Türk
Ozanı Dədə Ədalət!
Kimsə ağlayamaz qara saz kimi
Haqq aşığı Dədə
Ədalət Məhəmmədəli oğlu – saz
havalarının bənzərsiz və yaradıcı
ifaçısı sentyabrın 14-də Bakıda, iyirmi ilə
qədər kirayədə qaldığı mənzildə
uzun sürən amansız xərçəng xəstəliyindən
sonra haqq dünyasına qovuşdu…
Ədaləti xalqımız 4-5
yaşında ilahi yanğı ilə yana-yana saz
çaldığı vaxtlardan sevib. Sonrakı nəsillər
də onu 4-5 yaşlarından sevib və sevəcək. Kim
türkdürsə, o, Ədaləti sevməlidir,
çünki Ədalətin çaldığı saz
havaları türkün ruhudur! Kim insandırsa, Ədaləti
sevməlidir, çünki Ədalət insanlıq korifeyi idi.
Amma Aşıq Ədalət elə
bəsit adam deyildi ki, onu hamı anlayaydı, hamı sevəydi…
Ədalətin cahil, çərənçi,
eqoist, tamahkar, namərd adamları görən gözü yox
idi. Belələri ilə o qəti kəlmə kəsmək
istəməzdi. Amma elmli, ədəbli, mərd adamlara
canını da qurban verərdi.
Ədalətlə qonşu olandan
sonra onun necə dərin təfəkkür, parlaq zəka
sahibi olduğunun şahidi oldum. Ədalət harda yaxşı
kitab olduğunu eşitsəydi, onu ələ gətirib təşnə-təşnə
oxuyardı. Ədalət Allah adamı idi, “Məhəmməd
peyğəmbər istəklimdi, imam Əlinin nökəriyəm,
atam da ustadım da Məhəmmədəlidir” deyərdi.
Aşıq Sadığı, Aşıq Əmrahı
ustadları kimi çox yüksək tutardı. Aşıq
Ədalət bütün şagirdlərini sevərdi,
Aşıq Xanlarlasa fəxr eləyərdi, onun vaxtsız
itkisini ən ağır itkisi bilərdi.
İndi də ən ağır
itkimiz olan Dədə Ədaləti itirdk. Təəssüf
ki, Ədalətin qədrini bilmədik, onu qorumağı
bacarmadıq. Əslində Ədalət vətənin ən
ali, dünyanın da ən yüksək mükafatına layiq
idi. Bu mükafatlar kamil insan olan Ədalətə lazım
deyildi, kamilləşmək istəyən imkan sahiblərinə
lazım idi. Onlar bu mükafatları Ədalətə verməyi
bacarmadılar. “İncil”də deyilir ki, müdriklər dar
qapıdan keçir, qoyun sürüsü genişliyə can
atır. Ədalət müdrik insan idi. “Quran”da deyilir ki, kamil
insanlar kamil olur, qalan insanlarsa nankor, naxələf, naqis məxluqlardır.
Ədalət kamil insan idi!
Kamil insan olan Ədalət əmim
gözəl bilirdi ki, mən heç kimin və heç nəyin
fanatı ola bilmərəm, bunu yalnız sərsəm adamlar
belə hesab edə bilər. Bəli, məni kimsə təsiri
altına sala bilməz, mənim hər yetən insana da
könlüm qızınmaz, kamil olmayan insan məni heyrətə
gətirməyi bacarmaz…
Ağır insult xəstəsi
olduğumdan yüz kilometrlərlə yolu gedib, Qazaxda Ədaləti
son mənzilə yola sala bilmirəm. Odur ki, istəkli dostum
Muraddan xahiş etdim ki, mənim əvəzimdən Dədə
Ədalətin qəbrinin üstünə bir ovuc torpaq
töksün. Özüm də göz yaşlarım
içində Dədə Ədalətin ağır itkisinə
“Kimsə ağlayammaz qara saz kimi” və “Elə ağla ki”
şeirlərini yazdım. İnşallah, Dədə Ədalətin
qırxına qədər onun adına layiq “Sazın, sözün
fatehi” kitabımı istəkli oxucularıma
çatdırıram.
KİMSƏ
AĞLAYAMMAZ QARA SAZ KİMİ
Leyli Məcnununu, Ana Körpəsini,
Qara saz da Ədalətini itirdi.
