Elçin Əfəndiyev: “Vəzifə kiminsə
boyuna biçilməyib”
Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçin Modern.az saytına geniş müsahibə verib.
Müsahibə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda baş tutub. Qeyd edək ki, mayın 13-də Elçin Əfəndiyevin 75 yaşı tamam olub.
Modern.az saytı Elçinlə müsahibəni təqdim edir.
- Elçin müəllim, doğum günü ərəfəsində prezident İlham Əliyev sizi “Şöhrət” ordeni ilə təltif etdi. Belə yüksək ordenə layiq görülməyinizi necə qiymətləndirirsiz?
- Fürsətdən istifadə edib cənab prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçüncü ordenimdir. “İstiqlal” ordeni, “Şərəf” ordeni və “Şöhrət” ordeni! Bunu çox yüksək qiymətləndirirəm. Müstəqil Azərbaycanın 3 ordenini almışam, gizlətmək istəmirəm, bu, mənə çox böyük qürur verir. Mən 25 il Baş nazirin müavini vəzifəsində çalışmışam. Bu, Ginnesin rekordlar kitabına düşəcək rəqəmdir. Sizə deyim ki, 25 ili həyatımda çox əlamətdar dövr hesab edirəm. Ona görə ki, bir var Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizəyə kənardan baxasan, bir də var ki, bilavasitə bu işlərin içində olasan. 25 ilin 10 ilini ulu öndər Heydər Əliyevin dövründə işləmişəm. 1993-cü ildən 2003-cü ilə qədər... Heydər Əliyevin şəxsiyyətinin miqyası olduqca böyükdür. Heydər Əliyev məktəbi çox zəngin bir məktəbdir. 15 il isə cənab İlham Əliyevin Respublikaya rəhbərliyi dövründə çalışmışam. Bu da unudulmaz illərdir. İlham Əliyev Azərbaycan xalqının müstəqilliyi, azadlığı, ərazi bütövlüyümüz uğrunda böyük mübarizə, mücadilə aparır. Hazırda dünyanı idarə edən ikili standartlar siyasəti mövcuddur. İlham Əliyevin həmin ikili standartlara qarşı apardığı mübarizə isə tarixi mübarizədir. Yenə də fürsətdən istifadə edib Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı xidmətlərini xüsusi qeyd etmək istəyirəm.
- Mərhum Heydər Əliyevlə ilk tanışlığınız nə vaxta təsadüf edir?
- 1975-ci ilin oktyabrında Nizami adına Ədəbiyyat İnstitutunda çalışırdım. Cavan oğlan idim. O zaman Heydər Əliyev ilk dəfə məni qəbul etdi. Rəhmətlik İmran Qasımov Azərbaycan Yazıçılar İttifaqında 1-ci katib idi. O, Yazıçılar İttifaqına katib gəlməyimi istəyirdi. Amma bir qrup yazıcı – rəhmətə getdikləri üçün ad çəkmək istəmirəm- mənim İttifaqa gəlməməyimə görə təzyiq göstərirdilər. İmran Qasımov isə Yazıçılar İttifaqında yeniliyə, gəncləşməyə çalışırdı. Heydər Əliyev o görüş zamanı dedi ki: “İmran Qasımov Yazıçılar İttifaqını cavanlaşdırmaq istəyir. Bu çox yaxşıdır. Məsələnin digər tərəfi də var. Yenilənmə... Ədəbiyyat ocağına gedirsənsə, ədəbiyyatda yenilənmə etməlisiniz”.
1975-ci ildən Yazıçılar İttifaqına getdim. Sonra “Vətən” cəmiyyətini yaratdıq. Daha sonra isə Nazirlər Kabineti....
- 25 il çox böyük rəqəmdir. Dediyiniz kimi, 25 il Ginnesin rekordlar kitabına düşəcək tarixdir. İnsan müəyyən müddətdən sonra eyni işdən, eyni vəzifədən yorulur. Sizdə isə eyni proses 25 il davam etdi. “Səhər işə get, axşam evə gəl”. Bezib usanmadınızmı?
