Aşıq Ədalətlə bağlı xatirələr: “Dedi ki, məni qadın aşıqdan sonra səhnəyə çıxarmayın” 

 

Azərbaycanın Aşıq sənətinin görkəmli nümayəndəsi,  əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov dünən 78 yaşında dünyasını dəyişdi.

El sənətkarı vəsiyyətinə uyğun olaraq, bu gün ata-baba yurdu   Qazaxda dəfn olunacaq.

Qeyd edək ki, “Ruhani”, “Yanıq Kərəm”, “”Qaraçı”, “Naxçıvani”,”Ürfani”, “Divani” və s. kimi xeyli sayda saz havalarının möhtəşəm ifaçısı olan Aşıq Ədalət nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilir.

Modern.az ustad aşıqla bağlı xatirələri təqdim edir:

Məti Osmanoğlu: (filoloq alim) - “Mən “Ulduz” jurnalının redaksiyasında işləyəndə jurnalın baş redaktoru Yusif Səmədoğlunun tapşırığı və məsləhəti ilə Aşıq Ədalət haqqında bir yazı hazırlamışdım. Üzərində bir ildən artıq işlədiyim həmin yazı jurnalda 1985-ci ilin payızında çap edildi. Ədalətlə söhbət kimi təqdim edilmiş yazı ənənəvi müsahibə deyildi, müxtəlif görüşlərimizi əks etdirən dialoq-hekayə idi. Ədalətin sənətinin və xarakterinin görünməyən tərəflərini göstərməyə cəhd etdiyim dialoq o vaxtın oxunan yazılarından oldu. Jurnal əldən-ələ ötürüldü, redaksiyaya çoxlu məktublar gəldi, zənglər edildi. Buna baxmayaraq, yazını “yuxarı” dairələr süngü ilə qarşıladı. Kommunist Partiyasının aparıcı orqanlarından olan “Azərabycan kommunisti” jurnalında “Ulduz” jurnalı haqqında kəskin tənqidi məqalə çap olundu və məqalədə amansızlıqla “vurulan” yazılardan biri də həmin söhbət idi... Tənqidi yazı redaksiyanın adından imzasız verilsə də, müəllifi məlum idi, məqaləni Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri işləyən bir ədəbiyyat adamı yazmışdı.

1986-cı ildə Qazaxda Səməd Vurğunun 80 illiyinə həsr olunmuş yubiley mərasimində mən də iştirak edirdim. Tədbirlərdən biri şəhər stadionunda oldu. Hələ yığıncaq başlamamışdı. Təsadüf elə gətirmişdi ki, Mərkəzi Komitədə işləyən “ədəbiyyat adamı” ilə yanaşı dayanmışdıq. Birdən Ədalət bizə yaxınlaşdı.

- Hara gedirəm sənin məqaləndən danışırlar, yaman yazıbsan... – məni bağrına basıb təşəkkür elədi.

– Məndən yazanların hamısını böyüdürlər, Səyavuş Sərxanlı məndən yazmışdı, “Qızıl qələm” mükafatı aldı. Görərsən, sənə də mükafat verəcəklər, – dedi və şaqqıldayıb güldü.

- Mən artıq mükafatımı almışam, ustad, - deyib yanımdakı “ədəbiyyat adamının” üzünə baxdım. – Yaxşıca aşımın suyunu veriblər...

- Sənin yazın haqqında əyri bir söz deyən atabaatası ilə qələt eləyir, başını da daşa döyür, – deyib, üzünü yanımızdakı “ədəbiyyat adamına” tutdu.

 Bu oğlanı tanıyırsan? Məni gülmək tutmuşdu, cəld “hadisə yerindən” uzaqlaşdım. Ustad Ədalət isə partiya çinovniki ilə söhbətini xeyli davam etdirdi...

