Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
QASIM BƏY ZAKİR
II Yazı
“Üsuli və şeyxi təriqət mollaların həcvi” şeirində Zakir üsuli və şeyxi qılığına girmiş mollaları daha kəskin şəkildə tənqid atəşinə tutmuşdur. Şairə görə, əgər təriqət mollalarının cavabı verilməzsə, bölgədə vəziyyət daha da ağırlaşa bilər. Çünki təriqət mollaları yalnız Qarabağda deyil, eyni zamanda Gəncə, Şəki, Şirvan və başqa yerlərdə də at oynadıb İslam şiəliyini gözdən salır, hərc-mərclik yaradırlar. Zakir yazır:
Hərcü mərc eylədilər məzhəbi-isna-əşəri,
Etdilər zirü zəbər bargəhi-iymani.
Hər əlif-bey oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhani.
Alimü fazilü ustad, müridü mürşid,
Nə qədər ki, görəsən dövrdə sərgərdani.
Həmə qovğaləri bəhri-dirəmü əqmişədir,
Həmə təqvaləri şali-əməli-Kirmani
Azərbaycan mütəfəkkirinə görə, üsulilərlə şeyxilərin başçıları özülərini imam elan edib bir tərəfdən bir-birləri ilə qovğa etsələr də, digər tərəfdən başlarından böyük iddialarla çıxış edirlər. Belə ki, bu təqiqətlərə inansaq hər şeyə qadir olan Allahın quru adı qalmış, özlərini imam elan edən Üsuli və Şeyxi imamalar isə az qala Allahdan da böyük qüdrətə malik imişlər. Zakir yazır:
Yenə filcümlə üsul ilə Üsuli danışır,
O ki, Şeyxi saf eylə dibdən urar baltani.
Etməyib şərmü həya göz görə Əbdülləha
Elər isbat sərasər sifəti-sübhani.
Bişü kəm xaliqü məxluqdə bir fərq gərək,
Eləsən nik nəzər – bunda təfavüt hani?
Bir quru isimdən özgə dəxi Həqqə nə qalır,
Lənət olsun sənə, ey münkiri-həqq ruhani!
Beləliklə, mütəfəkkirə görə üsulilərlə şeyxilər arasında xristianlıqda İsanı Allah hesab edənlər olduğu kimi, özlərini Allah səviyyəsinə qaldırıb Allaha şərik olanlar var ki, belələri din düşmənləridir. Çünki onların təlimlərində Allahla məxluqun bu cür eyniləşdirlməsi İslam dininə tamamilə ziddir. O, yazır:
Bəs deyilmi olalar vasiteyi-külli-vücud,
Bəs deyilmi məzhəri-feyzü kərəmi-rəbbani?
Bəs deyilmi olalar şafeyi-ruzi-ərəsat,
Bəs deyilmi səbəbi-fəthi-dəri-rizvani?
Nə rəvadır ki, dəxi bir də edək Həqqə şərik,
Biz imami, necə kim, qeyrilər İsani.
İki Ta(n)rı yenə mümkünmü süluk eyləyələr,
Gərək on dörd yerə bunlar bölələr dünyani.
Şübhəsiz, Zakirin üsuliləri, şeyxiləri Allah şərik qoşmaqda ittiham etmələri təsadüfi deyildi. Belə ki, hər iki təriqətin başçıları olan “imamlar” doğrudan da nəinki şiəlikdən, ümumiyyətlə İslam dinindən çox uzaqlaşaraq öz təlimlərinə uyğun dində dəyişikliklərlə, islahatlarla çıxış etmiş, çox keçmədən də İslamla uzlaşamayan bir çox müddəalar irəli sürmüşlər. Zakir də, məhz bunu nəzərə alaraq bir tərəfdən üsuliləri, şeyxiləri Allaha şərik qoşmaqda, digər tərəfdən isə onları xalq arasında din birliyini pozmaqda ittiham etmişdir. Zakir yazır:
Bu nə qovğa, bu nə kavuş, məgər görməmisən
Oxunan vəqtdə sən sureyi-Ərrəhman?
