Əbədiyyət üfüqlərində doğmuş eşq günəşi…

 

İmadəddin Nəsimi – 600

 

Yüksək idealları və məfkurəsi yolunda mübarizə aparan görkəmli şəxsiyyətlərdən biri, XIV əsrin axırı XV əsrin birinci yarasında yaşamış Seyid İmadəddin Nəsimidir. Nəsiminin mürtəce şər qüvvələrə qarşı son nəfəsinə qədər fədəkarcasına mübarizəsi və bu yolda öz həyatını qurban verməsi böyük bahadırlıq dastanı kimi beş yüz ilıdən bəridir ki, yaşamaqdadır.  

         Mərhaba, xoş gəldin, ey ruhi- rəvanım, mərhəba!

             Ey şəkərləbyarı- şirin, laməkanım, mərhaba! …

Nəsimi yaradıcılığını oxuculara tanıtmaq və sevdirmək məqsədi ilə kitabxanaçı oxucularla onun  əsərlərinin  təhlilini keçirə bilər. Kitabxanaçı Nəsiminin “Bəhrül-əsrar” qəsidəsinin təhlilinə başlayır.   Azərbaycan ədəbiyyatı tarixində İmadəddin Nəsiminin həyat və yaradıcılığından, onun dünyagörüşündən çox  yazılsa da, farsca qələmə aldığı “Bəhrül əsrar” (şirlər dəryası) fəlsəfi qəsidəsi dərin təhlilə, fəlsəfi baxımdan hərtərəfli tədqiqata cəlb edilməmişdir. Baxmayaraq ki, onun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitunda saxlanılan əlyazması filologiya elmləri doktoru C.Nağıyeva tərəfindən aşkarlanmışdır. Onun yaradıcılığında fəlsəfi məzmunlu qəsidələr öz ideya və məzmun xüsusiyyətləri ilə seçilir. Bunların içərisində də öz növbəsində “Bəhrül əsrar” qəsidəsi xüsusi maraq doğurur. Məlumdur ki, bu əsər dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi əhəmiyyətli nəsihətamiz fikirlərlə zəngindir. Qəsidədə maddənin dəyişməsi, insanın öləndən sonra torpağa dönməsi kimi fikirlər ifadə olunmuşdur:

Ayağını bu torpağa hörmətlə bas, unutma ki,

Şahlar başı torpaq olmuş gəlib-gedən üstə gəzər.

Əsərdə fəlakətlərlə dolu olan bir zəmanədə zülm və əsarət içərisində iztirablı, kədərli həyat keçirən insanların taleyi şairi dərindən düşündürür. Onun mülki bərabərsizlikdən, içtimai zülm və ədalətsizlikdən şikayətləri bu qəsidədə də qüvvətli bədii ifadəsini tapmışdır. Şair dövlət və sərvət yığmaq ehtirasına, acgözlüklə dünyanı soymağa, çapıb-talamağa çalışan tamahkar, qəddar ürəkli hökmdarlara, feodal məmurlarına istehza edir. Dövlətə, sərvətə pərəstiş edənlərin insanları əzmələrini pisləyir.

                Simü –zər yığmaq üçün cəhd eyləmə Qarun kimi,

                Hər xəzinə torpaq altında qalıbdır min kərə.

                Sərvət ilə yüklənərsə kəştisi dövrün əgər

                O tufanlı dəryada düşməz məgər şuri-şərə?..

                Dünya birşandır, onun həm şəhdi, həm də zəhri var,

                Şəhid üçün insan gərəkdir tab gətirsin nəştərə.

Burada dahi Nəsimi dünyanı mənəm-mənəm deyə qırğına verən hökümdarların, o cümlədən Qarun kimi xəzininə toplamağa cəhd edən və nəhayət, xəzinəsi torpaq altında qalan şəxslərin ölümə məhkum olub, özlərinin də torpağa qarışacaqlarını söyləyir, zəmanəsindəki qəsbkar şahları onların aqibətindən ibrət almağa çağırır. Nəsimi bu şeirində də öz humanist ideyalarına sadiq qalaraq insanın şərəf və ləyaqətini üstün tutur, onlara  dərin hörmət və qayğı bəsləyir, zəhməti, zəhmətkeş insanları, elmi, mərifəti, ədaləti alqışlayır. Bu fikrin təsdiqi üçün şairin fars divanından bir parçanın professor M. Quluzadənin “Böyük ideallar şairi” monoqrafiyasında Azərbaycan dilində nəzmlə verilən tərcüməsinə nəzər salaq. Orada deyilir;

                İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,

                Bax, sədəf çılpaqdır,ancaq qəlbi bənzər gövhərə.

                Aqil insan zər üçün öz ömrünü verməz hədər,

                De, siçanlar nədən eşq yetirdin sən zərə?

