“Aprel döyüşü”nün qəhrəman qardaşları - biri şəhid oldu, o biri şahid

 

Vətəni qibləgah edən şəhidlər

 

- Ana, mənə pul ver, dükandan nəsə alıb gətirim, evdə heç nəyimiz yoxdur...

- İntiqam 40 qəpik pulumuz var, al sənin olsun...

İntiqam 40 qəpiyi anasından aldı, kəndə çıxdı, axşam evə qayıdanda həmin pulun 20 qəpiyini medalyon şəklinə salıb, yadigar saxlayacağına qərar verdi...

Sonra əsgər getdi, əsgərlikdən qayıdandan sonra, Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başladı. Özündən 5 yaş kiçik olan qardaşı Nurlan Əsgərli hər dəfə qardaşının  məzuniyyətə gəlməsini həvəslə gözləyirdi. Böyük qardaşına bir qəhrəman kimi baxırdı. Anasının nağıllarda danışdığı qəhrəman kimi...

Şəhid atası Bayram Əsgərov oğlu  haqqında danışmağa çətinlik çəkdi. Səsi soyuqda üşüyən adam kimi titrəyirdi. Həyətdəki toyuq-cücəni, mal heyvanı göstərib dedi: “Bunların hamısını mart ayında alıb gətirdi ki, atam daha gedib özgə qapılarında işləməsin, başı qarışsın”. Mən də həvəslə balalarım üçün yetişdirirdim bu mal-heyvanı. Neynək... qismət, yazı belə imiş...

Balarımı kasıbçılıqla böyütdüm. Bu gördüyünüz evi də onalrın sayəsində başa gətirdim. İntiqam  ilk hərbi xidmətini Murovda başladı. Qulluq etdiyi vaxtdan, maaş kartını gətirib mənə verib, dedi ki, ata, özün necə istəsən elə də xərclə. Hər iki oğlum bacarıqlı idmançılar idi. Karate, əlbəyaxa və qaydasız döyüş növlərini dərindən bilirlər. Nurlan da, İntiqam da həmişə deyirdilər ki, “Ata biz halal çörək yemişik, ona görə də sənə minnətdarıq”.

Tanrı şəhidliyi halal çörək yeyənlərə, qəlbi ilə əməli düz olanlara yazar. Aprelin 2-dən sonra oğlanlarımla əlaqə qura bilmədim. Anası durmadan ağlayırdı. Deyirdi ki, şəhidlər var.  Ayın 4-  bacanağım qapıya çağırıb mənə Nurlanın yaralandığını dedi... sonra görəndə ki, kənd çamaatı doqqazımıza yığılır, bildim ki, bu yaralı məsələsi deyil... Aprelin 5-i səhər o başdan  oğlumun tabutunu gətirdilər... İntiqam yox idi... sonradan bildim ki, Nurlanı  odun-alovun içərisindən elə İntiqam özü çıxarıb.

Həmişə bu qapıdan oğlanlarımı qoşa yola salardım. İntiqam artıq zabit olduğundan, ona deyirdim ki, əsgərlərinə yaxşı bax. Onlar da sənin qardaşlarındır. İncitmə əsgərləri. Kaş biləydim ki, Nurlan harada həlak olub, gedib bircə dəfə o torpağı öpüb qoxlayaydım, ondan başqa dərdim olmazdı... Oğlumun qanının, canının ətrini şəhid olduğu yerə getsəm ,hiss edərəm... Və yalnız ondan sonra rahatlaşaram...

Bayram oğlanları İntiqam və Nurlandan xeyli şirin xatirələr danışdı... Hərəsi bir nağılın mövzusudur. Söhbətimizin şirin yerində darvaza açıldı və Nurlanın nənəsi Ədəbnaz xala gəldi. Nurlan haqqında xatirə yazmaq istədiyimi deyəndə, onu ağlamaq tutdu:

“Nurlan gözəl , ağıllı bala idi... heyif oldu... cavan canı torpaqlara qarışdı. Nurlan gedəndən sonra əynimə təzə paltar geyinmirəm. El-oba mənə nə deyər?! O günü ölənə qədər unutmayacağam. Belimizi sındırdı Nurlan...

