Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:
MİR MÖVSÜM NƏVVAB
II Yazı
İctimai-siyasi
görüşləri. Hesab edirik ki, Nəvvab həyatının
son dönəmlərində nisbətən ifrat şiəçilik,
imamilik təəssübkeşliyindən
uzaqlaşmışdır. Məsələn, o, 1882-ci ildə
qələmə aldığı “Musiqi elmi haqqında”
kitabında əslində İslam dinində də musiqinin
haram hesab olunmadığını sübut etməyə
çalışmışdır. Eyni zamanda, Nəvvab
musiqinin insanlar üçün vacibliyini, əhəmiyyətliyini
göstərmək üçün Aristotel Pifaqor, Farabi,
İbn Sina və başqa filosofların musiqiylə məşğul
olmalarından nümunələr gətirmişdir.
İfrat
mühafizəkarlıqdan uzaqlaşıb yenilikçiliyə
meyil etməsi baxımından Nəvvabın 19-cu əsrin
sonlarında qələmə aldığı «Millətin birləşməsi
haqqında» şeiri də çox diqqətəlayiqdir. O, həmin
şeirində başqa millətlərin tərəqqiyə
üz tutduğu bir zamanda Qafqaz türklərinin o cümlədən
Azərbaycan türklərinin hələ də qəflət
yuxusunda olmasına etirazını bildirib:
Cümlə
millətlər tapdılar rifət,
Saldılar
ələ şənilə şövkət,
Cümləsi
edər bizlərə töhmət,
Ayılın,
millət, xabi-qəflətdən,
Qurtarın,
qardaş, bu cəhalətdən.
Nəvvab
Avropa ölkələri ilə müqayisədə,
türk-müsəlman məmləkətlərinin böhran
içində olduğunu görür və onu aradan
qaldırmağa, İslam dini ətrafında sıx birləşməyə
çağırır, millətin birliyini nifaq və cəhalətdən
uzaq durmaqda görmüşdür:
Ey
müsəlmanlar, amandır aman,
Gülzari-dini
etməyin xəzan,
Dərdimiz
qalıb cümlə bidərman…
Əl
çəkindir dəm iftiraqdan,
Yapışın
yeksər ittihaddan,
Qurtarın,
qardaş, ehtiraqdan,
Ayılın, millət, xabi-qəflətdən,
Əl çəkin bir dəm
bu cəhalətdən.
Nəvvab
yazır ki, bütün başqa millətlər tərəqqiyə
üz tutub ittifaq etdikləri halda müsəlman xalqların hələ
də bir-birlərinə yaxınlaşmaq niyyətləri
yoxdur. Üstəlik, müsəlmanlar milli birlik yaratmaq əvəzinə,
öz aralarında qovğa, münaqişə içindədirlər.
Nəvvab yazırdı:
Millətlər
hamı ittifaq alıb,
Aləm
əhlinə vəlvələ salıb,
Bizim əhlimiz mat olub, qalıb…
Bu nə şurişdir, bu nə qovğadır,
Bu nə büzğü kin kim, hüveydadır,
Bu nə bəhsdir, qövli-bicadır…
İttifaq edib eyləyin səvab,
İftiraq etməyin manəndi-dəvab,
Doğru
yoldur kim,
göstərir Nəvvab,
Ayılın, millət, xabi-qəflətdən,
Qurtarın, qardaş, bu cəhalətdən.
Nəvvaba görə, müsəlman
xalqları arasında
adını gah mürşid, gah müqtədir qoyub, «dini-mübinə rəxnə
salanlar» isə riyakar mollalar, ruhanilər, məzhəbpərəstlər
və despotik məmurlardırlar. Onun fikrincə, xüsusilə
də gündə bir təriqətə tapınanlar İslam birliyinə əngəl olurlar.
Aralıqda itib hökmi-şəriət,
Xahişlərin eyləyiblər təriqət,
Bidət
salıb, ad qoyurlar həqiqət,
Bu bidəti zərbəft
edər, şal edər.
Din rövnəqi pozulubdur bulardan,
Müşəxxəsdir, mübindir kəma-kan,
O işlər ki bular tutar biguman,
Nə aqillər
eylər, nə cühhal edər.
