Tərxis olunacaqdı, şəhid oldu

 

“Aprel şəhidi”nin əzablı  

 

İsti yay günü idi. İyunun 8-i 2015-cı il. Firdovsi Bağırzadə əsgərlikdən məzuniyyətə gəlmişdi, anası onun üçün sevdiyi yarpaq dolması bişirmişdi.  Bacısı Fidan  bişirdiyi bütün şirniyyatları süfrəyə düzmüşdü.  Sonra qonaqlar, əmi-dayı, xalalar da gəldilər. Hamı süfrə başında oturub  olandan-keçəndən, gələcək arzularından danışdılar. Sehranə oğluna baxıb  ürəyində fikirləşirdi: “Şükür ay Allah, balam böyüyb, artıq kişi olub, əsgər paltarı da necə yaraşır balama... Elə bil əsgər gedəndən sonra boyu-buxunu artıb, kürəkləri də enlənib”. 

Sehranə arada bir qonşuda gözaltı etdiyi qızın haqqında danışdı Firdovsiyə: “Ay oğul, yaman ağıllı qızdır, əsl mənim adamımdır. Bəlkə ona nişan qoyaq?”.

Firdovsinin anasına: “Ana, mən qanlı dəryalardayam, xalxın qızının adına söz çıxarıb bədbəxt eləmə, nə vaxt evimiz-eşiyimiz olar, onda da qız seçərik...”.

Həmin 8 gün tez keçib getdi. Firdovsi Bağırzadə hərbi xidmətini davam etdirmək üçün  geri döndü. Dedi ki, bir də hərbi xidməti başa vurub 2016-cı il aprel ayının 1-də gələcək.

Hələ 7 yaşı olanda atası Əliş həkim dünyaya əlvida dedi. Sehranənin də qara və ağır günləri ondan  sonra başladı. Göytəpədə ev kirayələdi. Qızı Fidanı və oğlunu da götürüb həmin evə yığışdılar. El içində “Prişib” kimi tanınan  Göytəpənin əhalisi  əslində 1840-cı ildə Rusiyanın Orenburq vilayətindən zorla köçürülərək Lənkəran qəzasının Astraxanbazar ərazisinə gətirilənlərdən fofrmalaşıb.  XX əsrdə toponim “Prişib” adlandırılılmağa başlayıb. Rusların kütləvi surətdə buraya köçürülməsi isə Rusiya İmperiyasının “Azərbaycanı parçala, dağıt-tök” siyasəti ilə bağlı olub. Buraya köçürülən insanları oturuşmuş əhali kimi saxlamaq üçün 1878-ci ildə kilsə də inşa etdiriblər. Gülüstan  müqaviləsi imzalanandan sonra Azərbaycanı  öz caynağına keçirən Rusiya Vətənimizi cənub və şimal əyalətlərinə bölərək, Araz çayının üzərindəki Xudafərin körpüsünü bizim üçün keçilməz sədd etdi.  Körpünün bu biri tərəfində sərhəd zastavalarını çoxaltmağa başladı. 18-ci əsrin sonlarında  bölgəyə gətirdiyi 250 mindən artıq xristian rusunu  həm də Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirdi.  Özü də bu yerləşdirmədə ruslara daha çox üstünlük verilir, onlara daha münbit torpaqlar ayrılırdı. İqlim şəraitinə görə yerli əhali burada əsasən üzümçülük və kartofçuluqla məşğul olurdu. Bu məşğuliyyət bu günümüzə qədər də qorunub saxlanmaqdadır. Bu gün əksəriyyəti azərbaycanlılardan ibarət olan Cəlilabad rayonu tərkibindəki Prişib qəsəbəsinin əhalisi əkin sahələrində işləməklə ailələrini dolandırırlar.

