Azərbaycan
Türk fəlsəfəsindən yarpaqlar:
SEYİD ƏBÜLQASİM
NƏBATİ
1.Yazı
XIX əsr Azərbaycan türk mütəfəkkirlərindən Seyid Əbülqasim Nəbati (1812-1873) Qaracadağ mahalının Üştibin qəsəbəsində dünyaya gəlmişdir. Uşaqlıq yaşlarından ana dili türk dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl mənimsəyən Nəbatinin “Divani-türki” və “Divani-farsi” əsərləri olmuşdur. Hər iki əsər (“Divani-türki Seyid Əbülqasim Nəbati”, “Divani-farsi Seyid Əbülqasim Nəbati”) 1993-cü ilə dr. Hüseyn Məhəmmədzadə Sədiq tərəfindən Təbrizdə nəşr edilmişdir.
Gənc yaşlarından dini elmlərlə
yaxından tanış olan Nəbati, hətta şeirlərində
şəcərəsini bir tərəfdən seyid peyğəmbər
övladı kimi ərəblərə, digər tərəfdən
xançobanlı kimi türklərə
bağlamışdır. Belə ki, şair şeirlərinin
birində ərəb “olmasını” belə
yazmışdır:
Meydani-eşq içrə səyirtdim atı,
Müsəxxər eylədim Rumu, Heratı,
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haşimi, əslimiz ərəb.
Şübhəsiz,
Nəbatinin burada milli mənşəyini ərəblərlə
bağlamasının səbəbi İslam dini, o cümlədən
şiə təəssübkeşliyidir. Başqa
sözlə, Nəbatinin dini kimliyini özünün milli
kimliyi olaraq da görməsi, birmənalı şəkildə
İslam dininə sevgisindən, inamından irəli gəlmişdir.
Çünki başqa şeirlərində Nəbati milli
kimliyini və dilini Türk kimi qələm vermiş və
Türk olması ilə fəxr etmişdir:
Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv-məcv
Xançobani
can alan cancanı gözlər gözlərim.
Dini görüşləri. 19-cu əsrin əksər
Azərbaycan Türk mütəfəkkirləri kimi Nəbatinin
yaradıcılığında əsas yeri şiəlik ya da Əhli-beyt
sevgisi və sufilik tutumuşdur. Onun öncə
sufiliyə daha sonra şiəliyə ya da əksinə əvvəlcə
şiəliyə daha sonra sufiliyə daha çox meyil etməsi
ilə bağlı fərqli fikirlər mövcuddur. Bütün hallarda mütəfəkkir
dünyagörüşcə bir çox tərəddüdlərinə
baxmayaraq, əsasən sufilik və şiəlik
düşüncəsinə köklənmişdir.
Şiəliklə
bağlı onu deyə bilərik ki, şeirlərində Həzrət
Əlinin (ə) yolunun davamçısı olduğunu dəfələrlə
ifadə edən Nəbatiyə görə, bütün daxili
tərəddüdlərə son qoyub qurtuluş yolu tapmaq
üçün sidq ürəklə “şahi-Mərdanə” üz
tutmaq lazımdır. O, yazır:
Qorxma
nirani-fəraqın şərərindən, ey gül,
Sidqilən tut üzünü bircə şahi-Mərdanə.
İsmi-əzəm
deyilən ismi-Əlidir, billah,
Gəzmə bica yerə Nəsnas kimi hər yanə.
Etməz
iqrar, Nəbati, bu sözə zahidi dun,
Gəlməz imanə yəqin and içəsən Quranə.
Yaxud da:
Mətləi-şəmsi-züha,
məzhəri-nuri-hüda,
Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.
Bu anlamda
abid, dərviş, brəhmən, qələndər olmaq
arasında tərəddüd etdiyi zamanda Nəbati şiəlik
təəssübündən əl çəkməmiş, həmişə
gözləri Həzrət Əlini gözləmişdir:
Müxtəsər,
yeydir, Nəbati, bir sözü çox çeynəmə,
Söylə bir yol Heydəri-kərrarı gözlər
gözlərim.
Bütün bunlar bir daha göstərir ki, Nəbatinin
yaradıcılığında şiəliyin, xüsusilə
Həzrət Əlinin (ə) ayrıca bir yeri olmuşdur. Onun
düşüncəsində Həzrət Əli (ə) bir həqiqət
meyarı, ərənlər ərəni, ən adil hökmdar
və güclü alim olmuşdur.
Ya Əli,
ya övliya, ya Bülhəsən, ya Butürab!
Şiri-həqq bir qüdrəti-yəzdanı gözlər
gözlərim.
