“Vaqif İbrahimoğlu bizə dedi ki, əgər bunu etməsəniz, ruhum sizi bağışlamaz

 

II hissə

 

Elə həmin Qəqənidi… Aradan 47 il keçməsinə baxmayaraq, Fərhad müəllimin o zamanın Qəqənisindəki saflığı, səmimiyyəti hələ də qoruyub saxlayıb. Onunla söhbətləşəndə bunu daha yaxşı hiss edirsən. İllər ötüb, mühitlər dəyişib, fərqli insanlar, fərqli məkanlar, enişlər-yoxuşlar Fərhad İsrafilovdan hələ də səmimiyyəti oğurlaya bilməyib. Böyük Moskva kino məktəbini keçmiş, Vaqif İbrahimoğlu kimi ustadın əlindən su içmiş, hazırda Müəllimdən aldıqlarını Mədəniyyət və İncəsənət Universitetindəki tələbələrinə qaytarmaqda olan Əməkdar artist, dosent Fərhad İsrafilov  Moderator.az-a müsahibəsində elə danışır ki, sanki yenə də haradansa, qeybdən Şahmar Ələkbərovun əli çıxacaq, 14 yaşında olduğu kimi  saçlarını tumarlayacaq və həmin məşhur ifadəni deyəcək: Qəqənisən ki, Qəqəni….”

Yağmurlu, çiskinli payız havası… Mahiyyət etibarilə dünyanın özünə sığmayan, lakin varlığını qorumaq üçün Kukla Teatrının bir neçə dar otağına sığınan Yuğ elə yağışdan qorunmaq üçün  haradasa daldalanan uşağa bənzəyir… Və… Biz o otaqların birində Yuğ Teatrının ən qocaman aktyorlarından olan, əməkdar artisti, dosent Fərhad İsrafilovla üz-üzə söhbət edirik. Yox, bizdən fərqli olaraq, o, əvvəlcə Qəqənidən başlamır. Deyir ki, hələ  “Yeddi oğul istərəm”dən bir il əvvəl (1969-cu ildə) məşhur “Şərikli çörək” filminə də çəkilib. Epizodik rolları oynayan uşaqlardan biri özü olub. Amma həmin filmin baş qəhrəmanı- yəni, Vaqifi də ola bilərmiş. Lakin nə olub, nə olmayıbsa, son seçim o yox, Kamran Rəcəbli olub. Amma həmin epizodik rol da Fərhad müəllimə kinonu sevdirib. İlk dəfə olaraq, canlı kamera, nəhəng aktyorlar, çəkiliş meydançası, hətta ezamiyyət də görüb. 13 yaşında çəkilişüçün Nalçikə də gedib… Sonrakı mərhələ isə Qəqəni olub.

Fərhad müəllim, 5 il Moskvada Ümumruriya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Kinonun incəliyini bilən ən peşəkar kadrlardan biri sayılır. Elə oynadığı rollardan da bunu hiss etmək olar. Biz də xatirələrdən ayrılıb, məhz bu barədə söhbətləşmək istəyirik. Moskva mühiti Fərhad müəllimə çox şeylər qazandırdı. Bəs, oradan qayıtdıqdan sonra nisbətən fərqli mühitə, oranın ovqatına uyğunlaşmaq müəllim üçün nə dərəcədə çətin olun? Özünü dinləyək:

-Oradakı yaradıcı mühitlə, adamlarla buradakılar arasında xeyli fərqlər var idi. Məşhur rejissor Matveyev və başqa tanınmış rejissorlar məni filmlərinə dəvət edəndə, orada bir çox kino əfsanələri ilə tərəf müqabili oldum. Bütün dünyanın tanıdığı Sergey Bondarçukun yaradıcı emalatxanası bizim auditoyira ilə üzbəüz idi. Onunla bir neçə dəfə görüşüb söhbətləşmişəm. Bir dəfə institutda hansısa filmin sınaq nümayişi idi. İzləmək istədim, amma zalda yer olmadı. Həmin vaxt ön sırada, filmi qiymətləndirəcək insanların arasında oturan Bondarçuk məni səslədi və öz yanına dəvət etdi. Oturduğum sırada Bondarçukla bərabər, Tixonov, Rastopxin kimi dahi sənətkarlar var idi. O sıradakıların fotosunu çəkib afişaya vurmuşdular. Mənə o fotonu sonradan Ötkəm İsgəndərov göstərdi. Dedi, sən də oradasan. İndi təsəvvür edin, yanımda oturanların hamısını bütün dünya tanıyır, kino nəhəngləridirlər, mən də bir cavan oğlan, onlarla bərabər eyni sıradayam. Fotoya baxanlar düşünər ki, biz bu adamı tanımırıq, amma indi o gör kimdir ki, belə sənətlarların yanında oturub. (gülür)

