Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi..

 

I yazı

 

 1920-ci ilin aprelin 27-də Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə işğalçı Sovet Rusiyası tərəfindən son qoyuldu. Azərbaycan türk cəmiyyətinin yaddaşında uzun illər unutulmaz iz qoyan bu mənfur hadisədən sonra bir çox vətən övladları, o cümlədən ölkənin ziyalı təbəqəsinin xeyli qismi doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Beləliklə, 1920-1991-ci ilərdə vətəndən kənarda Azərbaycan Türk mühacirlərinin ziyalı təbəqəsi (M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.B.Məmmədzadə və b.) tərəfindən Azərbaycan mühacirət ictimai-siyasi və fəlsəfi ədəbiyyatı yarandı. Azərbaycan Türk ziyalı mühacirləri ictimai-siyasi və fəlsəfi yaradıcılıqlarını isə Türkiyə, Fransa, Almaniya, Polşa, Rumınya və başqa ölkələrdə ortaya qoymuşlar.

Qeyd edək ki, 1919-cu ildə Paris sülh konfransına getmiş nümayəndə heyətinin üzvləri - Ə.Topçubaşov, M.Mehdiyev, C.Hacıbəyli, M.Məhərrəmov, Ə.Şeyxülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalını beynəlxalq aləmə çatdırmaq üçün əllərindən gələni edən bu vətənpərvər ziyalılar, 1920-ci il sentyabrın 8-də Millətlər Cəmiyyətinə müraciət də etmişlər. Həmin müraciətdə yazılır: «1920-ci ilin aprelində rus bolşevikləri Azərbaycanı istila etdi və qeyri-bərabər hərbdən sonra Qızıl Ordu məmləkəti əsgəri işğal altına aldı. O vaxtdan bəri Azərbaycanda üsyanlar davam edir... Millətlər Cəmiyyəti Ali Məclisinin Azərbaycan millətinə və onun haqlı tələblərinə mənəvi himayə göstərəcəyinə ümid edirik».

Azərbaycan Cümhuriyyətinin liderlərinin biri qrupu – Həsən Ağayev, Fətəli xan Xoyski, Mustafa Vəkilov, Şəfi Rüstəmbəyli, Nağı Şeyxzamanlı və b. isə 1920-ci il aprelin ortalarında Zaqafqaziya Respublikalarını konfransında iştirak etmək üçün Gürcüstana getmişdilər. Vətənə qayıda bilməyən və Azərbaycan Qurtuluş Komitəsini təşkil edən ilk mühacirlərimiz, parlamentin sədr müavini H.Ağayevin imzası ilə işağlçılığa qarşı etiraz bəyannaməsi yaymışdılar. 1920-ci ilin iyununda F.Xoyski, H.Ağayev Tiflisdə, N.Yyusifbəyli Kürdəmirdə ya da başqa bir məkanda erməni-daşnak və rus-bolşevik terrorunun qurbanı oldu. Gürcüstan sovetləşəndən sonra buradakı azərbaycanlı mühacirlər Türkiyəyə üz tutdularburada məskunlaşdılar.

1922-ci ilin sonlarında M.Ə.Rəsulzadə Moskva sürgünündən qurtularaq İstanbula gələndə, burada azərbaycanlı mühacirlər arasında bir dağınıqlıq, pərakəndəlik vardı. Hətta mühacirlər arasındakı fikir ayrılığı nəticəsində Azərbaycanın İstanbuldakı konsulluqu bağlanmışdı. Azərbaycanlı mühacirləri bir yerə toplamaq, vahid təşkilat ətrafında birləşdirmək lazım idi. Bu vəzifəni öz üzərinə götürən M.Ə.Rəsulzadə 1923-cü ildə Azərbaycan Milli Mərkəzi təşkil edib, müsavatçı olan-olmayan mühacirləri bu təşkilat ətrafında birləşdirdi. Qısa bir müddətdən sonra, mühacir ziyalıların bütün Sovetlər Birliyini həyəcana gətirən «Yeni Qafqasiya» jurnalı nəşr olundu. Bununla da Türkiyə Azərbaycan türk mühacirlərinin məskunlaşdıqları əsas ölkəyə çevrildi.