Lafəta,
illa Əli, laseyfə, illa Zülfüqar
Seyheyi-Düldül-fələkcövlanı gözlər
gözlərim.
Başqa bir şeirində isə Nəbati Həzrət Əlini
(ə) daha yüksək məqamlara qaldırır, onu aləmin
sultanı, şahların şahı kimi qələmə
verir. Nəbati
yazırdı ki, birinci imamın məqamı Makedoniyanın
İskəndərindən, Əhəməninin Daralarından
qat-qat yuxarıdır:
Mənim
aləmdə sultanım Əlidir,
Mənim miri-cahanbanım Əlidir.
Nə
Dara tanıram mən, nə İskəndər,
Mənim Fəğfurü xaqanım Əlidir.
Behişti
zahidə versəm sərasər,
Mənim gülzari-rizvanım Əlidir.
Əgər
hər kimsənin bir şahi olsa,
Mənim də şahi-şahanim Əlidir.
Bütün bunlarla yanaşı Nəbati başqa bir
şeirində Həzrət Əlinin Allah səviyyəsinə
qaldırılmasını əleyhinə
çıxdığını söyləsə də, ancaq
ona olan müstəsna sevgisini gizlətmir də. Hətta,
F.Köçərlinin təbrincə desək, həmin şerində
Nəbati dolayısıyla da olsa, özünü də şəkkalar
silkinə aid etmişdir. F.Köçərli yazır:
“Nəbati həzrət Əil əleyhissəlamın həqiqi
və səmimi məddahlarından olduğu üçün
ol cənabın vəsfi-şənində çox gözəl
və qərra qəsidələr yazıbdır ki, hər kəs
onları mütaliə etsə, onun qəlbində həqiqi
bir vəcd və tərəb vüqua gəlir. Nəbati
demək olar ki, öz mövlasına ürəkdən
açiq imiş və bu məhəbbəti ucundan ol
şahi-dəryadilin və gövhəri-Nəcəf və mədəni-izzü
şərəfin mədhində yazdığı bir kəlamında
əndazədən çıxır və bir növ
özünü şəkkaklar silkinə daxil edən kimi
olur”. Köçərlinin bəhs etdiyi həmin
şeirində Nəbati yazır:
Mən
ruzi-ənzəldə sevmişəm bir şahi,
Allah deyər,
ona əliallahi,
Hər kim ona Allah desə, kafirdir,
Şəkkakdır ol Nəbati tək, vallahi.
Nəbati başqa bir şeirində də açıq
şəkildə yazır ki, “dünyanın binasının
yaranması Əlinin adınadır, Peyğəmbərin dini
qanunları Əlinin qılıncının gücünədir”. Deməli, Nəbati
özü əliallahlləri tənqid etsə də, onun
dünyagörüşündə Həzrət Əlinin
ilahiləşdirilməsi də istisna deyildir. Bu anlamda o da, az-çox əliallahilərin təsirinə
düşmüş, “Həqq Əlidədir, baxsan həqq ilə”
tezisinin təsiri altına qalmışdır. Burada sual yarana bilər ki, niyə İslam dininin
peyğəmbəri Məhəmməd Peyğəmbəri
deyil də, Nəbati də digər əliallahilər kimi Həzrət
Əlini Allah səviyyəsinə qaldırmışdır?
Hesab etmək olar ki, İsah Məsihiyə verilən
Allah oğlu ya da Allahın özü olmaq sifətinin Həzrət
Əliyə verilməsi mistik səbəblərlə
bağlıdır. Hər halda Həzrət
Əlinin ilahiləşdirilməsinin dərin dini-mistik
kökləri var ki, Nəbati də “Divani-Türki” əsərində
birmənalı şəkildə onu bütün peyğəmbərlərdən
üstün tutaraq Allahla eyniləşdirmişdir. O,
“Divani-Türki”də yazır:
Ruzi-əzəl
Cəbrailədn ta ki, etdi sual:
Sən nə
kimsən, mən kiməm, söylə cavabəm, olma lal!
Dedi: - Sən
sənsən, mən mən. Od tutdu,
yandı pərü-bal,
Mültəca
oldu bu ismə, ta ki, rəf oldu məlal:
Şahi-mərdan,
Şiri-yəzdan, Heydəri-Düldülsəvar,
Lafəta
illa Əli, la sefyə illa Zülfiqar...
