Rəsulzadənin Atatürkə
teleqrafı
İzmir sui-qəsdi
1926-cı il iyun ayı.
Türkiyə Cümhuriyyətinin qurucusu
böyük Mustafa Kamal
Atatürkə qarşı
İzmirdə sui-qəsd
planı hazırlanır.
Sui-qəsdi həyat
keçirmək istəyənlər
arasında keçmiş
nazirlər, vəzifəlilər,
ittihadçılar vardı.
Ölkədə baş verən hadisələr (Şeyx Səid üsyanı),
Mustafa Kamalın xalq arasında birmənalı
qarşılanmayan radikal
islahatları, ittihadçıların
hakimiyyəti ələ
keçirmək arzusu
fonunda prezidenti aradan götürmək üçün İzmir səfərində sui-qəsd
planı təşkil
edilir.
Mustafa Kamal həyata keçirdiyi islahatların
xalq arasında nə cür qarşılandığını şəxsən görmək
üçün həmin
ilin may ayından etibarən bölgələrə
səfərə çıxır.
Konya,
Tarsus, Mersin, Adana, Bursa, Balıkəsir səfərlərindən sonra
İzmirə getməyə
hazırlaşır.
Lakin bu vaxt İzmir valisi Kazım Dirikdən teleqraf gəlir. Vali prezidentə sui-qəsd
planı hazırlandığını,
buna görə də ehtiyatlı davranmağını bildirir.
Vali necə
xəbər almışdı?
Yazılanlara görə, sui-qəsdçilərdən
gəmiçiliklə məşğul
olan giritli Şövqi nədənsə
sui-qəsd planının
aşkara çıxmasından
şübhələnib öz
canını xilas etmək üçün dostlarını satmağı
qərara alır. Şövqi sui-qəsd iştirakçılarından
Sarı Efe Edipin İstanbula yola düşməsini
Mustafa Kamala xəbər verilmək
üçün olduğunu
düşünərək özü daha erkən hərəkət
edir.
Sui-qəsd planı
ilə bağlı İzmir valisinə xəbər verir, Atatürkə çatdırması
üçün məktub
da təqdim edir.
Şövqi məktubda yazır:
“Qazi Paşa həzrətlərinə.
Bəndəniz yunan müharibəsində
Sarı Efe Edip bəyin dostu idim. Dünən axşam
bir xəbər göndərdi. Bir yerə
getdim. Orada tanıdığım Hilmi adında bir zabitlə heç tanımadığım,
sonradan məlum olan sabiq Lazıstan
millət vəkili Ziya bəy adında
biri vardı. Sizə sui-qəsd edəcəklərini,
onlara qoşulmağımı
təklif etdilər.
Beynimdən o an onları
aradan götürmək
fikri qəti şəkildə keçdi,
amma xilaskarımıza
xəbər verməyin
daha yaxşı olacağını hiss etdim,
onlara qoşulacağımı
söylədim. Bütün
plan və iştirakçıları
öyrəndikdən sonra
ayrıldım”.
Mustafa Kamal hadisəni
yerində öyrənmək
məqsədilə 16 iyunda
İzmirə gəlir,
xalq tərəfindən
coşqu ilə qarşılanır.
Məlum olur ki, sui-qəsdi
həyata keçirmək
istəyənlər sabiq
nazirlərdən Qara Kamal və Şükrü
bəydir. Lazıstan vəkili Ziya
Xurşid bəy də onların arasında olub. Plana görə Atatürk avtomobili ilə dar küçələrin
birindən keçərkən
məcbur sürücü
sürəti azaldacaq,
bu vaxt isə
bərbər Nurinin dükanında pusquda dayanan laz İsmayıl
və gürcü Yusif tapança ilə Atatürkə atəş açacaq, lazım gəlsə, bomba da atacaqdılar.
Uğurlu alınmasa, Ziya
Xurşid özü də atəş açacaq, daha sonra maşınla sahilə gedəcək, oradan isə gəmi ilə Saqqız adasına qaçacaqdılar.
Hadisə həyata keçmədən
aşkar edildiyinə görə İstiqlal Məhkəməsində prosesə
başlanılır. 50-yə yaxın insan həbs edilir.
İlk həbs
edilən Ziya Xurşid olur. Şövqinin planı satmasından xəbərsiz olan bu şəxs oteldə yatdığı
yerdə həbs olunur. Çarpayısının altında bombalar
və silahlar aşkar edilir. Digər bir oteldə qalan laz İsmayıl
və gürcü Yusif də polis tərəfindən saxlanılır.
