Tanrıya ovcunda torpaq aparan şəhid

 

Vətəni qibləgah edən şəhidlər                   

 

Fevralın 25-dən 26-na keçən gecə  Xocalı soyqırımının növbəti 25-ci ildönmümünü qeyd etdiyimiz ərəfədə, erməni qəsbkarları  yenə də mövqelərimizə qarşı təxribat hazırlamışdılar. Düşmən ötən ilin aprel döyüşlərini heç cür unutmur. Və cəbhənin Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında  hərbi hissələrimizin kəşfiyyat qrupu həmin təxribatın qarşısını alarkən, ordumuz 5 nəfər şəhid verdi: mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, sıravi  Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədov.

Bu xəbər yayılandan həmən sonra, aprel döyüşünün qəhrəmanı, şəhidimiz Orxan Hümbətovun anası Pərvanə xanım mənə zəng etdi. Ağlayırdı. Dedi ki, “kəndimizdən yenə də şəhid var. Dursun müəllimənin oğlu da şəhid olub. O kəşfiyyat qrupunun komandiri idi. Orxanı da yaxşı tanıyırdı...”.

Beləliklə, Modern.az saytında “Vətəni qibləgah edən şəhidlər” silsiləsindən növbəti yazını təqdim edirəm. Şəhid zabit Aqşin Abdullayev barəsində...                

 

Daşlarında sirlər yatan Kiş kəndi

 

Bahar günəşinin ana torpağı yenicə isitməyə başladığı bu bayram günlərində evimdə qərar tuta bilmədim.  Səhər o başdan  yol tutdum Kiş kəndinə. O sirli-sehirli Kiş kəndinə. O Tanrıya, Göylərə yaxın olan, qoynunda qəhrəmanlar yetişdirən, saf  insanlar böyüdən Kiş kəndinə.

Kiş kəndinin əyri dolanabac küçələrində gəzdikcə mənə elə gəlir ki, Kiş kəndi Tanrıya ən yaxın, Tanrının ən çox sevdiyi, nəzərini üsütündən çəkmədiyi yerdir. Sirlərlə doludur hər küçəsi, dalanı, ağacı... hətta  yerə döşənmiş daşları da... Daş Vətəndir, daş tarixdir, daş sirdir. Bax elə Bakının küçələrində də var idi Kiş kəndinin yollarına düzülən qədim daşlardan. Sonra kiminsə  maşınını təkərləri  ziyan çəkməsin deyə paytaxtımızın qədim, tarixlərə sirdaş olan yollarındakı daşların üzərinə asfalt çəkdilər.  Və Bakıdakı insanaların çoxunun Tanrı ilə, kəhkəşan ilə əlaqəsi tükəndi. Qədim daşlar  Yerdən səmaya , kəhkəşana informasiya ötürür. Əksəriyyətimizi bilirik ki , o qədim daş divarların arasında yaşayanlar, o daşların üzərində addımlayanlar başqa aləmdirlər.  Kiş kəndi nəinki daşlarını, həm   tarixini  qoruyur.  Mən kəndə gələndə məhəllələrdə, evlərdə bayram hazırlığı gedirdi.  Dünyanın kədərindən, qəmindən uzaq uşaqlar  o daş döşənmiş  dalanlarda o baş bu başa qaçışır, oynayırdılar. Torağayların səsi də gəlirdi. Baharın müğənniləridir oxuyan quşlar...

Ötən ilin aprel döyüşlərində həlak olan Orxan Hümbətovun  anası Pərvanə xanıma baş çəkdim.  Darvaza açıq idi. Həyətə keçdim. Keçən il yarımçıq tikili vəziyyətində gördüyüm özülün yerində ikimərtəbəli ev ucalırdı.  Qapını döydüm. Pərvanə xanım açdı... Sevincək boynuma sarıldı.  Evlərində süfrə başında  cüssəli oğlanlar oturmuşdular. İçəri keçdim. Pərvanə xanım  sevinclə məni onlara təqdim etdi:

“Sizə dediyim Aida xanımdır, Orxandan yazır.  Bu ötən aylarda  zaman dərdimi bölüşmək istəmişəmsə, ona zəng eləmişəm. İşi çox olsa da məni dinləməyə hər zaman vaxt tapır”.