Xüsusilə, qeyd edə bilərik ki, bəzi istisnaları nəzərə almasaq bütün dövrlərdə mühacirətdə olan Azərbaycan ziyalılarının ictimai-siyasi və fəlsəfi yaradıcılıqları üçün ən geniş şərait Türkiyədə yaradılmışdı. Şübhəsiz, buna başlıca səbəb Türkiyə və Azərbaycan türklərinin eyni soykökə, dilə, dinə, mədəniyyətə, adət-ənənələrə və s. sahib olmaları idi. Bu baxımdan mühacir Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılıqlarında Türkiyə önəmli bir yer tutmuşdu.

Yeri gəlmişkən, Azərbaycan türk ziyalılarından bir qismi (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b.) çar Rusiyası dövründə, yəni 1910-cu illərdə Türkiyəyə mühacirət etmiş, burada ictimai-siyasi və fəlsəfi yaradıcılıqla məşğul olmuşlar. Hətta onlardan bəziləri, yəni Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlub. bu dövrdə həm Türkiyədə, həm də Avropanın müxtəlif mərkəzlərində vətənlərinin çar Rusiyası əsarətindən qurtuluşu üçün Qafqazın digər millətləri ilə birlikdə fəaliyyət göstərmişlər. Belə ki, onlar tanınmış ictimai-siyasi xadim, ziyalı Yusif Akçuraoğlu tərəfindən yaradılmış «Rusiya məhkumu türk-tatarların haqqını müdafiə komitəsi»nin üzvləri kimi dünyanın diqqətini bu bölgəyə, o cümlədən Qafqaza yönəltməyə səy göstərmişlər. Bu məsələ ilə bağlı tanınmış mühacir ziyalılarımıdan M.B.Məməmdzadə yazır: «Hüseynzadə Əli bəylə birlikdə Ə.Ağaoğlunun hərbi-ümumidə İsveçrədə Qafqaz türklüyü naminə çalışdığı məlumdur. Bu iki azəri türkü vətənlərinin xilası üçün Avropa dövlətlərinə muxtıralar (ərizələr) verib Qafqaz türklərinin həqiqi vəziyyətini aydınlaşdırmağa çalışırdılar».

Bu baxımdan 27 Aprel işğalından öncə Azərbaycandan mühacirət edənlər artıq Türkiyədə və Avropada Azərbaycan türklərinin ədəbiyyatını, fəlsəfəsini, mədəniyyətini və s. müəyyən şəkildə ifadə etmişdilər. Ancaq 27 Aprel işğalına qədər Türkiyə və başqa dövlətlər Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, fəlsəfəsi və s. ilə bir o qədər yaxından tanış ola bilməmişdilər. Buna səbəb Azərbaycan Cümhuriyyətinin qısa müstəqillik tarixi, yəni özünü dünya dövlətlərinə yenicə tanıtdıran bir ölkənin müstəqilliyinə işğalçı qonşusu-Rusiya tərəfindən son qoyulması olmuşdur. Bununla da dünya dövlətləri, o cümlədən Qərb ölkələri və onların insanları Azərbaycan mədəniyyəti, fəlsəfəsi, tarixi, ədəbiyyatı və s. ilə yetərincə tanış olmaqdan məhrum olmuşlar.

Bu baxımdan 27 Aprel işğalı Azərbaycan mühacir mütəfəkkirlərinin çiyinlərinə ikiqat ağır bir yük qoymuşdur. Onlar bir tərəfdən Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və azadlığı, digər tərəfdən Azərbaycan fəlsəfəsinin, tarixinin, mədəniyyətinin və s. təbliği uğrunda mübarizə aparmışlar. Şübhəsiz, bu iki məsələ bir-birilə son dərəcə də bağlı idi. Azərbaycan türk ziyalılarının bu ölkənin keçmişdə ayrıca bir mədəniyyətə, fəlsəfəyə, tarixə, ədəbiyyata və s. malik olduğunu təbliğ etməkdə başlıca məqsədləri də, Azərbaycan Cümhuriyyətinin müstəqil və azad yaşamasının təbii bir haqqı olduğunu sübuta yetirmək idi. Onlar yaxşı anlayırdılar ki, bu ölkənin tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını və s. dünya dövlətlərinə tanıtdırmala Azərbaycan Cümhuriyyətinin müstəqillik inancını bir qədər də möhkəmləndirmiş olarlar.

