Kərbəlayi Bahar mənə bu cür bir
erməni tapdı... – Böyük azərbaycanlı
Azərbaycanlı mütəfəkkir, gələn il 150 illik yubileyini qeyd edəcəyimiz Əhməd bəy Ağaoğlu ömrünün sonlarına yaxın kiçik həcmli xatirə yazıb. Təəssüf ki, həm ömrünün ahıl çağında, həm də düşüncə böhranı içində olduğu bir dönəmdə qələmə aldığı üçün xatirələrini tamamlamayıb. Oğlu Səməd Ağaoğlu bunu belə izah edib:
“Ölümündən iki ay əvvəl mənə son sətirləri oxuduqdan sonra, “artıq dayandıracağam” dedi. “Xatirələrin içində üzülmək məni sonsuz dərəcədə təsirləndirir. Məndən sonra sizlər dəftərimdən davam edərsiniz”.
Amma buna baxmayaraq, Əhməd bəy xatirələrində həyatının bizim üçün maraqlı olan Şuşa, Peterburq, Paris dönəmini yazıb. Bu xatirələrdən Ağaoğlu ailəsinin timsalında dönəmin ab-havasını çox rahat hiss etmək olur.
Beləliklə, Teleqraf.com Əhməd bəy Ağaoğlu haqqında xatirələrin özü tərəfindən yazılmış hissəsini təqdim edir:
***
Patriarxat bir ailə
Bu il
67 yaşım oldu. Altmış yeddi! Nə qədər çoxdur! Bir az çox
deyilmi? Məncə, insan vaxtında
ölməyi bilməlidir.
Bilməzsə, mənim
kimi tək başına, sərsəm
və avara qalar! Hələ həyat yoldaşını
da itirərsə, tamamilə sarsaqlayar, artıq onun üçün ətrafındakı
qapqaranlıq uçurumun
kənarında baş
gicəllənməsindən başqa bir şey qalmaz.
Mənim çox sevdiyim Əli bəy adlı bir əmim
vardı. Anadan filosof doğulmuşdu.
O da qocalmışdı
və həmişə
mənə deyərdi:
“Qardaş oğlu! Çalış qocalma. İnsan qocaldığında
camış kimi gövşəyir. Həmişə geriyə baxır”.
Mən o vaxtlar əmimi başa düşməzdim. İndi başa
düşür, onunla
razılaşıram. Geriyə baxıram: 67 il! Nə
uzun, nə tükənməz yol! Fəqət əldə nə qaldı? Məhsul nə?
Püff!!! Həm
də çox uzun görünən bu altmış yeddi il indi
mənim üçün
göz yumub açma qədər bir şeydir!..
Damağımın milyonda
birini doldurmayan kölgələr! Baş verən
həmişə belədir.
Bir hava, bir heçlik, bir yoxluq ki,
xalq nağıllarında
adı “bir varmış, bir yoxmuş”dur!
Vaxtilə üzərində
əsdiyim, çırpındığım
şeylər indi mənə nə qədər gülünc gəlir! Xatırlayıb gülürəm!
Atam rahat yaşadı, rahat öldü. Ömründə üzüntü nədir bilmədi. Hündürboy, cüssəli biriydi.
Özü kimi iki nəfəri üst-üstə
qoyub tək qoluyla başının üstünə qədər
qaldırırdı. Qollu çuxasını,
ipəkdən hazırlanmış
geniş şalvarını
geyinib ata mindiyi vaxt onunla
yarışacaq kimsə
yoxdu. Oxumağı-yazmağı bilirdi; farscanı
başa düşərdi,
Füzulidən şeirlər
bilərdi.
Mömin idi. Ondan “Sən kimsən”
deyə soruşulduğu
zaman "Əlhəmdülillah,
Məhəmməd ümmətindənəm,
Ali-əba aşiqiyəm;
Mənim atam Mirzə İbrahim, onun atası da Qurdlar elindən
Həsən ağadır"
deyərdi. Ağlına Türk olduğu gəlməzdi. Rusların gəlib
Qurdlar elinin yerində yellər əsdirdiyini də düşünməzdi. Nə var?
Nə olub ki? Həmd olsun azan oxunur, məscidlər qalır, axundlar vəz verir və bizim
evdə də gecə-gündüz din ətrafında
söhbətlər olur.
Ruslar fermalarına də toxunmadılar. Üstəlik ferma
sahiblərinə əsilzadə
ünvanı verdilər!