Sonra Orxanın hərbi hissə yoldaşlarını göstərib “bax Aida xanım,  Orxanın hərbi hissəsində nə qədər oğul qulluq edirsə, o qədər Orxanım var. Bunlar məni tək qoymurlar.  Bayramlarda,  boş vaxtları olanda gəlib mənə baş çəkirlər. Bu gün də gəliblər ki, Orxan üçün yaratdığım ev muzeyinə baxsınlar. Həm də bayramlaşsınlar” dedi.

Müasir qurulişda tikilmiş, içərisində hər cür şəraiti olan  evin ikinci mərtəbəsinə qalxdıq. Pərvanə xanım Orxan üçün burada otaq ayırıb. Otaqda olan hər əşya, hər yadigar Orxanı  xatırladır. Pərvanə xanım:

- Orxan həmişə istəyirdi ki, özünün ayrıca, məxsusi otağı olsun. Allah deputatımız Cavanşir Feyziyevin canını sağ eləsin, heç bilmirəm, o bizim yanımızda olmasaydı, Orxanın tikməyə başladığı evin tikintisini kim başa çatdırardı.  Biz evi birmərtəbəli tikməliydik. Hamısı o Vətən oğlu Cavanşir müəllimin işidir.  Bizi və rayondakı bütün şəhid ailələrini belə şərəfləndirir.   Kimsəni heç yaddan çıxarmır. Şəhid ailələrinə, imkansız ailələrə dayaqdır bu dünyada...  Bu Orxanın paltarlarıdır... Bu şəkillərini özüm çərçivəyə salmışam... Bu onun  üzərində gəzdirdiyi əşyalarıdır. Bu  güllənin üzərinə isə Türkiyədə hərbi təlimlərdə olanda “Ya Qarabağ, ya ölüm” yazdırıb... Bu da onun çarpayısı... özü yatacaqdı... Bəy otağı bəzəyəcəkdim... Muzeyə döndü... İdi artıq kəndin məktəbliləri gəlirlər, baxırlar, Orxan haqqında, onun qəhrəmanlıqları haqqında, döyüşü haqqında soruşurlar... O günü bir dəstə 11-ci sinif şagirdi qızlar gəlmişdilər... Hamısı hüri-mələyə bənzəyirdilər... Qızlar muzeylə tanış olub getdilər... Allah hamısını xoşbəxt eləsin.... Onlara baxa-baxa fikirləşdim ki, bəlkə bu mələk qızların içərisində elə Orxanın da sevdiyi var... kaş dönüb mənə deyə ki, biz Orxanla istəkli olmuşuq. Başına dolanaram, qadasın alaram  o qızın, gedib qulluğunda dayanaram, əlindən, üzündən öpərəm.. Amma kimsə açmır bu sirri mənə...

Pərvanə xanım danışırdı... Orxanın  hərbçi yoldaşları onun kövrək  ürək yanğılarını dinləyə bilməyib, aşağı  endilər.  Və pərişan halda ana ilə sağollaşıb getdilər.... Dedilər ki, yenə gələcəklər.  Orxanın dostları kəşfiyyatçı əsgərlərimiz  baxışlarından canavara bənzəyirdilər.  Qüvvətli biləkləri, enli kürəkləri var idi. Onlar həyat dərsini də,  kəşfiyyat məktəbinin sirlərini də Azərbaycan xalqıının qəhrəman ləşfiyyatçıları Raquf Orucovdan, Vüqar Yusifovdan  və digər nümunəvi zabitlərimizdən öyrənmişdilər.  Onların dostluqlarının, yoldaşlıqlarının, sədaqətlərinin bir adı var idi: İNAM.  O kəşfiyyatçıların hər biri bilir ki, yanındakı dostu ona heç vaxt arxa çevirməyəcək,  ən ağır anlarda belə, lap ölümün gözünə dik baxa-baxa biri-digərinin ölüsünü də tək qoyan deyil. Onlar dosta arxa çevirməyi bacarmırlar. Onların düsturu belədir.