 Axşam düşmüşdü. Yerdə xəstə yatırdım. Bir də gördüm, gəlinim haray çəkib ağladı. Soruşdum nə olub? Dedi ki, Nurlan şəhid olub. Başıma-gözümə döydüm... Bir də baxdım ki, el-oba həyətimizə yığılıb, dedim daha bura niyə yığılırsınız, gedək qızımın həyətinə... Camaatı yığıb, Zibanın həyətinə gətirdim. Gecənin bir aləmində dedilər ki, bəs  bu xəbər bizim Nurlanın deyil, başqa Nurlanın xəbəridir. Vallah, öz balamızdır da, sevindik ki, salamatdır. Allaha şükr elədik. Bizim qohum-əqrabadan Qarabağ müharibəsində iki şəhidimiz də var. 1993-cü ildə, qızımın qaynı Poladın da ölüm xəbəri gəldi, onu səhv salıb, başqasını dəfn elədik... Elə bil ki tarix təkrar olunurdu... Bu da Ağdərədən gələn xəbər idi, Poladın da xəbəri Ağdərədən gəlmişdi... Bir təhər səhəri açdıq. Küçəyə çıxanda gördüm ki, həyətdə mağar qurulub... Onda inandım ki, balam yoxdur... Dedim ki, belimiz sındı...

İndi kəndimizdə bütün uşaqlar Nurlana oxşamaq istəyir. Hamının evində Nurlanın  böyüdülmüş şəkli var. Zibanın oğulları qəhrəmanlıq etmək üçün doğulublar... Şükür Allahın yazdığına, biz onun hökmünün  altında nə edə bilərik ki...

Nurlan Əsgərli haqqında danışılanlara burada ara verib, qardaşı İntiqam Əsgərlinin “Aprel döyüşü” haqqındakı acı və fəxarətlərlə dolu xatirəsini ipə-sapa düzdüm. Masallının Kalinovka kəndində Qalibiyyət savaşımızın həm şahidi, həm də şəhidi var. Şəhid haqqında yazdım, şahid isə şəhidin qardaşıdır.

.... Əvvəllər belə deyildi, əsgərlərimiz, zabitlərimiz döyüş şücaətlərindən, qəhrəmanlıqlarından danışardılar. İndi, “Hərbi sirdir” deyib, danışmaq istəmirlər. “Aprel döyüşü”nün iştirakçısı, xüsusi təyinatlı zabitimiz İntiqam həmin günlərini belə xatırlayır:

- Çoxdan gözlədiyimiz məqam yetişmişdi. Komandanlıqdan aldığımız təlimat əsasında deyilən mövqələrə yol tutmuşduq. Qardaşım Nurlan da mənimlə eyni bölükdə idi. Biz döyüş mövqelərinə aprelin 2-də keçdik. Gecə-gündüz bilmədən vuruşduq, döyüşdük. Arada bir dəfə ətrafıma baxıb, Nurlanı yanımda görmədim, çünki döyüş şiddətləndiyindən  hərbçi dostlarımızı, döyüş yoldaşlarımızı itirməyə başlamışdıq. Lakin itkilərimiz elə də çox deyildi. Gözlərim Nurlanı axtardı. Fikirləşdim ki, Nurlana burada bir şey olsa, ata-anama nə cavab verərərm. Böyük qardaş kimi onun məsuliyyəti var idi üstümdə. Tez onun tərəfinə keçdim. Nurlan məni görüb, yüksək əhval-ruhiyyə ilə qabağa keçdi. Bunu etməklə, əslində məni atılan güllələrdən qorumaq istəyirdi. Demək olar ki, yanaşı addımlayırdıq. Komandirlərimiz - polkovniklər Vuqar Yusifov, Raquf Orucov, Murad Mirzəyev, Muhit Orucov kimi zabitlərin yanımızda olması bizə ikiqat güc vermişdi. Ermənilər də artıq postları qoyub qaçırdılar. Hər bir mənada üstünlük bizim tərəfimizdə idi. İrəlilədikcə, ayağına zəncir vurulmuş arıq, çəlimsiz düşmən əsgərlərinin meyitini görəndə dəhşətə gəlirdik. Əsgərlərini postlarda zəncirləmişdilər ki, qaçmasınlar. Çünki bu torpaqlar  o cavan uşaqların olmadığından, zəbt olunan ərazilərdə məcburi surətdə qalmışdılar. Və buna görə də erməni odrusunda fərarilik pik həddinə çatıb.