Şeyxi şəyyadi hərçənd, üsulidə də həm
Yoxdu bir mü qədəri mərifəti-insani.
Cümlə bədkarü dilazarü mühilü kəzzab,
Cümlə bidüni süxənçinü şərarət kani.
Əllərində hamının səbhəyi-səddanələri,
Dillərində hamının şamü səhər yalani.
Zakirin tənqid hədəfləri arasında ikiüzlü ruhanilər, üsulilər, şeyxilər deyil, eyni zamanda həyasız dərvişlər, qələndərləri də olmuşdur. Məsələn, o, “Həyasız dərvişlər haqqında” hekayəsində göstərir ki, bir qoca dərviş yoxsul olan gənc bir qadının qapısını döyərək “Məddahi-Əlinin” payının gətirilməsini tələb edir. O, yazır:
Təbərzinin döyüb yerə, dedi: “dur!
Məddahi-Əlinin payına gətür!”
Biçarə çiyninə qoyub başını,
Abi-niysan kimi tökdü yaşını.
Qadın isə Həzrət Əlinin məddahına başa salır ki, evdə yeməyə heç bir şey yoxdur, iki gündür dilinə çörək dəymir. Ona görə də, dərvişin həyasızlıq edib zorla yemək istəməsi, üstəlik iftiralar atması doğru deyildir. Zakir, qadının dilindən dərvişə deyir:
Qaraçılar kimi at basa-basa,
Dərdi-sər yetirib mərdə, ünasa,
Verməyənə qaş-qabağın tökürsən,
Kiminin üstünə çomaq çəkərsən.
Qoyubsunuz adınız hərçəndi dərviş,
Dərviş ona derlər ola nikəndiş.
Eyni zamanda, qadın dərvişə deyir ki, diyar diyar gəzib qapı-qapı dilənçilik etmək Həzrət Əlinin yoluna da tərs gəlir. Hətta, Həzrət Əli özü belə bu cür yol tutanları qəbul etməmişdir.
Onunçün buyurub cənabi-Əli
Sinfi-qələndəri hərcayi, dəli.
Oruc tutmaz, namaz qılmaz, üz yumaz,
Qapıdan çantayı dolmamış durmaz.
Zakirin tənqid hədəfləri arasında məhərrəmlik və digər dini mərasimləri düzgün başa düşməyənlər də var idi. Çünki bu cür dini mərasimlərdən sui-istifadə edən bəzi din xadimləri həm xalqı çapıb-talayır, həm də onların özlərinə xəsarət yetirmələrinə şərait yaradırdılar. Onların məqsədi dində öz əksini tapmış cəhənnəm qorxusundan istifadə edərək, daima kütləni öz əllərində saxlamaq olmuşdur. Əslində isə həmin ruhanilər üçün nə məhərrəməliyin, nə də orucluğun heç bir dəyəri yoxdur. Belə ki, onlar məhərrəmlikdə şənlənməyin şəriətlə haram olduqlarını bəyan etsələr də, özləri buna əməl etmirlər.
Zakir yazırdı:
Vaiz bizə söylər şəri-Müstəfa;
Həramə mürtəkib olmayın əsla!
Özü lüm-lüm udur batində, əmma
Zahirdə
dediyi mənaya bir bax!
Zakirin
fikrincə, riyakar ruhanilərin islama, o cümlədən imam
Hüseynin şəhadətinə uyğun olmayan bu əməlləri
isə müsəlmanların öz dinlərinə olan
inamını və imanını azaldır. Çünki
şəriətin buyurduqlarına din xadimləri əməl
etməzlərsə, avam və cahil rəiyyət də etməyəcəkdir.
Zakir
yazırdı:
Kimdi baxan
peyğəmbərə, imamə,
Bu
dağılmış düşən deyil nizamə!
Orucluqda
şürbi-meyi-gülfamə,
Mahi-məhərrəmdə
zinayə bir bax!
