taksiyə minib, Biləsuvara gələndə,
yolda artıq xəbərimiz var idi hadisədən. Yol boyu Allaha yalvarırdım ki, kaş yol getdiyim
avtomobil qəza törədə və mən də
ölüm. Çünki
qardaşımın yox olmasını, ölüm xəbərini
qəbul etmək istəmirdim. Biz onunla belə
danışmamışdıq. Bizim
bir-birimizə etibarımız var idi. Axşam mən evə çatanda
gördüm ki, həyətimizdə qardaşımın
tabutu qoyulub, səs-küy idi. Aləm bir-birinə
qarışmışdı. Dizlərim taqətdən
düşdü, səntirlədim, yıxılmamaq
üçün divara söykəndim... Qardaşsız adam belə olur, haraya
yıxılacağını bilmir.
Səhəri gün Rəsul
gəldi cəbhədən. Bir dəfə Rəsulun
bir əsgər yoldaşının atası rəhmətə
getmişdi. Qara xəbəri ona verəndə, Rəsul
dostunun düşdüyü ağır vəziyyəti
görüb, əllərini Allaha açıb deyib ki, “Ay Allah
məni belə imtahana, sınağa çəkmə...”.
Görünür, Allah
duaları həmişə eşitmir. Rəsulun duaları, bacımın-anamın
duaları qəbul olunmadı...
Aida Eyvazlı
Türküstan.-
2017.- 9-13 noyabr.- S.12.