Fundamental lüğət, yaxud
dilçilik elmimizin qızıl açarı
Dil – insan ruhunun
əsrarəngiz aləminə
açılan sirli qapının açarıdır.
“İnsan – dilinin
altında gizlənib”
mübarək kəlamı
da çox mətləbdən xəbər
verir. Bir insanın dil açıb danışdığı,
dilə gətirdiyi, söylədiyi sözlər
onun ruhundan, mənəviyyatından, dünyagörüşündən
soraq verdiyi kimi, bir xalqın,
millətin dili də onun mənliyinin,
varlığının güzgüsüdür.
Görkəmli dilçi alim, akademik Ağamusa Axundovun sözlərilə
desək, “Dil elə bir güzgüdür
ki, xalqın tarixi dünyabaxışı,
adət və ənənələri, mədəniyyəti
öz əksini həmin güzgüdə
tapır.” Məhz buna
görə də həmin güzgünün
– ana dilimizin təmizliyi, saflığı, cilalanması
hər zaman xalqın da, dövlətimizin də diqqət mərkəzindədir.
Xüsusilə, AMEA Nəsimi
adına Dilçilik İnstitutunun son illərdə ardıcıl və sistemli şəkildə gördüyü
işlər, apardığı
fundamental tədqiqatlar, hər şeydən öncə, məhz ana dilimizin
saflığının qorunmasına,
onun yarandığı
gündən bu günümüzə qədər
keçdiyi tarixi yolun elmi şəkildə
öyrənilməsinə, elm və texnikanın inkişafı ilə bağlı dilimizin də dinamik inkişafının nəzəri
və təcrübi cəhətdən araşdırılmasına və s. yönəldilib. Ana dilimizin
tədqiqində, dilçilik
elmimizin inkişafında
xüsusi yeri olan lüğətlərin,
o cümlədən terminoloju
lüğətlərin tərtibi
və nəşri isə xüsusilə, diqqət mərkəzindədir.
Bu gün yaşadığımız dünyanı,
həyatımızı elm və informasiya texnologiyaları olmadan təsəvvür edə bilmədiyimiz kimi, hər hansı bir elm sahəsini də terminoloji lüğətsiz
təsəvvür etmək
çətindir. Bu lüğətlərdə
öz əksini tapan terminlərin izahı
və şərhini oxuyub öyrənmədən istənilən
sahədə müəyyən
biliyə sahib olmaq mümkünsüzdür. Bu baxımdan,
zənnimcə, terminləri
elm dünyasının sirli
kodları, terminoloji lüğətləri isə
həmin kodların qızıl
açarı da adlandırmaq olar. Elə bu yaxınlarda
AMEA Nəsimi adına
Dilçilik İnstitutunda
geniş təqdimatı
keçirilən “İzahlı
dilçilik terminləri
lüğəti”ni də
məhz, bu çür qiymətləndirə
bilərik – dilçilik
elmimizin qızıl açarı! Tanınmış
dilçi alimlərin,
mütəxəssislərin, mətbuat nümayəndələrinin
iştirakı ilə
keçirilən təqdimat
mərasimində AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun
direktoru akademik Möhsün Nağısoylu,
elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə
doktoru, dosent Baba Məhərrəmli, professorlar
– Sayalı Sadıqova,
İsmayıl Kazımov,
İsmayıl Məmmədli,Qəzənfər
Kazımov və b. çıxış edərək “İzahlı dilçilik terminləri lüğəti”nin elmi əhəmiyyətindən bəhs
edib, onun nəşrini yüksək
dəyərləndirmişlər.
Qeyd edək ki, bu
fundamental lüğətin ərsəyə gəlməsinə
qədər Azərbaycanda
dilçilik terminlərinə
aid bir neçə sözlük (“Rusca-azərbaycanca
dil və qrammatika terminləri lüğəti”(1939), “Dilçilik
terminləri lüğəti”
(1957), “Müxtəsər dilçilik
lüğəti” (1960), “İzahlı
dilçilik lüğəti”
(1969), “İzahlı dilçilik
terminləri”( 1989), “Dilçilik
ensiklopediyası” (2006)) nəşr
edilmişdir. Dilçilik
elmimizin inkişafında əhəmiyyət
kəsb edən bu lüğətləri dəyərləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, hazırda bu elmin sahələrinin
genişlənməsi, çoxsaylı tədqiqat
əsərlərinin yazılması
nəticəsində yeni
terminlərin yaranması,
onların toplanaraq daha böyük, fundamental bir lüğətin hazırlanmasına böyük ehtiyac yaratmışdı.
Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr
müavini, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqovanın elmi redaktorluğu ilə uzun və gərgin
çalışmaların, kollektiv zəhmətin bəhrəsi kimi ortaya çıxan “İzahlı dilçilik terminləri lüğəti” də məhz, həmin ehtiyacdan irəli gələn zərurət,
zamanın tələbidir.
Azərbaycan
Respublikası Nazirlər
Kabineti yanında Terminologiya Komissiyasının
və Nəsimi adına Dilçilik
İnstitutunun Elmi Şurasının qərarı
ilə nəşr olunan lüğətin baş redaktorları akademiklər İsa Həbibbəyli və Möhsün Nağısoylu,
elmi redaktoru professor Sayalı Sadıqovadır.