Başqa sözlə, İslam aləmində qarşıdurma
yaradanlar, ilk növbədə,
Həzrət Əlini
ilahiləşdirən əliallahilər,
dində islahat aparmaq adı ilə onu korlayan
babilər, şeyxilər
və başqalarıdır. Nəvvab
yazırdı ki, nə vaxta qədər
bütün müsəlmanlar
İslam dininə eyni gözlə baxa bilməyəcəklər,
yəni bu dinin həqiqi mahiyyətindən çıxış
etməyi bacarmayacaqlarsa,
o zaman onların vəziyyəti bu dünyada daima çətin və müşkül olacaqdır:
Bunlar salır aləmlərə
qovğanı,
Təşrih edib dağıdırlar
dünyanı,
Pəst
edirlər şəriəti-Quranı,
Bu ətfalı inanma
Dəccal edər.
Bir-birinə büxl edər
aşikar,
Müəlmanı bir-birinə qırdırar,
Halva yeyib bədöv atlaq tək qızışar,
Dizə çöküb qalü mənqal edər.
Nəvvab hesab edirdi ki,
İslam dini adı altında nə qədər məzhəblər varsa, bu dindəki bütövlüyün, birliyin
bir o qədər sarsılması deməkdir. Çünki tək Allaha sığınan müsəlmanı
hər bir məzhəbpərəst öz
tərəfinə çəkir.
Bununla da müsəlman bilmir ki, hansının
sözünə inansın.
Bununda nəticəsində onlar hamısı bunu edərkən Allahın və Həzrət Məhəmmədin (s) adından
danışırlar. Nəvvab
yazır:
Gah mürşid ad qoyur özünə, gah müqtədir,
Dini-mübinə rəxnə salıb,
eylər iftixar,
Təsbihü teylesan götürüb
eylər inkisar,
Hər kəs əlinə düşsə onu fənlə soyar,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.
Gah sufi məzhəbinə
verir sidqlə rəvac,
Gah dəhri, gahi şeyxiliyə eylər ibtihac,
Gahi üsuli, gahi Kərimxanə ehtiyac,
İslam
dininə salır hər biri evicac,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.
Yaxud da:
Ömrümüz puç edib bətalətlə,
Gah üsuli
və gah şeyxilər.
Görmədim mən bu işlərin səmərin,
Bu səfahətdə tanımadım bir əsər.
Mollaların, məzhəbpərəstlərin danışdıqların hiylə,
cəfəng, boş söz sayan Nəvvabın fikrincə,
onların yalançı
dini etiqadları milləti İslamdan uzaqlaşdırır, ümmət
arasında təfriqə
salırlar. Deməli, müsəlman üçün
əsas kitab yalnız Quran olmalı və ona sarılmalıdır:
Hər nə danışsalar hamısı lafdır yəqin,
Xudrəyü xudpəsəndü kəlməbazü
pürzi kin,
Avarə
qoydu milləti bu rənəsazi-din,
Təfriqi-ümmət içrə salıb etdilər qəmin,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.
Nəvvab
müsəlman xalqların
gerilikdən inkiçşafa
doğru getməsinin çıxış yolunu
İslam alimlərinin
məsələyə qarışmasında,
müsəlmanlara doğru
yol göstərməsində
görürdü:
Harda qalıbdı
alimi-rəbbanilər, hanı?
Gün kimi rövşən eyləyə ta cümlə dünyanı,
Rövnəq verə şəriətə
o elmlər kanı,
Nur ilə zülməti, əzizim, axtarıb tanı,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.
Bizə elə gəlir ki, Nəvvabın əvvəlki dövrlərlə
müqayisədə, sonrakı
dönəmlərdə İslam
dininə və yeniləşməyə münasibətdə
mütərəqqi mövqe
tutmasında erməni-müsəlman
münaqişəsi də
mühüm rol oynamışdı. Özü də Nəvvab
açıq şəkildə
yazırdı ki, bu münaqişənin əsil səbəbkarı
olan ruslar ermənilərlə birlikdə
türklərə-müsəlmanlara qarşı vəhşilik
törədiblər. O, yazır:
Məscidi yandırıb əramənü
rus,
Hər iki qövm oldular
mənus,
Rəhməti-həqdən olub məyus,
Var ümidim ki, iş ola
məkus...
