Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
HEYRAN XANIM
XIX əsrdə
klasik fəlsəfə ilə qeyri-klassik fəlsəfə
arasında tərəddüd edən, bir çox hallarda
dünyəvi fəlsəfi təfəkkürə
yaxınlaşan mütəfkkirlərimiz arasında əsli
Naxçıvandan olub Təbrizdə yaşamış Heyran
xanım da olmuşdur. Təqribən 1780-ci illərdə
anadan olub 80 il ömür sürmüş Heyran
Xanımın nəsli-kökü bir tərəfdən
Dünbüli, digər tərəfdən
isə Kəngərli Türk etnosları
ilə bağlıdır. Məhəmmədəli Tərbiyət
“Danişməndani-Azərbaycan” əsərində Heyran xanım haqqında yazır: “Heyran xanım Azərbaycanın məşhur
ailələrindən və Dünbüli
tayfasının hörmətli qadınlarından olmuşdur. O. Təbriz şəhərində
doğulmuş, lakin onun nə doğulma, nə
də vəfatı tarixi məlum deyildir. Mən (M.Tərbiyət) onun qohumlarından eşitmişəm ki, Heyran Xanım səksən
yaşında vəfat etmişdir. Onun divanı dörd min beş yüzə
yaxın fars və türk
dillərində qəsidə, qəzəl, qitə və tərcibəndlərdən
ibarətdir. Heyran Xanımın şeirlərindən
çoxu Abbas Mirzə
və onun bacısı haqqında deyilmişdir”. Qeyd edək
ki, Heyran Xanım
dövrünə müvafiq fars dilində yüksək təhsil
almış, Şərqin Firdovsi Sədi,
Hafiz, Nizami, Füzuli, Nəsimi kimi
klassiklərinin yaradıcılığını oxuyub öyrənmişdir: “Onun
şeirlərində Azərbaycan sənətkarlarından Həsənoğlu,
Nəsimi və Füzulinin təsiri akşar duyulur. Şairənin
bir sıra qəzəlləri dahi Füzuliyə nəzirə şəklində
yazılmışdır. Lakin şairənin
orijinal şeirləri daha
çoxdur. Belə şeirlərində
o, bir tərəfdən
təmiz eşqin, saf
məhəbbətin vəsfini verir, digər
tərəfdən zəmanə zülmünün
çoxluğundan bəhs edərək
dövranın möhnətindən, fələyin gərdişindən
acı-acı şikayətlənir. Heyran
xanımın əsərləri nikbin pafosu, tərənnümün səmimiliyi, dilin sadəliyi və aydınlığına
görə XIX əsr Azərbaycan ədəbiy¬yatında xüsusi yer tutur”. Onun
dünyagörüşündə əsasən şiəlik
və sufilik izləri daha
çox özünü
büruzə verir. Məsələn,
o, 1831-ci ilə Təbrizdə və ətraf
ərazilərdə yayılmış vəba xəstəliyindən
bəhs edərkən türk, qeyri-türk əhalini dini
anlamda müsəlman deyil,
şiələr kimi qələmə vermişdir: İlahi, həlak
oldi şiələr, Torpaqda
yatdı yeniyetmələr. Heyran
Xanımın sufiyanə yazdığı şeirlər isə
daha çoxdur. Belə
ki, şairənin şeirlərində ilahi sevgiyə qovuşmaq
axtarışı hiss olunur.
