"Dünya yaranan gündən sözdən tuta-tuta gəlir"

 

İnancına tapınan Tahir Talıblı 70

 

"Dünya yaranan gündən sözdən tuta-tuta gəlir" - inancına tapınan Tahir Talıblı 70 illik yubileyinə sanballı bir kitabla qədəm qoyub.

Bir çox mətləblərə toxunulan "Vaxt vaxtında gəlir" adlı kitabda diqqətimi daha çox türkanə mübarizə çəkdi. "Türk Dünyanın Söz qədər qədim xalqıdı" - qənaətinə gələn yazar hər bir yazısında bu qədimliyin çağdaş dövrümüzə qədər gələn qüdrətini qoruyub saxlamaq üçün bizlərə sətir-sətir yol göstərir. Gördüklərinin, götürdüklərinin yekun nəticəsi bu olur ki, "Hər halda, türk dünyanın ən ağrılı taleyi olan bir xalqıdı..." Özü ağrılı tale yaşayan bu xalqın dünya mədəniyyətinə bəxş etdiyi dəyərli abidələr taleyin ağrılarını dadmaq məcburiyyətində qalıb.

Bunlardan birinə canlı şahid olan müəllif gördüklərini qələmə almaqdan başqa haqsızlıqdan qisasını almaq yolunu ayırd edə bilməyib. Dərbənddə, Vəlikənddə aşkarlanmış kurqan muzeyin başına gətirilənləri yazmazdan öncə tarixin sirlərini lentin yaddaşına köçürmək üçün həmin məkana yollansalar da, Bakıya gələndə məlum olur ki, çəkiliş materialları yararsız hala düşüb. Tahir Talıblı istədiyi verilişi ərsəyə gətirə bilməsə , demək istədiyini məqaləsi ilə çatdırmaq qərarına gəlir. Məqalədən məlum olur ki, həmin ərazidə əvvəl Mahaçqala alimləri qazıntı aparsalar da, sonradan Moskva alimləri bu işə girişirlər. "Qazıntı onların gözlədiklərini, istədiklərini üzə çıxarmır. Üzə çıxan isə tamam başqa həqiqətlər idi - türklərlə bağlı tarix. Tez qazıntı dayandırılır, üstü ört-basdır edilir..." Amerikalı alimlər isə bu tarixin qədim türklərə məxsus olduğunu etiraf etsələr , ən nəhayət, həmin ərazidə fabrik tikmək qərara alınmaqla türk tarixinin bir parçasını da beləcə gömürlər.

Yazar başqa bir tarixi istinadımız olan Koroğlu qalası haqqında müfəssəl məlumat verdikdən sonra əsas mətləbə keçir: "Çox güman ki, o tuneldə qədim oğuzların həyat tərzlərindən bol-bol nişanələr olmamış deyil". Bu nişanələrin yox edilmə ağrılarını içində yaşadan həqiqətləri gələcək nəsillərə ötürməkdə israrlı olan müəllif hətta başqa xalqlara məxsus mütəfəkkirlərin türklər haqqında olan fikirlərini dilimizə çevirmişdir. Monteskyodan etdiyi tərcümədə türklər haqqında deyilir ki, "Türklər Avropaya, Asiyaya, Afrikaya istilaçı yürüşlər eləmiş, ağlasığmaz qələbələr qazanmış, dünyanın üçdə birini zaman-zaman öz hakimiyyətləri altında saxlamışlar". Dünyanın üçdə birini hakimiyyəti altında saxlamağı bacaran bu xalq sadəcə istilaçılıqla məşğul olmamış, əsrlər sonra dünya türkoloqlarını etiraf etmək məcburiyyətində qoyan tarixi salnamələr yaratmışdır. Tahir Talıblının yazılarında həmin salnamələrin əbədi yaşarlılığına əminlik ifadə olunub. "Yaşı iki min ilədək bir tarixi üstələyən Orxon-Yenisey digər onlarca abidələrimiz əslində dilimizə qoyulan abidələr deyilmi?" - sualı ilə tarixi cavab verilmişdir.

Yazılarının leytmotivini türklüyə söykəniş təşkil edən yazar "Türk özünə qayıtdıqca güclü olur" - həqiqətini daha çox alqışlayır. Lakin bu, o demək deyildir ki, onun bütün yazıları eyni mövzuludur. Bir mətləbdən qaynaqlanan, müxtəlif mövzuları əhatə etsə , sonunda yenə türkün dərdlərinə hesablanmış digər mövzulu yazıları da kifayət qədərdir.

