"Unudulmuş İsmayıl bəy" - Çəmənzəminlinin qələmindən

 

Böyük şəxsiyyətlərimizi unutmayaq  

 

(“Neyçün, əcəba, bir bu qədər vəfasızlıq?”

Y.V.Çəmənzəminli)

 

12 SENTYABR şanlı türk oğlu, böyük azərbaycanşünas alim, görkəmli yazıçı YUSİF  VƏZİR  ÇƏMƏNZƏMİNLİnin ad günü idi. Bütün həyatını millətinin səadətinə həsr edən bu fədakar şəxsiyyətin 130 İLLİK YUBİLEYİni  ona dəyər verən və sevən xalqı unutmayıb. İnşallah, yubileylərini doğma QARABAĞDA – ŞUŞADA keçirmək nəsib olsun!

Bu gün – 15 SENTYABR  da  AZƏRBAYCANın, BAKInın tarixində şanlı bir gündür. Bu şanlı tarixdən də 99 İL keçir. Bu əlamətdar günlərdə yazıçının əziz ruhunu şad etmək arzusuyla onun 1918-ci ildə KRIMda “MİLLƏT” qəzetində nəşr olunan iki məqaləsini – “BAKI  QURTULDU” və “MİLLƏTƏ DOĞRU” silsiləsindən “UNUDULMUŞ İSMAYIL BƏY” məqaləsini oxuculara təqdim edirəm. Birincisi böyük sevinc hissi, ikincisi ürək ağrısı ilə qələmə alınan, tarixi faktlarla zəngin,  yazıldığı dövr üçün olduqca aktual olan  hər iki məqalə bu günümüz üçün də dəyərlidir.  Şanlı tariximiziböyük şəxsiyyətlərimizi unutmayaq!

 

Şəlalə Ana Hümmətli,

ədəbiyyatşünas-şair, filologiya üzrə fəlsəfə doktoru

 

 

BAKI   QURTULDU

 

Bir çox zamandan bəri bolşeviklər başsızlığında boğulub qalan Azərbaycan paytaxtı Bakı şəhərinin türk əsgərləri tərəfindən qurtuluşunu xəbər veriyorlar. Bu xəbər əvvəlləri şayiə şəklində olub, dövran sürdüsə də, şimdi rəsmi dairələrdə təsdiq olunmuşdur.

Bakı bütün cahanda zənginliyi ilə məşhur bir şəhərdir. Bu şəhər sırf islamtürk şəhəridir. Əksər xalqı türk. Ətrafındakı bütün köylər türkdürlər. Tarixən də Bakı türk şəhəridir.

Bakı xanlığının paytaxtı olaraq bir çox əsrlər Azərbaycan  Atabəyliyinin təht-təsirində və ya himayəsində bulunmuşdur.

Ruslar Qafqazı istila etdikdən sonra Bakının əhəmiyyəti Qafqaz müsəlmanları üçün daha ziyadə artmışdır: burası milli və mədəni bir nöqtə  olmuş; müsəlmanlar milli ehtiyaclarının dəfini bu nöqtədən daima bəkləmişlərdir.

Bakı bütün Rusiya müsəlmanları həyatında da mənəvi rollar oynamışdır. Rusiya türk tatarlarının birinci ğəzetəsi “Əkinçi” əlli sənə əvvəl Bakıda nəşr olunmağa başlamış; burada birinci türk teatrosu vücuda gəlmiş; islam aləmində birinci milli opera da burada yazılıb səhnədə oynanmışdır. Rusiyada müntəzəm milli qız məktəbi ilk olaraq Bakıda ehsanı ilə məşhur Tağıyev tərəfindən açılmışdır.

Birinci Rus inqilabından başlayaraq Bakı müsəlmanlar həyatında böyük mədəni və siyasi rollar oynamış. 1905-ci yılda Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə Krım və İdil boyu mühərrirləri iştirakı ilə “Həyat” adlı gündəlik türk ğəzetəsi nəşr etməyə başlamışlar. O zamandan bəri türklük axını Rusiya müsəlmaları arasında kəsbi-qüvvət etmişdir.

Son İstanbul postası Bakının guya asudə şəhər olaraq Azərbaycandan ayrılmasını xəbər  vermişdi. Bu xəbərin bütün Rusiya müsəlmanlarına nə dərəcə acı təsir buraxacağı təbiidir. Bərəkətlər olsun ki, türk əsgəri tərəfindən xilas olunması xəbəri ğəlyanə gəlmiş əqilləri təskin etdi.

Bakının xilası ilə bütün Azərbaycan dövləti düşmən qüvvələrindən qurtuldu.

İrqdaşdindaş azərbaycanlı qardaşlarımızı bu tarixi günlərdə əldə etdikləri müvəffəqiyyətlərilə təbrik edəriz.

