Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
MİR MÖHSÜN NƏVVAB
I YAZI
Ensiklopedik (tarixçi, şair, ilahiyyatçı,
rəssam, xəttat, musiqiçi) biliyə malik mütəfəkkirlərimizdən
Mir Möhsün Nəvvab
(1833-1919) 1833-cü ildə Şuşada dünyaya gəlmişdir. O, doğma dili türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars
dillərini də mükəmməl bilmiş,
yalnız dini elmləri deyil dünyəvi elmlərdən
(riyaziyyat, kimya, coğrafiya, astronomiya, tarix və b.) də dərindən xəbərdar olmuşdur.
Müəllimliklə məşğul olmaqla yanaşı, o,
1872-ci ildə “Məclisi
fəramuşun” (“Unudulmuşların
məclisi”) adlı ədəbi-bədii məclis
yaratmışdır ki,
onun da ömrü
20-ci əsrin əvvəllərinə
qədər sürmüşdür.
19-cu
əsrin sonlarında şəxsi mətbəəsini yaradan Nəvvabın
təşəbbüsü ilə 1903-cü ildə
Şuşada qiraətxana-kitabxana da
açılmışdır. Türk, ərəb və fars
dillərində 30-dan yuxarı əsərin müəllifi
olan Nəvvabın əsas əsərləri
aşağıdakılardır: “Bəhrül-hüzən”,
“Təzkirə”, “Divan”, “500 nəsihət”, “Nürul-ənvar”,
“Kənzül-mühən”, “Məzamir”, “Ziyaül-ənvar”,
“Müseyibnamə”, “Şəmsül-hidayə”, “Şərhi-üstürlab”,
“Məzlumnamə”, “Kəşfül-həqiqə” və b.
Dini-fəlsəfi görüşləri. O, İslam-Şərq mədəniyyətinə və milli xüsusiyyətlər münasibətdə A.A.Bakıxanov, İ.Qutqaşınlı, Nigarinin yolunu tutmaqla yanaşı, onlara nisbətdə bu məsələlərdə daha çox mühafizəkarlığa meyil göstərmişdir. Hələ, 19-cu əsrin ikinci yarısında tanınmış mütəfəkkir Həsən bəy Zərdabinin qurucusu olduğu «Əkinçi» qəzetinə (1875-1877-ci illər) göndərdiyi yazılarında Nəvvab İslam dininin mühafizəkar müdafiəçisi kimi çıxış etmişdir. Onu «Əkinçi»yə məqalələr yazmağa sövq edən amil həmin dövrdə bu qəzetdə dünyəvi elmlərin, yoxsa dini elmlərin zəruriliyi ilə bağlı gedən müzakirələr olmuşdu. H.Zərdabinin başlatdığı bu müzakirələrdə Azərbaycan Türk ziyalıları iki - mütərəqqi və mühafizəkar qismə parçalanmışdır. Zərdabi başda olmaqla bir çox mütərəqqi ruhlu mütəfəkkirlərimiz (S.Ə.Şirvani, Ə.Gorani və b.) hesab edirdilər ki, dini elmlərlə yanaşı, dünyəvi elmlərində öyrənilməsi də zəruridir.
Ancaq dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsində islam elmlərini önə çəkən, bu mənada dünyəvi emləri də onun tərkib hissəsi kimi görən M.M.Nəvvab «Əkinçi»yə «Hadimül-Qəvaid» imzası ilə göndərdiyi bir məqaləsində H.Zərdabiyə, S.Ə.Şirvaniyə və başqa mütərəqqi ruhlu mütəfəkkirlərə üz tutaraq yazırdı ki, hər bir müsəlman ilk növbədə şəriəti bilməli və ona əməl etməlidir. Onun fikrincə, müsəlman şəriəti bilərsə, artıq onun dini ayin və mərasimlərlə bağlı əməlləri də buna uyğun olacaqdır. Məsələn, əgər bir müsəlmanın İmam Hüseynə (ə) sevgi əlaməti olaraq başını yarıb-yarmaması onun ağılsızlığına, nadanlığına dəlalət edə bilməz. Nəvvab hesab edirdi ki, bu işi görənlər hansı məqsədlə etdiklərini yaxşı anlayırlar: «Ağıllı şəxslərin baş çarpmağa mübaşir olmamağı aşkar böhtandır, bəlkə əla və ədnadan hərə bir tövr mübaşir olur. Bir parası baş çarpır, bəzi təbl ya sinc çalır, bəzi sinəzənlik edir. Qərəz, hər kəs öz əhvalına münasib bu əhvalata şərikdir».