Yuxarda da qeyd etdiyimiz kimi, 1920-ci il 27 aprel işğalından sonra, ümumiyyətlə Sovetlər Birliyi dönəmindəki 70 il ərzində Azərbaycan mühacir ziyalılarının ən çox məskunlaşdıqları ölkələrdən biri Türkiyə olmuşdu. Mühacir ziyalılar 1920-1940-cı illərdə Türkiyədə, eləcə də Avopanın bəzi ölkələrində (Almaniya, Fransa, Polşa vəb.) Azərbaycan ədəbiyyatına, tarixinə, fəlsəfəsinə, mədəniyyətinə, siyasətinə və s. dair böyük bir irs qoyub getmişlər. Onların bu irsi çoxşaxəli olduğu qədər də, mürəkkəb xarakter daşıyır. Belə ki, mühacir ziyalıların irsində az qala Azərbaycanın bütün sahələrinə, yəni tarix, ədəbiyyat, fəlsəfə, mədəniyyət, dilçilik, siyasi tarixs. aid əsərlərə rast gəlmək mümkündür. Buna başlıca səbəb də onların irsinin Azərbaycanın müstəqillik amalı ilə birbaşa bağlı olması idi.

Ümumiyyətlə, Azərbaycan Türk mühacir ziyalılarının fəlsəfi irslərini iki istiqamətdə: 1) Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda apardıqları ictimai-siyasi fəaliyyət; 2) Azərbaycan Türk ədəbiyyatı, tarixi, fəlsəfəsi və mədəniyyətinə  dair ortaya qoyduqları əsərlər əsasında araşdırmaq daha məqsədə uyğun olardı. Yuxarıda da qeyd etdiyimiz kimi, əslində mühacir ziyalıların ədəbiyyat, mədəniyyət, tarixs. aid ortaya qoyduqları mədəni-fəlsəfi irs, ilk növbədə ictimai-siyasi fəaliyyətin tərkib hissəsi, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizənin ünsürləri olmuşdur. Ancaq bütün hallarda, mühacir ziyalılarımız Azərbaycan mədəniyyətinə, tarixinə, fəlsəfəsinə, ədəbiyyatına və s. böyük töhfələr vermişlər. Bütün bunlar, yəni mühacir ziyalılarımızın fəlsəfi irsi öz əksini Türkiyə, Almaniya, Polşa, Rumıniya və b. ölkələrdə nəşr olunan qəzet-jurnallarda, eyni zamanda həmin mütəfəkkirlərin müəllifləri olduqları ayrı-ayrı əsərlərdə öz əksini tapmışdır.

1920-ci illərin əvvəllərindən Türkiyədə məskunlaşan mühacir ziyalılarımızdan xeyli bir qismi Məhəmməd Əmin Rəsulzadə, Xəlil Xasməmmədov, Əhməd Cəfəroğlu, Abbasqulu Kazımzadə, Əkbərağa Şeyxülislamov, Mirzə Bala Məmmədzadə, Mustafa Vəkilli, Hüseyn Baykara, Şəfibəy Rüstəmbəyli, Məmməd Sadıq Aran, Nağı Şeyxzamanlı və başqaları ictimai-siyasi və mədəni-fəlsəfi yaradıcılaqlarını əsasən, İstanbulda işıq üzü görən «Yeni Qafqasiya» (1923-1927), «Azəri Türk» (1928-1931), «Odlu yurd» (1929-1931), «Bildiriş» (1930-1931) və s. kimi ictimai-siyasi, elmi-ədəbi və milliyyətçi qəzet-jurnallarda ifadə etmişlər.

