Azərbaycan milli ideyasının yenilikçi mahiyyəti: Müasirlik
Milli ideyalardan üçüncüsü, müasirləşmək, yaxud da yeniləşməklə bağlıdır. Müasirləşmək, yeniləşmək isə ayrı-ayrı millətlərin həyatında müxtəlif şəkildə başa düşülmüş və izah olunmuşdur. Belə ki, müasirləşməyi milliliyə və dinə qarşı qoyanlar da, onlar arasında ortaq nöqtələr tapmaq istəyənlər də, ondan imtina edənlər də olmuşdur. Əslində müasirləşmək, yeniləşmək həmişə milliliyə və dinə münasibətdə özünü büruzə vermişdir. Başqa sözlə, milli və dini şüurda dəyişikliyə, yeniləşməyə, islahatlara cəhd yenlişəmək və müasirləşmək kimi yozulmuşdur. 18-20-ci əsrlərdə milli və dini ideyalara əsas rəqib ideyalar kimi daha çox liberalizm və marksizm olmuşdursa, indi daha sox demokratiya və ya da vətəndaş cəmiyyəti göstərilir.
Müasirləşmək, yeniləşmək ideyasının Azərbaycan xalqının əsas milli ideyalarından birinə çevrilməsində də Qərb liberalizmi və demokratiyası ilə tanışlıq mühüm rol oynamışdır. Belə ki, 19-cu əsrin əvvəllərində çar Rusiyasının müstəmləksi altında yaşamağa məcbur edilən şimali Azərbaycan türkləri Türk-İslam mədəniyyəti ilə yanaşı, ilk növbədə Rusiya mədəniyyəti, onun vasitəsilə Qərb mədəniyyətinin də təsirinə məruz qalmağa başlamışdı. Təxminən on iki əsrə yaxın İslam-Türk mədəniyyətinin tərkib hissəsi kimi onun tərəqqisi ilə tərəqqi, tənəzzülü ilə tənəzzül edən şimali Azərbaycan xalqı bu dövrdən etibarən istər-istəməz ikili mədəniyyətin: Türk-İslam və Qərb mədəniyyətinin təsiri altına düşdü. Beləliklə, Qərb dünyasında baş verən siyasi, iqtisadi, fəlsəfi, mədəni yeniliklərlə yaxından tanış olan Azərbaycan mütəfəkkirləri bununla da, Türk-İslam mədəniyyətinə yenidən baxıb onu təftiş etməklə üzləşdilər. Bu isə, istər-istəməz Azərbaycan türk mütəfəkkirlərinin dünyagörüşündə bir tərəfdən ziddiyyətlərə yol açsa da, digər tərəfdən milli ideyanın əsas xətlərindən birinin - yeniləşməyin, müasirləşməyin yaranmasına səbəb oldu.
Müasirləşmək ideya xəttinin meydana çıxmasında isə ilk növbədə, İslam dini mühüm rol oynamışdır. Belə ki, hələ 19-cu əsrdən etibarən Azərbaycan mütəfəkkirlərinin bəziləri birbaşa şəkildə (M.F.Axundzadə və b.), digərləri (H.Zərdabi və b.) isə dolayısıyla da olsa, müsəlman xalqlarının geridə qalmasının əsas səbəbini dində axtarmağa başladılar. Məsələn, Axundzadə 18-ci əsr fransız maarfiçilərinin (Russo və b.), təsiri altında hesab edirdi ki, müsəlman dünyasının geriliyinin yeganə səbəbkarı dini dünyagörüşdür. Onun fikrincə, xristian dinində olduğu kimi (potestantizm, lüterançılıq və b.), hökmən islam dinində də islahatlar aparmaq və cəmiyyəti yeniləşdirmək lazımdır. Eyni zamanda, o, Azərbaycan türk ziyalıları arasında ilk dəfə, Avropa mədəniyyətinə aid anlayışlardan - «liberalizm», «demokratiya», «parlament», «sivilizasiyon», «revolyusiya», «konstitusiya» və s. bəhs etmişdir. Qərb mədəniyyətinin təsiri altında M.F.Axundzadə konstitusiyalı dövlətin yaranmasının, dinin dövlətdən ayrı olmasınının zəruriliyni də qeyd etmişdi.