Nəvvabın fikrincə, kimsə İmam Hüseyn (ə) yolunda baş yarmağı, onun üçün göz yaşı tökməyi divanəlik, axmaqlıq kimi görürsə yanılır: “Xaricdən görən şəxs başçapanı divaniliyə həml etmək baş çapmaqlığın haramlığına dəlil olsa gərək. Biz namaz da qılmayaq, çünki çox şəxs bizim namazı da axmaqlığa hesab edir?”. O, iddia edirdi ki, başını yaran müsəlmanların nəinki bədəni zərər görmür, hətta baş çapmaq səbəbindən bir para naxoşluluqlardan salamat olurlar. Bütün bunların təcrübədə sübut olunduğunu yazan Nəvvaba görə, şəriət əqlin taxtındadır demək də iftiradır: “Şəriət əqlin təhtində olmaq məhz iftiradır, bəlkə əql şəriətin təhtindədir və əgər əql şəriətdən yuxarı olsa, murad əqli-küldür ki, xatəmül-ənbiya ola, nəinki üquli-naqisə”.
Nəvvaba görə, sübut olunmuşdur ki, baş yarmaqdan bədən ziyan deyil, xeyir tapır: “Təəccüb budur ki, Əhsənül-Qəvaid özü iqrar edir üləmanın baş çarpmağı mən (qadağan) eləməyinə və bu nöqtəni fəhm etmir ki, hərgah baş çarpmaq haram olsa, üləma başıaçıq, ayaqyalın baş çarpanların qabağına düşməz”. Beləliklə, Nəvvab belə bir qənaətə gəlirdi ki, kim İmam Hüseyn (ə) yolunda baş yarmağı, göz yaşı axıtmağı ziyanlı əməl sayırsa, onlar bütövlükdə İslam dininə, Peyğəmbərə (s) və onun Əhli-beytinə qarşı çıxmış olurlar.
Qeyd edək ki,
bu məqalədə əsas hədəf dini xurafatı və mövhumatı tənqid
edərək dünyəvi elmlərin öyrənilməsini təbliğ
edən başda H.Zərdabi olmaqla “Əkinçi” qəzeti idi. Həmin məqamda H.Zərdabini və “Əkinçi”ni
müdafiə edərək dünyəvi elmlərin təbliğinin
vacibliyini müdafiə edən
tanınmış mütəfəkkir Seyid
Əzim Şirvani bu
baxışlarına görə Nəvvabı tənqid etmişdir. S.Ə.Şirvani
“Əkinçi” də bu məsələ
ilə bağlı nəşr olunan bir şeirində Nəvvabı qəflət yuxusundan oyanmağa, əql
sahibi olmağa dəvət
etmişdir. O, yazırdı
ki, dini elmlərlə
yanaşı dünyəvi elmlərin vacibliyindən bəhs
edən “Əkinçi” qəzetinin müəllifləri, o cümlədən Zərdabi nə dinindən,
nə də imamlarından üz döndərməmiş,
əksinə, ağlı başında olan
müsəlmanlar kimi Peyğəmbərə
(s) və onun
övladlarına həmişə hörmətlə
yanaşmışlar. Seyid Əzim
yazırdı:
Kim deyir ağlama sən Kərbübəla sərvərinə?
Canımız cümlə fəda olsun onun Əkbərinə,
Ağladı ərzü səma təşnə ölən Əsgərinə,
Onu inkar edənin zatına lənət, Hadi!
S.Əzim Nəvvabı başa salmaq istəyirdi ki, burada
məqsəd nə imamları danmaq, nə də İslam dininə
qarşı çıxmaqdır. Əksinə, İslamı daha dərindən
öyrənib, başqa millətlər kimi tərəqqiyə
çatmaq və köhnəpərəstliyə son
qoymaqdır. Şirvani yazırdı:
Xaçpərəstlər
hamısı açdı gözün düşdü qabaq,
Dalda
qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq,
Bəs nə
vəqti bizə qismət olacaq göz açmaq?
Əqlə
gəl, Tanrıya bax, bəsdi bu qəflət, Hadi!
M.M.Nəvvab isə S.Ə.Şirvaninin bu fikirlərinə
cavab olaraq yazırdı ki, əgər o, doğrudan da Həzrət
Əlinin yolunda olsaydı dini ayinlərə və mərasimlərə
bu cür yanaşmazdı. Nəvvaba görə, əsil
müsəlman o kəsdir ki, Allahı, Peyğəmbəri (s)
və imamları yaxşı tanıyır və onların
yolunda canlarını əsirgəmir. O, yazır:
Cəddini
mədh edən vəqtə, əya alicənab,
Niyə
qarnına düşər sancı, edərsən təbü
tab,
Sən dəmən
kimi gözün yaşını tök, başını
çap,
Cəddini
yaxşı tanı, mərtəbəsin qan, Əzim!
Aç bəsirət
gözünü şahi-şəhidanə tərəf,
Baxgilan Kərbübəla
səmtinə meydana tərəf.
Məhliqa
canları gər tiği-cəfa ilə tələf,
Gör
ki, sən də olusan qanına qəltan, Əzim!
Nəvvab birmənalı şəkildə imamlar
üçün göz yaşı töküb
başlarını yararların doğru yolda olduğunu, bunun əleyhinə
çıxanların isə ancaq həcvə layiq olmasına
inanırdı. O, yazır:
Gər
yazım həcv sənə cümlə müsəlmanə dəyər,
Zəmm
daşın gər atam, şişeyi-imanə dəyər,
Bədən
hadis olan sədəmə yəqin canə dəyər,
Nə edim, çarə nədir, cuş qılır qan,
Əzim.