Əli hər yerdən üzülən Sehranə İbrahimova da  iki balasını saxlamaq üçün həmin kartof sahələrində işləməyə başladı. Qış əkinçi, yay buçinçi oldu. Oğlu Firdovsi də 4-5-ci sinifdən etibarən boş vaxtlarında anası ilə kartof sahələrinə gedib, yığımdan sonra torpaq altında, kol dibində qalan kartofları toplayıb, çöldə-bazarda satardı.  Bəzən hər axşam 3-5 manat gətirər, bəzən isə vedrə, torba dolu kartofu evə qaytarardı. Bununla belə, oxumağa da vaxt tapırdı.

Göytəpədə hərbi hissələr mövcud olduğundan qəsəbədə tez-tez gözə dəyən hərbçilərə heyranlıqla baxar,  rayon mərkəzindən o baş-bu başa şütüyən hərbi maşınlardan gözünü çəkməzdi. Hərbçi olmaq arzusu ilə alışıb-yanardı.Ürəyində arzularını böyüdə-böyüdə özü də böyüyürdü. Pis güzəran, çatışmayan ərzaq, pal-paltar da uşağın arzularına sərhəd ola bilmirdi.

Anası Sehranə İbrahimovanın xatirələrindən:

“Firdövsi 1996-cı il sentyabrın 1-də dünyaya gəlmişdi. Ondan iki il sonra da qızım doğuldu. 2003-cü ildə atası rəhmətə gedəndə uşağın 7 yaşı var idi.  Göytəpədə 1 saylı məktəbə gedirdi. 8 yaşından mənə sahələrdə yardım edirdi. Yazda çiyələk sahələrində,  yayda-payızda kartof sahələrində işlədi. Vedrə ilə kartof aparıb satırdı. Soyuq havalarda, qış aylarında evə gələndə üst-başı suyun, palçığın içərisində olurdu. Tez ayaqqablarını çıxarıb sobanın yanına qoyurdum ki, qurusun. Çünki sabah geyməyə başqa ayaqqabısı olmazdı.

Mənim balam  19 illik həyatında zülmdən başqa heç nə görmədi. 10-cu sinifdə oxuyanda, artıq kartof sahəsinə getmədi. Məktəbdə də güzəranımızı bilirdilər. Çox vaxt dərsin əvəzinə işə gedirdi. Elə 10-cu sinifdə oxuya-oxuya mebel sexində  fəhlə işləməyə başladı. Səhər o başdan tarlaya gedib, gecə hava qaralanda gəldiyimdən, dükandan-bazardan xəbərim olmazdı. Bir dəfə necə oldusa, bir dükana girib baxdım... heyrətləndim... Nə qədər  rəngli, bəzəkli şirniyyatlar var idi. Gəldim oğluma dedim ki, “ay Firdovsi  sən elə qənd-çay alırsan bala, bəs niyə o şirnilərdən almırsan özünüz üçün, birdən gözünüz qalar, tamahınız çəkər... Dünyanın nemətlərindən xəbəriniz yoxdur...”.

Dedi “ay ana, mənim qazancım hələ ancaq qənd-çaya çatır, neynirəm onları...”. Bax belə kasıbçılıqla saxladım uşağımı... Zəhməti çox oldu.  Əlinə pul düşdümü deyirdi ki, bacısı üçün cehiz alaq. 

Üç il müəllim yanına getdi. Mən xəstələnəndən sonra, müəllimin də pulun çatdıra bilmədi.  Hərbçi olmaq istəyi ürəyində qalmışdı. Deyirdi əsgərlikdən sonra, hərbi sistemdə qalacaq. Deyirdim ay oğul, dayılarınla məsləhətləş sonra, çünki, bacın də ərə gedəndən sonra mən damın altında tək neylərəm? Hərbçinin evi olmur, ora-bura göndərilir. Deyirdi, narahat olma, səni də hara getsəm, özümlə aparacağam...

İndi elə xatirələri, elə hərəkətləri düşür ki, yadıma, yanıb-qovruluram...

Aprelin 1-i evə gəlməli idi. Bütün hazırlığını görmüşdüm. Şirniyyatını, suyunu nağd-nisyə alıb yığmışdım ki, oğlum üçün qonaqlıq edəcəm.  Elə aprelin 1-i zəng vurdu, dedi ki, bir neçə gün gecikəcək. O gün buraxmadılar.