-Bu yaşınızda, sənətdə xeyli işlər görəndən sonrakı mərhələdə də  çox təvazökar insansınız. O zaman isə gənc idiniz. Belə nəhəng sənətarlarla çalışan zaman daxilən sıxılırdınız?

-Bondarçuk bir dəfə mənimlə 20 dəqiqəyə qədər söhbət etdi. Həddindən artıq həyəcanlı idim, bilmirdim ki, özümü necə idarə edim. Çalışırdım ki, özümü sındırmayıb,  birtəhər ələ alım. Amma xeyri olmurdu. O, ümumi məsələlərdən danışırdı. Soruşurdu ki, sizdə kino sənayesi necədir, sizin uşaqlar hazırda nə işlə məşğuıdu və s. Amma qarşımdakının kimliyi mənə bu böyüklüyündə gərginlik yaratmışdı. O gedəndən sonra dərindən nəfəs aldım, rahatladım.

 

Daha kimləri desəniz, mən orada görmüşəm. Adlarını çəksəm, gərək, səhərə qədər burada oturaq. Hamısı da nəinki sovet, ümumilikdə dünya kinosunun nəhəngləri idilər. Bizə o cür sənətkarlar dərs deyirdilər.

Həmçinin, onlarla biz filmlərə çəkilirdik. Məşhur rejissorlar bizi filmə dəvət edirdilər. Matveyev, Kliçkov, Lazerev, Aleksandr Mixaylov, Yuli Nazarov... Biz bunlarla işləmişik. Cavan bir azərbaycanlı idim. Özü də ”Mosfilm”də heç vaxt imkan verməyiblər ki, bir azərbaycanlı filmə çəkilsin. Əsasən, gürcü və ermənilərə yer verirdilər. Həm də onların şəbəkələri də geniş idi. Bizlərə isə imkan vermirdilər. Təkcə mən gəlib düşmüşdüm, hətta mənə də imkan vermirdilər. Axırda Matveyev dedi ki, müharibəni təkcə ruslar udublar? Bütün SSRi-də yaşayan xalqlar müharubəni qazanıblar. Hər kəsin də haqqı var ki, Moskvanın çəkdiyi filmdə yer alsın.

-“Mosfilm”də filmlərə çəkilən zaman erməni və gürcülərin təxribatları ilə üzləşmişiz?

-Xeyr, elə bir şey olmayıb. Bəlkə də ona görə ki, mən ancaq öz işimlə məşğul olmuşam. Çalışmışam ki, Moskvada çəkildiyim hər filmdə özümü bir peşəkar aktyor kimi sübut edim. Müəllimlərim də məni bu xüsusiyyətə görə çox istəyirdilər. Nikolay Kliçkov məclisdə hamı ilə oturub çörək yeyən adam deyildi. Amma məni otağına nahara dəvət edirdi. Bir də görürsən, deyirdi ki, gedək çay içək. Həm sənət barəsində danışar, həm   aid olunduğum ölkə, xalqı təmsil edərdim.  Ola bilsin, rus mühitində bəziləri Azərbaycan haqqında yanlış düşüncədə olub. Mən məhz buna görə çalışırdım ki, bizim xalqın yaradıcı, elmi tərəflərini də görsünlər. Həmişə onlara deyərdim ki, bizdə poeziya olanda sizdə şeir, ədəbiyyat olmayıb. İzəddin Həsənoğlu, Qətran Təbrizi, Nizami olanda siz şeirdən uzaq idiniz. Bizim əlifbamız olanda sizin kiril əlifbanız yox idi. Bunların bəzilərini zarafatyana desəm də, Azərbaycanla bağlı həqiqətləri çatdırırdım. Müllimlərim də məni qoruyurdular. Matveyev olmaqla bir neçə müəllim, məni kənar təsirlərdən uzaqlaşdırırdılar.