Qeyd edək ki, Nəvvabın imamlar məsələsində
bu cür mövqe tutması təsadüfi deyildi. Belə ki, həmin
dövrün əksər Azərbaycan mütəfəkkirləri
kimi, onun da yaradıcılığında Əhli-Beyt sevgisi,
Həzrət Əliyə və imamlara hörmət, o cümlədən
Kərbəla hadisəsi mühüm yer tutmuşdur. O, Həzrət
Əliyə olan sevgisini belə
ifadə edirdi:
Cədi-zülfün
səfheyi-rüxsarə yazmış, ya Əli,
Xali-hindu guşeyi-ruyində qənbər tək ləziz.
Xüsusilə,
Kərbəla hadisələrinə həsr etdiyi növhələrində,
o cümlədən “Məzlumnamə”sində İmam
Hüseynin şəhadətə yetirilməsini dini-mistik
çalarlarla ifadə edən Nəvvaba görə, Peyğəmbər
övladı şəhid olub qana batan zaman aləm
dağılmalı, dövran qana dönməli idi:
Aləm
xarab olaydı qana batanda Əkbər,
Qana
dönəydi dövran, peykan əməndə Əsğər,
Ah ol zaman
ki, düşdü bisər gülgün kəfənlər,
Cismi-şərifi
üryan, qana qəltan, Hüseyn vay!
Yaxud da o, yazır:
Kərbübəla
dəşti olub laləzar,
Nəşi-Hüseynim
qalıbdı biməzar.
Peykəri-üryani-şəhidan
fikar,
Eylə mədə,
ey məhi-rüfət, Əli!
Nəvvaba görə, həzrət Hüseyn öz şəhadətilə
İslam dininə rəvac vermişdir ki, bununla da müsəlman
dünyası yeni bir mərhələyə daxil olmşdur. O, yazır:
Ya
Hüseyn, ey xaki-payin aləmin başına tac,
Ey şəhadətlən
verən İslam dininə rəvac.
Etgilən
Nəvvabi-zarın dərdi-zarına əlac,
Cəzb qıl ta bilməsin dünya nədir, üqba nədir.
Yaxud da:
Ey qalan Kərbübəla
dəştiara zari-vəhid,
Yarü-ənsarını
öldürdülər bu qövmü-ənid.
Ah o dəmdən
ki, səni Şümri-şərir etdi şəhid,
Ey şəhi-Kərbübəla,
sibti-Rəsulüs-səqleyn,
Seyyidi-əhli-cinan, şəhreyi-əhli-hərəmeyn.
Ümumiyyətlə,
Nəvvabın yaradıcılığında uzun müddət
mühafizəkar “İslam mədəniyyəti”, xüsusilə
şiəçilik, imamilik təəssübkeşiliyi
mühüm yer tutsa da, onun dünyagörüşündə
ilahi sevgi də öz əksini tapmışdır. O, yazır:
Əlimdə
eşq tuğrası, sərimdə
yar sövdası,
Nə qəm,
məşhər günü, yara, sənin tək dadxahım
var.
Yaxud da:
Yox məlaməti-aşiqi-biçarə
gər candan keçə,
Bir belə
canan yolunda xanimandan keçə,
Bu degil
halva ki, molla dinü-imandan keçə,
Bəlkə bu sövdayi-kamili-gükruxan
sövdasıdır.
Hesab etmək olar ki, Nəvvabın bu şeirlərindən
sufizm iyi gəlir. Çünki Nəvvabı sevdalandıran ilahi bir
sevgidir ki, Musaya bu sevgi Turda təcəlla etmişdir. O, yazır:
Yar yenə
cilvə edib aləmə,
Cümleyi-əyadə
hüveyda nədir?
Ənfəsü
afaqa təcəllası var,
Turda
Musaya təcəlla nədir?
Cilvəsi
əşyalara gər yetməyib
Sərvdə
bu qamətü bala nədir?
Zülmətü
nur içrə nümayan olan,
Zərreyi-xurşidə
peyda nədir?
Nəvvab
hesab edirdi ki, bu sevgi elə bir sevgidir, onu hər zahid anlamaz.
Zahidin fikri-zikri maddi nemətlərdədir, amma o bilmir ki, hər
şeyin sahibi var və əsil sevgi də Ona olmalıdır. Nəvvab yazır:
Bir belə canana əgər aşiqi,
Canını
qurban edə, pərva nədir?
Narına
yanmağa Səməndər kimi,
Şəminə
odlanmağa pərvanədir?
Zahidi-biçarəni
heyrət alıb,
Fikri, xəyalı
budu, həlva nədir?
Kor gəlib,
kar qalıb qanmayıb,
Aləmi-mənada bu məna nədir?
Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Türküstan.- 2018.- 21-25 iyun.- S.6.