Lüğətin tərtibçiləri
AMEA Nəsimi adına
Dilçilik İnstitutunun
əməkdaşları – Terminologiya
şöbəsinin müdiri,filologiya
üzrə elmlər doktoru, professor Sayalı Sadıqova və filologiya üzrə fəlsəfə
doktorları, dosentlər
Natəvan Hüseynova,
İradə Abdullayeva,
Svetlana Novruzova və Şəbnəm Həsənli
–Qəribovadır. “İzahlı
dilçilik terminləri
lüğəti”nin rəyçiləri akademik
Nizami Cəfərov və professor Qəzənfər
Kazımovdur.
912 səhifəlik
bu fundamental lüğətdə
elmi-tədqiqat və tədris prosesində tez-tez rast gəlinən
8500 terminin definitiv tərifinə və şərhinə geniş
yer verilib.“İzahlı dilçilik
terminləri lüğəti”ndə
əksər terminlərin
Azərbaycan dilində
izahını vermək
və dilçiliyimizdə
müəyyən tarixə
malik, qəbul edilmiş və işləklik qazanan terminlərin saxlanılması
prinsipi əsas götürülüb. Bundan əlavə,
bir çox dünya dillərində işlənən və Azərbaycan dilində qarşılığını tam şəkildə yaratmaq mümkün olmayan bəzi terminlər də olduğu kimi saxlanılıb.
“İzahlı dilçilik
terminləri lüğəti”nin tərtibi prosesində aparıcı
istiqamətlər bunlardır:
dilin öz daxili imkanları hesabına yaranan terminlər; rus dilindən, rus dili vasitəsi ilə başqa dillərdən birbaşa
alınmış terminlər;
ingilis dilindən birbaşa alınan terminlər; qohum türk dillərindən alınan terminlər.
Yeni işıq üzü görən və mütəxəssis alimlərin
“dilçilik elminə
dəyərli töhfə”
adlandırdıqları bu
lüğət
dilçilik elmimizin
inkişaf səviyyəsindən,
son nailiyyətlərindən də soraq verir. Kitaba
yazdığı “Ön söz”də lüğətin quruluşu,
tərtibi prinsipləri
haqqında oxuculara dolğun məlumat verən professor Sayalı Sadıqova özü də hər şeydən öncə, məhz bu inkişaf səviyyəsinə diqqəti
cəlb edir: “Hər bir elmin
inkişaf səviyyəsi
onun terminologiyasında
əks olunur. Dilçilik terminləri də dilin inkişafı ilə bağlı təşəkkül tapmışdır”. Məlum olduğu kimi, son dövrlərdə mətn
dilçiliyi, nəzəri
dilçilik, kompüter
dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika
və paralinqvistikaya dair araşdırmalar
aparılır, dilçilikdə
bu istiqamətlərdə
yeni sahələr yaranır. Bu dəyərli
kitab barədə
professor İsmayıl Kazımovun “Dilçilik
terminlərinin izahlı
lüğəti” adlı
məqaləsində da
qeyd etdiyi kimi, “S.Sadıqovanın rəhbərliyi ilə hazırlanmış lüğətdə
lüğət məqaləsinin
sayı linqvistika elminin son uğurlarını
əks etdirir.”
Yüksək
elmi səviyyədə
hazırlanmış, müasir
tələblərə cavab
verən bu fundamental lüğət, mütəxəssislərin
fikrincə, həm gələcəkdə yaranacaq
terminoloji ensiklopediyalar
üçün baza,
həm də türk xalqları dilçiliyində akademik
lüğətin tərtibində
nümunəvi mənbə
hesab edilə bilər. Azərbaycan
Respublikası Nazirlər
Kabineti yanında Terminologiya Komissiyasının
sədr müavini, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqovanın
elmi redaktorluğu ilə nəşr olunan bu dəyərli lüğət həm onu hazırlayan hörmətli dilçi alimlərin, həm də eyni zamanda AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Cümhuriyyət ili”nə
daha bir qiymətli töhfəsidir.
Bəli, terminlər – elm dünyasının
sirli kodları, terminoloji lüğətlər
– həmin
kodların qızıl açarıdır!
Böyük zəhmətin,
birgə axtarışların gözəl
bəhrəsi olan “İzahlı dilçilik terminləri lüğəti”
– isə dilçilik elmimizin qızıl açarıdır! Ümid
edirəm ki, ana dilimizin saflığının,
təmizliyinin keşiyində
səfərbər olan
və gündən-günə
inkişaf edən dilçilik
elmimizi araşdıran tədqiqatçılar
, mütəxəssislər üçün bu “açar” linqvistik terminləri – “sirli kodlar”ı açmaqda əvəzsizdir.
P.S. Yazını
çapa hazırlayarkən
hörmətli professor Sayalı
Sadıqova mənə yenicə
işıq üzü
görən daha bir kitab hədiyyə etdi: “İzahlı yeni terminlər lüğəti” nin II cildi. Professor Sayalı Sadıqova və dosentlər Sima Quliyeva ilə Şəbnəm Həsənli-Qəribovanın
tərtib etdiyi bu izahlı lüğət isə elm
və texnikanın müxtəlif sahələrində
işlənən 2700 yeni
terminin –“sirli kod”un açarıdır.
Kitabın baş redaktoru
akademik Möhsün Nağısoylu, elmi redaktoru professor Sayalı Sadıqovadır. Hörmətli
alimlərin uğurlarının davamlı
olması arzusu ilə
Şəlalə Ana Hümmətli,
filologiya ü.f.d., dosent
Türküstan.- 2018.- 4-10 dekabr.- S.13.