Sarı Efe Edip isə
İstanbulda ələ
keçirilir.
Sui-qəsddə Türkiyədə
qurulan ilk müxalifət
partiyası olan Tərəqqipərvər Cümhuriyyət
Partiyasının üzvlərinin
də adı hallanır. Hətta partiyanın lideri
Kazım Qarabəkir paşa da saxlanılır.
19 iyunda Atatürk
Anadolu agentliyinə açıqlama verir. Mustafa Kamal
yurdun hər tərəfindən, cəmiyyətlərdən,
məmurlardan, zabitlərdən,
millət vəkillərindən
məktublar, teleqraflar
aldığını söyləyir
və sui-qəsd cəhdinin mahiyyətini bu şəkildə izah edir: “Bu təşəbbüsləri mənim
şəxsimdən daha
çox müqəddəs
cümhuriyyətimizə və
onun söykəndiyi yüksək prinsiplərə
qarşı olduğuna
şübhə yoxdur.
Mənim
dəyərsiz vücudum
bir gün, əlbəttə, torpaq olacaq. Amma Türkiyə Cümhuriyyəti
sonsuzadək əbədi
qalacaqdır...”.
Məhkəmə nəticəsində 19 nəfər edam edilir, onlarla insana müxtəlif cəza verilir.
İzmir
sui-qəsdinin Azərbaycan
tarixi baxımından
da maraqlı bir səhnəsi var. Belə ki, azərbaycanlı
publisist, siyasətçi,
həkim, rəssam Əli bəy Hüseynzadə sui-qəsdin
təşkilatçılarından Qara Kamalla yaxın
münasibətinə görə
məhkəməyə verilir.
Sürəyya Ağaoğlu yazır
ki, məhkəmədə
Əli bəyə belə sual ünvanlanır:
Siz şiəsiniz,
deyilmi?
Xeyr, azərbaycanlıyam.
(Şiə məsələsi
Türkiyədə rəqibləri
tərəfindən Əhməd
bəy Ağaoğlu və Əli bəy Hüseynzadəyə
qarşı bəzi məsələlərdə istifadə
olunub)
Əli bəy Hüseynzadə birmənalı
şəkildə bu planda yer almayıb. Lakin onun
vaxtilə İttihad və Tərəqqinin pərdə arxasında olan liderlərindən olması, ittihadçılarla
yaxın dostluğu bu ittihamlara səbəb olmuşdu.
Üstəlik Əli bəy
faktiki olaraq bu planlar hazırlanarkən
Türkiyədə deyildi,
I Türkoloji Qurultayda
iştirak etmək üçün Bakıya
gəlmişdi.
***
Yuxarıda qeyd etdik ki,
sui-qəsd ortaya çıxdıqdan sonra
Mustafa Kamala dəstək olmaq
üçün hadisəni
pisləyən məktublar,
teleqraflar gəlirdi. Bu teleqraflar arasında bizim üçün önəmli biri də var.
Həmin
vaxt İstanbulda mühacirət həyatı
yaşayan Azərbaycan
Cümhuriyyətinin qurucusu
Məhəmmədəmin Rəsulzadə
İzmirdə olan
Mustafa Kamala belə bir
teleqraf göndərir:
“İzmirdə Rəis-i
Cümhur Qazi Mustafa Kamal həzrətlərinə.
İctimaiyyətin çox haqlı
qəzəb və nifrətinə səbəb
olan sui-qəsd hadisəsinə görə
yaranan dərin üzüntü ilə bu məlun təşəbbüsün
baş tutmamasına görə qaynayan sevinc və məmnuniyyət təzahürünə
sizi türklüyün
böyük qəhrəmanı
olaraq təqdir edən azərilər adına iştirakla
təbriklərimi ərz
edirəm və ehtiramımı bildirirəm.
21 iyun, 1926.
Rəsulzadə Məhəmmədəmin”
Rəsulzadə bu teleqrafı göndərməklə yanaşı,
İstanbulda çap etdiyi “Yeni Kafkasya”
jurnalının 1 iyul
1926-cı il sayında “Sui-qəsd münasibətilə” adlı
yazı təqdim edir, hadisəni pisləyir.
Dilqəm Əhməd
Türküstan.- 2018.- 21-27 avqust.-
S.9.