Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
MİRZƏ
MƏHƏMMƏDƏLİ KAZIM BƏY
2. Yazı
Hesab edirik ki,
Kazımbəyin dini və siyasi-fəlsəfi
görüşlərinin bir yerdə tədqiqi
daha məqsədə uyğundur.
Çünki o,
ictimai-fəlsəfi məsələlərə daha çox İslam dininin tənqidi çərçivəsində
öz baxışlarını ifadə etmişdir.
Kazımbəy gənc
yaşlarında İslam dininə
bağlı olmuş, hətta bu dinin dünyada
tək gerçəkçi bir din olmasını ortaya qoyan “İslamın həqiqiliyi və
xristianlıqla iudaizmin
yanlışlığı haqqında” adlı bir əsər də yazmışdır. O, şotland missionerləri ilə
tanışlığının ilk mərhələsində
də bu hisslər altında ciddi-cəhdlə
İslam dinini
müdafiə etmiş, Molla
Bağır Məclisinin əsərlərinə istinad etməklə onun həqiqiliyini
ifadə etməyə çalışmışdır.
Maraqlıdır ki, şotland
missionerləri Qlev və Makfersona
islamın ilahiliyi fikrini
təlqin edərək onları “yanlış yoldan”
çəkindirməyə çalışan Kazım bəy
özü axırda onlara
təslim olmuş və xristianlıq dinini qəbul etmişdir.
Kazımbəyin İslam
dinindən üz döndərib
xristianlığı qəbul etməsi ilə bağlı Ağababa Rzayev yazır ki, onun belə bir addım atmasının elmi
əhmiyyəti yoxdur. Vilayət Quliyevə
görə isə Kazımbəy “xristianlığı dərin
ruhi sarsıntılardan sonra,
lakin daxili bir inam əsasında qəbul
etmişdi”. Bu məsələdə
V. Quliyevlə razılaşan Rafail Əhmədli
də yazır: “Aramsız təhdidlərdən, düşdüyü mühitin təzyiqlərindən
qurtulmaq və özünü
təsdiq emək niyyəti ilə 1823-cü ildə
xristianlığı qəbul etməsi də Mirzə
Kazımbəyin dünyagörüşünə təsir
göstərmiş, o, təbiət və
cəmiyyət hadisələrinə münasibətdə əsasən
idealizm mövqeyindən
çıxış etmişdir”. Burada əsas həqiqət odur
ki, o, şotland
missionelərinin antiislam düşüncələri
qarşısında İslam dininə
inamını itirmiş,
xristianlığı qəbul etmişdi.
Maraqlıdır ki, “İslam dininə inamını itirmiş” Kazım bəy xristian olduğu dövrdə İslam dini, İslam qanunları, müridizm, Məhəmməd Peyğəmbərin həyat və fəaliyyəti ilə bağlı araşdırmalar apararaq sırf özünə məxsus olan əsərlər yazmış (“İslam tarixi”, “Müridizm və Şamil”, “Bab və babilər”), eyni zamanda bəzi kitabları (“Müxtəsər – ül-vikayət”, “Məhəmmədiyyə”, “İslam qanunları” və b.) ərəb dilindən rus dilinə tərcümə edərək müqəddimə və şərhləri ilə birlikdə nəşr etdirmişdir. Bu əsərlərin əsas mahiyyəti ondan ibarətdir ki, Kazım bəy öncə İslamın meydana çıxması şərtləri və mahiyyəti, onun ortaya çıxmasında Peyğəmbərin həyat və fəaliyyətini, bu din meydana gəldikdən sonra onunla bağlı yaranan islam qanunlarını, islam təriqətlərini tədqiq etmişdir.