Belə olduğu halda mənim atam qarabağlı, Qurdlar elindən Mirzə İbrahim Mirzə Həsən oğlu niyə üzülsün, niyə düşünsün ki? O yeyərdi, içərdi, durnaları (bir növ ov qartalı) ov əlcəyinin üstünə alaraq tulaları (ov itləri) ilə quş ovlayardı.
Ömründə bir dəfə də Qarabağın kənarına çıxmadı. Qışı kəklikləri, turacları, qırqovulları bol olan Qarabağın bir ovalığında (Osmanlı sultanları da qışı bu ovalıqda keçirərdilər), yayda isə 1200 metr hündürlükdə bir dağın başında qartal yuvası kimi qonmuş, suları buz kimi Şuşada keçirirdi. Vaxtı gəldiyində, kefi istədiyində Abdallar kəndindən aşıqları gətirərək “Kor oğlan” oyunu, “Aşıq Piri”dən, “Əsli və Kərəm”dən mahnılar dinləyərək kef çəkərdi.
Belə bir adam üçün düşünüləcək, üzüləcək nə vardı ki? Ah! Kaş məni də o böyütsəydi, özünə oxşatsaydı! Hardaydı! O, uşaqlarını da düşünməzdi. Onları xanımına və böyük qardaşı Hacı Mirzə Məhəmmədə buraxmışdı. Xanımı, mənim anam Sarıcalı elindən idi. Köçəri idi. Balaca, incə, zərif, həssas bir varlıqdı. İndi də üzünün incə cizgilərini xatırlayarkən içimdə sızıltı hiss edirəm. Hələ Sarıcalının ədası ilə söylədiyi hüzünlü, ələmli laylalar qulağımdan keçərək könlümü titrədir! Böyük əmim Hacı Mirzə Məhəmmədə gəlincə, o bir nəslin başçısı idi. Atamdan daha hündür, daha iri idi və onda indi də hörmət bəslədiyim bir böyüklük vardı.
Eyni dairə içərisində yaşayan 50 nəfərlik bir kütlənin başçısı idi. Az danışar, heç gülməzdi. Ərəb və fars dillərini yaxşı bilirdi. Şəriəti dərindən bilirdi. Çox dindar və fanatik idi. Həccə getdiyi zaman İstanbulda bir müddət qalıb, xəlifənin həşəmətinə heyran olub, geriyə dönərkən hələ də saxladığım bir neçə tarix kitabı ilə Kamusun və Cövhərinin tərcümələrini gətirmişdi. Heç unutmuram, 1877-ci il savaşı əsnasında ruslar Qafqaz müsəlmanlarından şübhələnərək, bütün Şuşa müsəlman xalqının dinc duracağına dair sözü keçənlərdən zəmanət istəmişdilər. Bir çoxları qəbul etmədikləri halda əmim zəmanət vermişdi. Yaxınları “nə üçün bu ağır yükün altına girdin” deyə soruşduqları zaman bu cavabı vermişdi: “Bizimkilərdə ayağa qalxacaq qədər güc olsun, zərəri yoxdur, mən özümü fəda edərəm!”
Bu əmimin otağı gecə-gündüz mollalar və axundlarla, şəhərin öndə gedənləri ilə dolardı, həmişə dini mübahisələr edilərdi. O zamanlar Qarabağ hələ mebel nədir bilməzdi. Əmimin uzun salonuna başdan-başa xalılar sərilər, müsafirlər üçün ayrıca döşəklər düzülərdi. Baş tərəfdəki ocağın yanına böyük axundlar yerləşərdilər. Sonra növbə ilə digər mollalar və əşrəflər diz üstə oturardılar.
Ocaqların saçdıqları alovlardan və durmadan verilən qəlyan və nargilələrin dumanları arasında yenə dayanmadan boş mövzular ətrafında münaqişə aparardılar. “İmam qeybi bilirmi? İmamın elmi əzəlidirmi? Peyğəmbər meracı cismi ilə, yoxsa ruhu ilə etdi?” kimi məsələlər ətrafında saatlarla mübahisə edərdilər. Mollalar müridlərin gözlərindən düşməmək üçün ayələr, rəvayətlər, hədislər zikr edər, min bir məntiq oyunu edər, hirslənər, bağırar, sonda yenə hər tərəf özünü qalib sayaraq dağılışardılar. İkinci gün eyni şey başqasının otağında edilərdi.
Ah, bu münaqişələri necə gərgin bir diqqətlə dinləyərdim! Bir şey başa düşməzdim. Fəqət mənə o qalın sarıqlı mollalar, axundlar göydən enmiş varlıqlar kimi görünürdülər. Xüsusilə, onların danışdıqları dil məni heyran edərdi. Türkcə idi, fəqət elə türkcə ki, mən bir kəlmə də anlamazdım. Neçə dəfə ürəyimdə dərin ahlar çəkərək “mən də o dili danışa bilsəydim, onlar kimi olsaydım!” demişdim.
