Azərbaycanda milli şüur məsələsi: tarix və cağdaşlıq

 

III yazı

 

Milli şüur məsələsində Türk və Azərbaycan anlayışlarının ayrıca bir yeri var. Türklük və azərbaycanlılıq bir tamdır. Çünki biri (türklük) o birini (azərbay­canlılığı) yaratmış, bununla da bütövlük şüuru-milli şüur əmələ gətirmişlər. Artıq azərbaycanlılıq bir tərəfdən türk etnoslarını, digər tərəfdən türk olmayan etnosları özündə birləşdirmişdir. O zaman türklük bütün azərbaycan­lılar üçün birləşdirici simvollardan biri idi. Türklük demək talışa, ləzgiyə, kürdə, udinə və başqa etnoslara qardaşlıq, birlik, bərabərlik, bir sözlə azərbaycanlılıq demək idi.

Şübəhsiz, gənc bir Cümhuriyyətin millidini məsələlərdə heç bir ayrı-seçkilik qoymaması, dövlət quruculuğunda milli mənsubiyyətdən çox bilikli və idarəçilik qabiliyyəti olan istənilən etnosun nümayəndəsinə yer verməsi milli şüurun formalaşması istiqamətində çox əhəmiyyətli olmuşdur. Bununla da Azərbaycanda milli mənsubiyyətindən, dinindən, siyasi dünyagörüşündən asılı olmayaraq bir vətəndaş həmrəyliyli, azərbaycanlılıq şüuru yaranmışdı. Ancaq milli ideoloqlarımızın irəli sürdüyü Azərbaycan ideyası-azərbaycanlılıq şüuru heç zaman türklük şüurundan ayrı təsəvvür edilməmişdir. Əksinə,  türklük olmadan, azərbaycanlılığın heç bir məna və mahiyyətə malik olmayacağını türklər də, qeyri-türk etnosları da yaxşı anlayırdılar. Ona görə də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğala məruz qaldığı dövrdə və sonralar Azərbaycan türkləri ilə yanaşı talışlar, kürdlər, ləzgilər, ukraynalılar, polyaklarbaşqa azsaylı etnoslar müstəqil Azərbaycan dövlətini qorumaq üçün birgə mübarizə aparmışlar. Bu, ilk növbədə milli şüurun-azərbaycanlılılq şüurunun təzahürünün nəticəsi idi.

Sovet Rusiyası Cümhuriyyəti işğal etdikdən sonra Azərbaycanda formalaşan milli şüuru məhv etmək üçün piləli siyasi-ideoloji işlər həyata keçirdi.  Burada sovet ideoloqlarının əsas məqsədi türklük şüurunu azərbaycanlılıq şüurundan ayırmaq və aradan qaldırmaq idi. Bunun üçün isə ilk növbədə, türklük şüurunun birbaşa daşıyıcıları olan milli aydınlarımız ya məhv edilməli, ya da öz siyasətlərinə uyğunlaşdırılmalı idi. İkinci növbədə isə  Azərbaycan Cümhuriyyətinin süqutunda yaxından iştirak edən, ancaq özlərini türk kimliyi içində görənlərin məhv edilməsi idi. Bu proses 1920-ci il aprel işğalından başlamış və 1930-cu illərin sonlarına qədər davam etmişdi.

Bu baxımdan işğalın ilk günündən etibarən birinci növbədə, milli şüurun formalaşmasında əsas rol oynayan milli aydınlarımız nəzarət altına alındı. Sovet rejimi bir tərəfdən milli aydınlar arasında özlərinə yaxın olanları müəyyənləşdirir,  digər tərəfdən heç vaxt onlarla yolları birləşməsi mümkün olmayanları fiziki və mənəvi cəhətdən sındırmağa çalışırdılar. Bu mənada, ilk mərhələ türklük şüurunun birbaşa daşıyıcıları üçün çox ağrılı oldu. Onlar Azərbaycanda türklük şüurunu qorumaqyaşatmaq üçün yalnız canlarından olmadılar, eyni zamanda bütün qohum-əqrabalarının da özləri ilə bərabər ya ölümünə, ya da sürgününə səbəb oldular. Bu bir milli kimlikmilil varlıq savaşı idi. Əgər o zaman türklük şüurunun daşıyıcıları Vətəndə və Vətəndən kənarda bu savaşı verməsəydilər bugünkü Azərbaycan olmayacaqdı.