Deməli, Kazım bəyin dini-fəlsəfi görüşlərində İslamın meydana çıxması şərtləri və mahiyyəti, onun ortaya çıxmasında Peyğəmbərin həyat və fəaliyyəti əsas tədqiq obyektlərindən biri olmuşdur. O, “İslam” ya da “İslam tarixi” (1860), “Bab və babilər” və digər əsərlərində açıq aşkar şəkildə Quranın ilahi kitab olmadığını irəli sürmüşdür. Məsələn, o, “İslam” adlı əsərində iddia edirdi ki, Peyğəmbər öz bədii istedadını ilahi vəhyin ecazkarlığı kimi qələmə vermiş, öz yaradıcılığını fövqəltəbii möcüzə adlandıraraq Quran adı altında ərəb cəmiyyətinə təqdim etmişdir. Bununla da o, həm Quranın ilahiliyini inkar etmiş, həm də Peyğəmbərin möcüzəli doğulması fikrinə qarşı çıxmışdır. Onun iddiasına görə, Quranın əsas müəllifi Peyğəmbər özü olsa da, ancaq onun davamçıları olan xəlifələr də Qurana əlavələr etmişlər. Belə ki, xəlifə Osmanla xəlifə Əlinin dövründə Qurana ciddi dəyişikliklər edilmişdir. Üstəlik, Kazımbəy yazırdı ki, Peyğəmbər istilaçı siyasətini həyata keçirmək üçün, bütün xalqlara Allah adından vədlər verməklə qandırmış, onlar da bu vədlərə fanatikcəsinə inanmışlar. Bu cür düşüncələrini o, “Bab və babilər” (1865) əsərində də irəli sürmüşdür. Xüsusilə, onun bu əsərində bir daha İslam dinini ifrat şəkildə tənqid edərək onun meydana çıxdıqdan sonra başqa tayfalara nadanlıq və kütlük gətirdiyini iddia etməsi, yəni “nəinki Məhəmmədin şəriəti, bəlkə də onun və xəlifələrinin siyasəti buna mail idi ki, ərəblərin və onların məğlub etdikləri tayfalar arasında həmişə nadanlıq və kütlük qalmış olsun. Çünki onlar bilirdilər ki, fanatizmlə əbləhlik və kütlük birləşmədən “böyük işləri” əmələ gətirə bilməz”, mülhaizəsini irəli sürməsi, birmənalı qarşılanmamışdır.
Kazım bəyin İslam dininin ilahiliyinə şübhə ilə yanaşması, eyni zamanda peyğəmbərin həyat və fəaliyyəti haqqındakı ifrat fikirləri, elə həmin dövrün bəzi mütəfəkkirləri tərəfindən tənqid olunmuşdur. Belə, ziyalılardan biri olan təbrizli Mirzə Yusif xan Kazımbəyin bu fikirllərinə ona ünvanladığı məktublarında haqlı olaraq etiraz etmiş, onun dediklərinin əksinə olaraq ilahi kitab olan Qurani-Kərimdə cahilliyin, nadanlığın, kütlüyün pislənərək insanların maariflənməyə çağrıldığını bildirmişdir. Mirzə Yusif xana cavab məktubu yazan Kazımbəy isə bildirirdi ki, bütün din alimləri (hind brəhmənləri, fars abidləri, məsiha keşişləri və b.), o cümlədən də İslam alimləri elmi özlərinə məxsus bilib məhdud hala salmış və xalqı cəhalətdə saxlamışlar: “Əgər elmin qapısı İslamda əvvəldən açıq olsaydı, gərək indi daha da açıq olaydı. Bəs niyə onu bağlayırlar? Burası gizlin deyil ki, indi İranda istiqlaliyyəti olan hər bir elm hələ də İran alimlərinin əlində bir alətdir. Məgər onlar xalqı tamam cəhalətdə saxlamırdılar? Məgər onlar Quran elmindən və dini şəriət elmlərindən başqa, həqiqətdə mərifətin əsası üzərində qurulan ayrı elmləri elm bilirlərmi? Aya, onların fitvalarında bu bir bidət deyilmi? Və özünüz bilirsiniz ki, İran padşahları Fətəli şah zamanından indiki zamana kimi nə ciddi cəhdlər eyləyiblər və nə zəhmət çəkiblər ki, bəzi fənləri və faydalı elmləri İran əhlinin mərifət ağacına peyvənd eləyələr”. Ancaq ona görə, İslam dinin adından çıxış edən üləmalar, alimlər xalqı daim cəhalətdə saxlamaq üçün`bütün yenilikçi addımların qarşısını kəsiblər.
Kazım bəyə görə, din alimləri elmi yalnız Qurana və hədislərə bağlamaqla doğru yol tutmayıblar. Belə ki, onun fikrincə, Quranda və hədislərdə elm öyrənilməsi vacib sayılsa da, bütün bunlar ancaq dini elmlərə aid edilmiş, dünyəvi elmlər isə nəzərdə tutulmamışdır: “Deməli, İslam alimləri elmi təkcə Qurana və hədisə bağlayırlar və buraya daxil olmayan sair elmlər, məsələn, tarix elmi, həyat elmi, həndəsə elmi, coğrafiya, nücum, hikmət, riyaziyyat və qeyrə-qeyrə ... mənfəətsiz elmlərdirlər. Onlardan qaçmaq lazımdır. Yalnız şəriət elmlərinə daxil olan məntiq və bəyan, nəhv və sərf elmləri qəbul edilir ki, bunlardan əvvəlincisi etiqada və üsuli-dinin şərhinə aiddir. Qalanları isə ərəb elmlərinin müqəddimatıdır”. Mirzə Kazim bəyin fikrincə, əslində Peyğəmbərə qədər də ərəblər arasında bir sıra fənlər özünün yüksək səviyyəsinə çatıbmış. Ancaq İslam dini meydana çıxdıqdan bir müddət sonra islamaqədərki dövr heç bir əsas olmadan “cahiliyyət dövrü” adlandırılmağa başlanmışdı. O yazır: “Aydındır ki, İslam alimləri bəsətdən qabaqkı dövrü “cahiliyyət dövrü” adlandırır və o vaxtın hər müsəlman olmayanlarını cahil hesab edirdilər. Guya İmrəl-qeys öz tamam mərifəti ilə bərabər ərəb elmində cahil idi. Onun həmpeşəsi və tüfeylisi İslamı qəbul edəndən sonra alimi-fazil oldu. Deməli, vəziyyətin həqiqətindən bəllidir ki, elm – İslam deməkdir və cəhl küfrdür. İslam alimləri hədislərə əsasən deyirlər ki, guya elm, təqva pəhriz elmi və Allahı tanımaqlıq elmi və iman elmidir. Buradan da həmin nəticə çıxır ki, qalan elmlər, elm deyildirlər”.