“Ancaq işdir, birdən gəlməsəm, Allaha təvəkkül”,-söylədi.  2-3 dəqiqə idi ki, danışırdıq, birdən kimsə onu çağırdı “Bağırzadə, tez ol...”. Firdovsi, “ana salamat qal”, deyib, telefonu qapatdı.

Sonra aprelin 2-si oldu, 3-ü oldu... gözlərimə yuxu getmədi. Gecəni səhərə qədər qovruldum, səhərdən axşama qədər ürəyim səksəkədə qaldı. Yuxumda da iri bir ağacın üstümə yıxıldığını görmüşdüm. El arasında deyirlər ki, yıxılan ağac görmək pis əlamətdir. Sən demə ağacım yıxılıbmış... Əmisi gəldi , qardaşlarım gəldi... Dedilər ki, narahat olma, axtarırıq. Onların müddəti qurtarıb, ön cəbhəyə buraxmazlar. Sən demə mənə təsəlli verirlərmiş. Ayın 4-dən sonra telefon əlimdən düşmədi, bizimlə danışdığı nömrələrə nə qədər zəng vursaq da, cavab verən olmadı...”.

Sehranə oğlu haqqında xatirələrini danışanda bəzən gözləri gülürdü. Adətən sağ bir insanın hansısa  hərəkətini xatırlayanda gözlərimizdə belə ifadə yaranar. Ümumiyyətlə, hansı şəhid evində oluramsa, doğmaları, qohumları şəhidlərini xatırlayanda çox vaxt üzlərinə, gözlərinə təbəssüm qonur. Belə mənzərəni seyr edəndə, bir də inanırsan ki, şəhidlər ölmür, onlar hər zaman yaşayırlar. 

Söhbətimizin şirin yerində Sehranənin anası Yekəxanım xala gəldi.

“Gələn ayaqlarınıza qurban olum, bala, bizi sayıb gəlmisiz, yaxşı ki, unutmursuz, yoxsa ki, bu damın altında adamın ürəyi partlayar...”.

Nənə ilə görüşəndən sonra, Sehranə Firdovsinin adına bəzədiyi otağın qapısını açdı. Əvvəlcə içəri keçə bilmədim. Qapının kandarındaca nitqi lal kimi dayandım. Divarın hər tərəfindən boya-boy Firdovsinin şəkillərii boylanırdı.  Stolun üstündə onun 19 yaşlı həyatından olan yadigarlar, digər tərəfdə əsgərlikdən gəlmək üçün hazırladığı hərbi forması... Firdovsi  yanındakı dostlarına da demişdi ki, evə qayıdandan qısa müddət sonra, yenə hərbiyə dönəcək.

Şəkillərin arasında bacısı ilə çəkdirdiyi son şəkli də var idi. Bacı-qardaş bir-birinə sarılaraq Firdovsinin xidmət etdiyi hərbi hissədə çəkdirmişdilər. Firdovsi bacısı yanına gələndə yaman sevinmişdi. Bu dünyada bütün əziyyətləri bacısına görə çəkirdi. Çalışırdı ki, bacısı ərə gedəndə kənddə, eldə-obada deməsinlər ki, atası yoxdur, ceri-cehizi layiqincə olmadı...  Çünki bu yerlərin adəti ağırdır, qızı ərə verdilərmi, oğlan evinə bütün cühizlərini göndərirlər. Fikirləşmişdi ki, indi bacısına həm qardaşdır, həm də atadır...  Şəkillərin işərisində  Fidan və Sehrannin Fürdovsiyə həsr etdikləri şeirləri də var idi:

Sən bizə söz verdin, qayıdacaqsan.

Gözlədik, dönmədin, geri qardaşım.

Sən mənim anamı qoruyacaqdın,

Sözünü tutaydın, barı qardaşım...

 

-Şükür o göydəlinin kərəminə. Ona qərinə uşaq yox idi. – dedi Yekəxana xala.

Ovçular ov tutmasın,

Ovlasın, ov tutmasın.

 Səni vuran ovçunun,  ay balam,

Qolları sov tutmasın.