                Sən çörəkçün minnət etmə, hifs elə öz ruzini

                Qafil ol kəsdir ki, ruziçin o, batmaz qan-tərə…

Burda yoxsul insanlar, zəhmətkeş adamlar Nəsimi nəzərində böyük məhəbbətə, böyük qiymətə malik olanlardır. Burada şair insanları sadəliyə, fədakarlığa, təvazökarlığa, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik olmağa, arif olmağa, mənalı, şüurlu həyat keçirməyə çağırır. Qəsidənin bu keyfiyyətlərinə görədir ki, Nəsimi Şirvanidən sonra böyük taciq şairi Əbdürrəhman Cami də özünün “Lissətül-əsrar” qəsidəsini yazırlar. Doğrudur, şairlər bu haqda ilk söz açan şair Əmir Xosrov Dəhləvinin xidmətini, öz qəsidələrini onlara cavab olaraq yazdıqlarını göstərmişdir. Bununla belə Nəsiminin adı göstərilən qəsidəsi öz dərin fəlsəfi, içtimai yüksək poetik məziyyətlərinə görə onların içərisində əhəmiyyətli yer tutur. Nəsimi haqqında, onun fəlsəfi görüşləri haqqında istər Avropa alimləri, istərsə də türk, türkmən, özbək və Azərbaycan alimləri, söz ustaları söz yazmışlar, onun hurufilikdə, sufizimdə mütərəqqi cəhətləri əxz etdiyini göstərmişlər. Şair Allahın, bizin fikrimizcə isə, müqəddəs ruhun insanda, təbiətdə mövcud olmasını göstərən dahi bir alimdir. Elə ona görə də əsərlərində, fəlsəfi qəsidəsi olan “Bəhlül-Əsrar” da göstərdiyi kimi, məhşər günü də, axirət günü də bu dünyada olur. Mürtəce qüvvələrin təzyiqinə baxmayaraq yaradıcılığında, məfkürəsini açıqlamaq baxımından, böyük əhəmiyyəti olan “Bəhrül-əsrarın əsrlərin sınağından çıxaraq bu günümüzə qədər çatan əlyazma nüsxələrinin mühafizəsi Azərbaycanın mütərəqqi ziyalılarının əməyinin nəticəsidir. Əsərin müasir məktəblərdə ədəbiyyat proqramlarına daxil edilməsinin böyük tərbiyəvi əhəmiyyəti olacağı şübhəsizdi.

 Altı əsirlik yaşı   olan böyük sənətkar İmadəddin Nəsimi  haqqında çoxlu şeir, poema və roman yazılmış, film çəkilmişdir.

Kino dram janrında, Azərbaycan dilinə, Azərbaycanda; Naxçıvanın, Abşeronun, Atəşgah və Siyəzən və Şamaxınin bəzi bölgələrində çəkilmişdir.  1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafatına layiq görülmüşdür. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə II mükafat verilmişdir.

Azərbaycan torpağında Nəsimi zirvəsi var. Bu zirvədən günəş doğur. O günəş ki, qürub edər, ancaq heç vaxt batmaz.

Gəldi yarım nazilə, sordu, Nəsimi, necəsən?

           Mərhaba, xoş gəldin, ey xırda dəhanım, mərhaba!

Altı yüz ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yazın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi  kimi hörmətlə çəkilir. Altı yüz ildir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şeirində, aşıqların sazında tərənnüm edilir.

Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkürə təsir göstərmişdir. Klassik şairimizin odlu poetik nəfəsindən hərarət saxlayan qaynaqlardan biri də XVI əsrdə Aşıq Çələbi tərəfindən tərtiblənmiş “Məşairüş–şüara” adı ilə tanınan təzkirədir.

Həyatı və yaradıcıllığı əsl vətəndaş hünəri timsalı olan İmadəddin Nəsiminin qüdrətli səsi əsrləri adlayaraq bizə gəlib çatmışdır. Nəsimi Azərbaycan xalqının həqiqətən böyük oğludur, çünki öz ana dilində ilk dəfə yazıb-yaratmışdır və şairin hünəri heç vaxt unudulmayacaqdır.  Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır.

                O uzaq, o qədim lisana bir bax!

                Büllur bulaq kimi süzülər, çağlar.

                Əsər var yazılıb otuz il qabaq,

                Otuz cür lüğətə ehtiyacı var…

(Qabil. Nəsimi poemasından)Alovlu insanpərvər şair yaşadığı cəmiyyətdə səadət, ədalət, həqiqət görmədiyi üçün kədərlənir, onun şeirlərində xalqın taleyini dərindən duyan insanpərvər sənətkarın iztirab və kədərləri, üsyankar ruhu səslənir. Nəsimi cəmiyyətdəki zülümdən və özbaşınalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi soyğunçuluğu pisləyir. Doğruluğu, haq-ədalət və xeyirxahlığı tərənnüm edir. Humanist şair insan ləyaqətini alçaldan, onun mənəvi azadlığını buxovlayan feodal dünyasına qarşı alovlu etiraz səsini qaldırdı.