Özəlliklə, Sovet hərbi rejiminin  mövcudluğu dövründə Vətəndən xaricə mühacirətə getməyə imkanları olduğu halda belə, bunu etməyib  bütün mümkün vasitələrə əl ataraq türklük, eyni zamanda Azərbaycan milli ideyası (azərbaycan­lılıq) şüurunu yaşadanlar bugünkü Azərbaycanın milli varlıq örnəkləridir. Məhz onların dirənişi, son nəfəslərinə qədər türklük və azərbaycanlılıq üçün apardıqları mübarizə nəticəsində, Sovet rejimi Azərbaycanda milli şüurun tamamilə məhv olunmasına nail ola bilmədi.

Maraqlıdır ki, həmin dövrdə Sovet rəhbərliyi üçün yalnız türklüyün əsas daşıycıları deyil, marksizmə münasibətdə onlarla bir sırada yer tutan, ancaq milli kimlik məsələsində türkçülükdən çıxış edənlər də təhlükəli idilər. Bu baxımdan Sovet rejimi ikinci növbədə də olsa, onları da təftiş edirdi. Bunun ilk qurbanlarından biri N.Nərimanov olmuşdu. Daha sonra eyni aqibətə R.Axundov, Ə.Qarayev və başqaları da uğradılar.

Deməli, sovet ideoloqları üçün N.Nərimanovun, R.Axundovun və başqlaranının siyasi ideologiya baxımından kommunist olması yetərli deyildi. Rus bolşeviklərinin fikrincə, onlar milli kimlik baxımında da özlərini kommunist, yaxud da sovet beynələmiləlçisi hesab etməli idilər. Başqa sözlə, rus bolşevikləri üçün türk kimliyi belə Sovet imperiyasının gələcəyi üçün təhlükə hesab olunurdu. Bu isə, birbaşa milli şüur məsələsi ilə bağlı idi. Əgər bir kommunist türk olduğunu bilirsə, deməli, o sovet ideologiyası baxımından zərərlidir. Çünki, milli şüurun daşayıcısıdır. Bu o deməkdir ki, sovet ideologiyasına görə hətta, bir türk kommunist olmaqla yanaşı, özünü türk hesab edirsə artıq, bu təhlükədir.

Bu mənada, Sovetlər Birliyi öz varlığı üçün həmişə ciddi təhlükə olaraq türkləri, xüsusilə də Azərbaycan türklərini görmüşlər. Ən azı onlar çar Rusiyası dövründə Azərbaycan türklərinin şüur baxımdan hansı səviyyədə olduqlarını öyrənmiş və bundan nəticə çıxarmışdılar. Onlar yaxşı bilirdilər ki, çar Rusiyasının devrilməsində digər  amillərlə yanaşı Rusiya daxilindəki türk milli azadlıq hərəkatları əsas rol oynamışdır. Deməli, gələcəkdə SSRİ çökərsə yenə də əsas rollardan biri türklərə məxsus olacaqdır. Bunu, hələ o dövrdə proqnozlaşdıran sovet ideolqları qabaqlayıcı tədbirlər görməyi zəruri hesab etmişlər. Belə ki, hətta SSRİ çökərsə belə türklərin uzun müddət özlərinə gələ və milli dövlət olaraq yaşamaqda çətinlik çəkməsinin belə planları cızılmışdı.

Ona görə də, bu gündən baxanda həmin dövrdə baş verənləri daha aydın şəkildə dərk etməliyik. Ən azı ona görə ki, günümüzdə qarşılaşdığımız problemlərin kökü məhz həmin dövrdə, xüsusilə 1920-1930-cu illərdə qoyulmuşdu. Çünki həmin dövrdə yalnız türklük və azərbaycanlılıq şüurunun daşıyıcıları deyil, həm də milli şüurun özünə qəsd edilmişdir. Bütün bunlardan sonra milli şüurun qeyri-milli şüurla, yaxud da sovet və beynəlmiləlçi əsaslı «milli şüur»la- kosmopolit «azərbay­can­lılıq»la əvəz olunmasına başlanmışdı.