Nəbatinin fikirlərindən belə çıxır
ki, İsa Məsih kimi Həzərət Əli də
Allahın özündə təcəlla etdiyi
üçün ölməmiş, qeybə çəkilmişdir. Bu anlamda Həzrət
Əlinin və onun övladlarının ölümünə
mərsiyə yazmayan Nəbati üçün o, bir Xilaskar
olaraq insanların imdadına yetişəcəkdir. Ancaq bütün bunlarla yanaşı, Nəbati onu da
yazırdı ki, bu mövcudatda Allahın yeri başqa, Əlinin
yeri isə başqadır. Çünki
biri Yaradandır, o biri isə yaranan. O, yazır:
Nəbati,
çək: Əli, Əli,
Könlün olsun cəli, cəli.
Onu Allah,
bəli, bəli,
Bu dildə əzbər yaradıb.
Fəlsəfi görüşləri (sufi-panteist
baxışları). Ümumiyyətlə, Nəbatinin
yaradıcılığında sufilik, sufi-panteizm də
güclü şəkildə özünü büruzə
vermişdir. Gənc yaşlarından şeir yazan Nəbati
Azərbaycanın bir çox şəhər və kəndlərini
(Əsgəran, Ağdam, Təbriz, Lənkəran, Salyan,
Hindarx və b.) gəzərək sufilər kimi dərvişlik
etmiş, sufi ruhlu bir mütəfəkkir
olmuşdur. Firidun bəy Köçərli yazır: “Rəvayət
olunur ki, Seyid Əbülqasım Üştibində əvvəlcə
dərvişlər həlqəsinə daxil olub, onların
içində nüfuzu artıbdır və sonralardan dərvişlərə
mürşid olubdur. Bəzi vaxtlarda ondan kəramət
sadir olarmış; belə ki, bir para xariqüladə əlamətlərin
ondan zühur etməyini görənlər olubdur. Etikafdan çıxan zamanı onun simasında
başqa bir paraqlıq və nuraniyyət cilvə edərmiş;
özgə bir halətə düşərmiş və bəzi
vaxtı şövqü zövq ilə eşqdən, mey və
məhəbbətdən dəm vurarmış”.
Eyni zamanda, o, Nemətullah Vəlinin adıyla
bağlı olan təriqətə də ciddi şəkildə
meyil göstərmiş, şeirlərində onlar kimi Allah
çatmağın yollarını aramışdır. Bu anlamda
bütün sufilər kimi Nəbati də, özünü
cismən unutmağa, fənaya uşramağa və sonunda Haqqa
qovuşamağa çalışmışdır. Bu isə o deməkdir ki, Nəbati şiəlik qədər
sufiliyin də təsiri altında olmuşdur.
Gah
ağıllı, gah divanə oldum,
Gah abad,
gah viranə oldum,
Gah xərabat
içində sufi,
Gah da
meyxanə süpürgəçisi oldum…
Hesab etmək olar ki, onun sufiliyə meyil etməsində
kainatın sirlərini öyrənmək və Allaha
qovuşmaq istəyi mühüm rol oynamışdır. Bu anlamda
dünyada, yəni yerdə və göydə olan nə varsa
hamısında Yaradanın bir zərrəsi vardır. O,
yazır:
Cumdum genə
qəvvas tək dəryayə mən, dəryayə mən,
Qıldım nəzər bir lövlövü-laləyə
mən, laləyə mən.
Sən
sanma mən bu bəhrdə hər inci, mirvari gəzim,
Göz dikmişəm bir gövhəri-valəyə mən,
valəyə mən.
Getdim
biyaban gəştinə, vurdum təcəlla dəştinə,
Etdim tamaşa Turdə Musayə mən, Musayə mən.
Bizcə, Nəbati şeirlərində Tur dağında
Allahla söhbət edən Musa Peyğəmbərlə
müqayisə etməklə, özünün də
Tanrıya yaxın olmasına işarə etmişdir. Yəni Nəbati
Musa kimi, özünün də Allahla kəlimə kəsməsini
istisna etməmişdir. O, yazır:
İndi
qeybdən Xançobanına
Nəxli-Turdən bir şərə gərək.
Bir
sufi-panteist kimi özünü Həllac Mənsura oxşadan Nəbati
şeirlərində tez-tez“ənəlhəq” yazırdı
ki, artıq onun üçün sufilik həyatının bir
parçası idi. O, yazır:
Xatirim istər
ola sirr – “ənəlhəq” məzhəri,
Kəlleyi-dar üzrə bir culafı gəzlər
gözlərim.
Başqa
bir şeirində isə o yazırdı:
Güşeyi-vəhdət
nə əcab ca imiş,
Sirri-nihan onda hüveyda imiş.
Aşiqi-divanələrin
mənzili-
Rütbəyə bax, ərşi-müəlla imiş.
Qafil idim
bu dili-viranədə,
Dil demə, oğlan, bu ki dərya imiş.
Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Türküstan.-
2018.- 22-28 may.- S.6.