-Hazırda özünüz müəllimsiz. Mədəniyyət və İncəsənət Universitetində çalışırsınız. Hazırki tələbələrinizdən nə dərəcədə razısız?

-İndi yeni qrupum var. Birinci kursdular, hələ dərs ili yeni başlayıb. Bu səbəbdən onlar barədə indidən qərar vermək olmaz. Amma aktyorluq çox çətin sənətdir. Burada mən də bir müəllim kimi hansısa səhvi etməməliyəm. Çox gözəl və istedadlı uşaqlardılar. Amma mən yenə də tədrisdə boşluq buraxmamalıyam. Qoy bilsinlər ki, bu həqiqətən də ağır, mürəkkəb bir sənətdi. Həmişə tələbələrimə ilk gündən deyirəm: univermağa gedin, papaq alın və qarşınıza qoyub fikirləşin. Çünki aktyorluq nə qədər şərəfli və şöhrətlidirsə, bir o qədər də ağır sənətdi. Allah sənə güc, inam,  istedad veribsə, sən zəhmət və  bacarığınla uğura nail ola biləcəksən. Çünki bütün sənətkarlar bugünün birinci kursdakı tələbəsi kimi sənətə başlayıb. Hamı tələbə olub, heç nə bacarmayıb, amma gəlib müəllimin qarşısında ifasını göstərib. Bilmədiklərini öyrənib, səhvlərini də aradan qaldırıb. Kim bunu bacarıbsa, aktyor olub, kim bacarmayıbsa, hamam müdiri...

-Tələbələrinizə ən çox hansı tövsiyyələrdə bulunursunuz? Müəlliminiz Vaqif İbrahimoğludan öyrəndiyiniz nə dərəcədə kara gəlir?

-İndi mən bir aydan çoxdur ki, təzə tələbələrimlə tanışam. İlk işim onlarda inam oyatmaqdır. Onlar bilməlidirlər ki, niyə bu sahəni seçiblər, niyə məhz bu auditoriyadadırlar. Nə istəyirsənsə, bu sənətdə var- şöhrət, hörmət, istedad hər şey...

Aktyor şöhrət məqamına çatandan sonra onu daxilən sıxan proseslər başlayır: Metroda qısıla-qısıla oturursan. Çünki hamı sənə baxır. Nə etdiyinə diqqət kəsirlər. Özlüyündə deyirsən ki, bütün diqqət məndədir, heç nə edə bilmərəm. Məcbur olub eynək taxıb şəhərə çıxırsan. Bu mərhələyə çatana kimi bilirsən nə qədər yol gedilməlidir? Amma bu məqama çatandan sonra da aktyor gərək özü kimi qalsın. Bax, mənim əsas tövsiyyəm budur.

Mən Moskvada oxuyanda qrupumuzda 14 tələbə var idi. Rəhbərimiz Matveyev kursu bitirən zaman hamıya xatirə olaraq şəkil payladı və hər bir tələbə üçün ayrı-ayrılıqda həmin şəkillərin arxasına ürək sözlərini yazdı. Mənim üçün də bunu – “Necə varsansa, elə ol”. İndi bunları mənim deməyim yaxşı deyil. İmkanın varsa, heç bunları yazıya da əlavə etməzsən. Redaktə edərsən. O mənim qara qaş qara-gözümə aşiq deyildi ki, iki filminə dəvət edib çəkdi. O məhz bu xüsusiyyətə görə, olduğun kimi göründüyüm üçün mənimlə işləməkdə maraqlı idi.

Bir dəfə də Bakıya gəldi. Hamının yanında dedi ki, mən İsrafilovu yenə də filmə çəkmək istəyirəm. Amma prodüsser qoymur. Deyir, başqa yerdən aktyor gətirmək bizə baha başa gəlir, xərcləri çoxdu.