Şair
açıq şəkildə yazırdı ki, İmam
Hüseyn (ə) eşqinə Kərbəlaya gedib adını
kərbəlayı qoyanlar min oyundan çıxırlar. Belə
ki, bu yalançı kərbəlayılar din adından
xalqın malını oğurlamaq, başqalarına böhtan
atmaq və sair əməllərlə məşğuldurlar.
Zakir
yazırdı:
Kərbəla
yolunda qatır oğrusu,
Saf əlindən
salıbdır məni, doğrusu;
Günbəgün
enlənir budu, sağrısı,
Səksən
yaşındadır, hamıdan qıvraq.
Onun
fikrincə, İslamın adından məhərrəmlikdə,
oruculuqda və digər dini mərasimlərdə xalqı
aldadan mollaların, axundların və başqa yalançı
din xadimlərinin Kərbəla müsibətində imamı qətlə
yetirənlərdən heç bir fərqi yoxdur.
Çünki imamı qatilə yetirənlərlə, bu
gün Aşura günündə onun adından sui-istifadə
edənlər mahiyyət etibarilə bir-birlərinin eynidirlər:
Təqəllübdə,
məllüqdə ustadsan,
Doğru
sözün yoxdu, gizbə mötadsan;
Qatili-imamsan,
İbni-Ziyadsan,
Lazımdır
eyləmək əlhəzər səndən.
Zakirə
görə hətta, müəyyən mənada
yalançı axundlar və mollalar imamın qatillərindən
də qəddardırlar:
Vilayətə
salıbdılar şur-şeyn,
Şərbət
tək içirlər dəmül-əxəveyn;
Bunların
yanında qatili-Hüseyn
Zimmədən
bəridir ruzi-əsarət.
Zakir təəssüflə
qeyd edirdi ki, yalançı axundlar və mollaların məhərrəmlikdə
həyata keçirdikləri islama zidd əməlləri
artıq bir adət şəklini almışdır. Belə
ki, artıq onları bu cür ağılasığmaz əməllərinə,
xüsusilə zəncir vurmaq, baş yarmaq, Şəbih gəzirmək
və sairə görə heç kəs sorğu-sual etmir.
Zakir
yazırdı:
Soran
yoxdur münəccimdən: nədir bu əmrin ehkamı
Ki, hər
mahi-məhərrəmdə bular bir səngəsar eylər?
Zakir
şeirlərində yalnız riyakar ruhanilərin əməllərini
deyil, şəriət məhkəmlərində baş verən
özbaşnalıqların da iç üzünü
açıb göstərmişdir. Onun fikrincə, şəriət
məhəkmələrində baş verən
özbaşnalıqların nəticəsidir ki, artıq
dövründə heç kəs məhkəmə işlərini
aparan qazıya inanmır. Çünki xalqı xarab edən,
quldurluğu və oğurluğu təşviq edən həmin
qazıların özüdür. Xüsusilə də o, “Elat əhlinin
tərifi və qazının əsl-nəsəbi haqqında”,
“Qarabağ qazısı” və başqa şeirlərində
yazmışdır ki, pis əməllərinə görə
qazılar xalq arasında hörmətdən
düşmüş və lağlağı obyektinə
çevrilmişdir:
Eyləyibdir
yenə, mən heç nə bilməm, qazi,
Xəlq
arasında olubdur belə mülzəm qazi.
Yaradıbdır
onu ol xaliqi-əşya bieyb,
Dari-dünyada
bu surət tapılır kəm qazi.
Qazi hər
yerdə olur biməzəvü bədhərəkət,
Şükr-illah
ki, bu həm baməzədir, həm qazi.
Zakirin
fikrincə, xalqı xarab edən oğurlardan, quldurlardan daha
çox iküzlü qazılar, ruhanilərdir. Çünki
məhkəmələrdə qazılar haqqı deyil,
onları pulla satın alan oğurları, quldurları
müdafiə edirlər. Zakir yazır:
Ondan mən
gördüyümü görmüşəm, indən
böylə
Etməzəm
taət ona gər ola qibləm qazi.
