“Aprel şəhidi”nin sevdiyi xanım: “Babəkə
görə neçə elçiyə “yox” demişdim”
Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...
Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş Babək Abidovun istəklisi olmuş xanımdır.
Qısa
arayış: Babək Vəfadar oğlu Abidov 3 may 1992-ci
ildə Şabran rayonunda anadan olub.
Kiçik gizir Babək Abidov
2016-cı ilin aprel ayında baş vermiş şiddətli döyüşlərdə
qəhrəmancasına şəhid olub.
Aprelin 9-u isə Babək
Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində
son mənzilə yola salınıb. O, ölümündən sonra Azərbaycan
Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli
medalı ilə təltif edilib.
Baş tutmayan
elçilik
Babək Abidovun sevdiyi
xanımla söhbət o qədər də asan deyildi. Leyli xanım
öncə atasının razılıq vermədiyi evliliyə,
sonradan Allahın da icazə vermədiyini təəssüflə
qeyd edib.
“Babəklə bir-birimizi sevməyimizin
4-cü ili tamam olacaqdı. Amma bizim sevgimizə atam
heç cür razılıq vermirdi. Babəkin
hərbçi olmağı atamın ürəyincə
deyildi. O da bunu bilirdi. Babəkin ailəsi
bizə elçi gələndə atam onun ordudan tərxis
olunmasını rica etmişdi. Babəkin
ordudan birdəfəlik tərxis olunub qayıdacağı
gün bizim nişanlanmağımıza icazə verəcəyini
demişdi. Atam Babəkin orduda olmasından
çox qorxurdu. Babək də söz vermişdi ki, 5
illik müqaviləsi bitən kimi ordudan ayrılıb aramıza dönəcək. Biz də uzun mücadilədən sonra atamı yola gətirdik.
Elə oldu ki, bizim elçiliyimizin “hə” mərasimi
başqa səbəbdən təxirə salındı. Babəkin ana nənəsi rəhmətə
getmişdi. Nənəsinin 40-ı
çıxan kimi elçilik olmalı idi. Yenə elə alındı ki, müharibə
mövzusu ortaya atıldı. Aprel hadisələri ərəfəsində
Babək mənə zəng edib dedi ki, “ay Leyli, bu elçilik
məsələsi hələ qalsın. Biz o tərəflərə
getməliyik”. Hətta mənimlə halallaşaraq, “mənə bir
şey olsa, qorxma” dedi. Babək çox
ağır döyüşlərdə olub. Heç vaxt bu cür ümidsiz olmamışdım.
2016-cı ilin 27-si martında mənimlə
halallaşdı. Amma heç getmək istəmirdi.
Elə hey baxırdı. Soruşdum “Babək
niyə getmirsən?”. “İçimdə nəsə
bir qorxu var” cavabını verdi. Mən də narahat olmamasını, tezliklə
qayıdacağını söylədim. Sonuncu
gedişi zamanı çox ümidsiz idi. Hətta
mənə söylədi ki, “mənə bir şey olsa,
telefonu arxadakı uşaqlara verəcəm”.
Çünki telefonunun koduna mənim adımın baş hərfi
və doğum tariximin ilini yazmışdı. Sonradan
döyüş yoldaşı danışırdı ki, Babək
ona nəsə olacağı təqdirdə həmin kodla
telefona cavab vermələrini rica edib”.
“Siyahıda
başqa Babək adını görəndə sevindim”
Şəhidimizin sevdiyi
xanım “təki Babək şikəst gələydi, ama həyatda
qalaydı” arzusunu dilə gətirib.