-Bəzi müəllimlərin tədris metodları çox sərtdi. Birinci kursda oxuyan gələcək aktyordan çox şeylər tələb edirlər. Bu, nə dərəcədə doğrudur?

-Bir məsələyə xüsusi diqqət ayırmaq lazımdır: birinci kurs tələbəsi, yenicə parta arxasından ayrılan gəncdir. Ondan böyük sənət tələb etmək olmaz. Bu tələbəyə misqal-misqal nəyisə öyrətmək lazımdır. Həm də ona inam verə-verə anlatmaq gərəkdir. Məsələn, mən təxəyyüllə bağlı bir mövzu verirəm. Parta arxasından ayrılan dünənki şagird bəlkə də təxəyyülün özünün nə olduğunu bilmir. Amma onu hədəfə addım-addım aparmaq lazımdır. Məsələn, mən təxəyyülün necə inkişaf edirilməsi ilə bağlı onlara məşğələ mövzusu verirəmsə, həmən böyük nəticə gözləməməliyəm. Məsələn, biri həmin mövzudan iki cümlə oxuyan kimi saxladıram, keçirəm o birisinə, o da iki cümlə deyir. Beləcə həmin mövzu tələbələr arasında  şaxələnir. Evdən danışırıqsa, həmn təxəyyülün hesabına gedib meşəyə ayıların yanına çıxırıq. Bəzi tələbələr var ki, özünə inamsızlıqdan əziyyət çəkirlər. Məsələn, dərsə cavab vermək zamanı gələndə orta məktəb şagirdi kimi qısılıb bir yerdə qalırlar. Çünki onda özünəinam hissi zəifdir. Allah rəhmət eləsin, bizim müəllim Vaqif  İbrahimoğlu dərs, hansısa aktyor ifasını  tələb edəndə, “bilmirəm” demək olmazdı. Desəydin, artıq vəssəlam! Mən hər dəfə Vaqif müəllimin verdiyi tapşırıqları yerinə yetirirdim. Səhvə yol verirdim, amma yenə də buna cəhd edirdim. Bir dəfə “Audensiya” tamaşasının məşqi zamanı müəllim məni 19 dəfə pilləkənə düşürüb-çıxartdı. Axırıncı dəfə düşəndə bərkdən güldü. Dedim, yenə səhv etmişəm? Dedi, yox, sən artıq ikincidən düz edirdin. Deməli, Vaqif müəllim öz tapşırığının necə düzgün yerinə yetirilməsindən zövq aldığı üçün bunu edirmiş. Amma hər zaman belə olmayıb axı. Mən Vaqif müəllimin yanında səhv edə-edə öyrənmişəm.

Elə indi də öyrənirəm. Tələbələrimə deyirəm ki, mən heç nə bilmirəm. Nə səbəbə, niyə bilmirəm, bu, məlum deyil. Amma yenə də heç nə bilmirəm. Mən indi də sizdən öyrənirəm. Bununla yanaşı, çalışıram ki, sizə də nəyisə öyrədim. Mənim işim sizi öyrətmək yox, istiqamətləndirməkdir. Amma öz bildiyimi yox, Müəllimin- Vaqif müəllimin öyrətdiklərini. Müəllim həmişə bizə deyərdi ki, sizə öyrətdiklərimi siz öyrətməsəniz ruhum sizi bağışlamaz.

-Artıq üçüncü mövsümdür ki, teatrda “Sonuncu” tamaşasında əsas rolu canlandırırsınız. Sənətdə özünü tapa bilməyən Qələndərli obrazını yaradanda gözlərinizdən hədsiz məyusluq hiss olunur. Sanki həqiqətən   hansısa doğma bir akyorun həyatını yaradırsınız. O aktyor, yaxud, aktyorlar kimdir?