Fikrimizcə, Axundzadə dini dünyagörüşdə, dini şüurda yeniləşmələr edilərək yalançı ruhaniləri və din xadimlərini ifşa etməkdə haqlı olsa da, ancaq dövrünün antiislam, antitürk ruhlu rus, fars, erməni ideoloqlarının təsiri altında İslamla bağlı həqiqətəuyğun olmayan mülahizələr də irəli sürmüşdü. Bu isə Axundzadənin dini şüurda etmək istədiyi yeniləşmələri yarmçıq qoymuşdu. Başqa sözlə, Axundzadə dini düynagörüşdə yeniləşmənin aparılmaının vacibliyini doğru müəyyənləşdirsə də (din dövlətdən ayrı olmalıdır və s.), ancaq ümumilikdə müsəlman dünyasının bütün problemlərini yalnız İslam dini ilə bağlamaqla ciddi yanlışıqlara yol vermişdi. Özəlliklə, onun dövrünün antiislam, antitürk ruhlu rus, fars, erməni ideoloqlarının təsiri altında olması Axundzadəni Şərqin Lüteri, Russosu olmağa imkan vermədi. Bütün hallarda Axundzadə müasirləşimək yolunda ciddi bir hərəkətdə bulunmuş, yeni nəslin qarşısında fərqli bir üfüq açmışdır.
Fikrimizcə, Axundzadədən fərqli olaraq Həsən bəy Zərdabi və onun davamçıları Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi milli ideoloqlar islamlıq və müasirlik anlayışında daha doğru yol tutmuşlar. Onlar hər hansı millətin həyatında dinin mühüm və vacib rolunu qeyd etməklə yanaşı, müasirləşməyin əhəmiyyətini daha doğru başa düşmüşlər. Məsələn, Zərdabi dini dəyərlərə toxunmadan zəmanə ilə ayaqlaşmağı, əks təqdirdə gerilik və inkişaf arasında qalan bir miləltin bu savaşdan məğlub çıxacağını az qala hər bir məqaləsində anlatmışdır. Zərdabi və onun banisi olduğu «Əkinçi» qəzeti dini və dünyəvi elmlərdən hansının vacib olmasını gündəmə gətirməkldə müasirləşmək adına yeni bir yol cızmışlar. Zərdabi və onun tərəfdarları Axundzadədən fərqli olaraq müasirləşməyi islam dininin tamamilə aradan qaldırılması kimi deyil, dini-əxlaqi dəyərləri inkar etmədən dünyada var olmağın əsas ideyalarından biri kimi görmüşlər.
Beləliklə, «müasirlik» ideya xəttinin ortaya çıxmasında XIX əsr ziyalılarından A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi və başqaları müəyyən qədər rol oynamış, XX əsrin əvvəllərində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, N.Yusifbəyli və M.Ə.Rəsulzadə isə onu islamçılıqla türkçülüyün ayrılmaz tərkib hissəsi kimi qəbul etmişlər. Başqa sözlə, istər XIX əsr mütəfəkkirləri, istərsə də 20-ci əsrin əvvəllərində Azərbaycan milli ideyasının formalaşması uğrunda mübarizə aparan ziyalılar qərbləşmə, avropalaşma dedikdə, dini-əxlaqi və milli mənəvi həyatda yeniləşmənin və demokratiklşəmənin zəruriliyindən bəhs edirdilər. Xüsusilə, Əhməd Ağaoğlu islamçılıqla müasirliyin bir-birinə zidd olmamasını sübuta yetirmək üçün yüzlərlə məqalə yazmışdır. Ağaoğlunun bu məqalələrinin mahiyyəti ondan ibarətdir ki, islamın ruhu müasir ruhdur, o hər cür yeniləşməyə və zəmanə ilə ayaqlaşmağa hazırdır.