                Hərgiz zəmanə kimsəni xoşund qılmadı,

                Hər fel nəmüvafiqu hər fel nasəvab-

 Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Yaxın Şərq ədəbiyyatına  gətirdiyi humanist ideyaları davam və inkişaf etdirən böyük sənətkar insana, insan ləyaqətinə, qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı, həyatı gözəlliklərin əsil mənbəyi kimi vəsv etmişdir. Nəsimi sənəti bütövlükdə insan gözəlliyinə, insan qüdrətinə heyranlıqla dolu bir himn kimi səslənir. Ancaq bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Məhz buna görə şair kamil insanı “canımın canənəsi” adlandırır, ona səcdə etməyin vacib olduğunu göstərir.

Nəsimi yaradıcılığından ilk dəfə əsaslı şəkildə bəhs edən ədəbiyyat tariximizin tədqiqi və nəşri sahəsində müstəsna xidmətlər göstərən Salman Mümtaz olmuşdur. Tədqiqatçı tərtib etdiyi “Seyid İmadəddin Nəsimi. Əsərləri  kitabını giriş məqaləsi ilə 1926-ci ildə çap etdirmişdir. Ulu öndər Heydər Əliyev Xalq şairi Qabilin “Nəsimi” poeması haqqında bu fikirləru söyləmişdir: “Qabil Nəsimi haqqında mənzum romanını çox böyük ustalıqla yazılmışdır. Doğrudan da bu çox böyük iş idi və Qabil bu işin öhdəsindən layiqincə gəldi. Bu həqiqətən dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin işi deyil. Qabil bunun öhdəsindən gəldi”.

 Yəqin ki, Qabili Nəsiminin bədii surətini yaratmağa sövq edən ilk amil-bu qeyri-adi tarixi hadisə olmuşdur. On illik yaradıcılıq axtarışının və gərgin əməyin, mütaliyə və tədqiqatın, Şamaxıdan Hələbə qədər səyahətin, şərqşünas alimlərdən, Nəsimi bilicilərindən öyrənməyin məhsulu olan bu dastanda, bəzi ricət və müəllif nitqi istisna edilərsə, Nəsimi danışır. Qabil hadisələri Nəsiminin dili ilə nəql edir. Xatırladaq ki, bu əsər 1976-  ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

                 Fəsillərin  ən gözəli, əzizi,

                 İnsanların ən yaxşısı, təmizi

                 Bu yollarda yoldaş olub  mənimlə,

                 Bu yollarda qardaş olub mənimlə.

                 Sağdışım-

                 Ilk bahar-Fəsli-gülüstan,

                 Soldışım-

                 Safiyə başçısı Orxan…

                 Gedirəm, dalıram fikrə, xəyala,

                 Dilimdə, gözümdə Əli ül Əla.

                 Rumun ən qüdrətli söz sərkərdəsi-

                  Hürufi şair!

                  Fəzlullah atamın nəfəsi, səsi-

                  Hürufi  şair!..

 Hələbdə Nəsiminin adını daşıyan köhnə bir küçə var. Böyük söz ustadının məqbərəsi oradadır.Yerli sakinlər Nəsiminin öz vətəni, öz dili olduğunu bilirdilər. Onlar bilirdi ki, Nəsimi doğma xalqının oğludur. Bu xalq isə bizik.                

Mənsur: “Ənəlhəq!” söylədi ,

                “Mürtəddir!”–Elan etdilər.

                Mənsur “mənəm həqq” söylədi,

                Bağdadda  edam etdilər.

 

Böyük Azərbaycan şairi, filosofu və mütəfəkkiri İmadəddin Nəsiminin əbədi uyuduğu Hələb şəhərinin (Suriya) milli muzeyinə bu poeziya klassikinin heykəli hədiyyə verilmişdir. Şairin tunc heykəli respublikanının əməkdar rəssamı, heykəltəraş Albert Mustafayevin iştirakı ilə xalq rəssamı Mikayıl Abdullayev tərəfindən yaradılmışdır. Şair əyləşmiş və dərin fikrə qərq olmuş vəziyyətdə təsvir edilmişdir. Onun şəxsiyyətinin  qeyri-adiliyi və daxili ruh yüksəkliyi çox bariz şəkildə verilmişdir.

İ.Nəsimi klassik Azərbaycan ədəbiyyatı tarixini tədqiq edən dünya şərqşünasları və türkoloqlarının daim diqqət mərkəzində olmuşdur. Nəsiminin əlyazma xəzinələri və kitabxanaların yaraşığı və fəxri olan bu əlyazma nüsxələri şairin ədəbii-bədii irsinin gözəl nümunələridir. Şairin aftoqrafları elm aləminə məlum deyildir. Onun əsərləri əsasən başqaları tərəfindən köçürülərək zəmanəmizə qədər gəlib çıxmışdır.