 

Şəhid oğluna məktub yazan ana

 

Pərvanə xanıma şəhidimiz Aqşin Abdullayevgilə getmək istədiyimi söylədim.  Kiş kəndinin dar-dolanbac, sirli daşlarla döşənmiş yollarıyla Aqşingilin məhəlləsinə üz tutduq.  Kəndin içərisində  yolda, dalanda  olan uşaqlar Pərvanə Hümbətovanın qabağına qaçır, ondan hal-əhval tuturdular. Pərvanə xanım dedi ki, hər gün belədir, kəndə çıxdımı  bütün məktəblilər, cavanlar qarşısına qaçıb ona ehtiram göstərir, kömək etmək istəyirlər. “Gör bir Orxan bizim ailəni hansı mərtəbəyə qaldırdı. Bundan sonra  Dursun müəllimənin də qabağına belə qaçacaq uşaqlar...”.  Yol boyu Pərvanə bacı Aqşin Abdullayevin necə dəfn edilməsindən danışdı:

- Yenə kəndimizdəki 1300 evdə olan pəpə deyəndən lələ deyənə qədər hər kəs ayaqda idi.  10 minə qədər  insan Aqşinin tabutunu bizim evin qabağından məzara  apardıllar. Çıxdım  çiyinlərdə gedən Aqşinin tabutunun önünə, ağladım, sızladım, özümü həlak elədim. Dedim ay Aqşin bala, Orxanımın yanına gedirsən... Sən də Orxanıma tay oldun, dostuna yoldaş oldun...

Qapısında bayraq  dalğalanan həyətə daxil olduq. Dursun  Cavadova   çıxdı qapıya.  İki şəhid anası bir-birinə qol boyun olub yenə ağladılar...

 

Dağlar dağımdı mənim.

Qəm oylağımdı mənim,

Dindirmə qan ağlaram,

Yaman çağımdı mənim...

 

-Ay xanım,  mən oğlumdan doymadım axı... Mən onu doyunca sevməyə də qorxurdum.  İki oğlum var. Aqil və Aqşin. 4 dəfə övlad itirmişdim. 1977-ci ildə bir uşağım, 1980-ci ildə o biri, digər isini də 1984 və 1986-cı ildə... Bir az böyüdürdüm. Əzrayıl gəlib başlarının üstünü kəsdirib alırdı balalarımı əlimdən. Ona görə bu Aqillə Aqşini sevməməyə söz vermişdim. Doyunca  saçını – boynunu da  iyləmirdim ki, Allaha acıq gedər. Təki uzunömürlü olsunlar. Əzizləməyə, sevməyə qorxmuşam onları...  Birinə atam, birinə qardaşım dedim. Aqşin 1978-ci ildə doğulmuşdu.  Özü də 7 aylıq gəlmişdi dünyaya.  Qardaş dediyin də səni yarı yolda qoyarmı? Aqşin məni yarı yolda qoydu...

 

Aprel döyüşlərindən danışdı Dursun müəllimə sözlərinə belə davam etdi:

- Aprel ayında o qanlı döyüşlər başlayanda gecəmiz-gündüzümüz olmadı. Orxanın da həlak olması xəbəri gələndən sonra, artıq özümü hazırlamışdım. Qorxurdum ki, Aqşinə də nəsə ola bilər. Hər dəm o acı xəbəri gözlədim. Müharibə səngiyəndən sonra, evə gəldi. Dedim “get Pərvanə xalana başsağlığı ver”. Dedi “ana, mənim üzüm gəlmir o qapını açım, gedib Pərvanə xalaya nə deyim, nə danışım ona?”. Getmədi... 