 

MİLLƏTƏ DOĞRU

 

UNUDULMUŞ  İSMAYIL  BƏY

 

Rusiyada Türk tatar gəncliyi arasında istər Qafqazda, istər Türküstanda, istərsə  İdil boyundaSibiryada əskidən bəri tanılan yeganə qiblə Baxçasaray idi. Biz ətrafımızdakı qaranlıq və cəhaləti gördükdə, millətin inqrazını duyduqda və ümidsizliyə uğradıqda bizə yeganə bir ümid bəxş edən yenə Baxçasaray idi. Çünki, Baxçasarayın ağır mühitinə, kirçamuruna türklük namına təhəmmül edən bir şəxs var idi ki, qeyrət və namusuyla bir şəhərin adını türkislam aləmində dastan etmişdi. Əvət, bizim üçün Baxçasaray qiblə idi. Çünki, böyük İsmayıl bəy orada yaşayırdı. Türk gəncləri: türklük və islamlıq xadimləri uzaq ölkələrdən Baxçasaraya ziyarətə gedirdilər. Hər kəs təqdis etdiyi İsmayıl bəyi görüb ziyarət etməyini böyük iftixar sayırdı.

İsmayıl bəy böyük idi. Çünki, bütün islam aləmi dərin uyquya qaldıqda İsmayıl bəy durbin gözləriylə onlara baxıb hallarını düşünürdü; dərdlərinə dərmanlar arayırdı. Nurlar saçıyordu. Türk gəncliyi bu nurları təqib ediyordu

Otuz beş sənəlik bir xidmət. Nə də böyük xidmət – əski rus idarəsi önündə.

Bizim qaranlıq və cəhalətimiz, qeyrətsizliyimiz də bir tərəfdən. Bunların həpsinə İsmayıl bəy təhəmmül etdi, maneələrin həpsinə qələbə çaldı. Millətə ğəzetə verdi, mətbəə verdi, kitabət verdi. Həpsindən də əvvəl millətə sağlam yol göstərdi. Sayəsində gənclik yetişdi sonra o, vəfatı ilə unuduldu. Qafqaz TürküstanŞimal türkü İsmayıl bəyi unutmadı. Əski Türkiyə unutmadı. Yalnız Krım, vəfasız Krım, otuz beş yaşındakı “Tərcüman”ı öldürüldü. Müntəzəm mətbəəsi qapandı. Baxçasarayda İsmayıl bəyin evinə vardım. Kimsə yox. Mətbəə sönmüş, qapıları qapanmış. Hətta İsmayıl bəyin evində də övladları yaşamırmışlar, əcnəbilərə kirayə vermişlər.

Acı mənzərəyə təhəmmül edəmədim. Qiblə sanıb, təqdis etdiyim binayı faciəli bir halda görüb, tərk etdim. Bütün ruhum, qəlbim cəmi vücudum sarsıldı. Bədbinliyə daldım.

Neyçün, əcəba, bir bu qədər vəfasızlıq?

 

***

 

Böyük məzarı ziyarət etdim. Üzərində adi daş tikilmiş. Doğub vəfat etdiyi günlər yazılmış. Məzarın boyası bəzi yerlərdən qopmuş. Dəmir hasara dayanıb düşündüm. İsmayıl bəy ilə həyatda görüşdüyümü yad etdim. 1907. sənədə Bakıya gəldiyini ğəzetələr xəbər vermişdilər. O vaxt Real Məktəbi şagirdi idim. Yoldaşları toplayıb “Evropa” mehmanxanasına getdik. Bizdə nə böyük ruh var idi!.. Bizi qəbul etdi. Üzərinə buxara çapanı geyinmişdi, başında nazik kalpak var idi. Konuşduq. “Mən bir parça mühafizəpərvərəm – dedi; çünki mən zəmanə adamıyam”. Yadımdadır, bu sözlər bizim çox xoşumuza getdi. Həpimiz İsmayıl bəydən qayıtdıqda dəftərlərimizə onun sözlərini qeyd etdik. İsmayıl bəyin vəfatında Aşqabad şəhərində idim. İsmayıl bəyin vəfatını ğəzetələr verir-verməz, müsəlmanlar dükanlarını qapadılar, xeyrat qazanları quruldu, füqəraya ehsan verildi.

O zaman bütün türklük matəmə qərq oldu. Həpimiz böyük milli faciənin kədərlərini bir çox vaxt yürəyimizdə daşıdıq.

Şimdi böyük İsmayılın mətbəəsini qapanmış, “Tərcüman”ını durmuş gördüm. Mübarək cənazəsi də adi daşlar altında mədfun. Əcəba, neyçün bir bu qədər vəfasızlıq? Kirli Baxçasaray uyquda, çamurlar içində; xalqı ruhsuz, şöhrətsiz. Əcəba, türkçülükmi bu halda? Əməlpərvər münəvvərlər yoxmu, yüksəklik qayəli gənclik nərədə?

Bu qədər cəhalət! Bu qədər vəfasızlıq!

 

Yusif Vəzirov

 

Türküstan.- 2017.- 19-25 sentyabr- S.15.