Komandirlərimizin yüksək əhval-ruhiyyəsi bizim də döyüş ruhumuza yüksək təsir edirdi. Nurlan snayper idi. Daim önə keçib, sərrast atəşlərinə davam edirdi. Döyüş şəhidsiz, yaralısız olmur... Bu qələbə soraqlı döyüşdə Türkiyədə birgə təlimdə olduğum Orxan Hümbətovu itiridim. Orxanı şəhid olmazdan əvvəl bir az bikef gördüm. Nə baş verdiyini soruşdum. Dedi ki, qardaşı nişanlıdır. Kaş buradan sağ çıxa, onun toyu olandan sonra, ölməyə hazırdı.

Bu sözlərindən  bir neçə saat sonra, Orxanı itirdik... Sonra Məhəbbət şəhid doldu... Sonra yaxın dostum Təbriz Əsgərov şəhid oldu...

Aprelin 4-də səhər obaşdan komandirlərimizin şəhid olması xəbərini aldıq. Həmin vaxt biz onları arxadan qoruyurduq. Aldığımız mövqelərdə əməliyyat şəraitində irəliləyirdik. Əmrə uyğun olaraq göydən yağış kimi yağan güllələrin altında keçib yaralıları və şəhidləri səngərdən çıxarmağa başladıq. 

Bir neçə saat bundan əvvəl geri aldığımız ərazini düşmən tərəfi mərmi atəşinə tutdu. Yüksək çinli zabitlərimizin olduğu yer də həmçinin. Dağlıq ərazi olduğundan  güllə yağışı altında cansız bədəni çıxarmaq bir az çətinlik yaradırdı. Növbəti dəfə çıxardığımız adamın komandirimiz Raquf Orucov olduğun biləndə, Nurlan dəhşətə gəldi. Dedi ki, bu heyifi düşməndə qoymayacaq, dedi ki, biz qəhrəmanlığı, şücaəti, mərdliyi bu kişidən öyrəndik. Bu dağlarda daha belə oğul doğulmayacaq...

Komandirimizi şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik.  Elə bu vaxt yenə də  bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra, baxdım ki, Nurlan yoxdu. Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı.  Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə bilərəm... Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı... Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım düşməndən geri aldığımız torpaqlarda, qəhrəmanlıqla şəhid oldu. Həm əziz dostlarım, həm də qardaşım keçmiş Ağdərə rayonu ərazisində əbədiyyətə qovuşdu. Bircə təsəllim o idi ki, şəhid olan gizir və zabitlərimiz bayrağımızı düşməndən geri aldığımız yüksəkliyə sancmışdılar.

Nurlan həmin bayrağımızın yanına gedib onu öpməklə öz arzusuna çatmışdı.

... Və mən... Mən qardaşımı qucağıma götürüb döyüş meydanından çıxardım... Canı-qanı bir olan qardaşının, dostunun şəhid oluğuna şahidlik etmək çox dəhşətlidir. Baxmayaraq ki, biz bütün bu acı xəbərlərə alışmışıq, ancaq həm qardaş, həm də dost itirmək ağır şeydir... Döyüş meydanında , qarış-qarış azad etdiyin torpaqların sevinci bu ağır itkini dərindən anlamağa imkan vermir...

