Türkiyənin hərb tarixinə adını
yazdırmış generalımız - Hüseyn
xan Turqut
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan TurqutAzərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində dəfələrlə bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.
1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə Azərbaycan türklərinin maddi və mənəvi yardım göstərmələri Türkiyə üçün bir o qədər önəmli olmuşdur. Bu gün hər iki ölkədə tarixçilər, tədqiqatçılar Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi xidmətləri, eyni zamanda Azərbaycanın Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstək haqqında ciddi tədqiqatlar aparır, bu barədə xeyli sayda məqalələr və kitablar yazırlar ki, bütün bunlar təqdirə layiqdir. Lakin milli mücadilə illərində Türkiyəyə mühacirət etmiş Azərbaycan Cümhuriyyəti ordusunun 1200 nəfərlik bir birliyinin Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun sıralarına qatılaraq, Qurtuluş Savaşında iştirak etmələri, onların keçdikləri döyüş yolu və sonrakı xidmətləri haqqında ciddi tədqiqatların aparılmaması təəssüf doğuran məqamlardan biridir. Gərəkdir ki, Türk Qafqaz İslam Ordusunun Bakının düşmən qüvvələrindən azad etməsinə verdiyimiz önəmi, könüllü Azərbaycan birliklərinin müxtəlif cəbhələrdə Anadolu türkləri ilə çiyin - çiyinə savaşaraq Türkiyənin istiqlalı uğrunda göstərdikləri xidmətlərə də verək.
Tarixə marağı olan, qeyri ixtisas sahibi həvəskar bir araşdırmaçı olaraq, bu istiqamətdə araşdırmalar aparıb Türkiyənin qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən bir neçə zabit haqqında (Firudin Daryal, Baba Behbud) məqalə yazıb, onların keçdikləri döyüş yoluna işıq tutmağa çalışsam da, bu sahədə peşəkarların ciddi tədqiqatlar aparmasına ehtiyac vardır.
Bu gün sizlərə milli mücadiləyə qatılaraq Türkiyənin Qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən olan general (tümgeneral) Hüseyn Turqut haqqında söhbət açacam.
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut
İRƏVAN XANLARININ GENERAL OĞLU
Hüseyn Turqut Azərbaycanın görkəmli nəsillərindən birinin nümayəndəsidir. O, sonuncu İrəvan xanı Həsən xan Turqut ilə Bəhmən Mirzə Qacarın qızı şahzadə Nuraleyin Qacarın ilk övladıdır. 1900-cü ilin noyabr ayında qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuşdur. Babası 1912-ci ildə vəfat edən Abbasqulu xan İrəvanskidir. İrəvan Xanlığının Çar Rusiyası tərəfindən işğal edilərək müstəqilliyinə son qoyulsa da, xan titulu bu nəsildən alınmamışdır. Ailədə beş uşaq olublar. Qardaşları Fərid xan, Sami xan, bacıları Rüxsarə və Adilə xanım.
Hüseyn Turgut orta təhsilini İrəvan şəhərində gimnaziyada almışdır. 1917-ci il oktyabr inqilabından sonra İrəvanda baş qaldıran erməni terroru nəticəsində bütün ailə üzvləriylə birgə Naxçıvana köçürlər. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə keçir.
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut
BİRİNCİ DÜNYA
MÜHARİBƏSİNDƏ İŞTİRAKI
Türkiyədə zabit namizədi olaraq
Osmanlı ordusuna qoşularaq
Birinci dünya
müharibəsinə qatılır. IV Kolordunun
5-ci tümənində, daha sonra isə Doğu Bəyaziddə
11-ci tüməndə döyüşlərə qatılır.
Savaşın son aylarında doğu ve güneydoğu
cəbhələrində göstərdiyi üstün
xidmətlərə görə "Dəmir Hilal"
döş nişanı ilə təltif olunur. Qurtuluş
Savaşının başlamasıyla doğu
cəbhəsində leytenant rütbəsiylə
Qarsın, Sarıqamışın və Gümrünün
işğaldan azad
edilməsi əməliyyatlarında iştirak
edir.
Atatürk tərəfindən “İstiqlal” medalıyla təltif edilir. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirir. Türkiyənin güney doğusunda baş qaldıran kürd üsyanlarının yatırdılmasında iştirak edir.
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut 1928-ci il Hüseyn Turqutun həyatında iki əlamətdar hadisə ilə yadda qalır. Onun ailə üzvləri böyük çətinliklərdən sonra nəhayət ki, Türkiyəyə köçməyə müvəffəq olmuşdular. O, ali hərbi təhsilini bitirməyin sevincini, uzun ayrılıqdan sionra ailə üzvlərinə qovuşmanın sevincini ilə birgə yaşayır.
6 DİLDƏ DANIŞAN ZABİT
1930-cu ildə Hüseyn Turqutun həyatında böyük bir dönüş nöqtəsi olur. Həmin ərəfədə Atatürkün təşəbbüsü ilə Türkiyə Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində bir çox işlər görülürdü. 1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut da xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə keçirilir.
1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş nəfər pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilir. Fransada keçirilən təlimlərdə də yüksək nəticələr göstərir.
Hüseyn Turqut bacarıqlı bir zabit idi. O, altı dil bilir, üstün zəkası və çalışqanlığı ilə digər zabitlərdən seçilirdi. Türkiyəyə qayıtdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı onun əməyindən yeni pilotların yetişdirilməsi üçün istifadə edirlər.
“Junge Dayı”
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan TurqutHava Qüvvələrində “Junge Dayı” ləqəbi ilə məşhurlaşır və çox sevilən bir zabit olur. 1934-cü ildən 1946- cı ilə qədər, bu gün dünyanın ən güclülərindən olan Türkiyə Hərbi Hava Qüvvələrinə çox sayda pilot yetişdirməklə ordu quruculuğunda və inkişafında müstəsna xidmətlər göstərmişdir. 1946-cı ildə ağır qəza keçirir. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışmış, 42 illik xidmətdən sonra 1960- cı ildə general-mayor rüstbəsində təqaüdə çıxmışdır.
ŞƏHİDLƏR XİYABANINDA DƏFN
EDİLƏN GENERAL
Hüseyn Turqut 1936 - cı ildə Ləman Hattusas ilə evlənmişdir. 1940 - cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turhan adlı oğlanları anadan olmuşdur.
Hüseyn Turqut 1971-ci ilin noyabr ayında vəfat edir. Xüsusi hərbi
mərasimlə Ankara şəhərində
Cebeci Şəhidlər
xiyabanında dəfn edilmişdir.
Türkiyənin hərb tarixinə adını yazdırmış
generalımız - Hüseyn
xan TurqutOğlu Turhan Tuqut hüquqşunasdır. 2016-cı ildə Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmişdir. Tanınmış
iş adamıdır.
Azərbaycan diasporasının fəallarından biridir.
Hazırda İstanbulda yaşayır.
Orxan Cəbrayıl
Türküstan.-
2017.- 18-23 oktyabr- S.16.