Nəsimi sözə dəyər verən şairdir. O, şeirlərində, xüsusi ilə rübailərində hikmətli sözlərdən məharətlə istifadə etmişdir. Həqiqətin carçısı olan sənətkar “Doğru söz acı olar” misalından yaradıcı şəkildə faydalanır:

                Ol bilir həqqi ki, yalançı deyil.

                Hər kim yalan söylər, ol naci deyil.

                Həccə doğru varmayan Hacı deyil,

                Doğru söz doğrulara acı deyil.

Ümumiyyətlə, Nəsiminin hikmətli sözlərə olan münasibətini dürüst müəyyənləşdirmək, təhlil etmək xüsusi tədqiqat mövzusudur. Xalq yaradıcılığının zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiş böyük şair Nəsiminin öz sözləri indi qədirşünas xalqımız tərəfindən sevilə-sevilə təkrar olunur, zərb məsəllərə  çevrilir:

                Zahidin bir barmağin kəssən, dönüb həqdən qaçar,

                Gör bu miskin aşiqi, sərpa soyarlar ağrımaz.

Hürufilikdən bəhs edərkən Nəsimidən danışmamaq olmaz. Hürufilər mübariz vətənpərvərlər idilər. XIV əsrdə “məğlubedilməz” Teymur orduları Azərbaycana basqın etdikləri zaman Naxçıvanda Əlincə (Ərincə) qalası qarşısında uzun müddət acizlik göstərib susmağa məcbur olmuşdur. Bunu bir başqa səbəblərlərlə bərabər əsasən hürufiliyin Naxçıvanda daha qüvvətli olması ilə də izah etmək olar. Nəimi öldükdən sonra onu Naxçıvan və Əlincə ətrafındakı hürufilərin müqəddəs mərkəzi olan Xaneqahda dəfn etmişlər. Nəiminin şagirdlərindən birisi onun haqqında yazdığı şeirində Nəimini Zərdüştə, “Cavidnaməni” “Avestaya” və Xaneqahı da atəşgədəyə bənzətmişdir.

Dilrüba Nəqşicahanda bir Əlincə dağı var;

                Zirvəsindən yan keçər  şimşək, buludlar dağılar.

                Dövrəsində tarimar olmuş sərasər yığılar

                Zərbələrdən öylə bilmişlər qiyamətdir nədir,

                Torpağımda yüksələn rəmzi mətanətdir, nədir?!

Hələbdə Nəsiminin tərəfdarlarının çoxalması din xadimlərini təşvişə salır, onların fətvası ilə Nəsimi zindana salınır və 1417-ci ildə asılaraq dərisi soyulur. Deyilənlərə görə, şairin edamını təşkil edən din xadimi “Bu elə bir məlundur ki, hara qanından bir damla sıçrasa, oranı kəsmək gərəkdir” demiş. İşə bax ki, şairin qanından bir damla həmin din  xadiminin barmağına düşmüş, barmağının kəsilməsini istəyənlərə “mən söz olaraq demişdim” söyləmişdir.

Al-qan içində inləyən, həyatın son anlarını yaşayan Nəsimi burada bədahətən  Ağrımaz” qəzəlini söyləmişdir. Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır. Nəsiminin ölümü gözəl ölümdü. Deyirlər onu soymağa dabanından başlamışlar, lakin o idealından dönməmişdir. Onun haqqında çoxlu rəvayətlər də yaranıb. Rəvayətlərin birində söylənilir ki, ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar:

                -Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?

                Nəsimi qürurla cavab verir:

                -Bəli, rəngim saralır.

Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm.

 Günəş qürub edəndə saralar.

 Nəsimini diri-diri soymaq, şaqqalamaq, onu sındırmaq olardı, lakin əymək olmazdı. Azərbaycan oğlunun bu ibrətli ölümü, xalqımızın, onun davam edib gələn nəsillərinin iradəliliyi, dönməzliyi rəmzi olmuşdur. Bu ölüm sözün əsil mənasında poeziyaya çevrilmişdir. Şair öz ölümü ilə insanlığı heyran qoydu. Nəsimi Könüllər fatehi idi. Şair ölümü ilə ölməzliyini təsdiq etmiş əbədi şəxsiyyətdir. Azərbaycanın əbədi şəxsiyyəti…

  Böyük şair-filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq” ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə-əfsanələrə çevrilmiş mərdanə və amansız ölümüylə təbliğ və təsdiq etdi.

 

Aynurə Əliyeva

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

 

Türküstan.- 2018.- 13-19 fevral.- S.10; 13.