- Bezib yorulmaq söhbəti deyil, mən harda işləsəm də, ilk növbədə yazıçıyam. O vəzifədə ki çalışırdım, bu, yazıçı üçün çox böyük material idi. Cəmiyyətin müxtəlif təbəqələri ilə təmasda olurdum. İnsanların problemləri, xoşbəxtliyi, faciəsi... Mən gördüyüm, ərsəyə gətirdiyim işləri reklam etməyi sevmirəm. Adətən səhərlər erkən yuxudan dururam, saat 5-də, zəngli saatsız. Saat 5-9 arası yaradıcılıq işlərimdir. Ümumiyyətlə, mən səhərlər yazıram. Amma çox yazarlar axşam yazır. Məsələn, rəhmətlik İsa Hüseynov gecə 12-dən, 1-dən sonra, İlyas Əfəndiyev də axşamlar yazıb səhərlər redaktə edirdi. Gündəlik yaşayışım bu cür formalaşıb. Səhər saat 9.30-da işdə olurdum. İş vaxtı 6-da qurtarsa da, müəyyən işlərə görə evə gec də gedə bilirdim. Bu, işin çoxluğundan asılı idi. Əlbəttə, hər bir vəzifə zaman məsələsində yazıçının vaxtını alır.
- Amma yaradıcı insana vəzifə verilən zaman təbrik edənlər çox olsa da, təəssüf məqamı həmişə var. Çünki vəzifə yaradıcı insanı sadə vətəndaşın arasından tamamilə qoparır deyirlər. Maraqlıdır, yaradıcı insanlara vəzifə verilərkən onlar nəyi itirib, nəyi qazanırlar?
- Bu, həmin insandan asılıdır. Özümü müqayisə mənasında demirəm, ancaq Şah İsmayıl Xətai böyük imperiyanın başında dayanmışdı. Eyni zamanda, böyük şair idi. Yaxud da Molla Pənah Vaqifi nümunə gətirək. Bir tərəfdən qoşmalarında, gəraylılarında gözəlləri vəsf edirdisə, o biri tərəfdən də dövrün ağır proseslərində, siyasi həyatında çox aktiv iştirak edirdi. Qarabağ xanının vəziri idi. Dediyim odur ki, hər şey şəxsin özündən asılıdır. Əgər şəxs həqiqi yazıçıdırsa, onun üçün mövzu qıtlığı olmamalıdır. Hər adam onun üçün maraqlı olmalıdır. Həyatda bir-birinin eyni olan iki adam yoxdur. Hətta, əkizlər belə zahiri olmasa da, daxili aləmlərinə görə bir-birindən fərqlənir. Bunu görməyi bacarmaq lazımdır. Əgər bunları görə bilirsənsə, bu sənin yazıçı missiyana kömək edəcək.
- “Ölüm hökmü”, “Mahmud və Məryəm”, “Ağ dəvə” kimi iri romanlarınızı, bir çox hekayələrinizi Sovet dövründə qələmə almısız. Maraqlıdır ki, Sovet dövrü ilə müqayisədə indiki əsərlərinizdə mövzu fərqliyini hiss edə bilirsinizmi?
-
Heç bir fərq hiss etmirəm. Sovet dövründə yazdıqlarımın
içində müstəqil Azərbaycan vətəndaşından
gizlədiləcək bir mövzum yoxdur. Bu
gün də Sovet dövründə çap olunan
adını çəkdiyiniz romanların hər birini, bir
yerini dəyişmədən, ixtisar etmədən oxucuya təqdim
edirəm.
- Bəs Qarabağ, şəhidlər mövzusu
Elçin müəllimin yaradıcılığında necə
yer alıb?
- “Bayraqdar” povestim, qaçqınların həyatından
bəhs edən hekayələrim var. “Qarabağ şikəstəsi”
adlı böyük hekayəm
var və s. İndi hansı qəzeti, yaxud jurnalı əlinə
götürsən, şəhidlər, Qarabağ haqqında
yazılar görəcəksən. Təəssüf ki, o
yazıların böyük əksəriyyəti bədiilik baxımından şəhidlərin
ruhuna layiq səviyyədə deyil. Bir məqamı
deyim. Sovet dövründə mövzu
arxasında gizlənənlər vardı. Traktordan,
pambıqdan, camışçılıqdan yazırdılar.