 

Analar yanar ağlar,

Günlərin sanar ağlar,

Dönər göy göyerçinə,

Yollara qonar ağlar.

 

- “Ovundura bilmirəm Sehranəni... Günü ağlamaqla keçir. Deyirəm ay qızım, bu fələyin yazısıydı... neynək indi.... neynək...bala. Şükür Allaha ki, bir qızın var, elə ailə var ki, bircə oğlunu itirib... Allahın elə yazıları var ki... biz kimik onun altında.... Kim gözünü kor istəyər... Ancaq ki, ay qızım Firdovsi hər oğuldan deyildi, dinməz-danışmaz, təmkinli, ədəbli idi. Bütün nəvələrim bir yana, Firdovsi bir yana idi... Hara qulluğa göndərsəm gedərdi. Ailəsinin bütün yükünü çəkirdi. O uşaq bir dəfə halından, güzəranında şikayət etmədi. Başını aşağı salıb çörək dalınca getdi... Əzabkeş, zəhmətkeş oldu balam...  Həmin o zəhrimara qalmış günlərdə xəbər çıxanda getdim qızımın yanına ki, ürəyi partlamasın, göz-qulaq olum... 6 gün gecəmiz-gündüzümüz olmadı.  Qulağımız səsdə qaldı. Bir də ayın 8-i  Güllütəpədən zəng vurdular ki, guya dayımızın yaşlı arvadı ölüb, bizim üçün maşın göndərirlər ki, gələk kəndə. Dedim, məclisin üçüncü günü gələrik. Dedilər, gözləmək olmaz.... Dalağım sancdı... Ürəyimə damdı ki, bu xəbər o xəbərdən deyil... Durub gəldik kəndə... Oğlum Ağamır, əmisi Mirsalam getdilər... Hamı necə, biz də elə... Kənd, el-oba, qohum-qonşu tökülüb gəldi...Firdovsi atası rəhmətə gedəndən sonra, mehrini dayısı Ağamirə salmışdı. Ağamir də pis dayı olmayıb. Demək olar ki, hər ay yükünü tutub gedirdi hərbi hissəyə ki, uşaq orda küskün olmasın, gözü yollarda qalmasın. Neçə dəfə demişdik ki, yığışın gəlin bizimlə qalın, razı olmamışdılar ki, ev, ayrı, köç ayrı yaxşıdır. Nə bilim, bu da belə qismət imiş...”.

 

Dayısı Ağamir İbrahimov:

 

“Firdovsi başqa bir xasiyyətli uşaq idi. Həlimliyi, sakitliyi ilə seçilirdi. Arzusu hərbçi olmaq idi. Tək olduğuna görə istəmirdim, deyirdim özünə başqa peşə seçərsən. 2016-cı ildə qışda da bir neçə günlüyə evə məzuniyyətə gələndə görmüşdü ki, evdəkilərin odunu yoxdu, velosipedini satıb anasıgil üçün odun alıb qoyub, sonra getmişdi. Kimsəyə əyilməzdi, öz halal zəhməti ilə dolanan uşaq idi... Aprelin 3-dən 7-nə qədər hərbi komissarlıqla nə qədər əlaqə saxladısa, bir düzgün xəbər deyən olmadı. Sonra ayın 8-i xəbər gəldi. El-oba, ətraf rayonlar, öz rayonumuzun insanları tökülüb gəldilər kəndimizə.  Firdovsini çox böyük təntənə ilə qarşılayıb, təntənə ilə də yola saldılar. O gün bu gün, bu ailəni rayon ictimaiyyəti və rayon rəhbərliyi tək qoymur... Bu gördüyünüz evi də rayonun  xeyriyyəçilərinin köməkliyi ilə tikilib. Evin içərisindəki bütün mebelləri və məişət əşyalarını da Masallı rayon İcra Hakimiyyətinin köməkliyi ilə , xeyriyyəçilərin yardımı ilə başa gətiriblər”.