Oğum kəşfiyyat bölüyünün komandiri idi. 18 ilin zabiti idi...

Söhbətinə ara verdi şəhid anası və qarşıdakı otağa keçib oradan bir şagird dəftəri gətirdi.  Dedi ki, bu dəftərə dərdlərini yazır.  Göz yaşları içərisində elə özü də başladı həmin dəftərə yazdıqlarını oxumağa. Bu Ananın  şəhid oğluna məktubu idi:

“İnsan üçün ən ağır dərd nədir”- soruşsan hərə özünəməxsus cavab verəcək. Kimisi deyəsək ki, ata itirmək ağırdır, ana, bacı, qardaş itirən də deyəcək ki, doğmalarını itirməkdən ağır dərd ola bilməz. Bu doğmalarının hamısını itirənlər isə yalnız, balasına baxıb təsəlli taparlar. Bəs o təsəlli yeri olan balalarını itirənlər neyləsinlər... bax belə parçalandı ürəyim...

Hələ 9 ayın tamam  olanda ayaq tutub yeriyəndə, hamını heyrətə saldın Aqşinim... qorxutmuşdun məni... Nənənin evinə qaçıb  qorxu içərisində demişdim ki, “Aqşin gəzir... qorxuram...”. Tez gəzməyə ona görə başladın ki, tez böyüyüb Vətən torpaqlarını qoruyasan?! Amma heç xəyalına da gəlməzdi ki, öz Vətənində  35 yaşında düşmən güləsinə tüş gələcəksən... Sən son dəfə bizimlə vidalaşmadın. Övladların sənin yoxluğuna inanmırlar. Elə mən də səni sağ bilirəm. İndi xatirələrinlə danışıram. Yadındadır.... bir dəfə bir gül qabına bitki əkdin... Aparıb çardağa qoydun, orada ona qulluq edirdin... İstəyirdin ki, tez yetişin... Bir dəfə də səndən “dərsini oxumusanmı?” deyə sual etmişdim. Ona görə məndən küsmüşdün. Dedmişdin ki,  elə şey ola bilərmi ki, mən dərsimi oxumayım?..”.

 Yarımçıq doğulduğundan boyun balaca idi. Məhəllədə, məktəbdə sənə “dibçək” deyirdilər.... Sən də hirslə atanın yanına gəlib deyirdin ki, ata məni dart boyum uzansın. Biz də sənin əlindən-ayağından tutub dartırdıq...

Oğul, can oğul, hər bir əsəgər, döyüşçü üçün döyüş labüddür. Döyüşə girən əsgər bilir ki, bu yolda dönüş olmaya bilər. Sən də elə döyüşlərə, elə əməliyyatlara gedirdin ki, bilirdin ki, bu döyüşdən sağ qayıtmayacaqsan.. Qorxmadın, ölümün gözünə dik baxaraq getdin...  Sən həmişə deyirdin ki, “mən əsgərlərimin qəlbində yaşayacağam, mən onlara həyat dərsi vermişəm”. Sənin çox qəribəliklərin  var idi... Bilmirəm hansından başlayım... xəyyalara dalıram, ağlayıram...ağlayıram... Bir də səni qarşımda görürəm, ayılanda baxıram ki, daha xəyalsan...əlim çatmır, ünüm yetmir.

Mən sənə təkcə oğul kimi deyil, eyni zamanda bir zabit kimi baxırdım, qorxmaz, Vətəninə dayaq bir zabit kimi... Əynindəki o zabit paltarına da qayğı ilə  yanaşırdın. İstəmirdin ki, kimisə  hərbi geyimdə həyət-baca işi görsün...

 

Aida Eyvazlı

 

Türküstan.- 2017.-18-23 oktyabr.- S.13.