Öz istedadsızlığını bu
mövzuların arxasında gizlədirdilər. İndi bizdə də bunun əks tərəfi
baş verib. Oxucu üçün müqəddəs
olan mövzuların arxasında gizlənirlər.
- İndi çox şeyə “don
geyindirənlər” tapılır. Fikir vermisinizsə, son
dönəmlərdə cəmiyyət sadə hadisələri
belə sakit qarşılaya bilmir. Bunun səbəbləri
nədir?
- Cəmiyyət
ayrıca bir qurum deyil. Müxtəlif
təbəqələrin, müxtəlif düşüncəyə
sahib olanların toplusudur. Cəmiyyətdə
formalaşan insanların arasında savadlı və
savadsız, nələrdənsə incik düşən, səhv
edən, yaxud
etməyən kəsim
mövcuddur. Bu məsələlərə diferensial, soyuqqanlı
yanaşmaq lazımdır. Bəzi qələm dostlarımdan fərqli olaraq, mən haqqımda
yazılan böhtanlara, şaiyələrə, naşı
yazılara cavab yazmıram. Səviyyəsizlik həmişə olub və olacaq.
- Bir vaxtlar haqqınızda belə
sözlər yazılırdı. Sizdən
söz düşəndə o məsələ mütləq
gündəmə gəlir. “Elçin
baş nazirin müavini olduğu üçün pyesləri
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulur”.
Yəni sizin yazıçılığınız yox, vəzifəniz
qabardılırdı.
- Əgər mənim yaradıcılığım bu
cür fikirlərə dözməyəcəksə, o zaman
yaxşı edib yazırlar. Özümü müqayisə etmirəm,
ancaq baxın,
Azərbaycan mətbuatında Cəlil Məmmədquluzadənin
və onun “Molla Nəsrəddin” jurnalı haqqında nələr
yazmayıblar?!. Üzeyir Hacıbəyov
haqqında nələr yazmayıblar?! Yaşayan
kimdir?! Yaşayan yenə də Cəlil Məmmədquluzadə, Üzeyir
Hacıbəyovdur. Təsəvvür edin, mənim
pyeslərim Londonda bir neçə dəfə tamaşaya
qoyulub. O zaman zəng etməliyəm Kraliçaya ki,
danışan baş nazirin müavinidir. Əsərimi
orada tamaşaya qoyun? Nyu-Yorkda “Şekspir” pyesim tamaşaya qoyulanda mənim
üçün sürpriz olmuşdu. Deməli,
Amerika prezidentinə zəng etməliyəm ki, baş nazirin
müaviniyəm. Əsərimi tamaşaya
qoyun?! Gülünc bir şeydir. Əgər bir pyesi
teatra təqdim edəcəmsə, onu uzun müddət
saxlayıram, oxuyuram. Fikrinə
inandığım insanlara oxumaq üçün təqdim
edirəm. Əgər hiss etsəm ki, cüzi
narazılıq var, heç vaxt o əsərin tamaşa
qoyulmasına razı olmaram. Azərbaycanın teatrları yaxşı əsəri
heç vaxt geri qaytarmaz. Yaxşı əsərə həmişə
ehtiyac var. Mən, Ərəbzəngi kimi deyirəm ki, kimsə
“Azdrama”ya pyes təqdim etməsin?! Gülüncdür.
“Elçin vəzifəsindən istifadə edib əsərlərini
tamaşaya qoydurur”. Bu, o qədər cəfəng
söhbətdir ki, üzərində
dayanmağa ehtiyac yoxdur.
- Yeri gəlmişkən, bir məqama
da toxunaq. Tez-tez vəzifədə olan, vəzifədən
gedən məmurlar haqqında faktlara əsaslanan yazılar
yazılır. “Filankəs, filan yeri
monopoliyaya alıb. Filan sahə onun
inhisarındadır” tipli məsələlər cəmiyyəti
narahat etməkdədir. Bu məsələlərlə
bağlı hər hansı narahatlığınız yoxdur
ki?
- Qətiyyən!
Heç bir narahatlığım yoxdur. Bir məsələni xüsusi vurğulamaq istəyirəm.
Azərbaycan mətbuatında böyük vəzifə
ajiotajı var. “Filankəsi sabah vəzifədən
çıxaracaqlar. Filan yer boşdur.