-“Sonuncu” tamaşası artıq üçüncü ildir ki, Yuğda səhnələşdirilir. Ramiz Həsənoğlu ilə televiziya və kinoda çox işləmişik. Teatrda ilk birgə işimizdir. Tamaşa mənə çox doğmadır. Əlisöhbət Qələndərli sənətdə özünü tapmayan, müəyyən səhvlərdən sonra ömrünü, gələcəyini, sənət uğurlarını itirmiş bir adamdı. O Kəbirlinski deyil. Kəbirlinksi ümumiyyətlə, uğursuz, istedadsız bir aktyordu. Amma Qələndərlinin acı aqibəti məhz onun öz səhvlərinin nəticəsidir.

İndi də xatırlayıram, o zaman gənc idim. Mərhum aktyor Mustafa Süleymanovu teatrdan uzaqlaşdırdılar. Bu, mənə çox pis təsir etdi. “Vaqif”i əzbərdən bilirdi. Son olaraq elə bu tamaşada baş rolda çıxış etdi və bununla da teatrdan uzaqlaşdırıldı. Tək o yox, Hökümə Qurbanova, Əli Zeynalov, Ətayə Əliyava, Muxtar Avşarov kimi sənətkarlar, ömrünün sənətə, teatra fəda edənlər işdən çıxarıldılar. Niyə? Nə səbəbə? Axı onlar bütün ömürlərini məhz bu işə həsr ediblər. Hər şeydən uzaqlaşıblar, həyatda başqa nəyəsə diqqət ayırmayıblar.Yalnız bu sənətin arxasınca gediblər. Özü də hansı çətinliklərin hesabına... İndi qocalıblar deyə, sənin onları teatrdan qovmağın nə dərəcədə doğrudur. Onlar bir maket kimi, sənət fədaisinin modeli kimi orada qalmalı idilər. Aktyorun yalnız meyiti teatrdan çıxmalıdır!

Mən hazırda Yuğun aktyoruyam. Yuğ nəinki teatr olmazdan əvvəl, hələ adicə studiyası olmayanda onu quranlardan biri mən olmuşam. 1989-cu ildə bizim studiya quruldu. Orada adi məişət işlərindən tutmuş, bütün lazımi işləri görmüşük. Məmməd Səfa ilə gecə saat 12-nin yarısına qədər qalıb studiyada başa çatmamış işləri görərdik. Axırda da “dejurni” mağazasına gedib adama bir çörək alardıq. Bax, bu cür şərtlərlə biz teatr qurmuşuq. İndi sən təsəvvür elə ki, başqa aktyorlar başqa teatrlarda bu işləri görüblər və onları qocalanda teatrdan çıxarırlar. Niyə? Aktyor limon deyil ki, suyun sıxıb çıxarandan sonra bir kənara atasan...

O ki qaldı, Qələndərliyə, bir qarmonçalan və ifaçı var- Vaqif Əsədov. O mənə deyir ki, sənin o roluna baxanda 3-4 dəfə ağlamışam. Elə bil, mənim həyatımı oynamısan. Qələndərlinin aktyorluğundan başqa heç nəyi yoxdu. O təkə-tənha adamdı. Teatrdan çıxıb evə, boş divarlar arasına getmək onun üçün çox ağırdı. Nə qədər olar ki, əsn hər gün 150 qram kolbasa ilə bir parça çörək yeyib tək divarlar arasında qalasan?! Bu, insanın faciəsidir.

-Sonda belə bir sual verək: Bayaq da aktyorun teatrla bağlılığından danışarkən YUĞ-u xüsusi vurğuladınız. Bütün teatr fəaliyyətiniz bura ilə bağlıdır. Yuğ sizin üçün nə deməkdi?

-YUĞ artıq mənim ailəmdi. Mən burada hər kəsi sevirəm. Başqa yerə getsəm, orada heç zaman qala bilmərəm. Özü də indi yox, elə Vaqif müəllimin vaxtında da bu fikirdə olmuşam. Bəzən, Vaqif müəllim kiməsə hirslənəndəonu sakitləşdirmişəm. İstəməmişəm ki, mənim ailəmdə belə narazılıq olsun. Mən bu teatrda varam və bu teatrla varam!

 

Elmin Nuri

 

Türküstan.- 2017.- 14-20 noyabr.- S.14.