Azər Rəşidoğlu (jurnalist, siyasi ekspert) - “Saz mənim üçün toxunulmazdı. Saza bu sevgini məndə Aşıq Ədalət formalaşdırıb. Elə ailədə-nəsildə böyümüşəm ki, saz səsi bizim üçün paralel dünyadan gələn bir nəsnə olub. Uşaq vaxtı, hələ böyüklərimin sazı niyə bu qədər sevdiklərini anlamadığım vaxt, Qazaxa getmişdim. Ustad Ədalət əmimlə yaxın olub. Əmim tanınmış cərrah idi. Ədaləti ilk dəfə Qazaxda bir məclisdə gördüm. Ustad “Qaraçı” havasını ifa edirdi və hamı ağlayırdı. Uşaq idim və şəhərdə yaşayırdım, bu, mənim üçün əlçatmaz dünya idi. Mənə tanış olduğu qədər də yad olan tay-tuşlarımın qulaq asdığı Aydınçikin mahnıları idi. Heç cür anlaya bilmiridm ki, yaşlı adamlar, özü də kişilər necə ağlaya bilər?! Hamı ağlayırdı, elə aşığın özü də. Ədalət bütün tanış havaları ifa etdi. Birdən aşıq bir hava ifa etməyə başladı. Məclisdəki hər kəs donmuşdu. Sanki ölüm tozu səpilmişdi məclisə. Bir quş Ədalətin sazına qondu. Bunu öz gözlərimlə görmüşəm. Mən də qurumuşdum. Sonralar bildim ki, Ədalət “Ruhanini çalırmış və maraqlıdır ki, təbiət qoynunda  Ədalət nə vaxtRuhanini çalıbsa, mütləq bir quş qonub sazına. Aşıq “Yanıq Kərəm”ə keçdi. Keçdi, nə keçdiBu, indiyənə qədər eşitdiyim hava deyildi. Ədalət özüaz qala, hönkürəcəkdi. İfasını bitirəndən sonra sanki hayqırdı – “ayə, dərdiş, bu “Yanıq Kərəm”dir, ayə, buna həncəri oynamaq olar? İndi Yanıq Kərəmi elə çalırlar ki, adam lap yanıb tökülür”.

Elə o gündən sazı dəlicəsinə sevdim və həmişə vəsiyyət eləmişəm ki, mən can verəndə də, dəfn ediləndə də saz çalınsın. Uzun illər araşdırdım ki, axı, niyə, Ədalət təbiət qoynunda, özüancaq hal əhlinin məclisində “Ruhaniçalanda, onun sazına bir quş gəlib qonur? İrfanla bağlı araşdırmalarımdan sonra bu suala cavab tapdım. Səbəbini bilənlər bilir. Tək onu deyim ki, Ədalət sıradan biri deyildi, Allahın nəzər etdiyi şəxsiyyət idionun sazı da adi saz deyildi. Vaxtilə bu havalar sayəsində “bir saz olub dilə gəlmişdik”. Ədalətin ölümü sazsevərlərin belini sındırdı. Heç kəs onun kimi saz çala bilməyəcək və uşaq vaxtı gördüyüm o quş heç bir aşığın sazına qonmayacaq”.

Əkbər Qoşalı-(şair): - Rəşid Behdudov adına Dövlət Mahnı Teatrında bir ozan aşıq məclisinin aparıcısı idim. Tədbirdə rəhmərlik Aşıq Ədalətin  də çıxışı olacaqdı. Onun çıxışı daha öncədən nəzərdə tutulmuşdu- tədbirin əvvəlində. Birinci dəfə adını elan edəndə dedilər ki, hələ gəlməyib. Bir dəfə də elan etdim ki, indi ustad Aşıq Ədalətin ifası olacaq. Bu dəfə gəlmişdi, amma pərdə arxasından mənə ismarış yolladı ki, onun da gözlədiyi kimsə var, bərabər səhnəyə çıxacaqlar. Odur ki,  bir az da gözləməli olduq. Bu da keçdi. Müəyyən vaxtdan sonra düşündüm ki, artıq gələn də gəlib, indi ustadı səhnəyə dəvət etmək olar. Onu çox gözlətməmək üçün bir daha adını elan etdim. Dedim ki, növbəti ifadan sonra səhnəyə ustad aşığımız Aşıq Ədalət gələcək. Tamaşaçılar da bu elanı çox böyük alqışla qarşıladılar. Amma rəhmətlik yenə də mənə ismarış yolladı ki, bəs, məni qadın aşıqdan sonra səhnəyə çıxarmasınlar. Həmin vaxt səhnədə qadın aşıqlarımızdan biri ifa edirdi. Məcbur qalıb, qadın aşıqdan sonra bir kişi şairə söz verdik. Ondan sonra Aşıq Ədaləti məclisə çağırmaq olardı. Amma düzü, bir az mən də incik olmuşdum. Onu çox ədab-ərkanla üç dəfə səhnəyə dəvət etsəm də, gələsi olmamışdı. Növbəti səfər isə ustad gözləməli oldu. Mən onun yerinə başqa aşığı çağırdım. Hiss etdim ki, bir az inciyəntəhər olub. Könlünü almaq üçün diqqəti bütünlüklə Aşıq Ədalətin üzərinə yönəltmək istədim. Tədbirin adı “Ozan-aşıq gecəsi” idi. Zatən, gününaxşam hissəsi idi. Ona görə də belə bir elan verdim: “Diqqət, diqqət, indi isə gecəmizin gündüz hissəsi başlayır. Səhnəyə türk dünyasının böyük aşığı, ozanı, yaşayan əfsanə- Aşıq Ədalət dəvət olunur. Bu təqdimatım onun çox xoşuna gəlmişdi. Dediklərim salondakı alqışlara da təsir etmişdi. Səhnədə bir xeyli mikrafon önündə durdu. Bir mikrafondan başqasına keçdi. Nəhayət,  fasilədən sonra sazla  uzun  və hər zamankı kimi möhtəşəm bir çıxış etdi.