Fikrimizcə, müasirləşməyin yalnız dini sahədə deyil, eyni zamanda milli məsələdə (türkçülüklə) də uzlaşdırılmasının vacibliyi 20-ci əsrin əvvəllərində müəyyənləşmişdir. Bu sahədə isə ilk uğurlu addım Əli bəy Hüseynzadə tərəfindən atılmışdır. Hüseynzadə hesab edirdi ki, yalnız islamlıq və müasirlik deyil, türklükdə müasir ruhlu olmalıdır. Bir sözlə, müsəlman-türk dünyasının əsas hədəfi türkçülük (türk qanlı), müasirlik (avropa qiyafəli) və islamçılıq (din imanlı) olmalıdır. Ancaq müasir ruhlu türklük və islamlıq Avropanı təqlid olmamalıdır. Əgər bu təqlid xarakter daşıyarsa o zaman qarşımızda müasir ruhlu islam və türk deyil, Avropa ruhlu türk və islam dayanmış olar. Bununla da, Hüseynzadə avropalaşmaq dedikdə, onun təzahürünü qəbulu etsə də, mahiyyətini qəbul etməmişdir. Başqa sözlə, o, yeniləşməyi zahirən Qərb mədəniyyəti, mahiyyət baxımdan islam-türk dəyərləri çərçivəsində görmüşdür.
Bu baxımdan «müasirləşmək» anlayışına bağlı qeyri-müəyyənliyə son qoymaq üçün, iki vacib məsələyə aydınlıq gətirilməlidir. Birincisi, adətən «müasirlik» dedikdə, ona sinonim kimi avropalaşmaq, qərbləşmək anlayışlarından da istifadə olunur. Buradan belə nəticə çıxır ki, «müasirlik» ideyası yalnız avropalaşmaq, qərbləşmək, yəni Avropa və yaxud da Qərb mədəniyyətinə yiyələnmək anlayışı ilə bağlı olmuşdur. Bu zaman tədqiqatçılar fikirlərini əsaslandırmaq üçün Əli bəy Hüseynzadə, Ziya Gökalp tərəfindən irəli sürülən «avropalaşmaq», «qərb mədəniyyətindənəm» istilahlarını nümunə gətirirlər. Halbuki onlar «avropalaşmaq», «qərb mədəniyyətindənəm» dedikdə, Qərbin-Avropanın bütün dəyərlərini olduğu kimi qəbul etməyi, yaxud da avropalıların hər hansı bir cərəyanını müsəlman-türk dünyasına tətbiq etmək niyyəti güdməmişlər. Sadəcə olaraq, burada söhbət milli və dini dəyərlərə zidd olmayan, Qərbin-Avropanın qabaqcıl mədəniyyətinə yiyələnməkdən gedir.
İkincisi, «müasirlik» dedikdə, adətən Azərbaycan Cümhuriyyətinin bayrağının rənglərindən birini, yəni qırmızı boyanın mövcudluğunu göstərirlər. Fikrimizcə, bayrağımızdakı qırmızı boyanın sırf «avropalaşmaq» yozulması da mübahisəlidir. Bəzilərinə görə, əgər Ə.Hüseynzadənin ideya xətlərindən biri «avropalaşmaq» olub, sonralar avropalaşmaq müasirlik kimi yozulmuşdursa, belə çıxır ki, qırımızı boya ancaq avropalaşmağa, qərbləşməyə işarədir. Xüsusilə, bu gün Azərbaycan Respublikasının bayrağının rənglərindən birinin «müasirlik» kimi yozulması, «müasirlik» dedikdə isə, yalnız avropalaşmanın və qərb mədəniyyətinin mənimsənilməsinin başa düşülməsi, bu məsələnin daha da mürəkkəbləşməsinə səbəb olmuşdur.