Onun fikrincə, "özünüdərk isə etnomühiti yaratmaqla, yeddi arxa dolanını tanımaqla, soy-kökə bağlılıqla mümkün olur". Özünüdərkin yollarını faşizm vaxtı faşist, kommunizm vaxtı kommunist, demokratiya vaxtı demokrat olmaqda görənlərin yaşamını faciə hesab edən yazar, əsl faciəni qaçqınlıq vaxtı qaçqın, köçkünlük vaxtı köçkün ömrü yaşamaqla görür. Tarixi Azərbaycan torpaqlarından deportasiya olunmağın acısını unuda bilməyən müəllif etiraf edir ki, "mənim üçün ən faciəli, ən ağır gün-axırıncı gün, evimdən axırıncı çıxdığım gün oldu". İçində bir türk ailəsinin xatirələri məskunlaşan o evin sonrakı aqibəti yazar tərəfindən nağıl edilir: "Mən qırmızı daşla tikilən ikimərtəbəli evimi erməniylə beton mənzilə dəyişmişdim". Özünün məhkum edildiyi zülmlər azmış kimi, xalqının da sürükləndiyi fəlakətlərə daim vətəndaşlıq mövqeyi ilə münasibət bildirmişdir. "Qəsd" sərlövhəli yazısında havasından qan qarışıq qurğuşun iyi gələn 20 Yanvar faciəsi haqqında bir çox önəmli faktlara toxunulmuş, "Şəhidlərin ilini görən şəhid" yazısında isə Maşayev İmran Hacı oğlunun timsalında şəhidliyə gedən şərəfli həyat tarixçələri keçmişdən gələcəyə diqtə edilmişdir.

Bir yazısında bir neçə mətləbə ustalıqla toxunmağı bacaran yazar ağır dini xurafatdan, bolşevizm tuğyanından adlayan aşıqlıq sənəti, xalqdan aldığını xalqa qaytarmağa başlayan "Bulaq" verilişi haqqında da oxucusunu intizardan qurtarır. Bütün bunlarla yanaşı, həmin kitabda Müslim Munis, ziyalılığımızın bütün mənalarda qaymaqlarından olan İsrafil Məmmədov, Məmməd Arazın şeirlərini rutul dilinə çevirən Aşıq Sakit, öz torpağını tozundan tanıyan, torpaq məsələsində heç Allahın özünə də güzəştə getməyən Söyün kişi, oxuduqları başqa dünyanın səsi olan Qədir Rüstəmov, şair Kələntər Kələntərli haqqında da bilmədiyimiz bir çox mətləblərə bu kitab vasitəsilə aydınlıq gətiririk. Bunlardan əlavə, Qars sözünün ODƏRƏŞ (KİƏRƏŞ), Kür sözünün isə ODƏR (KİƏR) sözündən formalaşdığını iddia edən İsa Muğanna, dünya elmində qeyri-səlis məntiqin atası olan həmyerlimiz Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş "Dünya dahilərsiz yaşaya bilmir" kitabının müəllifi Möhbəddin Səməd, əsərlərində ən çox "Nar" təsvir olunan Toğrul Nərimanbəyov, Akif Səmədin, Ağamalı Sadiq Əfəndinin qəbirüstü abidəsinin müəllifi Məmməd Dəmirçioğlu haqqında da kitabda özəl sevgi ilə söz açılır.

Tahir Talıblıya ünvanlanmış məqalələrin də kitabda yer alması kitaba xüsusi çəki verir. Onun "Əziz Əliyev, dövrü, həyatı, şəxsiyyəti" kitabı barəsində məqalə yazmış Əsgər Zamanovun fikirlərinə nəzər saldıqda böyük bir zəhmətin şahidi oluruq: "Müəllif bu kitabı yazmaq üçün Bakının, Mahaçqalanın arxivlərində axtarışlar aparmış, xeyli sənədlərə baxmış, istifadə etmiş, Ə.Əliyevlə təmasda olmuş müxtəlif peşə adamları və qohumları ilə görüşmüş və sanballı bir əsəri ərsəyə gətirmişdir". Hətta müsahibələrini oxuduqca müəllifin bir jurnalist peşəkarlığı ilə həmsöhbətini danışdırmağı bacarması diqqəti çəkir. Onun Bəxtiyar Vahabzadə ilə olan müsahibəsində müsahibinin söylədiyi bir fikir hələ də aktuallığını qoruyur: "Çox vaxt gənclərin gətirdiyi yeniliyi qəbul edə bilmirik və bizə elə gəlir ki, tapdanmış yolumuzla gəlməyən gənclik bizi inkar edir". Hətta bəzi müsahibələrindən yaxından tanıdığımız söz adamlarının bələd olmadığımız tərəflərini də öyrənirik. Məmməd Arazla müsahibədə ustad şair bildirir: "Mən şeiri sistemli şəkildə yazmıram, yəni əvvəldən axıra doğru. Bəzən əvvəl sonu yazılır. Ümumiyyətlə, hissə-hissə yazıram, sonra isə yuxarıda dediyim kimi, calaq eləyirəm".

Göründüyü kimi, Tahir Talıblı özünün 70 illiyinə hədiyyə etdiyi bu kitabda bizlərə də bilməli olduğumuz bir çox mətləbləri hədiyyə etmişdir. Bəlkə də, hər hansı bir yazısını qələmə alarkən onun alt qatlarındakı yanğını nümayiş etdirmək kimi bir fikri də olmayıb, amma haldan anlayan oxucu bu yazıların ürəkdən gələrək ürəklərə getdiyinin fərqinə varır. Fikrimizi təsdiqləmək üçün müəllifin qələmdaşlarından olan Sarı Ömər Mollaosmanoğlunun sözlərinə diqqət yetirmək kifayətdir: "Sən üsyançı deyilsən, baxta, yazıya boyun əyən, "qulun başına nə gələrsə, Allahdan gələr" düşüncəsini mənimsəmiş bir aydınsan, qələm adamısan".

 

Gülnar SƏMA

 

Türküstan.- 2018.- 13-19 fevral.- S.15.