Mötəbər mənbələrdən
eşitmişik ki, bunun yerinə filankəsi qoyacaqlar” və
sairə. Azərbaycan mətbuatında bu dərəcədə
vəzifə aludəçiliyi yerə-göyə
sığmır. Şayiələr mətbuatda yerə-göyə
sığmır. Düzdür, bu
cür hallar mətbuatda həmişə olub, ancaq bu, təsginlik
deyil.
- Yeni formalaşan Nazirlər Kabinetində
artıq yoxsunuz...
- 25 ildən
sonra, eyni vəzifədən getməyim təbiidir. Yeni tərkibdə olmamağıma son dərəcə
təbii hadisə kimi baxıram. Vəzifə
kiminsə boyuna biçilməyib.
- Nazirlər Kabinetinin yeni
tərkibində gənclərin sayı üstünlük təşkil
edir. Hökumətdə gənc
kadrların yer almasını necə qiymətləndirirsiniz?
- Gənclərlə
işləmək çox yaxşıdır. Formalaşan yeni
kabinetdə yer alan gənclərin bir
qismini tanıyıram. İndiki vergilər naziri
Mikayıl Cabbarovla hələ təhsil naziri olduğu vaxtlarda
bir yerdə çalışmışıq. Çox qabiliyyətli insandır. Öz vəzifəsinin öhdəsindən gələ
biləcək. Buna şübhəm yoxdur.
Etimadı doğruldacaq.
Yeni təhsil naziri Ceyhun Bayramova da yaxşı
tanıyıram. Onunla bir neçə ay birgə
çalışmışıq. O da məndə
xoş təəssürat yaradıb. İşgüzar,
dünyagörüşü olan gəncdir. O birilərini
yaxşı tanımıram. Sadəcə olaraq
gənclərin hər biri ilə bağlı arzum odur ki,
prezidentin etimadını doğrultsunlar. Prezidentin
etimadını doğrultmaq o deməkdir ki, həm də
xalqın etimadını doğruldurlar. Xalqın
rifahı üçün çalışsınlar və bu
etimadı doğrultsunlar.
- Hər kəsi bir sual
düşündürür. Elçin Əfəndiyev
25 illik qaynar fəaliyyətdən sonra yeni vəzifə
gözləyirmi?
- Mənim
ən böyük vəzifəm yazıçı
olmağımdır.
- Sabiq baş nazir Artur Rasizadə ilə
əlaqə saxlayırsınızmı?
- Əlbəttə, elə dünən telefonla
danışmışıq.
- Razılaşarsınız ki,
Artur Rasizadə çox tənqid olunan hökumət
adamlarından olub. Xüsusən də, onun öz ana dilində
danışa bilməməsi qınaq obyektinə çevrilib.
- Artur
müəllim haqqında bu tipli yazılanlarda böyük
yanlışlıq var. Bu da onu tanımamaqdan irəli gəlir.
Əlimərdan bəy Topçubaşov Azərbaycan
dilini çox pis bilirdi. Lakin bu onun
böyük fəaliyyətini azaldırmı? Rasizadə rus təhsili alıb. Sizə
bir söz deyim: Artur müəllim,
Azərbaycan dilini də çox yaxşı bilir. Onunla həmişə
Azərbaycan dilində danışmışam. Rasizadənin
yaşının çox olmasına baxmayaraq, kobud səslənsə
də, onun zehni kompyuter kimi çalışır. O,
iqtisadiyyatı, sənayeni, maliyyə məsələlərini
dərindən bilən adamdır.
O, çox təcrübəli şəxsdir. Artur Rasizadə milli və ləyaqətli
insandır.
- Azərbaycanda yeni yazarlar nəsli
formalaşmaqdadır. Gənclərdən kimləri
oxuyursuz?
- Misal
üçün, Mübariz Cəfərlinin, Şərif Ağayarın əsərlərini
oxuyuram. Qan Turalının məqalələri,
esseləri xoşuma gəlir. İstedadlı
adamdır. Xüsusilə, qadın şairələr
var. Hətta, onlar haqqında böyük məqalə
yazdım. Misal üçün, Hədiyyə Şəfaqət
və başqaları...