Fikrimizcə, bütün bunların düzgün aydınlaşmasında Hüseynzadənin bu yolunu davam etdirən Məhəmməd Əmin Rəsulzadənin mülahizələri olduqca maraqlıdır. O, «Azərbaycan Cümhuriyyəti» kitabında yazır: «Bayrağındakı məzmun, fikir surətilə müasir bir türk və islam siyasi mövcudluğuna qovuşmaq ümidilə…» [183, 97]. Fikrimizcə, burada qeyd edilən «müasir bir türk və islam» kəlməsi göstərir ki, müasirlik dedikdə, ilk növbədə milli və dini sahədə, yəni islamda və türklükdə yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü - dünyəvilik (layiqlik) nəzərdə tutulur. Bunu, M.Ə.Rəsulzadənin bayrağın mənası ilə bağlı kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir daha təsdiq edir: «Azərbaycan bayrağındakı mavi rəng - türklüyü, yaşıl rəng - müsəlmanlığı, al rəng də - təcəddüd (yeniləşmə - F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» - düsturunu ifadə etmiş olur» [183, 97]. Deməli, Rəsulzadə «qərb mədəniyyətindənəm» anlayışını yeniləşmə və inqilab kimi başa düşmüşdür. Bu baxımdan «yeniləşmə və inqilab» dünyəvilik (layiqlik) məfhumu ilə bağlıdır.
Əlbəttə, bu «yeniləşmə və inqilab» ilk növbədə, mədəniyyətlə bağlıdır. Bunu, tanınmış mütəfəkkir, milli operanın banisi Üzeyir Hacıbəyli də bu mənada başa düşmüşdür. Onun fikrincə, bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, mavi boya isə mədəniyyətə işarədir [91]. Deməli, Ü.Hacıbəyli qırmızı boyanı türkçülüyə aid edərək mavi rəngi mədəniyyət mənasında qəbul etmişdir. Biz, Ü.Hacıbəylinin nədən bayrağmızın boyalarına fərqli şəkildə yozmasını geniş izah etmədən, burada mavi rəngin mədəniyyət kimi yozulmasına diqqəti cəlb etmək istərdik. Fikrimizcə, mədəniyyət və müasirlik anlayışları bir-birini tamalayırlar. Çünki yalnız müasirləşməyə meyilli millətlər mədəniyyət yarada bilirlər. Bu mənada «müasirlik» ilk baxışda zəmanənin dəyərlərini və tələblərini əks etdirirsə, «mədəniyyət» anlayışı daha geniş məna kəsb edərək nəinki bu günün, həm də keçmişin və gələcəyin nişanəsidir. Eyni zamanda «mədəniyyət» anlayışında milli və dini dəyərlərlə yanaşı, Qərb-Avropa mədəniyyətinin mütərəqqi cəhətlərinin də öz əksini tapması mümkündür: demokratiya və mədəniyyət.
Fikrimizcə,
bu mənada bayrağımızın «müasirlik» adı altında avropalaşmaq,
qərbləşmək kimi deyil, milli və dini dəyərlərə zidd
olmadan yeniləşmə və inqilab (islahatlar həyata
keçirilməsi), yaxud da
dünyəvilik (layiqlik) olaraq
yozulması daha məqsədəuyğundur.
Atatürkün bərincə desək,
dövlət daima güclü
olmalıdır ki, din
birliyi tərəfdarları «ümmətçilik»
adı altında «qəza-cihad» ideyasına qapılmasınlar.
Atatürkün fikrincə, bunu əvəzində toplumda
və dövlətdə qəti şəkildə
ağlın hakimiyyəti üstün
olmalıdır. Bu isə o
deməkdir ki, milli və
dini dəyərlər yaşatmaq
üçün həmişə müasir ruhlu olmaq hər hansı millətin başlıca
qayəsi olmalıdır. Yalnız müasir
ruhlu milli və dini dəyərlərə sahib
millət ayaq üstə durar
və dünya durduqca
var olar.
Faiq Qəzənfəroğlu
Türküstan.-
2017.- 19-25 sentyabr- S.11.