Mühacir ziyalılarımızdan Mirzə Bala Məmmədzadənin rus əsarəti altındakı bütün türklərin xaricdə çıxartdıqları ilk jurnal kimi dəyərləndirdiyi «Yeni Qafqasiya»nın (1923-1927) ana xəttini Azərbaycanın istiqlalı uğrunda mübarizə və Sovet Rusiyasını tənqid edən yazılar təşkil etsə də, burada mədəniyyət, tarix, fəlsəfə və s. dair məqalələrə də rast gəlmək mümkündür. Bu jurnalın əsas banisi M.Ə.Rəsulzadə «Yeni Qafqasiya»nın ilk sayındakı «Atəş çalan Prometey» məqaləsində yazır: «Bəhri-Xəzər sahilindən başlayan ilk mənzərə qüvvətli bir aydınlıq təşkil edirdi. Bu, səmalara doğru yüksələn bir atəş idi. Azərbaycan isminin müsəmməsini təşkil edən atəş, o atəş ki, mədəniyyəti bəşəriyyət ilk əvvəl onun yaxdığı ocaq başında təsis edilmiş. O atəşi müqəddəs ki, «promotey» özünü çalaraq, yer üzünə qaçırdığı üçün hələ əzab çəkməkdə, cəsarət və üsyanının cəzasını görməkdədir». Bu jurnalda çar olunan digər məqalələrdə də yazılırdı ki, «Yeni Qafqasiya» milliyyətçi, türkçüdür, türklərin mədəniyyət tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçmişdir. Eyni zamanda burada qeyd olunurdu ki, «Yeni Qafqasiya» yalnız azərbaycançılıq, türkçülük və qafqaziyaçılıqla qalmaz; o Şərqdəki milli istiqlal hərəkatını da dəstəkləyir, Şərq ölkələrinin radikal bir şəkildə inkişaf etməsini, müasirləşməsini istəyir.

«Yeni Qafqasiya»da dərc olunan məqalələrdə 28 May milli istiqlal bayramı, 27 Aprel isə matəm günü kimi qeyd olunurdu. «Yeni Qafqasiya» 28 May istiqlal bayramı ilə bağlı yazır: «Azərbaycanın istiqlalçılığı Rusiya ərazisindəki Türk elləri istiqlalçılığının baryraqdarı idi. Bu etibarilə 28 May yalnız Azərbaycan istiqlalçıları nəzərində deyil, Rusiya əsəratiənə qarşı qiyam edən bütün Türk elləri nəzərində də möhtərəm bir savaş günüdür». Bu jurnalda 27 Aprel işğal günü ilə bağlı yazılır ki, bu tarixdə Azərbaycan milli hökuməti bolşevik Rusiyası tərəfindən süquta uğradılmışı, əvəzində Moskvadan idarə olunan kommunist rejiminin qurulmuşdur: «Rusiya bolşevizmi təbdili hökumət pərdəsi altında Azərbaycan Türk Cümhuriyyətini sözün bütün mənasıyla istila eylədi. Türk dostluğu və istiqlalı şüarının ulduzlu hilal arxasında hər növ hüquq və insaniyyət qanunlarını kirli çəkmələri altında tardalayan bu müstəqil qüvvət məmləkətdə nə milli, nə idari, nə də siyasi heç bir istiqlal buraxmadı. Belə zülmkar və zalım bir müdaxiləyə qarşı müxtəlif yerlərdə baş verən üsyanlar qəddar bir surətdə yatırıldı. Azərbaycan sözün tam mənasıyla qızıl qana boyandı. Bu ölkənin rəhbərləri, alimləri, müəllimləri, əsgəri komandaları, fəhlə və kəndliləri, hətta milli adət və dini müqəddəsliyinə sadiq qalan günahsız insanları belə  al qanlarına boyandı». «Yeni Qafqasiya»da nəşr olunan «Böyük faciə» məqaləsində isə 27 Aprel günü belə qiymətləndirilirdi: «Böyük faciə! İştə türk tarixçisinin bundan tam 7 il əvvəl Bakıda baş verən hadisəyə verəcəyi ən müvafiq bir isim yüz illik bir əsarət, bu dövrdə yaşanan tarixin həyat səhifələri, məhkumiyyət və əsarət!».

 

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Türküstan.- 2017.- 14-20 noyabr.- S.6.