Heyran
xanım yazır: Çarə yox dərdimə
ol ləli-dütadən qeyri,
Kimsə tutmaz əlimi zülfi-rəsadən
qeyri, Yoxdu bir yar, edə
halımı dildarıma ərz, Səri-kuyunda məgər
badi-səbadən qeyri, Bəxtimiz
şeşdəri-heyrətdə idi, çünki bizə, Görmədi yar rəva çövrü
cəfadən qeyri. Gərçi
dildar mənə eylədi çox
zülmü sitəm, Mən ona eyləmənəm mehrü
vəfadən qeyri Heyran
xanım “Ey həkim” şeirində də
ilahi eşqə qovuşmaq
üçün çəkdiyi
iztirabın, bu yolda sərf
etdiyi zəhmətin davasını
axtarır: Bir nəzər ləli-ləbi-cananə
eylə, ey həkim, Çarəyi bu dərdi-bidərmanə eylə, ey həkim! Gər bəhşiti-cavidan istərsə
könlün şövqilə, Bir güzər, sən məhfili-cananə eylə,
ey həkim! Hicri-dilbər öldürür
axırı məni, sən rəhm elə, Xəncərin
çək, qeylimi mərdanə eylə,
ey həkim! Qıl tərəhhüm
haqlıma, eylə əlaci-dərdimi, Bir
dəva ver, əqldən biganə eylə,
ey həkim! Rahi-həq istərsə könlün, məscidə girmə, saqın,
Şövqilə əzmi-rəhi-meyxanə eylə, ey həkim! Çəkmə zəhmət xarü xəsdən, əzmi-kəbə eyləmə,
Qəsdi-bəzmi-vəsli-sahibxanə eylə, ey
həkim! Bir qulaq as naley-Heyrana, hifz et naləsin, Bəzmi-hikmətdə
onu əfsanə eylə, ey
həkim! Bizə elə gəlir ki, Heyran xanımı Məcnun kimi
səhralara salan da Yaradana olan sonsuz
sevgidir. Onun üçün, bu dünyada əgər gerçək bir sevgi varsa,
o da Yaradana
olan uca və ilahi eşqdir ki, ancaq xilas
yolu da Ona
bağlıdır. Bu anlamda
hər hansı sevgiliyə olan bənzətmələr
formal xarakter
daşıyır, çünki bu dünyadakı məcnunluq, ya
da leyliliyin özü də ilahi eşqin zərrələridir. Məsələn,
o yazır: Ey gözəl,
yoxdur mənim tək qəddinə dilbaxtə,
Qədrimi mən bikəsin bil sən,
dolanım başına! Mən düşüm
səhralərə Məcnunsifət, şuridəvar, Qıl təmaşa
halıma, gül sən, dolanım
başına! Ya da: Qəmim əğyardən hərçənd gizlətdi,
nihan etdim, Görüb payanə yetməz, eşqimin sirrin bəyan etdim, Gecə ta sübh olunca nalə
çəkdim, ələman etdim, Səhər
vaxtı olub diltəng əzmi-gülistan etdim, Çü, Heyran nalə etdi,
bülbüli-şeydayə bənzətdim. Heyran xanımın daxili
iztirablarını aradan qaldıracaq Yaradanla yanaşı, gerçək bir “Yar”a
da ehtiyacı var idi. Həmin “Yar” Məcnunsifət,
Fərhad¬sifət, Xosrovsifət bir Məhbub
idi ki, şairə bunu gizlətmir də: Olubdu
qəm yatağı, şad gördüyün könlüm
Dağıldı qüssədən , abad
gördüyün könlüm.
Diyari qəmdə giriftarü
dəstgir oldu, Kəməndi firqətə,
azad gördüyün
könlüm. Fəraq dərdinə axtardə,
tapmadı çarə, Cəmi hikmətə ustad
gördüyün könlüm.
Səriri-vəsldə Xosriovsifət oturmuşdu,
Olubdu kuhdə Fərhad, gördüyün
könlüm. Başqa
bir şeirində də şairə “Yar” üzündən hicrandan
üzüldüyünü, həsrətə
dözə bilmədiyini yazır: Hicran ələmi
saldı ayaqdan məni-zari, Daruyi-vüsali mənə bir
çarə yetirsin. Səbrim kəsilib, yar mənum canımı alsın, Ya şad eləsin vəsl
ilə, didarə yetirsin... Gəl Tanrı
üçün bunca
sitəm eyləmə izhar, Qoy yarə özün bu dili-avara yetirsin.
Bikəsliyimə rəhm eyləsin xaliqi-biçün,
Heyrani o şahzadə
digər-barə yetirsin. Heyran xanımın
düşüncələrindəki Tanrı ilə “Yar”ı,
utopik və gerçək anlamda
dərk edib, hər iki
anlayışın mahiyyətində bir bütünlüyü görmək zəruridir.
Çünki obyektiv
aləmdəki bir “Yar”ın, yəni Məcnun,
Fərhad, Xosrov sifətindəki sevgilinin varlığı, yeganə
Yaradanın varlığının arxa
planda qalması demək deyil.
Bəlkə, əksinə hesab etmək olar ki, obyektiv
aləmdəki “Yar”ı arzulamaq, üstəlik
bunun üçün
obyektiv, ya da qeyri-obyektiv aləmlərin
sahibi olan Yaradandan yardım diləmək özü də bir üsuldur. Hesab etsək ki, Tanrı obyektiv aləmdəki Aşiqlə Məşqun
qovuşmasının, - istər ruhi, istərsə
maddi anlamda olsun, əsas səbəbkarıdır, o zaman bu
qovuşmanın sonunda Tanrının
özüylə bir bütünləşmə
olaraq başa
düşmək də olar. Əgər
Tanrı obyektiv aləmdəki iki sevgilinin maddi anlamda
qovuşmasından deyil, ancaq
ruhi bütünlüyündən
yanadırsa, bunun da bir anlamı olsun gərək.