Müəllif
Ədalətim köç eləyir
dünyadan,
Ona bütün Azərbaycan deyir
can,
Qazax camaatı qoparır fəğan,
Gözümdən yaş axır
Kür-Araz kimi,
Kimsə ağlayammaz qara saz kimi.
Köçür bu dünyadan ərzi
titrədən,
Allah belə yaratmışdı
fitrədən,
Susub qan-yaş tökür
anamız Vətən,
Qalıb boynu bükük, nataraz
kimi,
Kimsə ağlayammaz qara saz kimi.
Tarixə ibrətdir Dədənin
yası,
Aşığa urvatıdır
eli, obası,
Ağköynək
bürünüb matəm libası,
Bu cümə günündə,
yayda yaz kimi,
Kimsə ağlayammaz qara saz kimi.
Nizami, Ədalət – şeyxdir qərəzi,
Ziyarətgah olar şeyx məqbərəsi,
Fəzail, pozulmaz mizan-tərəzi!
Din-iman xoş gələr kam-muraz
kimi,
Kimsə ağlayammaz qara saz kimi.
ELƏ
AĞLA Kİ…
Öz elimə qurban olum Dədə
Ədalət.
Müqəddəs məhəbbətim,
nifrətim,
Alçaqların
qılığına girmədim.
Müəllif
Dünya başıma uçdu,
Qollarım köksümü qucdu.
Aşıq Ədalət
dünyasını dəyişdi…
Bəd xəbər varmıdır
bu qədər acı?
Başınız sağ olsun,
Dədə Ədalətin
yadigarları –
Hekayət qardaş,
Kamalə, Şəlalə,
Vüsalə bacı.
Başınız sağ olsun,
Dostum Murad, Aslan, Rasim…
İstəkli dostumuz Ədalət
Gəldi-keçdi,
Axır ki, köçdü…
Bu pis dünyadan,
Xəbis dünyadan…
Doğrudan da Ədalət kimi dostu
itirmək
Çox ağır dərddir,
Axı Ədalət, namərd
deyil, mərddir!
Başın sağ olsun,
Uşaq vaxtdan Ədalətin sevdiyi
Dilcan dərəsi,
Başın sağ olsun, Oğuz
türkü.
Başın sağ olsun sənin də,
bütün yer kürəsi,
Başın sağ olsun,
İnsanlığını itirməyən
İnsan övladı insan,
Yer üzündə var hər nə
ki?!
Səni anlaya bilməz
nadürüst, nadan
Sümük gəmirib, ənsə
qartan
Köçdü haqdan
coşub-qaynayan,
Fələklərlə oynayan.
Ağlını başına
yığmayan,
Asimana, kəhkəşana
sığmayan
Haqq aşığı Dədə
Ədalətdi insanlıq korifeyi.
Necə olub Cəlaləddin Rumi,
Vilyam Şekspir,
Rabindranat Taqor,
Çarlz Çaplin,
Ernest Hemenquey.
Başın sağ olsun, Qazax
camaatı,
Dünyaya ən qüdrətli
Dahilərini yetirən Qazax
torpağı
ən elmli,
ən helimli
Oğlun Ədaləti öz vəsiyyətiylə,
Ağköynək kəndinin əzəmətli
dağ döşündə,
Allahın bu ən əziz cümə
günündə
Öz qoynuna çəkirsən,
Gözlərindən leysan
yaşları tökürsən.
Ağla, Qazax camaatı.
Qoy qalan camaat da
Ürəyində ağlasın,
Ürəyində sinəsini dağlasın.
Sənsə hönkürüb
ağla,
Hönkürüb sinəni
dağla…
Al Günəşdən gerçəyə.
Ədalətin ata-ana yurdu
Göyçəyə, Dərəçiçəyə…
Ağla, Qazax camaatı,
Ağla, bütün Azərbaycan,
Səni anlayınca, səni duyunca…
Ağla, Dəli Kürün,
Ağla, Xan Arazın boyunca,
Elə ağla ki, buna Allah da
fəryad qoparsın,
Elə ağla ki,
Dinsizləri, qansızları sel
aparsın.
15/IX-2017
Fəzail
Mirkişili
Türküstan. - 2017.- 19-25 sentyabr-
S.6.