Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
MIRZƏ
ŞƏFİ VAZEH
II YAZI
M.Ş.Vazeh
haqlı olaraq yazırdı ki, nə din alimi, nə də
şair ömür-gününü cəhənnəm-cənnət,
gül-bülbül, hicran-vüsal və bunu kimi digər məsələlər
üzərində düşünərək keçirməməli,
gerçək həyatı görməyi bacarmalı,
yaxşılıqları o dünyanı qazanmaq
üçün deyil insanlıq naminə etməlidir. Bu
anlamda insan həyat yaşamında daxili inam, etiqad prinsiplərinə
əməl etməklə yanaşı, real dünyanın
şərtlərinə də uyğun olaraq ağıllı
hərəkətlər etməlidir. Çünki insanın
taleyində yalnız şərmi ya da xeyirmi baş verəcəyini
gözləyərək yaşaması qədərçilikdir
ki, bu da onu gerçək dünyanın şərtləri ilə
ayaqlaşmasına əngəl olur.
Vazeh
yazır:
Xeyirmi,
yaxud da şərmi gözləyir bizi
Sonra
taleyimizdə?
Məni
qorxu götürmür,
Kim
ağılla yaşayır, xoşbəxt insandır
Və
gələcəkdə də olacaq,
Həmişə
əsrdən-əsrə!
Vazehin
başqa bir şeirindən də görürük ki, onun
dünyagörüşündə islamlıqla bağlı əsas
problem haqq-ədalətin, əxlaqi dəyərlərin tərəfdarı
kimi çıxış edən İslam dini ilə
bağlı deyil, həmin dinin çətiri altında min bir
hoqqalardan, kələklərdən istifadə edən riyakar
ruhanilərin, məddah və boşboğaz şairlərin əməlləridir.
O, hesab edirdi ki, göylərə ucalıb budağı yerə
dəyməyən sərv ağacı azadlığın rəmzi
olub heç bir fırtınaya baş əyməsə də,
ancaq onun kölgəsinə sığınıb üstəlik
onu gəmirən qurdların olması da
qaçılmazdır. Deməli, ümid qülləsi olan
İslam dini sərv ağacı kimi nə qədər müqəddəs
olsa da, onun da kölgəsində özünə yer
tapmış saysız-hesabsız ikiüzlü ruhanilər, məddah
şairlər vardır.
O,
yazır:
Bir
yaşıl qüllədir – ümid qülləsi,
Ucalıb
təpəsi ərşə dayanar.
Altında
gəmirər qurdlar məzarı,
Üstündə
ulduzlar səyrşib yanar.
Bütün
bunlardan çıxış edərək deyə bilərik
ki, Vazehin müsəmanların ümid qülləsi olan məscidlərdən
yan qaçmasına səbəb İslam dini deyil, İslam
dininin kölgəsinə sığınıb daha sonra da onu
içdən gəmirən “qurdlar”, yəni ikiüzlü
ruhanilər, müctəhidlərdir. Bu anlamda o, İslam dininin
saf mahiyyətini xalqa çatdırmayan yalançı ruhanilərə,
ikiüzlü mollalara nifrət etdiyi üçün ümid
qülləsi olan məscidə getmədiyini yazırdı:
Bir
gün gedirdim mən bir dalda yolla,
Nəqafil qarşıma çıxdı bir molla.
- Ay mirzə,
xeyr ola nə olmuş yəni,
Heç görmək olmayır məsciddə səni?
-
Çünki əziz dostum, qaralır qanım,
Səni görən kimi azır imanım.
Buradan açıq şəkildə görünür
ki, Vazehin etirazı İslam dininə, onun ibadət yeri olan məscidə
deyildir. O,
Allahın və onun dininin adından sui-istifadə edən
ruhanilərə, mollalara etiraz olaraq məscidə getmir,
çünki Allahın adıyla şər iş görənlər
həm də məscidi ayaqlayır və İslam dininə zərər
verirlər.
O
yazır:
Mən
belə dedim gələn riyakarlara:
Kim özünə hörmət edir, Allaha pərəstiş
edir.
Amma kim Alahın adıyla şər iş
görür,
Qabacasına müqəddəs bir şeyi – məbədi
ayaqlayır.
Eyni zamanda Vazehə görə, İslam dininin
qayda-qanunlarında müsəlmanların hər hansı bir
işi məcburiyyətlə, zorla həyata keçirilməsi
doğru sayılmadığı halda, ancaq zaman-zaman vəziyyət
dəyişilmiş, könüllülük məcburiyyətə
çevrilmişdir. Ancaq Mirzə Şəfi dinin vicdani və
əxlaqi məsələ olduğunu başa
düşdüyü üçün müsəlmanların,
o cümlədən də müsəlman qadınların zorla
nəyə isə məcbur edilməsini qəbul etməmişdir.