Bununla da Kazım bəy demək istəyirdi ki, İslam dini meydana çıxdıqdan az sonra Quran və hədislər, eyni zamanda sərflə nəhv, məntiq və bəyan istisna olmaqla, digər bütün elmlər elm hesab olunmamış, üstəlik bir çox kitabxanalar müsəlman qoşunları tərəfindən yandırılmışdır: “Beləliklə, islamiyyətin əvvəlindən ta yüz il hicrətdən sonraya qədər müsəlmanların arasından bəzi şifahi olub yazıya keçməyən şəriət elmlərindən başqa bir elm yox idi.. İslam qoşunu tamam aləmi bir-birinə vurdu. Avropaya qədər getdilər və başqa elmlərə aid hər şeyi ya yandırdılar, ya da suya tökdülər. Bəni-üməyya xəlifələri və hakimləri qadağan etmişdilər ki, hər hansı özgə dildə kitab əllərinə düşsə yandırsınlar, məşhur Misir kitabxanasının yandırılması, Ömərin xilafətinin son vaxtlarında idi ki, Əli İbni As onu fəna oda verdi. Bu üsul tamam fəth olunmuş ölkələrdə icra olunurdu. Ta yüz ilin axırına qədər”.
Gördüyümüz kimi, Kazım bəy Mirzə Yusif xana yazdığı məktublarda İslam dinini, o cümlədən Quranı və hədisləri radikal şəkildə tənqid atəşinə tutmuş, bu dininin daim dünyəvi elmlərə və yeniləşməyə qarşı olmasını iddia etmişdir. Onun fikrincə, peyğəmbər dövründəki üləmalar da, indiki üləmalar da Quran elmindən başqa elmi qəbul etməyib, şəriətə daxil olmayan mənfəətsiz elmlərdən heç danışmaq da istəməyiblər və fanatizmə gedib çıxıblar. Onun sözlərinə görə, islam fanatizmi digər dinlərdə olan fanatizmdən daha çox fanatizmdir. O, yazır: “Xülasə, bəndənin məqsədi cəhalət yayan fanatizmi məzəmmət etməkdir ki, doğrudan, belə bir fanatizm “böyük işlər” görməyə qadirdir. Həmin fanatizm xaricilərin, müxalifətçilərin əlində nəticəsi bizə bəlli olan “böyük işlər” görməyə vasitə oldu. Bu haman fanatizmdir ki, “Cəməl” və “Süfeyn” müharibələrinin ölüb-öldürmə alətlərini tədricilə topladığı və dindar xalqı düz yolda olanların üzərinə saldırdı. Fanatizm və xudpəsəndlik hissi idi ki, onun sayəsində birinci Təlhə xalqı Osmanın qanına təşviq etdi və sonda özü onun təziyyəsini tutdu və xalqı onun qanını almaq üçün dəvət etdi. Çünki ürəyi təmiz deyildi və lənətlərdən qorxurdu və həzrəti – Vilayətpənahının təklifindən boyun qaçırtdı. Fanatizm və insafsızlıq hissi idi ki, onun vasitəsilə “Cəməl” müharibəsindən həzrətin xilafına olaraq müharibəyə gəlməsinə and içən Abdullah ibn Zibeyr öz andını pozaraq yoldan çıxdı. Belə bir hərəkət ərəblərdən və əshabların qabaqcıllarından baş verdiyi halda mən nə günah edib demişəm ki, fanatizm cəhalət olmadan böyük işlər görməyə qadir deyil və əgər insafsız mollalar mənə səhv tutsalar və “kafir” adlandırsalar, təəccüblü deyil”.
AMEA Fəlsəfə
İnstitutunun aparıcı
elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru
Faiq Ələkbərli
Türküstan.- 2018.- 14-20 avqust.- S.6.