Haradan gəldi,
bunlar, eylədilər xəlqi xərab,
Biri der
müctəhidəm, biri müsəlman qazi…
Qazi
lazımdı deyə məhkəmədə şəri-nəbi,
Nə ki,
gəşt edə cahanı minib ədhəm qazi.
Zakir bəzi
şeirlərində qazıları, mollaları haqq yoluna,
İslam qaydalarına əməl etmələrinə
çağıraraq, müəyyən mənada onların
düzələ biləcəyinə inamını ifadə
etmişdir. Zakir hesab edirdi ki, əgər qazılar, ruhanilər
Qurani-Kərimin mahiyyətini həqiqi mənada dərk etsələr,
doğru olmayan işlərə əl atmazlar. Bu səbəbdəndir
ki, şairin özü də çıxış yolunu
İslam dininin əsil mahiyyətinə, milli mədəniyyətin
özünə qayıtmaqda görmüş və onların
qayda-qanunlarına olduğu kimi əməl edilməsini vacib
saymışdır. O inanırdı ki, bütün hallarda
qiyamət günündə ədalət bərpa olunacaq və
hamı öz yaxşı və pis əməlinə görə
hesab verəcəkdir:
Həzrəti
İsmail olsun dəlilin,
Yetiş
imdadına piri-əlilin;
Necə fərzəndinə
ol dəm Xəlilin
Cəbrail
gətirdi qurbandan mədəd.
Əsasi-qiyamət
olanda bərpa,
Kimdir
ğövrə yetən ondan masiva;
Sərdəftəri-rəsul,
Xətmi-Ənbiya
Tənzili-ayeyi-Qurandan
mədəd.
Yaxud da:
Qibleyi-hacətə
qıxıb özümü,
İmamzadəyə
sürtüm üzümü,
Xak olan tənlərə
tikib gözümü,
Olam
sağlığıma peşiman, gəzim.
“Görün
bu çəxri-dunpərvər nə növi ruzigar eylər”
şeirində də Zakir müsəlman xalqlarının
düşdüyü geriliyi, cəhaləti,
avamlığı, nadanlığı eyni zamanda buna səbəb
olan riyakar molalları, qaziləri, divanbəyləri tənqid
etməklə yanaşı, bütün bunlardan
çıxış yollarını da göstərmişdir.
Zakirə görə, ciddi yanlışlıqlar nəticəsində
müsəlmanlar vaxtilə yəhudilərin, xristianların
yaşadığı pis vəziyyətə düşsələr
də, İslam dünyası geriləyib “zülmətə” qərq
olunsa da, onu yenidən zülmətdən
işıqlığa çıxarmaq mümkündür. O,
yazır:
Dönüb
vəzi-zəmanə, fərq edən yox ziştü
ziybanı,
Seçən
yoxdur müsəlmandan yəhudü gəbrü tərsanı,
Zühur
et, ey şəriət təxtinin şayəstə sultanı,
Götür
bürqə əmalından, münəvvər eylər
dünyanı,
Qalıb
zülmətdə aləm, göz yolunda intizar eylər.
Tannımış
ədəbiyyatşünas alim, «Azərbaycan türklərinin
ədəbiyyatı» kitabının ilk müəllifi Firidun bəy
Köçərliyə görə, milli şair olan Zakirin
yaradıcılığı Mirzə Fətəli Axundzadəyə
mühüm təsiri göstərmişdir. F.B.Köçərli
yazır: “Zakir xalqının dilini və dolancağını
çox yaxşı bildiyi üçün Mirzə Fətəliyə
yazdığı namələrdə özünün həqiqi
milli bir şair olduğunu göstərmişdir. Mirzə Fətəli
isə hər şeydən artıq dost tutduğu öz millətinin
sadə dili və və sadə dolanacağı olduğu
üçün Zakirin bu milli ruhuna və milli ədasına
artıq dərəcədə əhəmiyyət verərmiş”.