“Babək şəhid olanda
ata-anası ilə dalaşdım ki, niyə tabutu
açıb baxmadız?! Bəlkə heç
Babək deyildi. Babəkin cənazəsi gətiriləndən
2 saat sonra rayona getdim. Gördüm ki, hər
yerə qərənfillər düzüblər, hər tərəf
qaraya bürünüb. Həmin vaxt özüm də
hiss etmədən qəbri qazmışam. Bibisi
də torpaqdan bir ovuc götürüb kürəyimə
töküb ki, özümə gəlim. Danışdıqca,
o günlər yadıma düşür. 2016-cı
ilin 31 martından 3 aprelinə qədər gözümə
yuxu getmədi. Nə yemək yeyir, nə də
su içirdim. Hər namaz vaxtı
üzü qibləyə dayanıb Allaha yalvarırdım ki,
heç olmasa Babək üstümə şikəst gəlsin,
ya qolunu, ya da ayağını itirsin. Amma
nəfəsi gəlsin. Sonra
bacısının yoldaşı ilə əlaqə
saxladım. İş yoldaşımı
da götürüb hospitala yollandım. Siyahıya
baxanda Babək adında başqa birisi vardı. Sevindim. Amma əlaqə yarada bilmədikcə,
narahatlığım daha da artırdı. Dərhal
rayondakı bibim oğluna dedim ki, Tərtərə getsin və
mənə Babəkin sağ olması xəbərini desin. Heç demə, Babəkin şəkli şəhid
olanların siyahısında imiş. Həyatın
yazılmamış qanunları varmış. Tez-tez Babəkin ata-anasından “Babəkdən xəbər
yoxdumu” deyə soruşurdum. Hətta bir dəfə əsəbləşib
dedim ki, “necə ata-anasınız. Gedin oğlunuzu
axtarın da!””.
“Bəs Allah sevən ürəyə necə
qıydı?!”
Leyli xanım Babəkin
ürəyinə dəyən qəlpə yarasını
heç vaxt unuda bilməyəcəyini bildirir.
“İnsan çox vaxt
çarəsiz qalır. Babəkin meyiti düşmənlə
aramızdakı neytral zonada. Digər
xüsusi təyinatlı döyüşçümüz
Mühüd də onun yanında həlak olmuşdu. Onları götürə bilmirdilər. Çünki oralar minalı ərazi olduğundan
kimsə o meyitlərə yaxın gedə bilmirdi. Babəkin əli-ayağı yerində olub. Sadəcə, ürəyinə erməni qəlpəsi
dəymişdi. Mənə indi də təsir
edən Babəkin ürəyinin yaralanmasıdır. Qurban olum Allaha, bəs onun o boyda sevən ürəyini
niyə belə yaraladı?! Amma onun şəhidlik
zirvəsinə yüksəldiyini düşündükcə,
qürur duyuram.
Babək şəhid olan
günü - aprelin 3-ü gecə yuxu gördüm. Babək üçrəngli
bayrağımızı götürüb qarın üzərində
hərbi geyimdə dayanmışdı. Məni
də çağırırdı. Həmin
yer çox hündürdəydi. “Leyli bax,
gör, hardayam” söyləyirdi. Gah
bayrağı götürür, gah da qarın üzərinə
uzanıb bayrağı üstünə örtürdü.
Mənə baxıb “niyə sevinmirsən?!”
deyirdi. Yuxudan ayılanda ürəyimə
damdı ki, Babək şəhid olub”.
Yarımçıq
qalan xəyallar
Şəhidimizin istəklisi
Babəklə olan arzularından da söz açıb. Nə arzular
yarımçıq qalıbmış...
“Babək sağlığında mənə bir gəlincik almışdı. Onu hələ də şkafımda saxlayıram. Mənim də ona aldıqlarımın hamısı otağında durur. Babəklə bir-birimizi az-az görürdük. O, daim səngərlərdə, təlimlərdə olurdu. Onu az-az görsəm də, elə bilirdim ki, 5-10 dəqiqəmiz 10 ilə bərabərdir. Heç sevgimiz başacan olmadı. Yarımçıq qaldı. Fevralın 14-də gedib mətbəx mebeli sifariş edib gətizdirdi. Mənə demişdi ki, evin dizaynını sən ver, mebeli özüm yığaram. Mətbəx mebelinin şəklini mənə çəkib göndərdi ki, “bəyəndin?!”. Ordudan tərxis olunub evlənəcəkdi. Qismət olmadı. Həmin mətbəx mebeli heç bağlamadan açılmayıb. Babəkdən ötrü o qədər çox darıxıram ki! Bilsəm ki, o, qayıdacaq, hər şeyimi qurban verərəm. Onu çox sevirdim. Həyatda ancaq onu axtarıram. Babəkə olan sevgim günü-gündən artır. Silahlı Qüvvələr günündə, doğum günündə gedib onu məzarı üzərində yad etmişəm. Bununla sakitlik tapıram. Hətta anam deyir ki, özünü bu sevgi ilə xəstəliyə salma. Amma nə edim ki, alınmır. Bu sevginin qovuşmasına o dərəcədə ehtiyacım var ki! Atam mənə görə çox əzab çəkir. Yuxumda da Babəkin adını sayıqlayıram. Axı, onu canımdan çox sevmişdim. Niyə belə oldu?! Onun telefonu da məndədir. Bir dəfə yuxuda gördüm ki, telefonunun niyə məndə olmadığını soruşur. “Sənə zəng edirəm, cavab vermirsən” deyirdi. Yuxudan ayılan kimi gedib ailəsindən telefonunu aldım. Babəkin bir sözü mənə çox pis təsir edir. Həmişə deyirdi ki, “bir sənə, bir də anama yazığım gəlir. Bacım-qardaşım nəyləsə başını qatacaq, amma siz yox”. İnsan itkisini 3-cü dəfə yaşadım. Qarabağlı olduğumdan 2 əmim oğlu şəhid olub. Birinin qız toyu olmuşdu. Qırmızı yaylığı məzarının başına bağlamışdılar. Atamın gözü ona görə qorxmuşdu”.
