Bakının azadlığına aparan
uzun yol
15 sentyabr – Bakının düşmən işğalından azad edildiyi gündür! 99 il öncə qəhrəmanlarımızın reallaşdırdığı bu tarixi hadisəni, bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və ölkəmizin həyatı ilə bağlı digər məsələlər Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi, nəinki paytaxtımız olması, eləcə bir Azərbaycan şəhəri kimi qalması ilə də o qədər bağlıdır. Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?
Tarixi şərait
20-ci əsrin əvvəlləri tarixə Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbləşmənin başladığı illər kimi düşdü. Bu proseslər içərisində Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı illəri də yaşandı. Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları istiqamətindəki fəaliyyətlər, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və ermənilərin “Böyük Ermənistan” xəyalı istiqamətində heç bir prinsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa getmələri ucbatından uğurla aparıla bilmirdi. Anadolunun şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif yerlərində türklər qətliama məruz qalırdılar.
Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cumhuriyyətinin qurulma prosesi, digər yandan isə Bakıda, Şamaxıda, Qarabağda, Urmiyədə, Naxçıvanda, Muğanda erməni silahlı qrupları və onların dəstəkçiləri tərəfindən böyük qətliamların yaşanması dövrü kimi düşdü. 1918-ci ilin xüsusuilə mart ayında erməni silahlı qrupları tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 mindən artıq Azərbaycan türkü ya öldürülmüş, ya da başqa ərazilərə qaçmaq məcburiyyətində qalmışdı. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərindəki insanlara divan tutulduqdan sonra Bakı Soveti əsasən ermənilərdən təşkil olunmuş silahlı dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı. Bu şəraitdə, 1918-ci il may ayının 28-də isə Azərbaycan Xalq Cumhuriyyəti elan olundu.
Həmin illər Anadolu türkləri üçün də çox ağır bir dövr idi. Birinci Dünya Müharibəsində məğlub olması Osmanlı Dövlətinə baha başa gəlirdi. Bu mərhələdə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birinci Dünya Müharibəsinin qalib dövlətləri və türk torpaqlarında gözü olan qonşuları İstanbulda işğal idarəsi quracaq, beləcə ümumiyyətlə Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma bütün bunlara baxmayaraq, Anadolu türkləri Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayacaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi.
Qafqaz İslam Ordusunun
meydana gəlməsi
Rus əsarətindən qurtulub Türkiyəyə keçən Avstraliyalı bir zabit 1917-ci il dekabrın 29-da 6-cı Ordunun Komandanı Xəlil Paşa ilə görüşərək Qafqazdakı vəziyyət barədə ona məlumat vermişdi. Xəlil Paşa o zabiti Ənvər Paşa ilə də görüşdürmüşdü. Avstraliyalı zabit ilə görüşdən sonra Ənvər Paşa həm Qafqazdakı din və qan qardaşlarının onlara duyduğu ehtiyac, həm də regiondakı mövcud şəraitin köməklik göstərmək üçün münasib olduğu barədə ciddi qənaətə gəlmişdi. Bu məqsədlə həmin ərəfələrdə Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şövkət bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycanda qardaşlarını xilas etmək üçün ordu yaratmaq qərarını verdi.
Ənvər Paşa 1918-ci ilin əvvəllərindən başlayaraq Qafqazdakı türk və müsəlman əhalini qorumaq və Bakını işğaldan xilas etmək üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma bir yandan da bu planın Qafqazda və Bakı neftində gözu olan ingilis və alman qüvvələrinin reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görüntüsünə sahib olmasını planlayırdı. Ancaq bu planın xeyli vaxt alacağını gördüyü üçün (çünkü Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi. Çar Rusiyasından Azərbaycana sadəcə 300-ə yaxın yaxşı təlim almış zabit kadrları qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ümumi ordu formalaşdırılması üçün kifayət etmirdi. Osmanlı Ordusu gəlməmişdən əvvəl Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəklində qurdu.) Azərbaycana Türk hərbi hissələrini göndərməyə qərar verdi. Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerdə (xüsusilə Urmiyədə) Ermənilərin qətliamlarının önlənməsi üçün müəyyən döyüşlər olmuşdu. Heyət mayın 20-də Araz çayını keçib Zəngəzura çatdı. Nuri Paşa bu bölgədəki erməni qətliamlarından dəhşətə gəlmişdi. Zabitlərindən bir hissəsini bu bölgədə saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə göndərdi. Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burada ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İslam Ordusu ayaq basdığı hər yerdə Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu.