-
Yaradıcılığınızda uşaqlar
üçün yazdığınız maraqlı hekayələr var. “Aysunun,
Humayın, Günayın nağılları” hekayəniz daha
çox diqqət çəkir. Hekayəyə
qızlarınızın adını vermisiz. 3 qız atasısız. Nədir
qız atası olmağın üstünlükləri?
- O qızlara malik olmağın
özü elə üstünlükdür.
- Adətən,
qız uşaqlarının atasına daha yaxın olduğu
söylənilir. Sizdə vəziyyət necədir?
- Qızlarımla ilk növbədə
dostam. Məncə, bu yetər.
- Bir ara Yazıçılar Birliyinin sədri Anarla
münasibətlərinizin soyuq olduğu deyilirdi. İndi münasibətlər necədir?
- Anarla
münasibətlərimiz həmişəki kimidir. Biz həmişə
dost olmuşuq. Bizi birləşdirən bir
çox cəhətlər var. Ailələrimiz bir-birlərini
tanıyıblar. Anarla 50 ildir ki,
dostluğumuz var. Anar mənim üçün məhrəm
bir adamdır. Ola bilsin ki, ayrı-ayrı
vaxtlarda aramızda um-küsü olub. Amma sərhədi
keçmək söhbəti olmayıb. Bizə
görə kimsə nigaran olmasın. Hətta, sizinlə
görüşdən yarım saat qabaq telefonda
danışdıq. Oljas Süleymanovla nahara
dəvət etdi. Sizinlə
görüşüm, sonra da rayona səfərim olduğu
üçün, gedə bilmədim.
- Bir qədər də pedaqoji fəaliyyətinizdən
danışaq. Bundan sonra yazıçı
Elçin tələbələr qarşısında tez-tez
görünə biləcəkmi?
- Bakı Dövlət Universitetinin professoruyam. Auditoriya
qarşısına
çıxıb-çıxmamağımla bağlı
fikirləşirəm. Amma cavanlarla işləmək
mənim üçün də maraqlıdır. Növbəti dərs mövsümünə qədər
bu barədə düşünmək istəyərəm.
Hələ ki, qərara almamışam.
- Yeni iş təklifləri olurmu?
- Həm
Azərbaycan, həm də Türkiyə universitetlərindən dəvətlər gəlir. Xüsusilə, Türkiyənin Yedi Təpə
Universiteti orada mühazirələr oxumağımı istəyir.
Ancaq hələ ki
bir az başım qarışıqdır. Bu günlərdə Rus Dram
Teatrı “Absurd” pyesimin tamaşasının məşqlərinə
başlayıb. Bir müddət bundan qabaq Londondan xəbər gəldi.
İngilis bəstəkar “Cəhənnəm sakinləri” pyesim
əsasında muzikl
yazıb. Bu muzikl mənim üçün
gözlənilməz oldu. İngilis bəstəkar
Azərbaycan yazıçısının pyesi əsasında
muzikl yazıb və əsəri Cənubi Koreyanın Opera və
Balet Teatrı sifariş edib. Seulda
tamaşaya qoyuldu. Təəssüf ki, o
tamaşaya baxa bilməmişəm. İndi
Londonda tamaşa hazırlanır.
- Bir vaxtlar “Vətən” Cəmiyyətiniz
vardı. Orada sədr idiniz. İndi
o cəmiyyət fəaliyyət göstərirmi?
- O cəmiyyət
artıq öz missiyasını başa vurub.
- Yenidən elə bir cəmiyyətin
yaranmasına ehtiyac duyursunuzmu?
-Hər
şey Diasporla İş üzrə Dövlət Komitəsindən
asılıdır. Əgər bu komitənin işi geniş miqyas alarsa,
hər hansı cəmiyyətin yaranmasına ehtiyac görmürəm.
Çünki
dövlətin xüsusi bir komitəsi var. Komitə
üzərinə düşən işi bundan sonra daha da
yaxşı yerinə yetirməlidir.
- Son olaraq istirahətiniz barədə
soruşmaq istərdim. Bu qədər gərgin
işin içində necə istirahət edirsiz?
- Mənim
istirahətim odur ki, səs salmayın işləyirəm.
Türküstan.-
2018.- 22-28 may.- S.9.