İndi mən əlli beş illik məsafədən bütün bunları xatırlayaraq o sadə, səmimi insanların bu qədər dəyərsiz və uydurma məsələlərə nə qədər əhəmiyyət verərək həyəcan duymalarına indi də qibtə edirəm. Necə xoşbəxtlikdir! Üst-üstə üç-beş boş fikri beyinlərinə yerləşdirərək həm həyəcan duyur, həm də rahat yaşayırdılar. Ah, nə olardı ki, mən də onlar kimi olsaydım!
Onsuz da böyük əmimdən olsaydı, mən də onlardan biri olacaqdım. O, mənə altı yaşımdan fars və ərəb dili müəllimləri tutdu, hər axşam dərslərimi özü yoxlayardı. “Mənim oğlum ağıllı olacaq” deyə məni oxşayardı. Kim bilir, bəlkə də, olacaqdım!
Fəqət təəssüf ki, mənim bu səadətə çatmağıma o zəif, incə anam mane oldu. Tayfa başçısı, cüssəli əmim Mirzə Məhəmmədlə, onun yanında oturmağa, niqabını açmağa cürət etməyən zərif anam arasında və mənim ətrafımda gizli bir mücadilə başlamışdı.
Anamın axundlardan, mollalardan xoşu gəlməzdi. Şübhəsiz ki, o da dindar idi, “Fatma köləsi” idi. Fəqət onun dindarlığı köçəri bir türkün düşüncəsinə hopmuş bir iman idi. O, Allahı da, peyğəmbəri də, din adamlarını da gəzdiyi və gördüyü çaylar və dağlar kimi dumduru, apaçıq, bəzəksiz-düzəksiz görmək istəyərdi. Axundların, mollaların əcaib qiyafətləri, sarıqları, cübbələri, nalınları da xoşuna gəlməzdi: “Bunlar hiylədir, aldadıcı şeylərdir, mən oğlumu elə görmək istəmirəm” deyərdi.
Üstəlik anamda bir ambisiya
vardı. Rus çarı Varşava savaşına gedərkən
əsgər aparmadığı
çərkəs, ləzgi,
osetin və türk bəylərindən
hərəsindən bir
könüllü alay istəmişdi. Qarabağdan göndəriləcək
alay təşkil
edilərkən anamın
qohumlarından biri də seçilmişdi.
Bu şəxs bir neçə il
Lehistanda və Peterburqda qaldıqdan sonra məmləkətə
dönmüşdü. Rusca öyrənmişdi
və çiyinlərinin
üzərində parlaq
bir apolet gətirmişdi. O zamandan
bəri Qarabağa rus böyüklərindən
kim gələrsə,
onun evinə gedər, onunla görüşər və
xalqı da onun vasitəsiylə dinləyərdi. Bütün ailəsi, qohumları
onunla öyünərdi,
şərəflənərdi. Anam məni də onun kimi görmək
istəyirdi. Arzu
edirdi ki, rusca oxuyum, çiyinlərimdə
apolet parıldasın,
yerlilərdən dərdi
olanlar anama sığınaraq məndən
mədət istəsinlər!!!
Anam bu arzusunu həyata
keçirəcək, mənim
yolumu Kərbəlayi Mualladan, Nəcəfül
Əşrəfdən Peterburqa
və Parisə doğru çevirəcəkdi.
Ah, məni gözünün bəbəyi
kimi sevən, yumşaq qəlbli, incə ürəkli anam, nə etdin!
Niyə bu fəlakətli yolu mənə rəva gördün?
Şübhə varmı? Nələr
çəkəcəyimi bilmiş
olsaydın, canından
çox sevdiyin övladını bu cəhənnəm yoluna dürtməzdin! Mən də digərləri kimi Kərbəlaya, Nəcəfə gedərək
axund, molla və ya əmimin
dediyi kimi müctəhid olardım! Nargiləni tüstülədərək imamın
elmindən, Mehdinin qeybeti-kübrasından bəhs
edə-edə bu fani dünya həyatını rahat şəkildə başa vurardım.
Anam necə etdi, bu gün də
bilmirəm. Qonşuluqda yaşayan qoca
Kərbəlayi Bahar nənə vasitəsilə
bir erməni müəllim tapdı.
O, mənə rusca dərs verəcəkdi...
Dilqəm Əhməd
Türküstan.-
2018.- 10-12 fevral.- S.12-13.