Qeyd edək ki, hələ aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndləri ilə görüşündə Qafqazda federativ ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını və qardaşı Nuri Paşanının Təbrizə, ordan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini qeyd etmişdi.
İyun ayının 4-də Osmanlı Dövləti ilə Azərbaycan Xalq Cumhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənvər Paşa ilə Məmməd Əmin Rəsulzadə arasındakı görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində borc da verildi.
Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, ordan Qazaxa və nəhayət Gəncəyə gəldi. Bu ordu və onlara qoşulan Azərbaycanlı könüllülərdən ibarət olmaqla Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycanın Azərbaycan Xalq Cumhuriyyətinin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Səlyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən isə Bakı yaxınlığında döyüşlər başladı.
Əslində Bakının qurtuluşundan öncəki hərbi-diplomatik şərait daha da ağırlaşmışdı. Avqustun 27-də almanlarla ruslar arasında imzalanan Brest-Litovsk müqaviləsi digər məqamlarla yanaşı həm də türk ordusunun Bakıya girişinin qarşısını almaq məqsədini(əvəzində Rusiya almanlara Bakı neftindən pay verəcəkdi) güdürdü. Digər tərəfdən Bakıdakı erməni-rus hərbi qruplaşmaların köməyinə ingilislər də çağrılmışdı. Ancaq bütün bunlar Bakının işğaldan azad edilməsinin qarşısını ala bilməyəcəkdi.
14 sentyabr Bakı ətrafındakı döyüşlərinin 40-cı günü idi. Bu günü uğurlu sayan Qafqaz İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici hücuma keçdi. Güclü hücumlara tab gətirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuri Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə “Bakı” soyadını götürmüş və tarixə “Mürsəl Bakı” kimi keçmişdi.
Döyüşlərdə Azərbaycan türkləri ilə yanaşı Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın digər yerlərindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixə sadəcə Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi keçmişdi.
Qəhrəmanların sonrakı həyatları
Azərbaycana qardaş köməyinə gələn əsgər və zabitlərin geri qayıtmayan hissəsi sonralar Sovet rəhbərliyi tərəfindən edam və ya gürgün edildilər. Azərbaycanı tərk edənlər də bəzən bunun bədəlini ödəmək məcburiyyətində qaldılar.
O dövrdə İstanbulda işğal
idarəsi quran İngilislər, 1919-cu il yanvarın 15-də 9 türk
hərbçisinin həbsiylə bağlı qərar
çıxardılar. Bunlar arasında Nuri Paşa və Mürsəl Paşa da var idi. Mürsəl
Paşa bu qərardan bir müddət sonra 1919-cu il aprelin
20-də Batumidə həbs
edilərək Malta adasına
sürgün edilmişdi.
O, 1 noyabr 1921-ci il tarixdə sürgündən qayıtdıqdan
sonra Anadoludakı İstiqlal Savaşına qoşulmuş və bir çox şəhərin azad edilməsinə rəhbərlik
etmişdi. Sonrakı illərdə dəfələrlə
millət vəkili seçilən Mürsəl
Paşa 1945-ci ildə
vəfat etmişdir.
Nuri Paşa uzun müddət Almaniyada yaşadıqdan sonra
1938-ci ildə İstanbula
gəldi və silah fabriki qurdu. Amma türk
dünyasının birləşməsi
ilə bağlı fikirlərini və səylərini davam etdirdi. Hətta iddialara görə
bəzi bölgələrə
silah da göndərməyə başlamışdı.
2 mart 1949-cu ildə silah fabrikindəki partlayış nəticəsində
vəfat etdi. Partlayışın terror aksiyası olduğu
iddia edildi.
Birinci Dünya Müharibəsində
məğlub olduqdan sonra Ənvər Paşa 1918-ci ilin noyabrında Anadolunu tərk edib Türküstanın (Orta Asiyanın) müxtəlif
bölgələrində azadlıq
mübarizələrinə rəhbərlik etdi. 4 avqust
1922-ci ildə Pamir dağı ətəklərində
döyüş zamanı şəhid oldu.
Araz Aslanlı
Türküstan.-
2017.- 19-25 sentyabr- S.8-9.