İlk tanışlıq, ilk sevgi...
Leyli xanım deyir ki, ilk vaxtlarda bu sevgiyə etiraz edib.
“Tibb Universitetini yenicə bitirib həkim kimi fəaliyyətə başlamışdım. Babək də həmin vaxtlarda ilk xəstəm olub. Həkim yoldaşım onların ailə həkimi idi. Babək də müayinəyə gələndə ultrasəs həkimi olduğumdan o, Babəki mənə yönləndirmişdi. Heç demə, Babək mənə elə o gün aşiq olubmuş. Amma heç xəbərim olmamışdı. Bir müddətdən sonra sevgi etirafını bildirəndə, mən etiraz etdim. Məndən yaşca kiçik olduğunu söylədim. Aramızda 8 yaş fərqimiz vardı. Amma Babək sözündən dönmədi. “Həkim hara, hərbçi hara!. Uyğunluq yoxdur” desəm də, alınmadı. Ondan uzaqlaşmağa çalışsam da, Babək əl çəkmədi. Babək xarici görünüşcə iri gövdəli olmaqla yanaşı, fikirləri və dünyagörüşü də daha zəngin idi. Ona görə də o, xüsusi təyinatlılarda xidmət edirdi. Həm də Babək fərqli xarakterə, yüksək tərbiyəyə malik idi. Böyük-kiçik yerini çox yaxşı bilirdi.
Bu yaxınlarda Babək
üçün xalça sifariş vermişəm. Həmin
xalçanı rayona-anasıgilə aparacam. Babək
Şabrandan idi. Mən ağdamlı
olduğumdan həmişə deyirdi ki, “siz tərəfə
gedirəm. Torpaqları işğaldan azad
edib, sənin ata evinə gedəcəm”. Babək
mənim üçün başqa bir dünyanın insanı
idi. Məhz onu sevdiyimə görə, nə
qədər elçilərə “yox” cavabı vermişəm.
Bir-birimizə qismət olmadıq. Allah taleyimizi bir-birimizə yazmadı. Həmişə deyirdim ki, çox xoşbəxtəm,
qarşıma o cür oğlan çıxıb. Qızlar var ki, ya narkomanı ya da oğrunu sevir.
Fəxrlə deyirəm ki, şükür
Allaha, nə yaxşı, elə sevdiyim insan olub. Onun ailəsi də çox gözəl
insanlardır. Babək ilk dəfə
müayinə edəndə çox aqressiv cavab versəm də,
o mənə bir kəlmə belə artıq söz deməmişdi.
Sonralar deyirdi ki, mənə elə vurulubmuş
ki, ağrılarını belə unudubmuş. Hətta,
düz bir il o məni izləməklə məşğul
olub. Hara gedib-gəldiyimdən tutmuş, ətrafımın
kimlərdən ibarət olduğuna qədər
araşdırıb. Mənə həmişə
deyirdi ki, “sən mənim kişi qeyrətlimsən”.
Aida
Eyvazlı
Türküstan.-
2017.- 14-20 noyabr.- S.9.