 

Şəhid anası:

 

“Kaş oğlum sağ olaydı, elə o Prişibdəki  kirayə evimdə yaşayaydım. Qardaşımla atamın həyətyanı sahəsində bu evi oğlumdan sonra yaxşı adamlar tikib verdilər. Gəlib evə baxanda məəttəl qaldım.  Eyni ilə bu evin birmərtəbəli layihəsini bir dəfə Firdövsi özü çəkib demişdi ki, ana işləyib, əlimə pul toplayan kimi belə bir ev tikəcəm. Oğlum olmayandan sonra arzuları çin oldu...

Qızım nişanlı idi. Mart ayında zəng vurub dedim ki, oğul aprelin 20-nə Fidanın toyu üçün gedib restoran danışmaq istəyirik. Narahatlıqla dedi ki, ana tələsməyin, özüm əsgərlikdən gəılib, danışacam...

Ötən il oğlumun doğum günündə 20 yaşının tamamında bu ikimərtəbəli evin qapısını açdıq. Həyətində güllər-çiçəklər əkdim. Firdovsi gülləri-çiçəkləri çox sevirdi. Harada olsa abadlıq, səliqə-səhman,təmizlik yaradırdı. Bu il isə qızım Fidanı köçürdük. Fidan qoymadı ki, həyətdə şənlik, çal-çağır olsun. Nə xınasında, nə də toyunda gəlinlik paltarı geyindi. Dedi ki, qardaşının toyu olmayan evdə o, toy çaldıra bilməz. Fidan qardaşından doymamışdı. O gün əslində onu qardaşı yola salmalıydı. Alnından öpməliydi, xeyir-dua  verməliydi.

 

Səsə oyandım qardaş,

Harda dayanım qardaş.

Gəl çıx yolum üstünə,

Arxam, hayanım qardaş.

 

Masallı İcra Hakimiyyətinin bütün işçiləri, səlahiyyətliləri yığışıb gəldilər, qızımın  məclisini şənləndirdilər. Məni xərcə salmadılar. El-oba xatirinə qızım səssiz-səmirsiz bir məclis qurmuşdu burda... İndi bu evə məni gətirən bircə balamın  cansız şəkilləri və əşyalarıdır. Bir də ki, ətraf evlərdəki xatirələri... Bu evdə Firdovsinin xatirəsi yoxdur... Çatmadığı arzuları var...”.

Masallının Güllütəpə kəndinin çıxacağında kənd məktəbinin divarında bir  lövhə cəlb etdi diqqətimizi.  Səliqəli divarın üstündə isə “Şəhid Firdovsı Bağırzadə adına küçə” yazılmışdı. Məktəbin həyətində  bir dəsdə oğlan uşağı oynayırdı.  Onlardan Firdovsini soruşduq. Ətrafımıza toplanan uşaqlar bir səslə “O bizim kəndimizin və Azərbaycanın qəhrəmanıdır, şəhiddir”- dedilər.

Nə vaxtsa, Firdovsi də o uşaqlar boyda idi. Firdovsi də müharibənin belə uzanacağını bilmirdi. Amma illər ötdü, Firdovsi böyüdü, münaqişə ocaqları da böyüdü, torpaqlarımızı qaytarmadılar, vuruş istədik, qlobal güclər vuruşmağa qoymadılar. Yalnız 2016-cı ilin aprel ayının 2-də səbri daşan Azərbaycan əsgərləri torpaqlarımızın bir qismini azad edə bildilər. 2 apreldə Tərtərin Marquşevan istiqamətində gedən döyüşlərdə Firdovsi Əliş oğlu  Bağırzadə də atılan mərmi qəlpəsindən həlak oldu...  Qanı Vətən torpağına qarışdı. Bu tarixi indi balaca olanlar artıq yaxşı bilir. Ancaq  yəqin ki, o balacalar böyüyənə qədər torpaqlarımızı da düşmənlərdən təmizləyəcəyik. Bizim torpaqların qisası daha gələcək nəsilə qalmasın... Bu bizə başucalığı gətirməz.

 

Aida Eyvazlı

 

Türküstan.- 2017.- 19-25 sentyabr.- S.13.