Ancaq zaman keçdikcə, anlayırsan ki, illərlə birlikdə böyüdüyn qardaşın və yaxud da ağır təlimlərdə, sınaqlarda kürək-kürəyə söykənib arxalandığın dostun indi yanında yoxdur, bax bu çox çətin qəbullanır... Bu Tanrının qisməti və yazısıdırsa, Vətən torpağı uğrunda qurban getmək vəzifə və şərəf borcumuzdur.

O soyuq aprel günortasında, o ağır dəqiqələrdə qardaşımı qollarımın üstündə daşımağım ömrümün ən ağır yükü oldu. Beynimdə bir fikir var idi: indi mən ata-anama nə cacab verəcəm? Axı mən özümdən kiçik qardaşımı bu döyüşdə qorumalıydım. Hərdən özümə haqq qazandırmaq istəyirdim ki, onsuz da Nurlan özü döyüş boyu məni qorumaq üçün qabağıma keçirdi... Ancaq bu bir qismət idi. O güllələr həmin gün məndən yan keçdi... Qardaşımı gətirib zabitlərə təhvil verəndən sonra, yenə geri qayıtdım ki, polkovnik Vüqar Yusifovu gətirim... Qardaşımın həlak olduğunu bilən döyüşçü dostlarım, bu dəfə məni qanlı döyüş meydanından çıxardılar...

Qardaşımın tabutunu kəndimizə aparanda mən yox idim.  Məni qorumaq üçün, başqa yerdə saxlayırdılar ki, stressim keçsin. Qardaşımın dəfnindən sonra, aprelin 5-də axşam kəndimizə gəldim... Yollar elə uzun, elə ağır idi ki... elə bil ayaqlarımdan daş asılmışdı... Qorxurdum, kəndimizin adamlarından qorxurdum, atamdan-anamdan, bacılarımdan, el qınağından qorxurdum. Fikirləşirdim ki, onların üzünə necə baxacağam, axı mən döyüş meydanında qardaşımı qoruya bilməmişdim... Onlara nə deyəcəkdim... Gəlib həyətimizə çatdım... Atam elə balacalaşmışdı ki... lakin məni görüb qabağıma gəldi. Qucaqlayıb üzümdən öpdü. Sonra, məni kənara çəkib “İntiqam, mənə düzünü de, Nurlan niyə öldü, döyüşdə zəif iştirak etdimi, döyüşdən yayındımı...?!

... Mən atama Nurlanın necə şücaət və qəhrəmanlıqla döyüşdüyü bütün anları danışdım... Ondan sonra atam alnımdan öpüb dedi: “İndi rahatam...Haqqımı sizə halal edirəm... Kaş Şuşaya bayraq sancandan sonra şəhid olaydı... heyf, fələk imkan vermədi...”.

... Atam məndən ayrılıb, yas mağarına gedəndə, artıq sınmış qaməti dikəlmişdi...

    Bütün şəhid evləri eyni cürdür. Kasıb, sevincsiz. Divarlarından da kədər axır. Bütün şəhid evlərində  Aprel ayında qəhrəmanlıqla həlak olan oğlanların böyük portretləri, onlardan qalan xatirə əşyaları saxlanılır.  Bu il dekabrın 3-də 22 yaşı tamam olacaq Nurlan Əsgərlinin də adına bəzədilmiş şəhid otağı onun xatirələri ilə doludur. Anası Ziba xanımın dediyi kimi, hər qarışda, hər əşyada, hər şəkildə bir xatirə qoyub gedib. Bütün əşyaları dilsiz olsa da, sanki danışırlar. Danışan xatirələrdir... Masallının Kalinovka kəndinin girəcəyində indi Nurlan Əsgərlinin xatirəsini əbədiləşdirən küçə də var...

 

Aida Eyvazlı

 

Türküstan.- 2017.-10-16 oktyabr.- S.13.