Ola bilsin ki, Heyran xanım kimi “Yar”dan
yazıb onun vüsalından bəhs edənlər,
həmin “Yar”ı iki anlamda
dərk ediblər. Başqa sözlə, “Yar” anlayışını birmənalı
şəkildə ilahiləşdirmək qədər, bu məfhumu sırf cismani
anlamaqda irəli sürmək də doğru deyildir. Bizcə, ən
doğru olanı maddi
və mənəvi “Yar”ın bütünlüyünü
başa düşməkdir. Heyran Xanım yazır: Ya
Rəb, kərəm et, ol
büti-mehparə qayıtsın, Bir rəhm
eləsin, bu dili-bimarə, qayıtsın.
Bu dil ki,
ona mənzil idi, oldu xərabə, Əzm etsə əgər yar, dəxi harə qayıtsın? Şanə
çəkibən çin-çin elə,
sal uzə zülfün,
Qüllab kimi
ucları rüxsarə qayıtsın. Mürqi-dili-zarim
genə avarə qalıbdır, Zülfün
xəmin aç, ta ki, bu avarə
qayıtsın. Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin, ərzin
eləsin ol büti-xunxarə,
qayıtsın. Çün kövkəbi-bəxtim
yetişib nəhs məqamə, Bir əmr elə, ta sabitü səyyarə qayıtsın. Əhd et, edəsən canüvi
sən sidq ilə qurban,
Heyran! Yar əgər
bir də bu gülzarə
qayıtsın. Bu şeirində şairənin
anlatmaq istədiyi “Yar”ın cismanilikdən
xeyli dərəcədə
uzaqlaşıb ruhi, mənəvi bir mahiyyət kəsb etdiyini
görürük. Çünki
yalnız mənəvi, ya da
xəyalən arzulana “Yar”
qüsursuzdur. Doğrudur,
mənəvi ya da xəyalən
arzulanan “Yar”ın da
özünəməxsus “nazı”, “zalımlığı” var. Amma həmin “Yar”ın
“zalımlığ”ı, “insafsız”lığı onun sevgisinin aliliyinə,
paklığına xələl gətirmir. Əksinə, vüsal gününün
dəyərini birə min qat
artırır. Heyran Xanım yazır: Yarım, mənə eylə bir
nəzarə, Oldu ciyərim həzar parə.
Hicrində mənim həzin könülüm,
Şölə çəkibən tökər şərarə.
Bir ah çəkib fəğan
edim mən, Ta od düşə dəştü kuhisarə. Can getdi sənin yolunda badə, Ey dust, bu dərdə varmı çarə? Leyli sən
idin, seni sevənlər, Məcnun kimi düşdü ruzigarə. Çoxdur sənin aşiqin
əgərçi, Bir
mən kimi yoxdu bəxti qarə. Heyran! Gözü
yolda qaldı, canan, Qıl çarə bu dərdi-intizarə.
Heyran Xanım bu şeirlərində, sadəcə “Yar”ına qovuşmağa can atan bir insandır.
Ancaq şairə üçün əsas qurtuluş yolu “Yar”a
qovuşmağa can atan cismani “Mən” deyil, ruhi “Mən”dir.
Çünki cismani “Mən”dən fərqli olaraq mənəvi
“Mən” heç bir əngəl tanımır. Heyran Xanım
yazır: O ənbərin saçına şanə vurma, rəhm
eylə, Ki, onda daldalanar bu dili pərişanım. Bilin o şəhrdə,
kim, bir nəfər müsəlman yox, O
şəhrdə yaşayır yari-namüsəlmanam.
Gözəllərin hamısından
gözəldi öz
gözəlim,
Cahanda başqasına vəsf qılma, Heyranım!
Yaxud da:
Eşqində nəzar, həm
qəmin mən,
Qayətdə lətifü nazənin sən.
Sən cümlə gözəllərin
içində
Xurşidcəmal, məhcəbinsən.
Vəslində qalıb zəbanim
aciz,
Tərifdə mahi-biqərinsən.
İnsan
da olurmu boylə incə,
Ey şux,
məgər ki, huri-eynsən?
Gördüyümüz
kimi, Heyran Xanım düşüncələrində öz
dövrünün şərtləri altında şiə
imamiliyinə meyil etsə də, ancaq bununla qapanıb
qalmamışdır. Hər halda Heyran Xanımın
şeirlərindəki “Yar”a olan sevgi həm
azadlığın bir simvoludur. Yəni cimani
olaraq bədən nə qədər qeyri-azaddırsa, ruhi halda
isə bir o qədər azaddır. əslində
daha çox vacib olan da ruhun köləliyinə son
qoymaqdır. Bizcə, Heyran Xanının
dünyagörüşündə ruhi azadlıq ön planda
olub, hətta cicmani azadlığa doğruda xeyli
dərəcədə can atmışdır.
Faiq ƏLƏKBƏRLİ
Türküstan.- 2018.- 28 dekabr-7 yanvar.- S.6.