Əli bəy Hüseynzadənin 91 ildən sonra Azərbaycana gətirilən arxivi
Əli bəy Hüseynzadə Azərbaycanın üçrəngli şanlı bayrağının qəbul edilməsində böyük xidmət göstərmiş tarixi şəxsiyyətlərdən biridir. “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı bayraqdakı üç rəngin açmasıdır. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı isə 1918-ci il iyunun 21-də verilib. Ondan sonra Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlətçilik düsturu kimi formalaşıb.
Əli bəy Hüseynzadə irsini tədqiq edən alimlərin verdiyi bilgiyə görə, bu böyük şəxsiyyət uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində iz qoyub. 20-ci əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri var.
1911-ci ildə İstanbulda Əthiyə xanımla evlənən
Əli bəyin Saida bəyim, Səlim Turan, Feyzavər adlı üç
övladı olub.
Əli bəy Hüseynzadənin həyatda
olan yeganə övladı Feyzavər xanım Alpsar bir
neçə ay öncə atasının sənət əsərləri,
foto-sənədləri və şəxsi əşyalardan ibarət
arxivini Azərbaycan İstiqlal Muzeynə hədiyyə edib.
Muzeyin Elmi-kütləvi işlər
şöbəsin müdiri Sədi Mirseyiblinin sözlərinə
görə, İstanbuldan gətirilən 161 əsərə
Əli bəy Hüseynzadənin, övladları Səlim Turan
və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət
əsərləri, Əli bəyin həyatının müxtəlif
anlarını əks etdirən fotoşəkilləri, şəxsi
əşyaları daxildir.
Ümumimilikdə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana gətirilib. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub. 7 ədəd şəxsi möhürü də bu siyahıya daxildir.
Qeyd edək ki, illər öncə İstanbulda Sultan Həmidin əleyinə gənclərdən ibarət qrup yaradıblar. 12 nəfərə yaxın tələbəni hökumət həbs etmək istəyib. Onların bəzilərinin boyunlarına daş bağlayıb, Bosfor boğazına atıblar. Tələbələr Əli bəyi Qapalı Çarşı adalanan yerdə bir evdə gizlədiblər. Əli bəy bir müddət həmin evin sakinləri ilə yaşayıb və ailənin bütün üzvlərinin portretlərini çəkib. Həmin şəkillər indi də muzeydəki kimi o evin divarlarından asılıb.
Daha sonra Əli bəyi ölümdən xilas etmək üçün ona xanım paltarı geyindirib, evdən çıxarıblar. Gəmidə taxta çəlləklərin içində gizlədiblər. Nəhayət, gəmi Hind okeanına tərəf yola düşüb. Bununla da tələbələri Əli bəyi ölümdən xilas ediblər. Bu zaman Əli bəy yalnız doğmalarının potretini sinəsinə basaraq özü ilə götürüb. Əli bəy rlon formasında olan şəkillərlə xeyli müddət gəmidə gizlənməli olub. Həmin portret də Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunub.
Həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Ə. Hüseynzadə tərəfindən çəkilən şəkilləri də muzeyə bağışlanıb. Feyzavər xanımın sözlərinə görə, M. K. Atatürkün dünyasını dəyişməsi xəbərini eşidən Ə. Hüseynzadə çəkdiyi həmin rəsm əsərin qarşısında göz yaşlarını saxlaya bilməyib.
Muzeyə təqdim olunan əşyaların arasında Ə. Hüseyzadənin qələmi, saatı, ailə üzvlərinin adları üzərində həkk olunmuş möhürlər, üzükləri, vizit kartları və musiqi aləti də var. Ümumilikdə isə onun şəxsi arxivi 91 ildən sonra Azərbaycana gətirilib.
Xatırladaq ki, Əli bəy Hüseynzadə 1864-cü ildə
Salyanda anadan olub. O, XX əsr Azərbaycan-türk
ictimai fikrinin ən
görkəmli nümayəndələrindən biri, "Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq
(müasirləşmək)" triadasının
yaradıcısı, Azərbaycan bayrağındakı rənglərin
müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin
müəlliflərindən biridir. Əli
bəy Hüseynzadə ömrünün
46 ilini İstanbulda
yaşayıb.
Türküstan.-
2017.- 24 oktyabr - 6 noyabr.- S.8.