Bu mənada, rus imperiyası təfəkkürünün daşıyıcıları Azərbaycanda türklük və azərbaycanlılıq şüurunun formalaşmasına bacardıqları qədər əngəl olmuşlarolurlar da. Bu işdə isə, onlarla həmişə eyni mövqe tutan fars şovinistləri olmuşlar. Hazırda isə eyni mövqeni davam etdirən İrandakı fars-molla rejimidir. Hər iki antiazərbaycan, antitürk qüvvələr daima Azərbaycanda milli şüurun formalaşmasına qarşı çıxmışlar. Onlar bunu həyata keçirmək üçün vaxtilə ermənilərdən, indi isə ermənilərlə yanaşı, digər qeyri-türk etnoslardan da istifadə etməyə çalışırlar.

Milli ideoloqlar bu problemləri önləmək üçün vaxtilə bir Türk dövlətinə «Azərbaycan» adını verdilər ki, türk də, talış da, ləzgi də, udin də, tat dabaşqa etnoslar da özlərinə vahid Vətən və Dövlət bilsinlər! Ancaq ermənilər rusların əli ilə bu birliyə xəyanət etdilər, Vətənimizin bir hissəsini rus əsgərinin birbaşa hərbi yardımı ilə işğal etdilər. Deməli, ilk növbədə ermənilər  azərbaycanlılıq şüuruna qarşı çıxmışlar. Ermənilərin bu xəyanətlərinin arxasında rus imperiyası təfəkkürünün daşıyıcıları dayandığı üçün hər şey bəllidir. O vaxtda da, bu günün özündə də ruslar üçün milli dövlətlər və milli dövlətdə milli şüurlar qəbul edilməzdir. Çünki hər millətin müstəqil milli şüura malik olması imperiya təfəkkürü ilə üst-üstə düşmür. Bunun qarşısını almaq üçün rus imperialistləri və fars şovinistləri milli dövlətlərdə «parçalahökm sürfaktorundan həmişə geniş şəkildə istifadə etmişlər.

Milli dövlətlərdə bölücülüyü həyata keçirmək üçün bu antiazərbaycan, antitütürk dairələr bir tərəfdən «beynləmiləl» ideyalardan (avrasiyaçılıq, islams.), digər tərəfdən isə qeyri-türk etnoslardan istifadə etməyə çalışırlar. Birinci halda, onlar guya Azərbaycan xalqının hamısını düşünərək hansısa mülahizələr irləi sürür, bununla da azərbaycanlıların gələcəyinin ya Rusiya, ya da İranla bağlı olmasına inandırmağa çalışırlar. Xüsusilə, rus ideoloqları «avrasiyasılıq» adı altında keçmiş SSRİ xalqlarını, o cümlədən Azərbaycan türklərini yeni bir oyuna gətirməyə çalışırlar. İki əsrdə Azərbaycanı iki dəfə, özü də hərbi güclə işğal edən Rusiya üçüncü dəfə, hərbi gücdən istifadə etmədən imperiya maraqlarını həyata keçirməyə çalışır. Bu zaman rus ideoloqları sovet dövrünün nostalgiyası ilə yaşayan sovet nəslindən maksimum faydalanmağa, onların vasitəsilə gənclərə təsir göstərməyə çalışırlar.

İranın fars-molla rejiminin ideoloqları «şiə islamçılığı» adı altında, bir tərəfdən bu məsələ də rus dostlarına dəstək verir, digər tərəfdən öz maraqlarını da güdürlər. Bu gün rusfars ideoloqlarının «Gülüstan» (1813) və «Türkmənçay» (1828) müqavilələri ilə bağlı konyuktura ilə məşğul olması Azərbaycanda milli şüurun formalaşmasının qarşısını almaq, Azərbaycan xalqının şüurunda aydınlaşmaların aparılmasına əngəl olmaqdır.

Deməli, milli şüurun formalaşması heç asan bir proses deyildir. Əksinə, bu sahədə ciddi addımlar atılmadan milli şüurun yox yerdən formalaşmasını gözləmək doğru olmazdı. Fikrimizcə, milli şüurun formalaşmasında iki mühüm amil var: 1) təhsil bazası; 2) müəllim-ziyalı kontingenti. Bizə elə gəlir ki, milli şürun formalaşması üçün ilk addımlar məhz bu sahələrdə atılmalıdır. Özü də, bu təxirəsalınmaz şəkildə həyata keçirilməlidir.

 

Faiq Qəzənfəroğlu

 

Türküstan.- 2017.- 24 oktyabr - 6 noyabr.- S.10.