Ehtiram İlham-(şair) - Deyəsən, 30 il qabaq ona ünvanlı bir şeirfason qaralamışdım. O vaxt məşhur olan "Gənclik" jurnalında çap olunmuşdu. Sonra onun haqqında kitaba düşdü. Respublika Sarayında onun yubileyi olanda tanınmış rəssam Qafar Sarıvəlli ustadın portretini özünə təqdim edəndən sonra həmin şeiri demişdi. Bir dəfə ustad Ədalət soruşdu ki, ayə, o şeir səninkidimi? Utana-utana məndən cavab alandan sonra qayıtdi ki: -Ədalətin əllərinə yıxıllam, Bir "Kərəmi" havasının eşqinə! - misraların daha çox xoşuma gəldi.

Tez -tez və ürəklə Səməd Vurğundan danışdığı yadımdadı. Elə yer olurdu ki, Vurğunun adı dilindən düşmürdü. Zaman-zaman S.Vurğuna atılan daşlara çox qeyzlənərdi.

Qılman İman – (şair) – Aşıq Ədalətin uşaqlıqdan pərəstişkarı olmuşam. Bakıya gələndən sonra tez-tez tədbirlərdə, məclislərdə görsəm də, onun böyüklüyünün zabitəsi qoymurdu ki, mən onunla tanış olum. Məqamlar olub ki, uzaqdan saatlarla Ədaləti seyr eləmişəm, amma yaxınlaşmamışam.

Bir gün Allahın xoş saatında dost məclislərinin birində məcbur qalıb, tanış olası oldum. Ondan sonra qara sazın bu əfsanəsi qəhrəmanı ilə dostluğum başladı. Hər dəfə onunla söhbət etdikcə Ədalət bir az da böyüdü gözümdə. Onun özünəməxsus sirli, sehirli dünyası sonsuz bir məhculluğa yuvarlaqlandı gözümdə .Bir neçə xatirəsi var ki yaddaşımda, o xatirələr  Ədalətin haqq aşiqi olmasının bariz nümunəsidi. Həmişə Ədalət deyirdi ki, saz mənə yuxuda buta kimi verilib. Sazı çox kiçik yaşlarında qeyri-adi səviyyədə ifa etməyi bacarmışdı. O istedadına görə Səməd Vurğun ona "beçə" deyərmiş. Həmişə deyirdi mənim ustadım Həzrəti Əlidi. 20 il başımın üstündə işıq yandı. Özümü qoruya bilmədim, o işıq söndü. Amma mənə görə o işıq heç vaxt Ədaləti tərk etmədi, taki əcəl gələnə qədər. O işıq onun qara sazıydı, o da həmişə Ədalətlə birlikdəydi. O işıq Ədalətin özüydü, dünən o işıq söndü.

 

Türküstan.- 2017.- 19-25 sentyabr- S.6.