Yaxud da:
Qalaşayovun buyuruğuyla ruslar,
kazaklar,
Neçə əyan evlərinə
od qoyub
yandırdılar,
Ermənilə yügürüşüb həm məscidə od vurdular,
Şöləsin qalxızdılar, ta dərgahi-sübhanə bax.
Doğrudur, müsəlmanlar-türklər ruslarla
ermənilərin layiqli
cavablarını da veriblər. Hər halda Nəvvab
yazır ki, rusların oyununa gələrək türklərə-müsəlmanlara
saldıran ermənilər
də, onların havadarları da sonunda məğlubiyyətə
düçar olublar.
O, yazır:
Ermənilərdən o qədri qətl olundu ol zaman,
Bir qəbrdə üç-dördün
eylədilər nihan,
Qoydular üz qaçmağa ol dəmdə çün pirü cavan,
Aç bəsirət gözlərin,
gər mərdsən meydanə bax.
Qalayaşov bu qissələrdən
baxəbər oldu o dəm,
Əmr qıldı ləşkərinə,
saldılar şeypura dəm,
Pəs keşişlər sülh
üçün qalxızdı
əczilə ələm,
Məscidə yüz qoydular, sən əhdə bax, peymanə bax.
Çar Rusiyasının əliylə
və birbaşa iştirakıyla gerçəkləşən
erməni-müsəlman münaqişəsi
bir daha göstərdi ki, bir çox cəhətlərə görə
ermənilərdən və
onların havadarlarından
geri qalan müsəlmanlar-türklər yalnız
sxolastik hala gətirilmiş İslam mədəniyyətinə güvənməklə
irəliyə gedə,
tərəqqi edə bilməzlər. Bunun üçün müsəlmanların dünyəvi
elmləri öyrənməsi,
texnika və başqa sənətlərə
yiyələnməsi də
vacibdir.
Nəvvabın dünyagörüşünə
aid dini-fəlsəfi və
ictimai-siyasi məsələləri
ümumiləşdirərək, belə nəticəyə
gəlirik ki, o, öncə qarşımıza
sxolastik təfəkkürün
nümayəndəsi kimi
çıxır. Belə ki,
Nəvvab məhərrəmlikdə
baş yarıb qan tökməyi, eləcə də mərsiyəxançılığı ciddi şəkildə müdafiə etmişdir.
Ancaq Nəvvab 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yazdığı
əsərlərində istər
dini və dünyəvi emlərdən
hansının zəruriliyi,
istərsə də İslam dini ilə bağlı digər məsələlərə
münasibətdə mütərəqqi
ruhlu islamçıların
mövqeyinə daha çox yaxınlaşmışdır.
Ola bilsin ki,
sonralar bu məsələlərlə bağlı
daha dərin biliklərə yiyələnməsi,
başqa dinə tapınan millətlərin
inkişaf etməsi, erməni-müsəlman münaqişəsi
və başqa məsələlər onun
dünyagörüşündə xeyli dərəcədə
dəyişikliklərə səbəb olmuşdur.
Xüsusilə də,
müsəlmanların qonşuları
olan xristian inanclı millətlərin
- erməni, gürcü,
rus və başqalarının Qərb
mədəniyyətinin təsiri
altında inkişafını
görən, bunun müqabilində soydaşlarının,
dindaşlarının isə
geriliyinə dözə
bilməyən Nəvvabda
artıq yeni bir ruh görürük.
Bütün hallarda Nəvvabın
dünyagörüşündə, xüsusilə də ömrünün son dövrlərində
Şərq fəlsəfəsinin
mütərəqqi ənənələrinin
dirçəldilməsi, İslam
dininin əsil mahiyyətinin dərki və milli fəlsəfi
baxışlara yaxınlaşma
meyli güclü olmuşdur.
AMEA Fəlsəfə
İnstitutunun aparıcı
elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru
Faiq Ələkbərli
Türküstan.- 2018.- 26 iyun- 2 iyul.- S. 6.