Məsələn, o, qadınların zorla
çadraya bürünməsini doğru görməmiş,
bunun könüllülük əsasında həyata
keçirilməsini çox vacib hesab etmişdir.
O,
yazır:
Tulla gəl
çadranı.... görünsün üzün
Gül də gizlədərmi de bağda özün?!
Səni
qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
De, bunca lətafət,
bunca məlahət,
Solsun dar
qəfəsdə neyçün, nəhayət!
Tulla gəl
çadranı... bilsin ki dünya
Yoxdur yer üzündə sənin tək afət.
Qoy sənin
nəzərin hər yana baxsın,
Baxışın qəlbləri yandırıb
yaxsın.
Bu cür
görüşləri ilə Vazeh öz dövrü
üçün həm milli, həm də yaradıcı,
islahatçı bir şəxsiyyət idi. Vazeh bir müəllim kimi xalqına ikiüzlü
mollaların, müftilərin deyil, yenilikçi-dünyəvi
və milli ruhlu mütəfəkkirlərin yoluyla getməyi məsləhət
görürdü. Bu anlamda Vazeh gələcək
həyatı ya da axirəti, cəhənnəmi
düşünüb yaşamağı deyil, gerçək
aləmin problemlərinə qarşı mücadilə etməyi
daha məqbul hesab edirdi.
O,
yazır:
Axmaqlar gələcək
həyat üçün hüzn edirlər,
Burada
yaşamırlar, amma yaşadırlar, bilməlisən!
Müfti
cəhənnəm və cinlərlə qorxudur,
Amma
ağıllı ol və məyus olmamalısan!
Müfti
inanır: o hər şeyi yaxşı bilir.
Amma Mirzə
Şəfini inandırmamalıdır!
Əxlaqi-estetik görüşləri. Onun
dünyagörüşündə əxlaq-estetik problemə də
aid olan həqiqət, xeyirxahlıq, düzlük, təvazökarlıq
mühüm məsələlərdən biri olmuşdur.
Vazeh hesab edirdi ki, ədalətin, haqqın,
xeyirxahlığın olmadığı bir dünyada zor,
güc hesabına nəyə isə nail olmaq nisbidir.
O
yazır:
İti
qılınc sürüşərək düşsə
yatağa,
Üzü yumşaq ipək üstən sıçrar
qırağa.
Bu
dünyada kəskinlikdən, zor, gücdən artıq
Səmərə verər xeyirxahlıq və
mehribanlıq.
Bu anlamda
Vazeh tutduğu yenilikçi mahiyyətli mövqeyindən
heç bir zaman geri çəkilməmiş, öz təbrincə
desək həqiqəti söyləyib min təhlükə,
min tufan qopmasına hazır olmuşdur:
Qoy sən
həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl
baxma bunlara, ey Mirzə Şəfi!
Uca tut
daima arı, şərəfi,
Həqiqət
bir şeydir gözəllik ilə,
Olarmı gözəllik gəlməsin dilə?
Cəzadan,
təqibdən olmaqçün uzaq,
Bəzən sözlərni söyləmə
çılpaq.
Asta ol,
özünü daim gözlə sən,
Acı sözünü də, de xoş sözlə sən.
Yaxud da:
Düzlüklə
alçaqlıq çarpışan zaman
Alçaqlıq nədənsə qazanır hər an.
Çünki
alçaqlarçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.
Mütəfəkkirə görə, insan əxlaqında
dargörüşlülük doğru deyildir. Çünki
dargörüşlülük ya da eqoizm onun
düzgünlüyünə, xeyirxahlığına əngəl
olacaqdır.
O
yazır:
Sən
öz mənliyinin dar sarayından
Kənara
çıxmasan, ey dostum, inan,
Anla ki,
ömründə ola bilməzsən
Düzlük evində də, bir dəfə mehman.
Vazeh hesab edirdi ki, heç bir insan həqiqətdən,
düzlükdən qaça bilməz. Yəni hər
bir insan gec-tez bir gün həqiqətlə, düzlüklə
üzləşib əsil gerçəkliyi biləcəkdir.
O, buna misal kimi, qoca mollanın arvadını göstərir. Belə ki, qoca molla hər zaman coşub daşan
arvadına bir gün güzgünü divardan
götürüb qorxunc sifətini özünə göstərir.
Öz qorxunc sifətini gördükdən sonra
həmin arvad qoca mollanın evini tərk edib görünməz
olur.
Vazeh,
yazır:
Sənin
də, ey Şəfi, bu nəğmələrin,
Əks edir hüsnünü axmaq kəslərin.
