Bakının xilaskarı Nuru Paşa maraqlı faktlar və
fotolarda
Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 99-cu ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. Bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
... 99 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılıb, mayın 28-də Azərbaycan müstəqilliyini elan edib. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə olub.
Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəlib. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilib. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Məhz belə vaxtda Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu Azərbaycan tarixində dəyəri 28 may qədər ölçüləcək bir tarixi hadisəyə 15 sentyabr Bakının işğaldan azad olunmasını reallaşdırdı.
Moderator.az Bakının işğaldan azad edilməsi tarixi və bu tarixin əsas müəllifi Nuru Paşa ilə bağlı bir neçə maraqlı faktı təqdim edir:
Nuru Paşadan əvvəlki Bakı
Bakıya girən türk ordusu xalqın ermənilər və ruslar tərəfindən qətliamının qarşısını aldı. Şərq Ordusu Qrupu komandanı Xəlil paşa Bakıda yaşayan əhalinin qarşılaşdığı erməni və rus vəhşiliyini bu cümlələrlə bildirmişdi: “Bakı ingilislərin nəzarəti altında olarkən ermənilər və bolşeviklər yerli xalqa qarşı geniş bir qətliam hərəkatına başlamışdılar. Ermənilər şəhərin hər məhəlləsində türklərin cəsədlərindən bir qala qurmuş və bütün vəhşiliklərini ortaya qoymuşdular. Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənmiş və bıçaqlanmışdılar.
Nuru Paşa fenomeni
Bu kimi faciələrə 99 il əvvəlin bu günündə son qoyan Nuru Paşa unikal bir şəxsiyyət olub. Yüksək intellektə sahiblənib, alman və fransız dillərini mükəmməl bilib. Bunlarla bərabər, çox gözəl rəsmlər çəkib. Gəncədə olarkən Göygölün mənzərəsini çəkib. Həm də sənətə sevgisi ilə seçilib. Onun Bakıda olduğu zamanda türk gecələri keçirilirdi. Nuru Paşanın fikir ayrı-seçkiliyi yaşayan ziyalıların barışmasında da böyük rolu olub. Ziyalılarla dostluq edirdi. Cəfər Cabbarlıya saat bağışlamışdı. Həmin ndi o saat Cəfər Cabbarlının ev muzeyində saxlanılır. Salman Mümtazla yaxın dost idi.
Nuru Paşanın mənsub olduğu ailə hərbçilər ailəsi olub. Atası Əhməd bəy tüccarlıqla məşğul olub, beş övlad saxlayıb. Ancaq Ənvər, Nuru və onların əmisi Xəlil paşa hərbçi olublar. Xəlil paşa Şərq ordusunun qrup komandanı idi. Sonradan Azərbaycanın həm müstəqilliyinin qazanmasında, həm də bolşeviklərə təhvil verilməsində onun rolu olub. Hərbi həyatı ziddiyyətlərlə dolu olub.
Bakıya gətirən səbəb
1917-ci illər hadisələri başlayandan, bolşeviklər çevriliş edəndən sonra Türkiyə tərəfdən Güney Qafqaza diqqət artdı. Diqqətin artmasının əsas səbəbi bundan ibarət idi ki, “İttihadi tərəqqiçi”lər Turana gedən yolun Azərbaycandan keçdiyinin fərqinə varmışdılar. Azərbaycan Orta Asiyada turançılıq ideyalarının yayılmasının ən yaxşı strateji məkanı idi. Həmçinin də bu zaman Azərbaycanın özündə də milli hərəkat formalaşmışdı. Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Nağı bəy Şeyxzamanlı və başqaları da Azərbaycanın müstəqilliyinin bərpasında Türkiyə amilindən yararlanmağı düşünürdülər. Onlar bu işin əsas ideoloqları sayılırdılar. “İttihaqi tərəqqiçi”lərin proqramında Qafqaza diqqət ayrılmasına və turançılıq ideyasının o istiqamətdən yayılmasına xüsusi önəm verilirdi. Bu məsələ hələ 1914-15-ci illərdə Ənvər Paşanın planlarında var idi. 1918-ci illərdə 31 mart soyqırımı törədiləndən və Zaqafqaziya Seyminin dağılıb Azərbaycanın, Gürcüstanın müstəqilliyə çatmasından sonra arxalana biləcəyimiz yeganə qüvvə Türkiyə idi.
Məsələn, gürcülər Almaniya ilə ittifaqda idilər. Ermənilər də həmişəki kimi həm Rusiya, həm də İngiltərəyə yalmanırdılar, vahid siyasətləri yox idi. Azərbaycanın xoşbəxtliyi bu idi ki, həm din, həm də qan qardaşı olan türklərə yaxın idi. Türkiyə də həqiqətən Azərbaycanda müstəqil dövlət qurulmasının marağında idi.
Ömrün son illəri
1924-cü ildə Nuru paşa ordudan istefaya göndərilib. Nuru paşa istefaya göndəriləndən sonra müalicə olunmaq üçün Almaniyaya gedir. Qardaşı Ənvər paşanın həyat yoldaşı Naciyə sultan orada yaşayırdı. Nuru paşa müalicədən sonra istəyir ki, Orta Asiyada mücadilə aparan qardaşı Ənvərin paşanın yanına getsin. Amma Ənvər paşanın qətli bunun qarşısını aldı. Nuru paşa da İstanbula qayıtdı. Orada metal əridən bir müəssisəni satın alıb və silah-sursat fabrikinə çevirib. Zeytunburnunda qurulan bu iş ona yaxşı gəlir gətirib. Yaxşı gəlir əldə edəndən sonra İstanbulun Sütlücə deyilən ərazisində fabrikini genişləndirib, silah-sursat istehsalını artırıb.
Onun ölümü də çox müəmmalıdır. 1949-cu ildə naməlum səbəblərdən özünün silah fabriki partlayır. 29 nəfərlə birlikdə Nuru paşa da həlak olur. Onun heç cəsədinin tikəsi də tapılmır. Nuru paşanın məzarı yoxdu.
Elmin Nuri
Türküstan.-
2017.- 19-25 sentyabr- S.9.