Köçərlinin fikrincə, hətta Axundzadə bir
neçə komediyasını Zakirin nəqlindən sonra
yazmışdır: “…bəzilərin rəvayətinə
görə, «Hacı Qara» təmsilatının əslü
binasını və Mərdi-xəsisin keyfiyyətih
halını Mirzə Fətəliyə mərhum Qasım bəy
nəql edibdir və həmçinin həkimi-nəbatat
Müsyö Jordanın sərgüzəştinə dair bir
para təfsilatı mərhum Axundzadə Zaikrin dilindən
yazıbdır. Vəli Mirz Fətəli bu hekayətləri qəribə
bir dona geydirib, mislü bərabəri olmayan komediyalar
vücuda gətiribdir”. Bizcə, Zakir də Bakıxanov, Vazeh,
Qutqaşınlı kimi yeni nəsildə yenilkçi islami və
milli ruhun oyanmasında mühüm rol oynamışdır.
Zakirin Türk dilindəki qəzəllərini Füzulinin qəzəllərinə
bərabər tutan F.Köçərli daha sonra yazır:
“Qasım bəy Zakir həqiqi bir milli şair imiş. Öz əsrinin
aynası olubdur və məişəti-milliyəsini – necə
ki, var imiş, – eyni ilə yazıb, bizim üçün
böyük bir yadigar qoyubdur. Öz əsərində
şayani-diqqət olmuş olan bir şey qoymayıbdır ki,
ona əl aprmamış olsun”.
Zakirin dünyagörüşü
haqqındakı fikirlərimizi
ümimiləşdirərək hesab edirik ki, o, sxolastik fəlsəfi
təfəkkürdən elmi-fəlsəfi təfəkkürə
keçiddə müyyən rol oynaya bilmişdir. Belə ki, o, dini-fəlsəfi
və ictimai-siyasi məsələlərə yanaşmada nisbətən
yenilikçi-dünyəvi mövqedən
çıxış etmş, istər riyakar ruhaniləri, istərsə
də despotik çar məmurlarını bacardığı
qədər cəsarətlə tənqid etmişdir.
Xüsusilə, çar Rusiyasını və onun məmurlarını
dolyasıyla da olsa, müstəmləkəçilikdə,
despotizmdə ittiham etməsi mütəfəkkirə baha
başa gəlmişdir. Bu anlamda Zakirin Şuşadan Bakıya
sürgününə səbəb yalnız qardaşı
oğluyla kürəkəninin çarizmə qarşı
milli ruhlu əməlləri deyil, eyni zamanda onun in
özünün də bir çox şeirlərində
dolayısıyla da olsa çar Rusiyasının müstəmləkəçiliyinə,
zülmkarlığına, ədalətsizliyinə etiraz etməsi
olmuşdur. Ona görə də, Zakirin
dünyagörüşündə öz əksini tapan
ictimai-siyasi məsələlərin xüsusi çəkisnin
olduğuna inanırıq. Eyni zamanda, o, fəlsəfə və
onun əsas problemləri ilə birbaşa maraqlanmasa da, ancaq
onun sxolastik təfəkkürü tənqid edərək
elmi-fəlsəfi təfəkkürə meyil etməsi də
açıq hiss olunur. Hər halda Zakir bir tərəfdən
İslam dininə, bu dindəki Allah anlayışna, Qurani-Kərimə
və digər məsələlərə
bağlılıqla yanaşı haqq yolunu azmış riyakar
ruhaniləri, təriqətləri də kəskin şəkildə
tənqid etmişdir. Başqa sözlə, Zakir
İslam dininin artıq riyakar ruhanilərin və despotik
müsəlman rəhbərlərinin əlində oyuncağa
çevrilməsi təhlükəsini görmüş və
buna qarşı mücadilə etmişdir.
Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Türküstan.- 2018.- 15-20 iyun.- S.6.