Dünyada
eybinə kor olmayanlar,
Görüb bu güzgüdə özünü anlar.
Vazehin dünyagörüşündə əxlaq məsələsi
ilə bağlı bir-birinə daban dabana zidd olan müdriklik
və cahillik, ağıllıq və axmaqlıq məsələsi
də öz əksini tapmışdır. O, müdrikliyinmi yoxsa cahilliyinmi
xoşbəxtlik olmasını belə şərh etmişdir:
Müdriklik
adamı çox xoşbəxt edər,
Lakin elm artdıqca, çoxalar kədər.
Bu
dünya üzündə xoşbəxtdir axmaq,
Aqil həsəd etməz ona da ancaq.
Yaxud da:
Şikayətmi
edim, gülümü, bilməm
Dünyanın yarısı dərakədən kəm.
Edir
utanmadan, eyləmədən ar,
Mini bir axmağın sözünü təkrar.
Yox! Səni
mədh edim, qoy ey Yaradan,
Ki, tutmuş dünyanı bu qədər nadan.
Etməsəydin
bizə bu mərhəməti,
Olmazdı ağlın da qədri, qiyməti.
Şair-mütəfəkkirə
görə, məhz Yaradan bilir ki, niyə bu dünyada bu qədər
nadanla yanaşı müdrik də var. Çünki bu
dünyada nadan, axmaq olmasa idi, o zamanı müdrikin, aqilin qədr-qiyməti
də bilinməzdi. Hər halda dünyada
yaxşılığın, xeyirxahlığın, əməksevərliyin
əsil mahiyyətini nadan deyil, müdrik insan dərk edir.
Yalnız müdrik insan daim çətinliyə
sinə gərdiyi halda, nadan isə asana
qaçmışdır.
O,
yazır:
Ey bəşərin
xilasına edilən kömək, -
Ey
göylərin ilk töhfəsi, sevimli əmək!
Sənə xidmət edənlərə təsəlissən
sən.
Müdriklərin ilk arzusu, ilk istəyisən.
Ancaq nadan
çətin işdən qaçar asana,
Məhv
olardım dirənmdən min yol asana!
Ey
göylərin ilk vergisi!.. İnan ki, sənə
Daim sadiq qalasıyam gedincə sinə.
Vazehin dünyagörüşündə milli adət-ənənələrə
böyük hörmət və sədaqət vardır. Bizcə,
şair-mütəfəkkir təhrifə
uğradılmış adət-ənənələrimizə
sahib çıxmağın tərəfdarı olmuşdur.
O,
yazır:
Kişisən,
var isə səndə cəsarət,
Olsun xislətində
belə bir adət:
Yaxşlıq
edənə yaxşlıq eylə
Cavab ver yamana yamanlıq ilə.
Yaxud da:
Namusa,
qeyrətə sataşanları
Əfv edən, əslində zəif adamdır.
Yumşaqlıq
yaraşır qadın qəlbinə
Kişininki
isə bil, intiqamdır!
Milli-dini adət-ənənələrimizlə
bağlı məsələlərdən biri də,
başqaları barəsində eşitdikləri pis sözləri
yaymamaq, yəni yıxılana balta vurub evini yıxmamaq, əksinə
mümkün olduğu qədər yardım əlini
uzatmaqdır.
O,
yazır:
Başqasının
barəsində pis söz eşitsə,
Onu yayma bir zaman möhkəm saxla sən.
Asandırsa
başqasının evini yıxmaq,
Çox
çətindir amma, daşı daş üstə
yığmaq!
Eyni zamanda, Vazeh yazırdı ki, insani keyfiyyəti
daşıyan hər bir kəs, başqasının pis cəhətlərinə
görə sevinməməklə yanaşı, ancaq özgələrin
sevinclərinə də kədərlənməməlidir. Bir sözlə,
insan necə ki, gülüstandan əsib gələn ətirli
küləklərdən ürəkləndiyi, ancaq
bataqlığın üfunətindən
qaçdığı kimi, bu dünyada başqalarının
nə kədərinə sevinməli, nə də sevincinə
kədərlənməlidir.
O,
yazır:
Gülüstandan
əsib gələn ətirli külək,
Əziz dostum, söylə sənə vermirmi ürək?
Niyə
onda bir xoş xəbər eşidəndə sən,
Özgəsinin sevincinə sevinməyəsən?
Bataqlığın
üfunətli, pis havasından
Axı dostum, kənar gəzib daim qaçırsan.
Onda vurma
bədxahlığın gölünə gəl, baş
Qeybət dolu məclislərədn qaçıb,
uzaqlaş.
Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Türküstan.-
2018.- 31 iyul-6 avqust.- S.6.